Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2026 14:12

Bayramınız mübarək olsun, əziz qadınlar!

Azərbaycanda qadının müasir dövrdə cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz ənənələrinə sədaqətinə, həm də dövlətimizin yürütdüyü siyasətdə fəal iştirakına görə müəyyənləşdirilir. Qadınlarımız hər zaman zəkası, sədaqəti, qəhrəmanlığı, eləcə də digər müsbət keyfiyyəti ilə tanınıb. Tariximizin bütün dövrlərində Azərbaycan qadını xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında Azərbaycan qadını da fəal iştirak edib, igidlik və fədakarlıq nümunələri göstərib. Bu müqəddəs amal naminə neçə qadın şəhid olub, "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bu gün də Azərbaycan Ordusunun qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında öz vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirir. Əməkdaşlarımız 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar ordu sıralarında xidmət edən və mülki işlərdə çalışan qadınlarımız ilə görüşüb, onların ürək sözlərini qələmə alıblar.
"Azərbaycan Ordusu"                                                                                                                                                                                                                                         


Tibb xidməti kapitanı Sara Quliyeva:
- Azərbaycan qadını tarix boyu ailənin sütunu, Vətənin dayağı, mənəvi dəyərlərimizin qoruyucusu olub, həm ana kimi övlad yetişdirir, həm də cəmiyyətin müxtəlif sahələrində fədakarcasına çalışaraq dövlətimizin inkişafına töhfə verir. Başda şəhid anaları olmaqla,  həkimi, müəllimi, zabiti bu torpağın ləyaqətli simasını təcəssüm etdirir.
Həm Azərbaycan xanımı, həm hərbçi, həm də həkim olaraq Vətənə və cəmiyyətə xidmət etmək mənim üçün böyük qürur və məsuliyyətdir. Qadınları həyatın əksər sahələrində fədakarlıq və məsuliyyət nümunəsi kimi göstərirlər. Bizim gücümüz həm də qayğı göstərmək, ümid vermək və insanlara dəstək olmaqdan gəlir. Tibb sahəsində çalışan qadın zabit olaraq, üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır və bu işi bir ana, bacı və doğma olaraq özümə vətəndaşlıq borcu bilirəm.  Arzu edirəm ki, bütün qadınların həyatı sevinc, sağlamlıq və uğurlarla dolu olsun. Bayramınız mübarək, əziz və dəyərli xanımlar!
Tibb xidməti kapitanı Sürəyya Yaqubova:
- Azərbaycan Tibb Universitetinin məzunu kimi həkimlik peşəsini yalnız sənət deyil, həm də vicdan və məsuliyyət andı hesab edirəm. 2009-cu ildən etibarən xidmət etdiyim səhiyyə sahəsində qadın iradəsinin və mərhəmətinin gücünü hər gün daha dərindən hiss edirəm. Həkim xalatını hərbçi forması ilə birlikdə daşımaq həm çətin, həm də  məsuliyyətlidir. Lakin igid, mərd, qorxubilməz oğullarımızın sağlamlığının keşiyində dayanmaq ikiqat şərəflidir, qürurvericidir.
Vətən müharibəsi zamanı Ağdam rayonunda yerləşən  hərbi hospitalda cərrah kimi fəaliyyət göstərmək, yaralı hərbçilərimizin sağlamlığı uğrunda çalışmaq həyatımın ən qürurlu səhifələrindəndir. Buna görə müdafiə naziri tərəfindən təşəkkür elan edilməsi mənim üçün böyük mənəvi qiymətdir.
Bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında çalışaraq həm kollektivimizin birliyinə, həm də gənc həkimlərin yetişməsinə töhfə verməyə çalışıram. Üç övlad anası olaraq inanıram ki, qadının gücü onun həm ailəsinə, həm də Vətəninə sədaqətlə xidmət edə bilməsindədir.
Qalib ordunun zabiti kimi hər bir Azərbaycan qadınını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara cansağlığı, ailə səadəti, işlərində müvəffəqiyyətlər arzulayıram.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Gülər Həmidova: 

- Bakı şəhərində anadan olmuşam. 10 ildən artıqdır ki, Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsində kargüzar vəzifəsində xidmət edirəm. Xidmət etdiyim bölmənin nizami hissəsinə daxil olan sənədləri qeydiyyata alıram, qovluqlara əlavə edirəm və xaric olunan sənədlərin vaxtında göndərilməsini təmin edirəm.
Mülki həyatda müxtəlif sahələrdə çalışsam da, sonda özümü hərbidə gördüm. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən kursa müraciət etdim. Lazım olan sənədləri toplayıb imtahan verdim. Kursu bitirəndən sonra məni “N” hərbi hissəsinə kargüzar vəzifəsinə təyin etdilər. Qadın hərbi qulluqçu kimi xidmətimin ilk vaxtları çətin olsa da, sonradan şəraitə uyğunlaşdım. Sənədləşmə işini öyrəndim. Burada diqqət, məsuliyyət və çalışqanlıq tələb olunur. İlk gündən də üzərimə düşən vəzifəni öyrənməyə başladım. Bu gün artıq vəzifəmlə bağlı hər bir işi lazımınca bilirəm. Mən hərbi geyim daşımaqdan qürur duyuram. Bu peşə qadın üçün çətin olduğu qədər də, şərəflidir.
Beynəlxalq Qadınlar Günü münasibətilə öncə bizi dünyaya gətirən anaları ürəkdən təbrik edirəm. Qadınlarımızın, qızlarımızın hər zaman cəsarətli, vətənpərvər və Vətənə layiqli xanımlar olmasını arzulayıram.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Aysel Rəcəbova: 
- 2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq "rabitəçi" ixtisası üzrə kursu bitirmişəm. Hərbi xidmətə gəlməmişdən əvvəl torpaqlarımız Ermənistan silahlı qüvvələrinin işğalı altında idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuza verdiyi əks-hücum əmri hərbi xidmətimin ən gərgin və şərəfli dövrü olub.
Müharibə zamanı ölkəmizin Hava Hücumundan Müdafiə bölmələri də digər qoşun növləri kimi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. O zaman üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırdım. Ölkəmizin hava məkanını ciddi nəzarətdə saxladıq. Düşmən tərəfindən gözlənilən hər bir təhlükəni vaxtında aşkar edərək komandanlığa məlumat verdik.
30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarımızı azad edən ordumuzun bölmələri ərazilərimizi azad etdikcə sevinirdik. Birbaşa döyüş əməliyyatlarında iştirak etməsəm də, arxa cəbhədə xidmətim olub. Qadın hərbi qulluqçu kimi bundan qürur duyuram.
Beş ildən çoxdur ki, müharibə bitib. Analarımız 8 Mart - Beynəlxalq Qadınlar Gününü sevinclə qarşılayırlar. Mən də bu münasibətlə ordumuzda xidmət edən bütün qadınlarımızı ürəkdən təbrik edirəm.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Tünzalə Quliyeva:
- Şəmkir rayonundanam. 12 ildir ki, Vətənə xidmət edirəm. Yoluxucu xəstəliklər bölməsində baş tibb bacısı olaraq xidmətdəyəm. 44 günlük Vətən müharibəsi zamanı ön cəbhədə yaralı zabit  və əsgərlərimizə tibbi qulluq göstərmişəm. İki övladım var. Babam Birinci Qarabağ müharibəsinin veteranıdır və bu ailə mirası mənim üçün həm qürur, həm də məsuliyyətdir.
Azərbaycan qadını gücün, mərhəmətin və sədaqətin vəhdətidir. Qadınlarımız həm ailədə ana qayğısını, həm cəmiyyətdə vətənpərvər mövqeyi, həm də orduda peşəkarlığı ləyaqətlə nümayiş etdirirlər. Hərbçi qadın olmaq yalnız forma daşımaq deyil, çətin anlarda ümid olmaq, yaralıya şəfa, silahdaşa dayaq olmaq deməkdir.
Ölkəmizdə qadınlara göstərilən diqqət və dəyər hər zaman yüksək olub. Dövlətimizin qadınların təhsilinə, sosial müdafiəsinə, peşəkar inkişafına və hərbi sahədə fəaliyyətinə yaratdığı imkanlar bu qayğının real göstəricisidir. Bu gün Azərbaycan qadını orduda, səhiyyədə, elmdə və idarəetmədə, eləcə də cəmiyyətimizin inkişafına mühüm töhfələr verir.
Bu əlamətdar gün - 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını, xüsusilə də hərbçi xanımları ürəkdən təbrik edirəm.
Əziz xanımlar, sizlərə möhkəm cansağlığı, ailə səadəti, peşə yolunuzda uğurlar arzulayıram. 

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İlahə Ağayeva: 
- Hərbçi olmağım özümə inamı artırıb. Düşünürəm ki, qadın istənilən sahəni gözəlləşdirir və özünü hər sahədə doğrultmağı bacarır. Bu gün tək ailəm üçün deyil, Vətənim üçün də xidmət edirəm. 8 mart nəvazişin, diqqətin bol olduğu gündür. Bu gün mənim üçün ailəm və kollektivimlə  bir yerdə olmaq dəyərlidir. Qadın zərifdir, amma zəif deyil. Ən böyük gücü qəlbində daşıyır. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlarımıza sağlamlıq, sevgi arzulayıram. Qoy üzünüzdən təbəssüm əskik olmasın.

Gültəkin Qurbanova:
- Hərbi təşkilatda mülki işçi kimi çalışmaq məsuliyyətli və intizamlı olmağı öyrədir. Burada dəqiq və dözümlü olmaq əsas şərtdir. Kitab çapı spesifik sahə olduğundan burada peşəkarlıq və bacarıq çox vacibdir. Mən də dəyərli kollektivimlə birlikdə uzun illərdir bu işdə fəaliyyət göstərirəm. 
Mənim üçün 8 mart qadının görünən və görünməyən zəhmətinin dəyər gördüyü gündür, onun gücünü hiss etdirən gündür. Qoy həyatımızda hörmət və anlayış təkcə bü gün yox, hər zaman olsun.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Bahar Alıyeva: 
- Hərbçi olmaq insanı həm fərd, həm də xarakter olaraq möhkəmləndirir, ona güclü olmağı öyrədir. Nəşriyyat sahəsi üzrə çalışan biri olaraq demək istərdim ki, rəngayırma maraqlı və diqqət tələb edən sahədir. Mən öz işimi sevərək yerinə yetirirəm. 8 mart  mənim üçün qadın həmrəyliyi deməkdir. Fəxr edirəm ki, bu bayramı həm hərbçi, həm də ana olaraq qeyd edirəm. Arzu edirəm ki, hər qadın öz dəyərini bilsin, öz gücünə şübhə etməsin.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Səbinə Məmmədova:
- 13 avqust 1990-cı ildə Yevlax şəhərində anadan olmuşam. Həmin rayonda Şıxəli Qurbanov adına 8 nömrəli tam orta məktəbi bitirmişəm. Xidmətim dövründə göstərdiyim səy və bacarıqlara görə bir çox fəxri fərman və təşəkkürnamələrlə təltif olunmuşam.
Azərbaycan qadını hər zaman mərdliyin, sədaqətin və fədakarlığın simvolu olub. Tariximizin bütün mərhələlərində qadınlarımız həm ailənin dayağı, həm də cəmiyyətin inkişafına töhfə verən qüvvə kimi çıxış ediblər. Bu gün isə Azərbaycan qadını həm müəllimdir, həm həkimdir, həm alimdir, həm də hərbçidir.
Hərbçi qadın olmaq böyük məsuliyyət və qürurdur. Biz həm ana qayğısını, həm bacı şəfqətini, həm də əsgər iradəsini öz simamızda birləşdiririk. Çiyin-çiyinə xidmət etdiyimiz silahdaşlarımızla birlikdə Vətənimizin təhlükəsizliyi naminə əzm və inamla çalışırıq.
Ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı daim yüksək səviyyədədir. Dövlət tərəfindən qadınların hüquqlarının qorunması, onların ictimai-siyasi və hərbi sahədə fəal iştirakı üçün geniş imkanlar yaradılıb. Azərbaycan qadını bu gün dövlət idarəçiliyində, orduda və müxtəlif sahələrdə layiqincə təmsil olunur. Bu, qadına verilən dəyərin bariz nümunəsidir.
 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını, xüsusilə də Vətənə şərəflə xidmət edən hərbçi xanımları ürəkdən təbrik edirəm. Sizlərə möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram. 

