AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan tarixində şəhidlik anlayışı hər zaman müqəddəs tutulub. Vətən uğrunda döyüşən igidlər əsrlər boyu xalqımızın qəhrəmanlıq salnaməsini yazıblar. Xüsusilə Qarabağ uğrunda aparılan mübarizədə minlərlə qəhrəman övladımız şəhidlik zirvəsinə ucalaraq tarixə adlarını qızıl hərflərlə yazdırdı. Onların qanı ilə suvarılan torpaqlar bu gün azadlığın və qürurun simvoluna çevrilib.
Şəhidlər təkcə bir ailənin övladı deyil, bütöv bir xalqın qürurudur. Onların adı çəkiləndə hər bir azərbaycanlının ürəyində həm kədər, həm də böyük bir fəxarət hissi doğur.
Çünki bu gün azad səma altında yaşamağımız, bayrağımızın qürurla dalğalanması onların qəhrəmanlığının nəticəsidir. Şəhidlər Vətənimizin azadlığı uğrunda öz həyatlarını qurban verərək tariximizin ən şərəfli səhifələrini yazıblar.
"N" hərbi hissəsinin ərazisində şəhidlərimizin xatirəsinə Şəhidlər bulağı ucaldılıb.
Kiçik çavuş Bayram İsayev bildirdi ki, əsrlərdir xalqımız bir çox tarixi günlərə şahidlik edib, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlar yaşayıb. “Lakin Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, hər zaman fəxr edəcəyimiz və iftixar duyacağımız qəhrəmanlıq salnaməmizdir.
44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında çox şey gördük. O günlər bizə bir həqiqəti daha dərindən anlatdı: Vətən sevgisi sadəcə söz deyil, lazım gəldikdə canını belə əsirgəməməkdir. O döyüşlərdə hər bir əsgər bir amal uğrunda vuruşurdu - torpağımızın azadlığı uğrunda.
Döyüş meydanında şəhidlik anlayışı insana tamam başqa cür görünür. Orada hər kəs anlayır ki, bu torpaq uğrunda verilən hər can Vətənin gələcəyinə yazılan bir tarixdir. Əsgərlərimizin necə böyük iradə ilə döyüşdüyü məlum həqiqətdir. Döyüşçülər arasında elə bir ruh yüksəkliyi vardı ki, heç kim geri çəkilməyi düşünmürdü. Onların gözündə qorxu yox idi, yalnız qələbəyə və Vətənə bağlılıq vardı. Hamı bir amal uğrunda bir yumruq kimi birləşmişdi”.
Kiçik çavuş qeyd etdi ki, bu müharibədə mənim üçün ən ağır itkilərdən biri yaxın qohumum Asif Rəhimovun Talış istiqamətində şəhadətə ucalması oldu. "Onun Vətən sevgisi bir ümman idi. Asif hər zaman deyirdi ki, müqəddəs torpaqlarımız uğrunda döyüşmək ən böyük şərəfdir. O da həmin şərəfi öz canı ilə təsdiqlədi və şəhidlik zirvəsinə yüksəldi.
Düşünürəm ki, şəhidlər bu gün azad nəfəs aldığımız torpağın əbədi keşikçiləridir. Onların qanı ilə suvarılan torpaq artıq bizim üçün təkcə Vətən deyil, həm də müqəddəs əmanətdir".
Şəhidlər Vətən uğrunda canından keçən, xalqın azadlığı və torpağın bütövlüyü naminə ən böyük fədakarlığı göstərən qəhrəmanlardırlar, - əsgər Zaur Məmmədzadə dedi. - Onlar ömürlərinin ən gözəl çağında, arzularının, planlarının yarım qaldığı bir anda Vətəni öz canlarından üstün tutaraq şəhidlik zirvəsinə ucalıblar. Bu zirvə hər kəsə nəsib olmayan, uca və şərəfli məqamdır.
Əsgər Tahir Əhmədov bildirdi ki, onların qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir. "Şəhidlər Vətən sevgisini sözlə deyil, əməllə sübut etdilər. Bu gün azad və müstəqil Azərbaycanda yaşaya biliriksə, bu, məhz onların göstərdiyi şücaətin nəticəsidir. Hər bir gənc şəhidlərin həyat yolundan güc almalı, Vətənə sevgi və sədaqətlə xidmət etməyi özünə borc bilməlidir".
Söhbətə qoşulan əsgər Tural Rəhimov vurğuladı ki, şəhidlər ölmürlər. "Onlar torpağın yaddaşında, bayrağın dalğasında, azad səmanın altında yaşayırlar. Vətən uğrunda can verənlər heç vaxt unudulmurlar, çünki onların adı yalnız tarixə deyil, həm də xalqın ürəyinə yazılıb. Şəhidlik zirvəsi isə hər zaman qəhrəmanlığın və əbədiyyətin rəmzi olaraq qalır".
Gənclər arasında sərbəst güləş üzrə respublika çempionu olan əsgər Fərid Mirzəyev dedi: - Şəhidlər bizim qürurumuzdur. Onlar bizə öyrətdilər ki, Vətəni qorumaq sadəcə borc deyil, həm də böyük şərəfdir. Hər dəfə bayrağa baxanda onların fədakarlığını xatırlayıram. Respublikamızda şəhidlərimizin xatirəsi daim uca tutulur. Onların adları küçələrə, məktəblərə verilir, xatirələri anım tədbirləri ilə yad edilir. Lakin ən böyük ehtiram onların uğrunda can verdiyi Vətəni qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə güclü şəkildə ötürməkdir.
Şəhid olmaq Vətənə olan sevginin, sədaqətin və fədakarlığın ən ali ifadəsidir. Bizlər daim onların xatirəsini yaşatmalı, uğrunda can verdikləri Vətəni qorumalıyıq. Çünki şəhidlər ölmürlər - onlar xalqın yaddaşında, azad torpağın nəfəsində və dalğalanan bayrağın kölgəsində əbədi yaşayırlar.
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"