AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
8 Mart - Beynəlxalq Qadınlar Günü qadınların hüquq və azadlığı uğrunda aparılan mübarizənin nəticəsi kimi tarixə düşmüşdür. Bu günün xüsusi qeyd olunması ideyası ilk dəfə 1910-cu ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən beynəlxalq qadın konfransında irəli sürülmüşdür. Alman ictimai xadimi Klara Setkin qadınların hüquqlarının müdafiəsi və onların cəmiyyətdə bərabər mövqeyə malik olması məqsədilə xüsusi bir günün təsis edilməsini təklif etmişdir. Sonrakı illərdə bu təşəbbüs bir çox ölkələr tərəfindən dəstəklənmiş və 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmağa başlanmışdır. Bu tarixi qərar Azərbaycanda da qadınların ictimai və siyasi həyatda fəal iştirakına şərait yaratmışdır.
Sonrakı dövrlərdə qadınlar dövlət idarəçiliyində - elm və təhsil sahəsində, həmçinin ölkənin müdafiəsi zamanı mühüm işlərin həyata keçirilməsində yaxından iştirak ediblər. Bu gün də Azərbaycan qadınları tarixdə olduğu kimi, dövlət quruculuğunda, ordunun inkişafında və cəmiyyətin tərəqqisində fəal iştirak edərək ölkənin gələcəyinə töhfələr verirlər.
Azərbaycan qadını həm müharibə, həm də sülh dövründə Vətəninə sədaqətli olduğunu nümayiş etdirmişdir. Tariximizdə qəhrəman qadınlarımızın adları xüsusi hörmətlə çəkilir.
Azərbaycan qadını deyəndə Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı yada düşür. Bu dastanda qəhrəmanlıq nümunəsi olan Azərbaycan qadınlarının savaş meydanında göstərdikləri şücaət öz əksini tapıb. Eyni zamanda, Möminə Xatun, Sara Xatun, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan qadınlarımız xalqımızın yaddaşında müdriklik və cəsarət simvolu kimi yaşayırlar. Onlar xalqımızın qeyrət, namus rəmzidirlər.
XX əsrdə Azərbaycan qadınları dövlət quruculuğunda, mədəniyyət və elm sahələrində mühüm uğurlara imza atmışlar. Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründə qadınlara seçki hüququnun verilməsi Azərbaycan cəmiyyətində gender bərabərliyinin formalaşmasına böyük töhfə olmuşdur.
Azərbaycan qadınları Cümhuriyyət dövründə ölkəmizin ictimai-siyasi həyatında və Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, öz vəzifəsini şərəflə yerinə yetirmişlər.
Qadınlarımız bu gün də öz dərin zəkası, biliyi, savadı ilə cəmiyyət qarşısında üzərlərinə düşən öhdəlikləri yüksək bacarıq qabiliyyəti ilə yerinə yetirirlər. Azərbaycan qadınları öz mədəniyyəti, davranışı ilə bütün dünya qadınlarından fərqlənirlər. Onlar yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalaraq, ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Ölkəmizdə qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Ulu Öndərin ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırması onların hərtərəfli fəaliyyətinə müsbət təsirini göstərib. Azərbaycan qadınına göstərilən bu etimad, bu dəyər onları liderliyə qədər yüksəldib. Ümummilli Lider Heydər Əliyev qadın siyasətini dəstəkləyir və onların fəaliyyətini hər zaman yüksək dəyərləndirərək deyirdi: ... "Qadınlar cəmiyyətdə çox həlledici təbəqədir. Qadınlar ailənin özəyidir. Qadınlar ailəni saxlayan bir vasitədir...".
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadın eyni hüquq və azadlığa malikdir. Bu azadlıq da öz növbəsində ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində gender siyasətinin daha da güclənməsinə səbəb olur.
1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Respublikası Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Bu Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.
1998-ci il sentyabrın 25-də keçirilən Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisə idi. Qurultayda respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən mühüm məsələlər müzakirə olunmuşdur. Həmin ildən etibarən hər beş ildən bir keçirilən bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Ölkəmizdə dövlət qadın siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən yeni meyarlara uyğun yüksək səviyyədə davam etdirilir.
Dövlət başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sahədə sürətlə inkişaf edən ölkəmiz lider dövlətə çevrilmişdir. Prezident İlham Əliyev tərəfindən Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atılmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində bir sıra əsaslı işlər həyata keçirilmişdir. Belə ki, normativ hüquqi baza formalaşdırılmış və institusional mexanizmlər yaradılmışdır. Gender amilinin ümumi siyasətə daxil edilməsi üzrə səylər qadınların kişilərlə bərabər ictimai həyatın bütün sahələrində təmsil olunmalarına imkan vermişdir.
Son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı qadınların iqtisadi imkanlarının genişlənməsinə təkan vermiş və onlar arasında işsizlik səviyyəsinin azaldılmasına səbəb olmuşdur. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunurlar. Qadınlar ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkədə idmanın inkişafına böyük töhfələr verirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunun daha da yüksəkliklərə ucalmasına səbəb olub. Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliğinə səbəb olub. Ölkənin "yumşaq güc" siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır, xeyriyyəçilik tədbirləri bir sıra dövlətləri, qitələri əhatə edir. Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Ölkəmizdə qadın siyasətinin effektivliyini təmin etmiş bir sıra amillər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin "Qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncam imzalanmışdır. Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman imzalanmışdır. Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması tapşırılmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarına əsasən, nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin edilmiş, həmçinin "Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı" təsdiq edilmişdir. Bu Qərar bütün dövlət orqanları (qurumları) və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə gender amilinin daxil edilməsinə imkan vermişdir.
2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün "Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı"nı qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir.
"Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının qanunu 2006-cı il 10 oktyabr tarixində qəbul olunmuşdur. Qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsinə xidmət edir.
"Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilmişdir.
Milli Fəaliyyət Planında qadınların ictimai həyatda fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Beynəlxalq təcrübədən yararlanmaqla gender bərabərliyinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi, gender bərabərliyinə dair dövlət siyasətinin həyata keçirilməsi üzrə qurumlararası əlaqələndirmə mexanizminin yaradılması, gender bərabərliyini təbliğ və təşviq edən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstək göstərilməsi, qadınların ictimai fəallığının artırılmasına dəstək göstərilməsi, əmək bazarında gender fərqlərinin aradan qaldırılması məqsədilə qadınların rəqabət qabiliyyətinin artırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşan qadınların sosial-iqtisadi ehtiyaclarına dair tədqiqat aparılması və s. məsələlərin həlli yolları göstərilmişdir.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs, şərəfli adı uca tutaraq öz mübarizliyi ilə tanınmış, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərmişdir.
Cəmiyyətin bütün sahələrində qadınlar aktiv fəaliyyət göstərirlər. Belə ki, onlar ordu quruculuğu sahəsində də şərəf və qürurla xidmət edirlər. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə də qadınların xidməti danılmazdır. Onlar Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Qadın anadır, bacıdır, həyat yoldaşıdır... Bu gün Azərbaycan qadınının adı hörmətlə, şərəflə çəkilir. Onlar bu adı davranışları, fəaliyyətləri ilə qazanıblar. Bu şərəfli adın sahibi olan qadınlarımızı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara bu müqəddəs adı həmişə uca tutmalarını arzulayırıq. Bayramınız mübarək, əziz qadınlar!
Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"