Gizir Gülnar Budaqova: 
-  Biz hərbçi qadınlar bu sahədə intizam, diqqət və məsuliyyətlə çalışaraq ordumuzda görülən gündəlik işlərin düzgün və səmərəli aparılmasına töhfə verməyə çalışır və bu işi özümüz üçün müqəddəs vəzifə bilirik. Hər gün gördüyümüz işlər böyük sistemin vacib bir hissəsini təşkil edir. Vətənə xidmət etmək və bu şərəfli missiyada yer almaq mənim üçün qürurdur.  8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları səmimi-qəlbdən təbrik edirəm. Arzu edirəm ki, hər bir qadının zəhməti qiymətləndirilsin, həyatları sevinc, uğur və xoşbəxtliklə dolu olsun.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ülkər Qarayeva: 
- Mən əslən Şirvan şəhərindənəm. 2014-cü ildən Azərbaycan Ordusunda hərbi xidmətdəyəm. Bu gün mənim üçün sadəcə bir bayram deyil, həm də xidmətimizin və Vətənə sədaqətimizin qeyd olunduğu xüsusi bir gündür. Hərbi xidmət bizə özümüzü daha güclü hiss etmək, Vətənimizə qulluq etməyin dəyərini daha dərindən anlamaq imkanı yaradır. Azərbaycan qadını harada çalışmasından asılı olmayaraq öz ləyaqəti, iradəsi, məsuliyyəti və mənəvi gücü ilə hər zaman seçilir. Bu gün mən orduda xidmət edən xanımlarla bərabər, həm də şəhid analarını və vətənpərvər anaları  8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Məhz onların böyüdüb boya-başa çatdırdıqları igid oğulların qəhrəmanlığı sayəsində biz bu gün azad və firavan bir ölkədə yaşayırıq. Bu azadlığımıza görə şəhidlərimizə və onları yetişdirən analara hər zaman borcluyuq. Biz yalnız hərbi formanı daşıyan insanlar deyilik, həm də Vətənə sədaqətin, dözümlülüyün və fədakarlığın simvoluyuq. 

