Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2026 11:40

Ürəyimizin döyüntüsü Vətənlə bağlıdır

Dan yeri təzə sökülüb. Qış fəsli olmasına baxmayaraq səhər günəşi dağların arasından boylanmaq istəyir. Getdiyimiz yol uzandıqca başı qarlı dağların tən ortasında günəş daha da közərməyə və öz varlığını bizlərə hiss etdirməyə başlayır. Dağın başında və ətəyində toplanmış qar sanki səmanın yerə enmiş sükutudur. Zirvələrin başı ağ tac olaraq göylərə toxunur. Dağlarda topalanmış qar kütləsi sanki illərin nisgilini öz sinəsinə çəkib. Təbiətin qurduğu bu səssiz tamaşanı izləyə-izləyə yol gedirik, məsafə qısalır. Bayaq kiçik görünən dağlar da, ürəyimizdəki heyrət də get-gedə böyüyür. Gün işığının toxunduğu qarların əriyib ətəklərdən süzülməsi artıq gözümüzün önündədir. Zaman ötür, gedəcəyimiz ünvan yaxınlaşır və düşüncələrim məni ağuşuna alır. Düşünürəm: Vaxtilə hər qarışı uğrunda ağır döyüşlərin getdiyi, neçə igidlərin can verdiyi bu tarixi ərazilərimiz bu gün burada döyüş növbətçiliyi aparan əsgərlərimizin nəfəsi ilə isinir. Məlumdur ki, dağlıq ərazi həm kəskin iqlim, həm də çətin relyef şəraiti ilə seçilir. Yol yoldaşımız zabit Feruz Abbasov bu dağlarda bir neçə gün əvvəl şaxtalı, sazaqlı günlərin keçdiyini deyir, lakin son iki günün qismən mülayim olduğunu qeyd edir. 
Nəhayət, Vətən torpağı hüdudlarımızın sonu olan müqəddəs ünvana çatırıq. Bölmənin şəxsi heyəti təlimat üçün düzülüb. Gizir Malik Ağayev məruzəsini bitirdikdən sonra özü ilə bağlı qısa məlumat verir. "Əslən Kürdəmir rayonundanam. 15 ildir ordu sıralarında xidmət edirəm. Qardaşlarım Təbriz və Tarix də mənim kimi hərbçidirlər. Vətənpərvər ailədə doğulmuşam. Vətənpərvərliyi də ailəmdə öyrənmişəm, müddətli həqiqi hərbi xidmətdə olarkən mahiyyətini dərindən dərk etmişəm. Böyüklərimin, doğmalarımın Vətənə bağlılığı mənim və qardaşlarımın yolunu bu müqəddəs peşəyə bağlayıb. 
Vətənimin müxtəlif nöqtələrində xidmət etmişəm, xidmət etdiyim ərazilər daha çox yüksəkliklər olub. Ən müqəddəs amalım isə Vətənə layiqincə xidmət etmək və üzərimə düşən vəzifələri ləyaqətlə yerinə yetirməkdir. Təcrübəli komandirlərimizin rəhbərliyi altında bu günün Vətən müdafiəçisi oğullarını əsl döyüşçü kimi yetişdirmək işində öz dəstəyimizi göstəririk", - gizir deyir. 
Gizir M.Ağayevlə söhbətləşərək şəxsi heyətə doğru irəliləyirik. Bölmənin şəxsi heyəti günün nizam qaydalarına uyğun olaraq növbətçiliyin təhvil-təslimi üçün düzülüb.
"Təlimat əsnasında şəxsi heyətə təhlükəsizlik qaydaları, xidmətin təşkili, qarşıya qoyulan tapşırıqlar və digər zəruri məlumatlar çatdırılır. Sülh şəraiti olmasına baxmayaraq, biz arxayınlaşmırıq. Döyüş növbətçiliyini şəxsi heyət ayıq-sayıq şəkildə təşkil edir. Üzərilərinə düşən ali vəzifəni dərindən dərk edən əsgərlərimiz bilirlər ki, müqəddəs vəzifə - Vətəni qorumaq xalqa sədaqətlə xidmət etməkdir. Onların xidmətini düzgün təşkil etməsi üçün  bölməmizdə həm xidməti, həm də gündəlik zəruri fəaliyyətlərin icrası üçün arzuolunan şərait yaradılıb. Onların qayğıları ilə maraqlanır, həlli istiqamətində komandirlərimiz zəruri addımlar atırlar. Bölməmizdə hərbi mühitdən öncə doğma mühit formalaşıb", - deyən Malik Ağayevlə söhbətimizi başa vururuq.
