AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2026-cı ilin hazırlıq planına əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda cüdo, yunan-Roma və sərbəst güləş üzrə ordu birinciliyi keçirildi.
Birincilikdə cüdo, yunan-Roma və sərbəst güləş üzrə 10 çəki dərəcəsində 11 komandadan ümumilikdə 297 idmançı mübarizə aparırdı.
Yarışların hakimləri tərəfindən topladıqları xallara uyğun olaraq fərdi və komandalar üzrə qaliblər elan edildi.
Qalib komandalara kubok, fərdi nəticələrə görə isə hərbi qulluqçulara fəxri fərman, medallar və diplomlar təqdim olundu.
Birincilikdə fəxri kürsünün ən yüksək pilləsinə layiq görülən hərbi qulluqçularımızı təqdim edirik.
"Azərbaycan Ordusu"
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mircəfər Cavadov:
- Yarışlara əvvəlcədən çox ciddi hazırlaşmışdıq. Birincilik gərgin mübarizə şəraitində keçdi. Azərbaycan Ordusu üzrə keçirilən yarışda birinci yerə layiq görüldüyüm üçün sevinirəm. Bundan sonra da fiziki hazırlığımı artırmaq və yeni-yeni uğurlar qazanmaq üçün çalışacağam.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zaur Məmmədov:
- Fiziki hazırlıq iradəmizi, dözümümüzü, gücümüzü artırmaq üçün əsas vasitədir. Hərbi qulluqçu həm fiziki, həm də döyüş hazırlığı baxımından hər zaman yüksək səviyyədə olmalıdır. Bunun üçün isə bizə xidmət etdiyimiz bölmədə hər cür şərait yaradılıb. Birincilikdə bütün rəqiblərimi üstələyərək qalib olmağım da bunun bariz nümunəsidir.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kənan Teymurov:
- İdmanla məşğul olmaq əhvali-ruhiyyəmizi yüksəldir, bizi daima gümrah saxlayır . Həmçinin birbaşa sağlam həyat tərzinin formalaşmasına kömək edir. Əbəs yerə deyilməyib ki, sağlam bədəndə sağlam ruh olar. Birincilikdə qalib olmağım məni arxayınlaşdırmır, əksinə, yeni qələbələrə sövq edir.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elton Mamedov:
- Fiziki hazırlıq məşğələləri bizdə intizam və məsuliyyət hissini də formalaşdırır. İdman hərəkətləri artıq gündəlik həyatımızın ayrılmaz hissəsidir. Güclü və daima güclülərin sırasında olmaq üçün öz üzərimdə bundan sonra da çalışacağam.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sübhan Muradov:
- Komandanlıq tərəfindən bu yarışa hazırlaşmağımız üçün hər cür şərait yaradılmışdı. Davamlı məşqlər sayəsində çevikliyimizi və hazırlığımızı yüksəltdik və qaliblər sırasında olmaqla istədiyimiz nəticəni əldə etdik.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Namus Orucov:
- Birinciliyin gərgin mübarizə şəraitində keçməsinə baxmayaraq istədiyim nəticəni əldə etdiyim üçün çox sevinirəm. Belə yarışlarda qalib olmaq yüksək fiziki hazırlıq tələb edir. Müntəzəm məşqlər sayəsində hazırlığımızı artıraraq bizə olan etimadı doğrulduruq.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhəmməd Bayramov:
- Mülki həyatda da idmanla müntəzəm məşğul olurdum. Xidmətə gəldikdən sonra bölməmizdə yaradılan şəraiti gördüm. Hərbi hissəmizdə mövcud olan müasir avadanlıqlarla təchiz olunmuş trenajorlar yarışlarda uğur qazanmağımızda əvəzsiz töhfə oldu. Bu yarışları yüksək fiziki hazırlıqla yanaşı, həm də özünəinam istəyir. Özünəinam hiss olmayan idmançı heç vaxt qələbə qazana bilməz.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əli İsgəndərzadə:
- Əsl hərbi qulluqçu kimi formalaşmaq üçün digər hazırlıqlarla yanaşı, fiziki hazırlığını da paralel şəkildə inkişaf etdirməlisən.İdmanla məşğul olmaq bizi fiziki cəhətdən inkişaf etdirir. Mənim üçün yarışda qələbə qazanmaq ən böyük uğurlardan biri idi. Ancaq etiraf edim ki, birinci yerə layiq görülmək heç də asan olmadı. Rəqiblərim hər biri hazırlıqlı idi.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Eyvaz Baxşıyev:
- İdmanı çox sevirəm, bu fəaliyyət mənim həyatımın bir parçasıdır. Xidmətə başladıqdan sonra burada yaradılan şəraiti gördüm və həvəslə müasir qurğularla təchiz olunmuş trenajorlarda fiziki göstəricilərimi daha da artırdım. Düşünürəm ki, uğur qazanmaq istəyirsənsə, idmanı sevmək, hətta ona bağlı olmaq lazımdır. Bunları etdiyin andan etibarən uğur daim səninlə olacaq.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vaqif Tarverdiyev:
- Hərbi xidmətdə idmanın əhəmiyyətini bir daha dərk edirəm. Uşaq yaşlarımdan idmanın cüdo növünə maraq göstərirdim və bu idman növü ilə məşğul olurdum. Cüdo mənə dözümlülük, səbir və özünəinam kimi xüsusiyyətləri qazandırıb. Orduda da bu bacarıqlarımı daha da inkişaf etdirirəm. Burada idmana bu qədər diqqətin ayrılması bizim üçün həm sağlamlıq, həm də böyük dəstəkdir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rəşid Məmmədzadə:
- Asudə vaxtlarımızı səmərəli keçirmək və fiziki cəhətdən sağlam olmaq komandanlıq tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biridir. İdmanla məşğul olmaq bizi təkcə fiziki cəhətdən inkişaf etdirmir, həm də humanistliyi, əzmkarlığı öyrənirik. Sevindirici haldır ki, çəkdiyimiz əziyyətlər bəhrəsiz qalmadı. Birincilikdə qazandığımız uğurlar bunu sübut etdi.
"Azərbaycan Ordusu"