Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2026 14:27

“Əsgər marşına Aşiq qəhrəman” adlı kitabın II hissəsinin təqdimatı keçirildi

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon İcra Hakimiyyəti və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə şəhid Ülvi Cəfərovun əziz xatirəsinə həsr olunmuş gənc yazar İlkanə Hüseynovanın "Əsgər marşına Aşiq qəhrəman" adlı kitabın II hissəsinin təqdimatı və anım mərasimi keçirildi. 
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 
Tədbirdə çıxış edən Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhidlərimizin göstərdikləri misilsiz igidlik nümunələrindən geniş bəhs etdi. O, vurğuladı ki, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalq-ordu birliyi sayəsində mümkün olub. İcra başçısı onu da qeyd etdi ki, şəhidlərimizin şərəfli döyüş yolu dövlətimizin gücünün, xalqımızın yenilməz iradəsinin bariz nümunəsidir. Bildirdi ki, onların xatirəsinin daim uca tutulması, ailələrinə diqqət və qayğı göstərilməsi hər birimizin mənəvi borcudur. O, əlavə etdi ki, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərə bağlı böyüməsində mühüm rol oynayır və şəhidlərimizin adını yaşatmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən şəhid anası İradə Quliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi, şəhidlərimizin qanının yerdə qalmadığını və onların igidlik salnaməsinin daim yaşayacağını qeyd etdi.
Vətən müharibəsi iştirakçısı Turqay Məhərrəmov və Qabıllı kənd Kitabxanasının direktoru Xuraman Cəfərli çıxışlarında şəhidlərimizin igidliyindən, döyüş meydanında göstərdikləri rəşadətdən söz açdılar, təqdim olunan kitabın əhəmiyyətini yüksək qiymətləndirdilər.
Gənc yazar İlkanə Hüseynova müəllifi olduğu kitab haqqında ətraflı məlumat verdi, kitabın ərsəyə gəlmə məqsədindən danışaraq şəhid Ülvi Cəfərovun keçdiyi döyüş yolunun gələcək nəsillər üçün örnək olduğunu bildirdi. Müəllif qeyd etdi ki, kitabın əsas məqsədi qəhrəmanlıq tariximizi yaşatmaq və şəhidlərimizin xatirəsini gələcək nəsillərə çatdırmaqdır.
Tədbir çərçivəsində şəhid Ülvi Cəfərovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirildi, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən "Vətən oğlu" adlı ədəbi-bədii kompozisiya təqdim olundu.
Sonda şəhid Ülvi Cəfərovun atası Habil Cəfərov çıxış edərək övladının xatirəsinə göstərilən diqqət və ehtirama görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirdi, şəhid adının yaşadılmasının ailə üçün böyük qürur və təsəlli mənbəyi olduğunu vurğuladı.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü