Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2026 18:00

İdman döyüş qabiliyyətinin əsas amilidir

Azərbaycan Ordusu bu gün regionun ən qüdrətli və müasir hərbi qüvvələrindən biri kimi ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün əsas təminatçısıdır. Son illər həyata keçirilən genişmiqyaslı islahatlar, ordumuzun maddi-texniki bazasının yenilənməsi və hərbi qulluqçuların peşəkarlığının artırılması ordumuzu tamamilə yeni, keyfiyyətli inkişaf mərhələsinə yüksəldib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi zəfərlər göstərdi ki, ordumuzun gücü təkcə ən müasir pilotsuz uçuş aparatları, zirehli texnikalar və raket sistemləri ilə ölçülmür. Bu gücün sarsılmaz təməlində vətənpərvərlik hissi ilə döyünən qəlblər, polad iradəyə malik  və hər an döyüşə hazır əsgər və zabit heyəti dayanır. Müasir müharibələrin xarakteri dəyişsə də, yüksək texnologiyaların tətbiqi genişlənsə də, çətin relyef şəraitində, keçilməz dağlıq ərazilərdə və meşəliklərdə qarşıya qoyulan tapşırığı sona qədər icra edə biləcək fərdin fiziki dözümlülüyü öz aktuallığını heç vaxt itirmir. Elə bu səbəbdən də, Azərbaycan Ordusunun gündəlik fəaliyyət qrafikində fiziki hazırlıq məşğələləri ən mühüm istiqamətlərdən biri kimi xüsusi diqqət mərkəzində saxlanılır.
Döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün hərbi hissələrdə yaradılan infrastruktur, müasir idman şəhərcikləri və təlim meydançaları şəxsi heyətin hərtərəfli inkişafına xidmət edir. Hər bir əsgər xidmətə başladığı ilk gündən etibarən müxtəlif fiziki sınaqlardan keçir, öz gücünü və dözümlülüyünü artırmaq üçün peşəkar təlimçilərin nəzarəti altında çalışır. Bu məşqlər sadəcə bədən əzələlərini deyil, həm də əsgərin psixoloji dözümlülüyünü, çətin anlarda soyuqqanlılığını qorumaq bacarığını formalaşdırır. Güclü əsgər qarşılaşdığı hər bir maneəni dəf etməyə hazır olan, fiziki yorğunluq hiss etsə belə, ruhdan düşməyən döyüşçüdür. Məhz bu məqsədlə keçirilən növbəti fiziki hazırlıq məşğələsində şəxsi heyətin normativləri yerinə yetirməsi, habelə müxtəlif hərbi-idman elementləri üzrə bacarıqlarının təkmilləşdirilməsi prosesi yüksək nizam-intizam şəraitində davam etdirilirdi.
Məşğələ rəhbəri peşəkarlığı və tələbkarlığı ilə seçilən gizir Aslan Fikrət oğlu Qurbanov əsgərlərin hər bir hərəkətini diqqətlə izləyir, onlara tapşırıqların icrası zamanı yol verilən xırda detalları belə düzəltməkdə köməklik göstərirdi. O, fiziki hazırlığın hərbçi üçün həyati vacib olduğunu öz şəxsi təcrübəsi və hərbi bilikləri ilə əsaslandıraraq şəxsi heyətə müraciət etdi: "Hər bir Azərbaycan əsgəri dərk etməlidir ki, fiziki güc döyüş meydanında həm qələbənin, həm də özünü və yoldaşını qorumağın ən əsas şərtidir. Bizim məqsədimiz sizi təkcə müəyyən edilmiş normativləri sənəd üzərində yerinə yetirməyə deyil, ən sıldırım qayalıqlarda, qarlı dağlarda və keçilməz meşələrdə yorulmadan tapşırıq icra etməyə hazırlamaqdır. Güclü əsgər məğlubedilməz ordunun ən sağlam sütunudur, ona görə də hər bir idman hərəkətinə sanki real döyüş meydanındaymış kimi ciddi və məsuliyyətlə yanaşmalısınız. İradənizi poladlaşdırın ki, ən amansız sınaqlar qarşısında belə biləyiniz bükülməz, diziniz titrəməz olsun. Bilin ki, bu gün tökdüyünüz hər damla tər sabahkı döyüşlərdə bizim qələbə zəmanətimizdir".
