Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2026 14:29

Əsgərlərimizin sağlamlığı güvənli əllərdədir

Tibb məntəqəsində sakitlikdir. Məntəqə növbətçisi həmişəki kimi ona ayrılmış otaqda qeydiyyat jurnalını nəzərdən keçirirdi. Burada müraciət edən hərbi qulluqçular qeydiyyata alınır, müayinə və müalicəsi üçün həkimə təqdim edilir, müalicəsi başa çatanlar isə bölməsinə təhvil verilirdi. Bir sözlə məntəqədə xidmətin yüksək səviyyədə təşkil olunduğunun şahidi olurdum. Hərbi hissənin zabiti Murad Əhmədov tibb məntəqəsindəki həkimlərin, feldşerlərin fəaliyyətindən bütün şəxsi heyətin razı olduğunu bildirdi. Burada müayinə və müalicə prosesi ilə yanaşı, şəxsi heyətin sağlamlığının qorunması istiqamətində mütəmadi işlərin aparıldığını qeyd etdi.
Məntəqə növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Saleh Abdunovla salamlaşdıq. Onunla həmsöhbət olub, xidməti fəaliyyəti haqqında danışdıq. Hərbi qulluqçuların sağlamlığının keşiyində dayanmağın ikiqat məsuliyyət və bir o qədər də qürurlu olduğunu bildirdi. Çavuş S.Abdunov 2012-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində sanitar-təlimatçı kursunu bitirib. O, bu ixtisası öz arzusu ilə seçdiyini bildirdi. "Müddətli həqiqi hərbi xidmətdə olarkən hərbçi olmaq qərarına gəldim. Bu müqəddəs peşəyə hər kəs rəğbət bəsləyir, lakin ordu sıralarında xidmət edəndə bu peşənin nə qədər çətin və şərəfli olduğunu daha dərindən dərk edirsən. Mən də müddətli xidmətim dövrümdə hərbi bilik və bacarıqları öyrəndikcə hərb peşəsinə sevgim daha çox artdı. Xidmətimin sonunda artıq həyatımı bu peşəyə bağlamağa qərar vermişdim. Tibb sahəsində ordumuza daha yararlı olacağımı düşündüm və bu ixtisası seçdim. Artıq 10 ildən çoxdur ki, bu sahədə xidmət edirəm və seçimimlə hər zaman qürur duyuram".
Saleh İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə xidmət etdiyi hərbi hissənin tərkibində yaralılara ilkin tibbi yardımın göstərilməsi və onların döyüş meydanından təxliyə olunmasında üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlib. Müharibə başa çatandan sonra göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Bu danılmaz faktdır ki, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində qələbəni təmin edən amillərdən biri də tibbi təminat oldu. Peşəkar hərbi həkimlərimizin və bacarıqlı feldşerlərimizin döyüş meydanında göstərdiyi fədakarlıqlar itkilərimizi minimuma endirdi. Onların döyüş meydanında operativ şəkildə həyata keçirdikləri ilk tibbi yardımlar, qanaxmanın dayandırılması, tənəffüs yollarının açılması və sarğıların qoyulması kimi həyati vacib prosedurların sayəsində minlərlə döyüşçümüz yenidən həyata qayıtdı. Bir sözlə, ordumuzun bütün qoşun növlərində olduğu kimi, tibb xidməti də bu ağır sınaqdan başıuca çıxdı.
Bütün tibb personalı kimi Saleh də döyüşlərin iştirakçısı olmaqdan qürurlu olduğunu bildirdi. Müharibədən sonra da vəzifələrinin öhdəsində uğurla gəlmək üçün bütün məsuliyyəti ilə xidmət etdiyini vurğuladı. Hal-hazırda şəxsi heyətin mövsümi xəstəliklərdən, viruslardan qorunması üçün aparılan işlərdən danışdı. "Fəsilə uyğun olaraq şəxsi heyətin daha çox kəskin respirator xəstəliklərə yoluxma ehtimalı artır. Bunun qarşısını almaq üçün yerlərdə qabaqlayıcı profilaktik tədbirlər görülür. Öncədən görülən tədbirlərin nəticəsidir ki, tibb məntəqəsinə müraciət edənlərin sayı azdır. Tibbi ləvazimatlarımız və dərman təminatımız da yüksək səviyyədədir. Məntəqəmizdə xəstələrin müalicəsi üçün palatalarda zəruri şərait yaradılıb. Məntəqənin həkimləri müntəzəm olaraq bölmələrdə olur, xəstəliklərdən qorunmaq üçün əsgərlərlə üçün maarifləndirici söhbətlər aparırlar".
Tibbi təminatın yüksək səviyyədə təşkil olunması şəxsi heyətin sağlamlığının qarantıdır. Əsgərin sağlam olması isə yüksək döyüş hazırlığının təminatıdır. Bu müqəddəs və məsuliyyətli vəzifələrdə Salehə və onun timsalında bütün tibb xidmətinin heyətinə uğurlar arzulayırıq. Onların peşəkarlığı, bacarığı və fədakarlığı əmin edir ki, əsgərlərimizin sağlamlığı güvənli əllərdədir. Hər zaman əsgərləri sağlam, yüksək döyüş əhvali-ruhiyyəsində görmək arzusu ilə tibb məntəqəsindən ayrıldıq.

Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"