Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2026 12:10

“Atəş hazırlığı döyüş qabiliyyətimizə müsbət təsir göstərir”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bu gün öz inkişafının ən parlaq dövrünü yaşayır. Dövlət başçısının ordu quruculuğuna göstərdiyi xüsusi diqqət və qayğı ordumuzun maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılmasına, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və döyüş ruhunun sarsılmazlığına xidmət edir. Bu diqqətin nəticəsidir ki, Azərbaycan əsgəri bu gün ən müasir silah sistemləri ilə təmin olunub və hər an Vətənin müdafiəsinə hazırdır. Ordumuzun arsenalına daxil edilən yeni nəsil texnikalar, hərbi sənaye kompleksinin inkişafı və beynəlxalq təlimlərdə əldə olunmuş təcrübə bizi regionun ən qüdrətli hərbi gücünə çevirib.
Azərbaycan Ordusunun qüdrəti təkcə onun texniki təchizatı ilə deyil, həm də şəxsi heyətin hazırlığı və sarsılmaz vətənpərvərliyi ilə ölçülür. Vətən müharibəsi zamanı nümayiş etdirilən rəşadət ordumuzun dünyada yeni nəsil müharibə aparan qüvvə kimi tanınmasına rəvac verdi. Bu gün hər bir hərbi hissədə keçirilən məşğələlər həmin şanlı qələbənin təcrübəsinə əsaslanır. Zabitlərimizin taktiki hazırlığı və əsgərlərimizin nizam-intizamı ordumuzun yenilməzliyinin əsas sütunlarını təşkil edir. Bu hazırlıq səviyyəsi sayəsində Azərbaycan Ordusu istənilən iqlim şəraitində və çətin relyefdə qarşıya qoyulan tapşırıqları saniyələr daxilində icra etmək iqtidarındadır.
Hərbi xidmətin ən mühüm elementlərindən biri olan atəş hazırlığı məşğələləri şəxsi heyətin silahlardan istifadə bacarığını təkmilləşdirir. Təlimin yüksək səviyyədə təşkili birbaşa onu idarə edən zabitin aldığı sistemli hərbi təhsildən asılıdır. Baş leytenant Ayhan   Taleh oğlu Rəhimovun hərbi xidmət yolu hələ yeniyetmə yaşlarından, 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olması ilə başlayıb. 2013-2016-cı illər ərzində bu mötəbər təhsil ocağında hərbi nizam-intizamın və taktikanın ilkin əsaslarını mənimsəyən gənc kursant orta hərbi təhsilini uğurla başa vurduqdan sonra yoluna daha qətiyyətlə davam edib. 2016-cı ildə ölkəmizin nüfuzlu hərbi elm mərkəzi olan, indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub. 2016-2020-ci illəri əhatə edən ali hərbi təhsil dövründə Ayhan Rəhimov müasir silahların quruluşu, onlardan istifadə qaydaları və bölmələrin atəşinin idarə olunması üzrə geniş nəzəri biliklərə yiyələnib.
Məhz bu  ardıcıl hərbi təhsil dövrü - lisey və hərbi institut illəri gənc zabitə bu gün poliqonda əsgərləri qarşısında inamla dayanmaq və biliklərini bölüşmək imkanı verir. Onun rəhbərliyi ilə keçirilən atəş hazırlığı dərslərində əsgərlər silahı mexaniki şəkildə işlətməklə bərabər, hər bir atışın arxasında dayanan dəqiqliyi və taktiki prinsipləri dərk edirlər. Gənc zabit hər bir əsgərin silahla rəftarını, nişan alma anındakı duruşunu və nəfəs almanı  idarə etməsini tək-tək yoxlayaraq, təhsil illərində qazandığı bilik və təcrübəni onlara ötürür.
Məşğələ zamanı hərbi qulluqçuların mövzu ilə bağlı fikirləri onların xidmətə olan bağlılığını bir daha sübut edir: "Müasir döyüşdə hədəfi ilk atəşlə məhv etmək hər bir hərbi qulluqçunun qarşısında duran başlıca vəzifədir, çünki düzgün nişan alınan hər bir güllə qələbəyə gedən yolun təməlidir", - deyə baş leytenant Ayhan Rəhimov bildirdi.
Əsgər Ələsgər Ələsgərli qeyd etdi: "Ali Baş Komandanın bizə yaratdığı şərait sayəsində bu gün poliqonlarda ən mürəkkəb atəş tapşırıqlarını yerinə yetirməkdən qürur duyuruq". 
Məşğələdə özünü yaxşı tərəfdən göstərməyi bacaran əsgər Əli Əlibabayev əlavə etdi: "Atəş hazırlığı bizim üçün sadəcə bir məşğələ deyil, hər an düşmənə sarsıdıcı zərbə vurmağa hazır olmaq məsuliyyətidir". 
Əslən Salyan rayonundan olan əsgər Mirsadıq Miriyev vurğuladı: "Zabitlərimizin verdiyi taktiki biliklər sayəsində silahın hər bir detalına bələd oluruq ki, bu da döyüş meydanında özümüzə inamı artırır".
Atəş hazırlığının iştirakçılarından əsgər İsmayıl Mürsəlov fikrini belə tamamladı: "Atəş hazırlığı döyüş qabiliyyətimizə müsbət təsir göstərir".
Bu cür praktiki məşğələlərin mütəmadi keçirilməsi ordunun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasının qarantıdır. Atəş hazırlığı poliqonlarında hədəf dəqiqliyi əsgərin hərbi vərdişlərinə rəvanlıq gətirir. Təlimlər zamanı qazanılan hər bir müsbət vərdiş gələcək əməliyyatların uğurla nəticələnməsi deməkdir. Müasir müharibə metodları göstərir ki, yalnız nəzəriyyəni praktika ilə birləşdirən hərbçilər çətin anlarda düzgün qərar qəbul edə bilirlər. Bu baxımdan, baş leytenant Ayhan Rəhimov kimi zabitlərin rəhbərliyi altında yetişən əsgərlər Azərbaycanın ərazi bütövlüyünün etibarlı sipəridir.
Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, Vətənə olan sonsuz sevgisi və praktiki vərdişləri ordumuzu yenilməz edən əsas amillərdir. Bu gün poliqonlarda tər tökən əsgər sabahın qəhrəmanıdır. Azərbaycan Ordusunun hər bir bölməsində müşahidə olunan yüksək ruh yüksəkliyi əminlik yaradır ki, sərhədlərimiz hər zaman toxunulmaz qalacaq. Müasir texnologiyalarla zənginləşən, milli ruhunu qoruyan bu ordu Azərbaycanın parlaq gələcəyinin və əbədi müstəqilliyinin ən böyük təminatçısıdır.

Əli ABIYEV

"Azərbaycan Ordusu"