Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2026 12:24

Gənclərin uğuru və Azərbaycanın idman gələcəyi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin idmana və idmançılara göstərdiyi ardıcıl dəstək nəticəsində ölkəmizdə bu sahə sürətlə inkişaf edir. Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu (MOİK) məhz bu diqqət və qayğının nəticəsi olaraq müasir standartlara uyğun fəaliyyət göstərir və peşəkar idmançıların hazırlanması üçün geniş imkanlara malikdir.
Klubun idmançıları beynəlxalq arenalarda uğurla çıxış edərək Azərbaycan idmanının nüfuzunu artırırlar. MOİK həm respublika, həm də beynəlxalq yarışlarda Azərbaycan Ordusunu layiqincə təmsil edir. Bununla yanaşı, gənc nəslin fiziki hazırlığının gücləndirilməsi və vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində də məqsədyönlü işlər aparılır.
Şərəfli yolunu yarandığı gündən bu günədək davam etdirən klub Olimpiya oyunlarında, eləcə də Dünya və Avropa çempionatlarında iştirak edərək idmançılarımız üçün medallar qazanıb. Qazandığı medalların sayına görə, MOİK daim Gənclər və İdman Nazirliyi tərəfindən fərqlənən idman klubları sırasına daxil edilib.
1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (CISM) fəal üzvü olan MOİK 1948-ci ildən fəaliyyət göstərən bu qurumun üzvlüyündə yer alır. Hazırda 137 ölkəni əhatə edən və qitələrarası, eləcə də regional yarışları təşkil edən ən böyük idman təşkilatlarından biri sayılan CISM, MOİK üçün beynəlxalq əməkdaşlıq və təcrübə imkanları yaradır.
Mərkəzi Ordu İdman Klubunun uğurları çoxdur, illər ərzində qazandığı medallar, beynəlxalq yarışlarda göstərdiyi çıxışlar və yetirmələrinin nailiyyətləri klubun şöhrətini daha da artırıb.
Ordu klubunda fəaliyyət göstərən komandanın baş məşqçisi Polad Həsənov bildirdi ki, MOİK-də 20 idman növü üzrə bölmələr fəaliyyət göstərir və Azərbaycan milli komandasının əksər üzvləri klubun təmsilçiləridir. Olimpiya, Dünya, Avropa və digər beynəlxalq yarışlarda əldə edilən medalların bir hissəsi isə birbaşa MOİK-in idmançılarının payına düşür.
Daha sonra qeyd etdi ki, ölkəmizdə idmana göstərilən dövlət qayğısı və dəstək, eləcə də idmançılarımızın mütəmadi və uğurlu çıxışları nəzərə alınaraq, Beynəlxalq Hərbi İdman Şurasının (CISM) qərarı ilə 2004-cü ildə Bakıda hərbçilər arasında cüdo, 2006-cı ildə güləş, 2008-ci ildə isə boks üzrə dünya çempionatları təşkil edilmişdir. Həmçinin 2011-ci ildə Şuranın Avropa Assambleyası, 2013-cü ildə isə futbol üzrə dünya kuboku yarışı keçirilib.
Futbol yarışında Azərbaycan Respublikasının Silahlı Qüvvələrini təmsil edən hərbçilərdən ibarət yığma komanda fəal iştirak edərək, 16 kollektiv arasında dördüncü yerə layiq görülüb və ən yaxşı komandalar sırasında kubokla mükafatlandırılıb. Bu uğur Silahlı Qüvvələrimizi təmsil edən yığma komandanın Azərbaycan futbol tarixində əldə etdiyi ən yüksək nailiyyət kimi qiymətləndirilir.
