Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2026 12:22

Vətənə xidmət ucalıqdır

Əsgər Məhəmməd Rasim oğlu Tağızadənin orta məktəbi bitirəndən sonra ən böyük arzusu Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirmək olub. Doğulduğu Sumqayıt şəhərində tam orta məktəbdə oxuduğu illərdə özünü nümunəvi, intizamlı, cəsur şagird kimi yoldaşları arasında tanıdıb. Məhəmməd gələcəkdə özünü aşpaz peşəsində görmək istəyib. Bunun üçün ondakı xüsusi bacarıqları, bu peşəyə həvəsini evdə valideynləri də hiss edib. İstəyinə, arzusuna qarşı çıxmayan doğmaları ona "Aşpaz" hazırlıq kursunda oxumasına dəstək olublar. Məhəmməd kursu müvəffəqiyyətlə başa vurub "Aşpaz" dərəcəsini alıb.
Əsgər Məhəmməd Tağızadə bir neçə aydır ki, arzusunda olduğu hərbi xidmətdədir. İlk gündən də qarşısına məqsəd qoyub ki, Vətənə vicdanla, namusla xidmət etsin. 
Məhəmmədin gənc əsgər olan dövrü arxada qalıb. Düşməndən azad edilmiş ərazilərimizdə, Qarabağ iqtisadi rayonunda xidmət etməkdən qürur duyur. Qarabağın dağları, meşələri, dərə-təpələri onun hər səhər gözünü açanda ilk gördüyü mənzərələrdir. Təbiəti seyr etdikcə hərdən xəyala da dalır. Özü-özünə deyir ki, otuz ilə yaxın bu əsrarəngiz təbiəti ermənilər işğal altında saxlayıblar. Xalqımızın mərd, qəhrəman oğulları düşmənə qarşı bu ərazilərdə ağır döyüşlər aparıblar. İkinci Qarabağ müharibəsi gedəndə Məhəmməd orta məktəbdə oxuyurdu. Xocavənd, Hadrut, Cəbrayıl, Füzuli və başqa rayonların azad edilməsi uğrunda qanlı döyüşlərin getdiyini o zaman eşidib. Bu yerləri görməmişdi, amma ən böyük arzularından biri idi buranı görmək. 
Əsgər Məhəmməd Tağızadə işğaldan azad edilmiş ərazilərin hələ də təhlükəli olduğu üçün ehtiyat edir. Düşmənin basdırdığı minalardan ərazilər tam təmizlənməyib. Təlimlərdə, çöl məşğələlərində həmin ərazilərə daxil ola bilmədiklərinə görə heyifsilənir.
Məhəmməd tank əleyhinə bölmədə xidmət edir. Daşınan tank əleyhinə raket qurğusunun heyət üzvüdür. Ona təhkim olunan silahın taktiki-texniki xüsusiyyətlərini mükəmməl bilir. Komandirlərin keçdiyi dərsləri, praktiki məşğələləri dərindən mənimsəyib. Döyüş atışlı təlimlərdə də iştirak edib. Tank əleyhinə raket qurğusundan verilmiş hədəfə mərmi də atıb. O, heyətlə birgə keçirdiyi döyüş atışını uğurla həyata keçirib. 
Hərbi xidmət Məhəmməd üçün kişilik, mərdlik məktəbidir. Bu məktəbin şərəfli, şanlı məzunu olmaq onun başlıca məqsədidir. Məqsədinə nail olmaq üçün o, komandirlərin verdiyi əmr və göstərişləri vaxtında, dəqiq yerinə yetirməklə mümkün olacağını düşünür. Əsgər yoldaşları arasında nüfuz, hörmət qazanmağın da yolu xoş ünsiyyət, mehriban davranış və bir-birinə arxa, dayaq olmaqda görür.
Qarşıda Məhəmmədin bir illik hərbi xidməti dayanır. O, bu dövrü də bacarıqla, komandirlərin və əsgər yoldaşlarının hörmətini qazanmaqla başa vuracağına əmindir.

Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"