AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müstəqil Azərbaycanın dövlətçilik siyasətində ordu quruculuğu hər zaman prioritet istiqamətlərdən biri olub. Silahlı Qüvvələrin gücü və peşəkarlığı ölkənin suverenliyinin, ərazi bütövlüyünün etibarlı müdafiəsinin əsas təminatıdır. Müasir dövrdə qlobal və regional təhlükəsizlik mühitində baş verən dəyişikliklər ordunun davamlı şəkildə modernləşdirilməsini, döyüş qabiliyyətinin artırılmasını və idarəetmə sisteminin təkmilləşdirilməsini zəruri edir.
Azərbaycan Respublikasında ordu quruculuğu prosesi sistemli, məqsədyönlü və mərhələli şəkildə həyata keçirilir. Belə ki, Silahlı Qüvvələrin maddi-texniki bazası gücləndirilib, hərbi hissələrin infrastrukturu yenilənib, müasir silah və texnika ilə təminat yüksək səviyyəyə çatdırılıb. Orduda nizam-intizamın möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, hərbi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib.
Azərbaycanda ordu quruculuğu strategiyasının əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin xilası ilə yanaşı, nizami ordunun yaradılmasını qarşıya əsas vəzifə kimi qoymuşdu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə zəruri islahatlar nəticəsində ölkədə pərakəndə halında olan silahlı dəstələr ləğv edildi, vahid komandanlıq yaratmaq prinsipi bərqərar olundu.
Orduda peşəkar kadr potensialının formalaşdırılması məqsədilə hərbi təhsil sisteminin inkişafına xüsusi diqqət yetirildi və peşəkar zabit kadrlarının hazırlığı prosesi gücləndirildi, Silahlı Qüvvələrdə struktur islahatları aparıldı, qanunvericilik bazası təkmilləşdirildi və hərbi quruculuq sahəsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Dahi Rəhbər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs gələcək hər uğurun möhkəm təməlini formalaşdırdı.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü və zəruri islahatları nəticəsində ordu quruculuğu keyfiyyət baxımından yeni mərhələyə qədəm qoydu. Son illər ərzində müdafiə sahəsinə ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılması Silahlı Qüvvələrin maddi-texniki təminatının gücləndirilməsinə geniş imkanlar yaradıb. Ordunun silahlanmasına ən müasir texnologiyalara əsaslanan silah və hərbi texnika daxil edilib, xüsusilə yüksək dəqiqlikli silah sistemləri və pilotsuz uçuş aparatları (PUA) arsenalın mühüm tərkib hissəsinə daxil olub. Eyni zamanda, yerli hərbi sənaye kompleksinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, müdafiə sənayesi müəssisələrinin fəaliyyəti daha da genişləndirilib.
Azərbaycan Ordusunda idarəetmə sistemi təkmilləşdirilib, komando hərbi hissələri yaradılıb, xüsusi təyinatlı bölmələrin döyüş hazırlığı gücləndirilib. Müntəzəm olaraq keçirilən genişmiqyaslı hərbi təlimlər şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və qoşun növləri arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə səbəb olub. Bununla yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, yeni hərbi şəhərciklərin və yaşayış komplekslərinin inşası, əməkhaqqı və sosial təminatın artırılması istiqamətində görülən işlər dövlətin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ordumuzun qazandığı tarixi Zəfər Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasətinin real nəticəsini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu işğal altında olmuş əraziləri düşməndən azad etdi və xalqımıza tarixi Zəfərin sevincini bəxş etdi. Müasir silah sistemlərinin tətbiqi, peşəkar idarəetmə və yüksək döyüş qabiliyyəti, milli ruh qısa müddətdə strateji üstünlüyün əldə edilməsini təmin etdi. Bu cəsarət, bu çeviklik Azərbaycan Ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımızın vətənpərvər oğulları öz qəhrəmanlığı, Vətənə olan sonsuz sevgisi ilə şanlı tarix yazdılar. Qazanılan tarixi Zəfər ordu quruculuğu sahəsində həyata keçirilmiş zəruri islahatların nəticəsi kimi tarixə düşdü.
Müharibədən sonra azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, yeni hərbi infrastrukturun yaradılması və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Qarabağ iqtisadi rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bərpa-quruculuq işlərinin sürətli icrası regionun dayanıqlı inkişafına xidmət edir. Bu proses Azərbaycanın hərbi-siyasi qələbəsinin iqtisadi və sosial müstəvidə möhkəmləndirilməsinin göstəricisidir.
Bu gün Azərbaycanın Silahlı Qüvvələri regionun ən güclü ordusu kimi qəbul olunur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu müasir, peşəkar və yüksək döyüş qabiliyyətinə malik hərbi qüvvəyə çevrilib. Güclü ordumuz Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və davamlı inkişafının əsas təminatıdır. Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar göstərir ki, ölkəmizin təhlükəsizliyi etibarlı əllərdədir və Azərbaycan əsgəri hər zaman Vətənin keşiyində qətiyyətlə dayanmağa qadirdir.
Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"