Mərkəzi Ordu İdman Klubunun nümayəndələri hər il Beynəlxalq Hərbi İdman Şurasının Avropa Assambleyasında və Beynəlxalq Baş Assambleyasında iştirak edirlər. MOİK isə Azərbaycan Silahlı Qüvvələrini beynəlxalq və respublika səviyyəli yarışlarda peşəkar şəkildə təmsil etməklə yanaşı, gənclərin vətənpərvərlik ruhunun və fiziki hazırlığının yüksəldilməsində, müxtəlif idman növləri üzrə fəal fəaliyyət göstərir.
Komandanın kapitanı, oyunçu Elşad Şirzadovun sözlərinə görə, MOİK-də basketbol məşqləri həqiqətən fərqlidir. Hər məşq bir sınaq, hər ötürmə və hər zərbə daha yaxşı olmaq üçün bir fürsətdir. Məşqçilərimiz həm ciddi, həm də həvəsləndiricidirlər, bizə texnikanı öyrədir, fiziki hazırlığımızı maksimuma çatdırırlar. Burada hər kəsin bacarığı nəzərə alınır, hər idmançıya fərdi yanaşma var və beynəlxalq yarışlara çıxmaq imkanı motivasiyamızı daha da artırır.
“Hamımızın məqsədi birdir, komandamızla birlikdə ölkəmizi layiqincə təmsil etmək, meydançada qələbə qazanmaq və MOİK-in adını ucaltmaq istəyirik. Bəzən məşqlər çox ağır olur, temp yüksəkdir, amma meydançada hər saniyə, hər ötürmə və hər zərbə hesab olunur. MOİK-də məşq etmək mənim üçün yalnız idmançı kimi böyümək deyil, həm də insan kimi inkişaf etmək deməkdir. Burada intizam, komanda ruhu və səbir öyrənirsən. Klub mənim üçün həm ikinci ailə, həm də gələcək uğurlar üçün əsas məkandır”, - deyə E.Şirzadov bildirdi.
“MOİK-də hər məşq meydança ilə həyatın arasında bir körpü kimidir. Buraya gəldiyin andan hər şey ciddi olur, amma elə ciddi ki, sən özünü sınayırsan, bacarıqlarını kəşf edirsən. Məşqçilərimiz hər addımda yanındadır, amma, eyni zamanda, sənə meydan oxuyur, həmişə daha yaxşı olmağı tələb edir. Burada yalnız fiziki hazırlıq deyil, oyun intellekti, komanda ruhu, sürət və reaksiyalar da inkişaf edir”, - deyə sözlərinə əlavə etdi.
Sonda bildirdi: “Hər qələbə, hər uğur sadəcə xal və medal demək deyil. Bu, komandamızın, klubumuzun və bizim əziyyətimizin nəticəsidir. Beynəlxalq arenaya çıxdığımızda hiss edirsən ki, bütün məşqlər, bütün zəhmət bir məqsəd üçün idi - ölkəmizi layiqincə təmsil etmək və qələbə sevinci yaşatmaq.
Bəzən məşqlər ağırdır, bəzən yorğunluq dizlərinə düşür, amma meydançaya çıxdığın anda hər şey unudulur. MOİK mənim üçün yalnız idman klubu deyil, həm ailə, həm də gələcəyin təməlidir. Burada hər gün özünü daha güclü, daha sürətli, daha hazırlıqlı hiss edirsən və hər addımında klubun adını ucaldırsan”.
12 ildir basketbolla məşğul olan İsmayılov Səidin sözlərinə görə isə MOİK-də məşq etmək başqa şeydir, hər gün meydançaya çıxmaq özünü sınamaq deməkdir. Burada hər məşqdə təzyiq var, amma məhz o təzyiq sənə güc verir, səni irəli aparır. Məşqçilərimiz yalnız öyrətmir, səhvlərini göstərir və hər zaman daha yaxşı olmağı tələb edir. Hər ötürmə, hər dribl və hər zərbə bir dərsdir, sadəcə texnika yox, həm də səbir və fokus öyrənirsən.