Əsgər Kamal Şirinov qeyd edir ki, döyüş növbətçiliyini minlərlə metr yüksəklikdə yerləşən Vətən hüdudlarında aparmaq çox gözəl və qürurvericidir. "Vətəni qorumaq hər birimiz üçün övladlıq və vətəndaşlıq borcudur. Bunun üçün də isti-soyuq, gecə-gündüz demədən xalqın firavanlığını və bölgədəki sülhü qoruyuruq. Metrlərlə yüksəklikdə, ata-babalarımızdan  bizə miras qalan Vətən torpağında xidmət etmək hər birimiz üçün misilsiz fəxrdir. Vətən ön plana çıxırsa, heç nə bizə müqəddəs vəzifəmizi icra etməkdə mane ola bilməz. Çünki Öncə Vətəndir! Vətən əbəs yerə Ana Vətən adlanmır. İkisi də bir övlad üçün ali məfhumdur. İkisinə də canınla və qanınla bağlı olursan. Xidmətdə keçən günlərim həyatımın ən unudulmaz dövrü olaraq daim xatirəmdə yaşayacaq. Burada özümə çoxlu  dost qazanmışam, misilsiz həyat təcrübəsi əldə etmişəm. Ən böyük arzum üzərimə düşən övladlıq borcumu şərəfli və qüsursuz xidmətimlə ödəyib, yaxınlarımın və doğmalarımın yanına başıuca qayıtmaqdır”.
Növbəti müsahibim döyüş növbətçiliyini təhvil alan əsgər Roman Ələkbərov əslən Tovuz rayonundandır. "Bu gün bu gözəlliklərin əhatəsində qalib ordunun əsgəri olaraq xidmət edirəm. Artıq bir neçə ildir ki, bu ərazilərin həqiqi sahibləri, yəni, bizlər ona nəzarət edir, onu qoruyur və müdafiə edirik. İşğaldan azad olunmuş ərazilərimizdə bu gün şanlı Üçrəngli Bayrağımız dalğalanır. Zirvələr hər zaman bayrağımızın dalğalandığı yer olacaq. Dalğalanan bayrağımız ərazi bütövlüyümüzün təmin olunmasının, canı və qanı ilə tarix yazan şəhidlərimizin qisasının alınmasının bariz göstəricisidir. O bayrağımızın daim dalğalanması üçün xidmət edirik. Vətənimizi öz evimiz kimi qoruyuruq", - əsgər deyir.
Sonuncu müsahibim Ucar rayonundan olan əsgər Rasim Ələkbərovdur. "Fərqli mühitlərdən, fərqli evlərdən gəlsək də, burada məramımız bir, vəzifəmiz birdir - Vətəni qorumaq. O Vətənin hər qarışı şəhidlərimizin, ata-babalarımızın qanı ilə yoğurulubsa, onu qorumaq həm sevgidir, həm də sədaqət. Ürəyimizin döyüntüsü Vətənlə bağlıdır. Varlığımız Vətənlə bağlıdır. Əcdadlarımızdan bizə miras qalan torpaqlarımızı inamla qoruyur, üzərimizə düşən məsuliyyəti dərindən anlayır, xidmətimizi böyük ruh yüksəkliyi ilə təşkil edirik. Torpağımızın hər qarışı bizə doğmadır, Vətənlə bağlı olan hər şey bizim üçün əzizdir. Qalib ordunun hərbi mundirini daşıdığım üçün qürurluyam. Qalib ordu mundiri ilə Vətəni layiqincə qorumaq həm vətəndaşlıq, həm də övladlıq borcumuzdur", - əsgər qeyd edir.
Vətənə övladlıq və vətəndaşlıq borcunu ödəyən igid oğullarımızla sağollaşıb, onlara gələcək xidmətlərində və həyatlarında uğurlar arzulayıb, bölmədən yüksək əhvali-ruhiyyə ilə ayrılırıq. Burada gördükləmiz və eşitdiklərimiz bizi bir daha əmin edir ki, Vətən müdafiəçisi oğullarımız öz sələflərinin yolunda inamla, mətin addımlarla irəliləyirlər. Və bu irəliləyiş illərin keşməkeşli yollarından keçib, lakin qorunub saxlanılmış misilsiz sevgi olan vətənpərvərliyi daim yaşadır. Bu gün dağ vüqarlı oğullarımızın vətənpərvərliyindən, məğrurluğundan aldığım müsbət təəssüratlar ata-babalarımızın yüz illər boyu ürəyində daşıdığı Vətən məşəlinin eynisidir. Bu məşəl dünənimizi işıqlandırıb və isidib, sabahımızı da həm işıqlandırır, həm də isidir. Vətən müdafiəçisi oğullarımız var olduğu müddətdə Azərbaycan xalqının əzmi heç zaman sarsılmaz. Dağ vüqarlı oğullarımız varsa, deməli, Vətən etibarlı əllərdədir.

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"