AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən anlayışı bizə yalnız doğulduğumuz torpağa bağlı olmağı deyil, həm də birliyin və həmrəyliyin nə qədər böyük güc olduğunu öyrədib. Tarix boyu xalqımızın ən böyük sərvəti vətənpərvərliyi, Vətən uğrunda bir yumruq kimi birləşməyi, həmrəyliyi olub. "Hamımız birimiz üçün, birimiz hamımız üçün" şüarı minlərlə qəhrəman övladın həyatında gerçəyə çevrilmiş bir amal kimi yaşayıb. Vətən sevgisi hər birimizin qəlbində yaşayan ülvi hissdir. Vətən anaların göz yaşında, ataların qürur dolu baxışlarında, övladların ümidlə baxdığı gələcəkdə yaşayan müqəddəs bir əmanətdir.
Arif Firuz oğlu Abbaslı 15 dekabr 1993-cü il tarixində Şərur rayonunun Qıvraq kəndində anadan olub. 2000-2008-ci illərdə Qıvraq kənd tam orta məktəbində təhsil alıb. Hələ gənc yaşlarından hərb sənətini seçərək həyatını Vətənin keşiyində dayanmağa həsr edib. 2009-2012-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2012-2016-cı illərdə isə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. Xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirən Arif Abbaslı ölkəmizdə və ölkədən kənarda bir çox təlim kurslarında iştirak edib. Arif keçdiyi bütün kurslarda uğurla iştirak edərək Xüsusi Təyinatlı Qüvvələrin mənsublarına xas xüsusiyyətlərin hər birinə malik hərbçi kimi formalaşıb. Yüksək döyüş hazırlığı, fiziki dözümlülük, çeviklik, analitik düşüncə, çətin şəraitdə uğur əldə etmə və digər bacarıqlara yiyələnib. Xüsusi Təyinatlı Qüvvələrin mənsubları yüksək fiziki, mənəvi və psixoloji hazırlığa malik, müasir döyüş mühitinin ən mürəkkəb tapşırıqlarını yerinə yetirə bilən peşəkar hərbçilərdir. Onlar həm fiziki gücü, həm də yüksək intellektual səviyyəsi ilə seçilməlidirlər. Arif də bu xüsusiyyətlərin hər birini iştirak etdiyi döyüş əməliyyatlarında nümayiş etdirib.
Arif 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində Murovdağın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. İndiki Hərbi Memorial Məzarlıqda dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək, düşmənin canlı qüvvəsinin, döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə baş leytenant Abbaslı Arif Firuz oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Arifin həyatı, xidməti və şərəfli döyüş yolu haqqında yazı hazırlamaq məqsədilə ailəsinin yaşadığı ünvana yollandıq. Yol boyu qeyri-ixtiyari kövrəlirəm. Çünki Arif çox gənc yaşda dünyadan köçüb. Arifdən isə geriyə ən böyük əmanət gözünün ağı-qarası, Ləman adlı balaca qızı qalıb. Onun adı çəkiləndə hər kəsin səsində həm qürur, həm də dərin bir nisgil duyulur. İndi yarımçıq qalan bir həyat hekayəsini yazmağa doğru yol almışam. Haradan başlayacağımı, necə yazacağımı düşünürəm, amalım isə ailəsinin, onu tanıyanların xatirələrini qələmə alaraq Arif kimi oğullarımızı oxuculara tanıtmaq və onların ruhunu şad etməkdir.
Şəhidin həyat yoldaşı Könül xanımla salamlaşdıq. Evlərinə daxil olanda əvvəlcə Arifin əziz xatirəsinə həsr olunan guşəyə baxdıq, onun ruhuna dualar oxuduq. Könül xanımın anası da bizimlə həmsöhbət oldu. Sözlər boğazımda düyünlənirdi. Nə sual verəcəyimi, söhbətə necə başlayacağımı düşünürdüm. Şəhidlər barəsində yazanda sözlər belə aciz qalır. Qələm ağırlaşır, sətirlər donur. Çünki bu, adi müsahibə deyil, qarşımda yarımçıq qalan bir ömür, susmayan bir nisgil, eləcə də uca bir qürur dayanır. Bu evdə hər kəlmə həm ağrı, həm də Vətən sevgisi ilə yoğrulub. Masaya əyləşəndən sonra otaqda bir müddət səssizlik hökm sürdü. Adi susqunluqdan fərqlənirdi. Kəlmələrin yetmədiyi, hisslərin isə boğaza düyünləndiyi ağır sükut idi. Könül xanım asta səslə, kövrələrək danışmağa başladı. Sanki hər cümləni ürəyinin dərinliyindən iplə çəkib çıxarırdı. Deyir ki, Arif hər zaman Vətəni hər şeydən üstün tuturdu. Hərbçi olmağı müqəddəs borc bilirdi. Evdə olanda belə xidmətindən, əsgərlərdən, keçdiyi təlimlərdən danışırdı. Həyatını bu müqəddəs peşəyə bağlamışdı. Vətənini o qədər sevirdi, peşəsinə o qədər bağlı idi ki, həmişə arzu edirdi ki, adı tariximizə əbədi yazılsın. Arzusuna çatdı… (kövrəlir).