Gizirin bu ruhlandırıcı sözləri əsgərlər arasında böyük coşqu yaratdı və məşğələyə olan marağı daha da artırdı. Praktik məşqlər zamanı hər bir əsgər verilən tapşırıqları yüksək keyfiyyətlə icra etməyə çalışırdı. Əsgər Fərid Zeynalov bu barədə öz fikirlərini bölüşərək qeyd etdi ki, gündəlik olaraq icra etdikləri intensiv idman hərəkətləri onun özünə olan inamını əsaslı şəkildə artırıb və artıq ən ağır hərbi təchizatla belə kilometrlərlə məsafəni heç bir çətinlik çəkmədən qət edə bilir. Digər bir istiqamətdə məşqləri davam etdirən əsgər Rüfət Salmanlı isə fiziki hazırlığı hərbi intizamın bir forması kimi dəyərləndirərək bildirdi ki, bədən quruluşu və forması qaydasında olan hərbçinin zehni qabiliyyətləri də həmişə iti olur. Onun sözlərinə görə, fiziki dözümlülük insanda soyuqqanlılıq yaradır ki, bu da döyüş zamanı qəfil və düzgün qərarlar vermək üçün mühüm əhəmiyyət kəsb edir.
Məşğələnin gedişatında maneələr zolağını və mürəkkəb dırmanma elementlərini uğurla başa vuran əsgər Elton Məmmədbəyov vurğuladı ki, orduda keçirilən idman dərsləri sadəcə bədəni inkişaf etdirmir, həm də silahdaşlarla birlikdə sinxron hərəkət etmək bacarığını, yəni, komanda ruhunu daha da möhkəmləndirir. O, hesab edir ki, əsgər təkbaşına güclü ola bilər, lakin birgə fiziki hazırlıq bölmənin bütöv bir yumruq kimi birləşməsinə xidmət edir. Məşğələni fəal şəkildə davam etdirən əsgər Rəsul Əlizadə isə əlavə etdi ki, XXI əsr müharibələri texnologiya üzərində qurulsa da, insanın fərdi cəldliyi, reaksiya sürəti və fiziki-psixoloji dözümlülüyü hər zaman həlledici amil olaraq qalacaqdır. O, fiziki hazırlığın hər bir hərbi qulluqçu üçün Vətəni layiqincə müdafiə etmək üçün mənəvi borc olduğunu da diqqətə çatdırdı.
Fiziki hazırlığın bu dərəcədə dərindən mənimsənilməsi həm də əsgərlərin orqanizminin müxtəlif iqlim və relyef şəraitinə adaptasiyasını təmin edir. Məlumdur ki, Vətənimizin coğrafi relyefi rəngarəngdir və hərbi əməliyyatların aparıla biləcəyi ərazilər fərqli hazırlıq səviyyəsi tələb edir. Bu baxımdan gizir Aslan Qurbanovun nəzarəti altında keçirilən məşğələlər əsgərlərə təkcə düzənlik ərazilərdə deyil, həm də çətin keçilən yüksəkliklərdə çevik manevr etmək vərdişləri aşılayır. Bu cür intensiv hazırlıq prosesi hər bir əsgərdə "mən bacararam" hissini formalaşdırır, qorxu və tərəddüdü aradan qaldırır.
Fiziki hazırlıq məşğələləri ordunun döyüşə hazırlıq planının sadəcə bir bəndi deyil, hər bir hərbçinin həyat tərzinə çevrilir.
Yekun olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun bu gün nümayiş etdirdiyi yüksək hazırlıq səviyyəsi sistemli və ardıcıl fəaliyyətin məntiqi nəticəsidir. Şəxsi heyətin göstərdiyi peşəkarlıq, hərbi nizam-intizam və fiziki sarsılmazlıq xalqımızın öz ordusuna olan inamını daha da möhkəmləndirir. Bu cür yüksək hazırlıqlı əsgərlər hər an Vətən torpaqlarının müdafiəsinə, istənilən təhdidin qarşısını qətiyyətlə almağa qadirdirlər. Gizir Aslan Qurbanov və onun rəhbərlik etdiyi əsgər heyətinin timsalında görünən bu əzmkarlıq  Azərbaycan əsgərinin mənəvi və fiziki gücünün təcəssümüdür. Belə peşəkar, dözümlü və vətənpərvər ordusu olan bir millət hər zaman əmin ola bilər ki, onun suverenliyi və təhlükəsizliyi etibarlı əllərdədir. Məhz bu hazırlıq və əzmkarlıq ordumuzun yenilməzliyinin rəmzi olaraq tariximizə qızıl hərflərlə yazılır və gələcək nəsillər üçün bir örnək təşkil edir.

Əli ABIYEV

"Azərbaycan Ordusu"