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Günel Abdullayeva:
- Azərbaycan qadını təkcə ailənin deyil, bütövlükdə xalqın mənəvi dirəyidir. Zaman dəyişsə də, Azərbaycan qadınının ləyaqəti, mərdliyi, ailəyə və Vətənə olan bağlılığı dəyişmir.
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında xidmət edirəm. Bu sahəni öz arzumla seçmişəm və ötən illər ərzində bu qərarın məsuliyyətini, şərəfini daim hiss etmişəm.
Aprel döyüşləri, Tovuz döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatı zamanı yaralı hərbçilərimizin müayinəsində iştirak etmək, onların sağlamlığı naminə çalışmaq həyatımın ən məsuliyyətli anları olub. Hər bir rentgen görüntüsünün arxasında bir insan taleyi, bir ailənin ümidinin dayandığını yaxşı bilirəm.
Qadın həm evində, həm də xidmət yerində məsuliyyətini ləyaqətlə daşıyarsa, cəmiyyət daha sağlam və möhkəm olur.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadın hərbi qulluqçularımızı, şəhid analarını və xanımlarını, döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərimizin ömür-gün yoldaşlarını, əsgər analarını, hərbi qulluqçularımızın ana və bacılarını, qızlarını ürəkdən təbrik edir, onlara ən xoş və səmimi arzularımı çatdırıram.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Xalidə Əbdülrəhmanova: 
- 20 iyun 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən İsmayıllı rayonundanam. Artıq 12 ildir ki, Azərbaycan Ordusunun sıralarında xalqımıza, Vətənimizə, dövlətimizə ləyaqətlə, şərəflə xidmət edirəm. Hərbi peşəyə sevgi və bağlılıq doğulub böyüdüyüm ailədən gəlir. Atam Azərbaycan Ordusunun ilk kadr zabitlərindən biri - kapitan Rəvayət Cəbiyev Birinci Qarabağ müharibəsində Ağdərə istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb. O, aldığı ağır xəsarətlərdən sonra tam sağlamlığına qovuşa bilmədi. Çox erkən bizi tərk etdi, dünyasını dəyişdi. Bu gün mən çox qürurluyam ki, atamın yolunun davamçısıyam. O da Vətənimizə çox bağlı insan olub. Torpaqlarımızda müharibə başlayanda, Vətənimizin dar günündə o da digər azərbaycanlı zabit yoldaşları ilə birlikdə Vətənimizə geri dönüb. Bütün bunlar uşaqlıq xatirələrimdə dərin iz qoyub. Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən ağır döyüşlərdə yaxın qohumlarımdan Eldar Aslanov Birinci Qarabağ müharibəsində, Samid Əliyev isə 44 günlük Vətən müharibəsi zamanı şəhid olublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hərbi peşəyə dərindən bağlıyam. Elə bilirəm ki, atamın yarım qalmış arzularını Vətənə şərəfli xidmətimlə mən davam etdirirəm. Həyat yoldaşım da baş gizirdir. 8 Mart - Beynəlxalq Qadınlar Günü mənim üçün əlamətdar gündür. Çünki ailəmizdə üç qız övladı böyüyür. Ana-bacılarımızın, bütün Azərbaycan xanımlarının bayramı mübarək olsun!

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Albina Süleymanova:
- Əslən Bakı şəhərindənəm. 2014-cü ildən hərbi xidmətdəyəm. Mənim üçün orduda xidmət etmək peşədən əvvəl şərəf və məsuliyyətdir. Bu yolu seçərkən Vətənə xidmət etməyin verdiyi hiss ilə hər zaman qürur duymuşam. 8 mart mənim üçün xüsusi günlərdən biridir. Orduda hər vəzifə və hər məsuliyyət bir sınaqdır. Lakin bu sınaqlar bizi daha da inkişaf etdirir, öz bacarıqlarımızı nümayiş etdirmək və əməkdaşlıq ruhunu gücləndirmək imkanı yaradır. Mən inanıram ki, qadınlar hər sahədə olduğu kimi, orduda da öz bacarıqları ilə böyük uğurlara imza ata bilirlər.
8 mart günü ailəmizin və yaxınlarımızın diqqətini hiss etmək bizim üçün olduqca xoşdur. Eyni zamanda, həmkarlarımızın diqqəti və dəstəyi də xüsusi əhəmiyyət daşıyır. Bir-birimizin yanında olmaq, bu günü birlikdə qeyd etmək həm xoş, həm də qürurvericidir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Esmira Paşayeva: 
- 6 fevral 1985-ci ildə Bakı şəhərində doğulmuşam. Sabunçu rayon 271 nömrəli orta məktəbin məzunuyam. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm. Sadə, zəhmətkeş bir ailənin övladıyam. Ailədə üç bacı olmuşuq. İki bacım müəllim, mən isə hərbçiyəm. Hərbçi olmaq, hərbi forma geyinmək ən böyük arzum olub.   Bu peşə müqəddəs və şərəfli peşədir. Hələ orta məktəb illərində hərbi hazırlıq dərslərində fəal iştirak  edərək ilkin hərbi vərdişlərə yiyələnmişəm. Artıq 10 ilə yaxındır ki, Azərbaycan Ordusunun sıralarında Vətənimə xidmət edirəm. Hərbçi sözü harada varsa, orada məsuliyyət var. Xidmətdə olduğum bu illər ərzində vəzifə borclarımı dərindən mənimsəyib, xidmətimə məsuliyyətli olmuşam. Dərslərdə, təlimlərdə ixtisasım üzrə qazandığım yeni bilikləri təcrübədə tətbiq edirəm. "N" hərbi hissəsində radiotelefonçu vəzifəsində xidmət edirəm. 44 günlük Vətən müharibəsi, eləcə də ordumuzun post-müharibə dövründə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı gecə-gündüz xidmət yerimizdə olaraq, dayanıqlı və fasiləsiz rabitə əlaqələrinin təminatı üçün əlimizdən gələni əsirgəmədik. Bu gün müasir tələblərə cavab verən rabitə vasitələri və avtomatik idarəetmə sistemləri ilə çalışmaq işimizi daha da asanlaşdırır, məlumatların vaxtında ünvana çatdırılmasında müsbət rol oynayır. Xidmətimdə qazandığım nailiyyətlərə görə komandanlığın dəfələrlə fəxri fərmanlarına, təşəkkürlərinə layiq görülmüşəm. Azərbaycan Ordusunda xidmət edən və çalışan bütün xanım əməkdaşları, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara ailə səadəti, işlərində uğurlar arzulayıram.