Beynəlxalq yarışlara çıxanda hiss edirsən ki, çəkdiyin  zəhmət, tökdüyün tər boşuna deyilmiş. Hər medal, hər qələbə klubun və komandamızın adını yüksəldir, həm də sənin özünü göstərmək fürsətindir. MOİK yalnız idmançı hazırlamır, burada komanda ruhunu,  həyatda özünə inamı da öyrənirsən. Klub hamımız  üçün həm meydança, həm də ikinci ev kimidir - burada böyüyürsən, öyrənirsən, inkişaf edirsən və hər gün özünü sınayırsan.
İdmançılarımız bildirirlər ki, ölkədə idmana göstərilən yüksək qayğı, gənclərin inkişafı və uğur qazanması üçün hər sahədə yaradılan şərait dövlət başçısına təşəkkürlərini ifadə etməyə əsas verir. Müsahiblərimiz onu da vurğulayırlar ki, hərbçilərimizin idmanla peşəkar səviyyədə məşğul olmalarında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu (MOİK) böyük rol oynayır.
MOİK-də peşəkar və təcrübəli məşqçilər tərəfindən hazırlanmış hərbçi-idmançılar müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, Olimpiya oyunlarında, Dünya və Avropa çempionatlarında, eləcə də digər beynəlxalq turnirlərdə Azərbaycan üçün qələbə sevinci yaşadırlar. Həmçinin Azərbaycan milli yığma komandasının üzvlərinin böyük əksəriyyəti Mərkəzi Ordu İdman Klubunun yetirmələridir.
Müsahibəmizdən göründüyü kimi, MOİK yalnız idmançı yetişdirmir, həm də gənclərdə intizam, komanda ruhu və vətənpərvərlik hissini formalaşdırır. Klubun fəaliyyətinə, idmançıların uğurlarına və yaradılan şəraitə nəzər yetirdikdə aydın olur ki, ölkədə idmana göstərilən qayğı həm fiziki hazırlığa, həm də peşəkar inkişaf üçün geniş imkanlara xidmət edir.
Bu uğurlar heç də təsadüfi deyil. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti nəticəsində gənclərin təhsil alması, idmanla məşğul olması, öz bacarıqlarını nümayiş etdirməsi üçün geniş imkanlar yaradılıb. Müasir idman infrastrukturu, dövlət proqramları və müxtəlif layihələr gənclərin sağlam, vətənpərvər ruhda formalaşmasına xidmət edir. Nəticədə Azərbaycan gəncləri müxtəlif beynəlxalq yarışlarda uğur qazanaraq ölkəmizin nüfuzunu daha da yüksəldirlər.
Bu siyasətin nəticəsi olaraq gənclər ölkənin ictimai, mədəni və idman həyatında daha fəal iştirak edirlər. Dövlət tərəfindən yaradılan imkanlar onların bacarıqlarının üzə çıxmasına, peşəkar inkişafına və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Gənclərin əldə etdiyi nailiyyətlər isə göstərir ki, həyata keçirilən gənclər siyasəti öz müsbət nəticələrini verir və ölkəmizin gələcəyi üçün möhkəm zəmin yaradır.
Eyni zamanda, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü proqramlar gənclərin potensialının üzə çıxarılmasına və onların müxtəlif sahələrdə uğur qazanmasına geniş imkanlar yaradır. Gənclərə göstərilən diqqət və qayğı onların Vətənə sədaqət ruhunda formalaşmasına, ölkənin inkişafında fəal iştirak etməsinə şərait yaradır. Bu isə Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bir daha təsdiq edir.
Biz də gənclərimizin uğurlarını izlədikcə sevinirik, fərəhlənirik və bir daha ölkəmizlə, ordumuzla, hərbi qulluqçularımızla qürur duyuruq. Bu cür yüksək nəticələr göstərir ki, dövlət rəhbərliyi hər vətəndaşa, hər peşəyə xüsusi diqqət ayırır, onların bacarıqlarının inkişafı üçün bütün imkanları təmin edir.

Şəlalə CAMAL

"Azərbaycan Ordusu"