Könül xanım danışdıqca, baxışları tez-tez Arifin divardakı fotosuna yönəlirdi. Elə bil Ariflə yenidən göz-gözə gəlir, sözlərini ona çatdırırdı. Deyir, sonuncu dəfə danışanda səsində qəribə bir rahatlıq var idi. "Narahat olma, hər şey yaxşı olacaq" demişdi. Həmişəki kimi onu sakitləşdirməyə çalışmışdı. O isə həmin cümləni indi də qulaqlarında eşitdiyini deyir, sanki Arif hələ də evdədir, qapını açıb içəri girəcək.
İndi isə bu evdə Arifin xatirələri, yoldaşına və qızına dediyi xoş sözləri, birlikdə keçirdikləri günlərin fotoları yaşayır, həm böyük bir boşluq, həm də böyük bir qürur. Bu hisslər bir-birinə qarışıb, nəmli gözlərdə kədər də duyulur, qürur da.
Arifin qayınanası Şəlalə xanım söhbətə qoşulanda biixtiyar səsi titrədi. Deyir ki, Arif təkcə bacarıqlı hərbçi yox, həm də yaxşı ömür-gün yoldaşı, ailəsinə sadiq, hər kəsə hörmətlə yanaşan bir oğul idi. Onu tanıyan hər kəsin qəlbinə yol tapmağı bacarırdı.
"Qızımın taleyi onunla bağlananda bilirdim ki, etibarlı bir insanın yanındadır", - deyə xatırlayır Şəlalə xanım. "Amma heç ağlıma gəlməzdi ki, bu qədər uca, bu qədər ağır bir tale yazılacaq… Arif həyatda iki şeyi arzu edirdi, bir Vətən torpaqları işğaldan azad olunsun, bir də qızı olsun. Qızı doğulanda yaşadığı sevinc hissini sözlə ifadə etmək mümkün deyildi. Artıq ərazi bütövlüyümüz də tam bərpa olunub. Hər iki arzusu da reallaşan Arifin ruhu şaddır indi".
Bu sözləri deyərkən otaqda yenə o tanış sükut çökdü. Bu sükutla illərdir ki, tanışam. Hər dəfə şəhid ailələri ilə həmsöhbət olarkən, bu tanış sükutda mənim də payım olur. Həmin sükutda həm dərd var, həm də böyük bir qürur. Bu şəhid ailələrinə xas olan, sözlə izahı çətin bir qürur hissidir…
Söhbətin ən kövrək anı isə şəhidimizin qızı balaca Ləman haqqında danışanda yaşandı. Könül xanım deyir ki, Ləman atasının adını eşidəndə hələ də xüsusi bir sevinclə başını qaldırır. Fotoya baxıb "Atam qəhrəmandır" deməyi artıq öyrənib. Amma "qəhrəman" sözünün arxasında gizlənən ayrılığın ağırlığını uşaq qəlbi hələ tam anlamır. O, atasını sanki uzaq bir yerdədir, bir gün qayıdacaq biri kimi təsəvvür edir.
Könül xanım xatırlayır ki, Arif qızına hədsiz bağlı idi. Evə gələn kimi hərbi formasını dəyişməyə belə tələsmədən onu qucağına alar, uzun müddət bağrına basardı. "Sən mənim güc mənbəyim, ilham pərimsən", - deyərdi.
İndi isə həmin günlər sadəcə xatirələrdə qalıb. Ləman da böyüdükcə atasını elə bu xatirələrdən, fotolardan, bu danışılan hekayələrdən tanıyacaq.
Arifin xatirə guşəsinə baxarkən anlayıram ki, şəhidlik bir insanın həyatı ilə ölçülmür. O, bir uşağın ölməyən ümidlərinə, bir qadının ömür boyu daşıyacağı həsrətə, bir ailənin taleyinə çevrilir. Amma bütün bu ağrının içində sarsılmaz bir fəxarət də var. Bu, müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda qurban verilmiş bir ömrün ucalığıdır. Bu ucalıq bütün nəsillərin yaddaşında, danışılan hər xatirəsində heç vaxt silinməyən bir müqəddəslik kimi qalacaq…
Şəhid Arif Abbaslının ata-anası və qardaşı Naxçıvanda olduğu üçün onlarla görüşə bilmədim. Lakin belə qorxmaz, mərd, igid, milli-mənəvi dəyərlərimizə bağlı olan vətənpərvər ruhda oğul böyüdən qəhrəman valideynləri tanımaq və onların da düşüncələrini öyrənmək üçün videoformatda zəng etdim.
