AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Laçın Laçını görməmişdi. Doğmalarının laçınlı günlərindən söylədikləri xatirələrindən eşitmişdi bu yurdun adını… O, dünyaya göz açanda ata-anası, bütün nəsil, el-oba 5 il idi ki, əzəli yurd yerlərindən məcburi köçkün düşmüşdülər. Laçının uşaqlıq taleyinə də əzizlərinin torpaq həsrəti ilə yaşamaq acısı düşmüşdü.
Gənc zabit olan Laçın 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi - xalqımızın haqq işi uğrunda mübarizəsi başlayanda illərlə düşmən işğalında qalmış torpaqlarımızın azadlığı uğrunda gedən ağır döyüşlərə qatılır. Ana Vətənin çağırışına səs verənlərin sırasında o da olur. Xidmət etdiyi tank bölməsi döyüşün önündə gedirdi. Axı o bu günü çox arzulamışdı. Əmin idi ki, torpaqlarımız azad olunacaq, doğmalarının yurd həsrətinə son qoyulacaqdı…
Qalib ordumuz Zəfər qazanaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, qədim, tarixi torpaqlarından məcburi qaçqın və köçkün düşmüş həmvətənlərimiz dogma elinə, obasına döndülər. Laçının da əzizlərinin torpaq həsrətinə son qoyuldu. Onlar bu gün azad, xoşbəxt laçınlı günlərini yaşayırlar… Laçın da xəyalında qurduğu və yaşatdığı ata-baba yurdu Laçınına qovuşdu.
Qənbərov Laçın Şakir oğlu 10 mart 1995-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O, 15 yaşından hərbi peşəyə böyük maraq göstərir. Orta məktəbi əla qiymətlərlə başa vuran Laçın sənədlərini 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təqdim edir. Şərəfli kursant adını daşımaq ona da qismət olur. Təhsil aldığı müddətdə hərbi vərdişlərə və ixtisası üzrə nəzəri, praktiki biliklərə dərindən yiyələnir. Təlimlərdə ixtisas biliklərini, hərb sənətinin sirlərini mənimsəməyə, döyüş, o cümlədən mənəvi-psixoloji və fiziki hazırlıqlarını daima artırmağa çalışır. Kollektivdə müəllimlərinin və kursant yoldaşlarının rəğbətini qazanır. 2018-ci ildə hərbi təhsilini “Tankçı” ixtisası üzrə bitirərək "N" hərbi hissəsində "leytenant" rütbəsində xidmətə başlayır.
Kapitan Laçın Qənbərovla xidmət etdiyi hərbi hissədə görüşüb söhbət apardıq. O, hərbi peşəni seçməsində və bu peşəyə sevginin aşılanmasında valideynlərinin də rolunun olduğunu dedi: "Hərbi peşə nə qədər çətin olsa da, o qədər də şərəflidir, müqəddəsdir. Bu peşə Ana Vətənimizi, torpağımızı qorumaq peşəsidir. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun şəxsi heyəti qaynar döyüşlərin getdiyi ərazilərdə ən öndə irəlilədi. İllərlə erməni vandallarının dağıtdığı ata-babalarımızın tarixi yurd yerləri onların qəhrəmanlığı, igidliyi sayəsində azad olundu. Vətən müharibəsi başlayanda hərbi hissəmiz Füzuli istiqamətindən döyüşə girdi. Tank heyətlərimiz qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq, igidlik göstərdilər. Biz Cəbrayıl, Qubadlı istiqamətində döyüşlərin dərinliyinə doğru irəliləyirdik. Axırıncı döyüşüm Qubadlı rayonunun Soltanbəyli kəndi uğrunda gedən döyüşlər oldu. Yaralandım. Hospitala təxliyə edildim. Ərazilərimiz kənd-kənd işğaldan azad olunurdu. Hər kəs qələbə uğrunda "İrəli" deyirdi. O çətin, lakin qürurlu günləri yaşamaq özü bir xoşbəxtlik idi. Şəhid olan yoldaşlarımızı təəssüf hissi ilə xatırlayırıq. Məkanları cənnət olsun.
19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu antiterror əməliyyatı zamanı Ağdam-Ağdərə istiqamətində gedən döyüşdə də iştirak etdim. Xoşbəxt zabitlərdənəm ki, mən də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən əməliyyatların iştirakçısıyam. Bu gün döyüşlərdə qazandığım təcrübəni böyük həvəslə, qürurla tabeliyimdə olan şəxsi heyətə aşılayıram. Şəhidlərimizin şərəfli döyüş yolu hər birimiz üçün örnəkdir. O şəhidlərimizin qanı-canı bahasına əcdadlarımızın, ata-babalarımızın bizə miras qoyduqları qədim yurd yerlərimiz düşməndən təmizləndi. Anam əslən Qubadlı rayonunun Qəzyan kəndindəndir. Xalqımızın vətənpərvər oğlu, “Azərbaycanın Milli Qəhrəmanı” Əliyar Əliyev ana babamın əmisi oğludur. Ən böyük arzum Laçına, Şuşaya, Xocalıya gedib o yerləri gəzmək idi. Artıq arzuma çatmışam. Bu gün mənim də ata-baba yurdum Laçın laçınlı günlərini yaşayır".
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Laçın Qənbərov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətənə xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif olunub.
İnanırıq ki, döyüşlərdə möhkəmlənən kapitan Laçın Qənbərov hərbi bilik və bacarığını daha da artıraraq, qalib Azərbaycan Ordusunun daha da qüdrətlənməsinə öz layiqli töhfəsini verəcək, qətiyyətli, peşəkar zabitlərimizdən biri olacaq.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"