Kursant Nərgiz Alıyeva: 
- Mən, Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursant kimi həyatımın ən məsuliyyətli və şərəfli yolunu seçdiyim üçün sevincliyəm. Bu yol yalnız peşə seçimi deyil, həm də Vətənə sədaqət andıdır. Qarşımda duran ali məqsəd gələcəkdə ordumuza layiqli zabit olmaq və ölkəmizə xidmət etməkdir. Bəzən deyirlər ki, hərbçi olmaq çətin olduğu qədər də məsuliyyətlidir. Biz sübut edirik ki, qadınlar da bu məsuliyyətli peşədə güclü, iradəli və qətiyyətli ola bilərlər. 
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edirəm. Qadınların cəmiyyətimizdə tutduğu mövqe, onların gücü və iradəsi bizim üçün böyük nümunədir. İnanıram ki, gələcəkdə   Azərbaycan Ordusunun peşəkar zabitləri kimi Vətənə sədaqətlə xidmət edərək qadınların bu şərəfli adını layiqincə doğruldacağıq.

Kursant Günay Məmmədova:
- Biz hərbi institutda təhsil alan qadın kursantlar olaraq seçdiyimiz yolun məsuliyyətini dərindən hiss edirik. Gələcəkdə zabit kimi Azərbaycan Ordusunun sıralarında xidmət etmək  ən böyük və ali məqsədimizdir. Qalib ordunun formasını geyinmək bizim üçün şərəfdir. Qarşıda bizi uzun və məsuliyyətli xidmət yolu gözləyir.  Bu yolda inamla və qürurla addımlayacağıq. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları səmimi-qəlbdən təbrik edirəm.

Günay Beybutova:
- Hər gün Vətənə xidmət edən hərbçilərimizə qayğı göstərmək, onların sağlamlığı üçün çalışmaq mənim üçün həm qürur, həm də məsuliyyətdir. Yaralı və xəstə əsgərlərimizə kömək edəndə anlayıram ki, bizim işimiz də Vətənə xidmətin bir hissəsidir.
Oğlum bu gün kursantdır və gələcəkdə Vətənə layiqincə xidmət etmək üçün hazırlaşır. Onun hərbi yolu seçməsi mənim üçün böyük qürurdur. Həyat yoldaşım ərazi bütövlüyümüz uğurunda gedən əməliyyatda iştirak edib, döyüşlər zamanı yaralanaraq sağlamlığını itirib. Ömrünün 15 ilini orduya və Vətənə həsr edib. Mən həm ana, həm həyat yoldaşı, həm də müqəddəs peşə sahibi olaraq bu gözəl bayram günü münasibətilə bütün qadınlara sağlamlıq, səadət, səbir və xoşbəxtlik arzulayıram.