Zəngimi atası açdı. Ekranda illərin yükünü çiyinlərində daşıyan, amma baxışlarında böyük bir fəxarət gizlənən bir ata gördüm. Səsi sakit idi, amma hər kəlməsinin arxasında dərin bir nisgil duyulurdu.
Şəhidin atası Firuz kişi oğlu haqqında danışarkən bildirir ki, Arif uşaqlıqdan fərqli idi. "Çox sakit təbiətli, qoçaq və məsuliyyətli, dostluğa çox etibarlı biri idi. Heç bir işdən, çətinlikdən qaçan deyildi. Elə bir iş olmazdı ki, mən bacarmaram desin. Bütün işlərimdə əlimdən tuturdu. Heç vaxt kiminsə xətrinə dəyməzdi. Fiziki cəhətdən güclü idi, idmanla məşğul olmağı sevirdi. Böyüklü-kiçikli hər kəsin qəlbinə yol tapa bilirdi".
Atası sözlərinə davam edərək deyir ki, hərbçi olmaq arzusu Arifin ürəyində çox erkən yaşlardan yaranmışdı. "Hərbçi olmaq öz arzusu olub. Məzuniyyətə gələndə mənimlə uzun-uzun xidmətindən danışardı. Elə sevgi və həvəslə danışardı ki, hiss edirdim ki, bu peşə onun həyat yoluna, amalına çevrilib. Torpaqlarımızın azad olunmağını, onun uğrunda döyüşlərə atılmağı çox arzulayırdı. Necə deyərlər, niyyətin hara, mənzilin ora. Arzusu uğrunda döyüşdü və bu müqəddəs yolda şəhid oldu, adını tariximizə əbədi yazdırdı. Biz oğul itirdik, amma məğrur dayandıq, “Təki Vətən yaşasın” deyə bildik. Çünki bir Arif ölər, mini doğular, təki Vətənimiz var olsun".
Bu sözləri deyərkən səsi bir anlıq titrədi, sonra yenə toparlandı. O anda ekranın o biri tərəfindən eşitdiyim hüznlü səsdə həm yanmış bir qəlb, həm də dağ kimi qürur hiss olunurdu.
Şəhidimizin anası Əntiqə xanım danışırdı. Səsi ilk anda titrəyirdi, amma hər kəlməsi həm sevgi, həm də qürurla dolu idi. Oğlunun uşaqlıq xatirələrini, gənclik illərini, bir yerdə keçirdikləri xoş günləri danışırdı. Oğlunun şəhid olmasıyla bağlı danışarkən gözləri doldu, səsi titrədi, sözləri boğazında düyünləndi. Özündə təpər tapıb sözlərinə "Biz onunla fəxr edirik", - deyə davam etdi. "Oğlum indi bir ailənin yox, bütün xalqın qüruru oldu. Onun kimi minlərə şəhidimizin əziz xatirəsi bizimlə əbədi yaşayacaq".
Anasından sonra Arifin qardaşı Şaiq də düşüncələrini bölüşdü. Uşaqlıq xatirələrindən söz açdı. Onunla keçirdiyi günlərdən, birgə məktəbə getmələrindən, ona hər zaman arxa-dayaq olduğundan danışdı. Qeyd edək ki, Şaiq də hərbi qulluqçudur. Qardaşının yolunu davam etdirir. "Arifin xidməti, hərb peşəsinə olan bağlığı və sevgisi, şərəfli döyüş yolu mənim üçün nümunədir", - deyərək sözlərini tamamlayır qardaşı.
Zəng bitəndə uzun müddət telefonun qaranlıq ekranına baxdım. Arifin balaca qızı Ləman, həyat yoldaşı Könül, valideynləri və qardaşı ilə yaşanan xatirələri əbədiyyət nişanələridir. Onun əziz xatirəsi hər sözdə, hər hərəkətdə, hər ürək döyüntüsündə hiss olunur. Şəhidlərin hekayəsi döyüş meydanında bitmir. Bu hekayələr anaların dualarında, ataların məğrur duruşunda, yaxınlarının susqun qürurunda davam edir. Arif kimi igid oğullarımızın döyüş yolu xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunub. Onların həyatları yarımçıq qaldı, amma adları, əməlləri və qoyduğu əmanətlər əbədidir. Hər dəfə onların adları çəkiləndə, onlar haqqında yazılan hekayələri oxuyanda bir daha anlayırıq ki, şəhidlərimizin ruhu hər zaman bizimlədir.
Şəlalə CAMAL
"Azərbaycan Ordusu"