AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunun yüzlərlə peşəkar, vətənpərvər zabiti respublikamızın ərazi bütövlüyünün qorunmasında, müdafiəsinin və suverenliyinin təmin olunmasında fəal iştirak edərək şərəfli xidmət yolu keçib. Belə zabitlərdən biri də "N" hərbi hissəsinin zabiti mayor Ramiz Abdullayevdir.
İnsanı doğulub böyüdüyü, boya-başa çatdığı mühit yetişdirir, gələcək ömür yoluna işıq salır. Ramiz də ömür yolunu yaşadığı, yetişdiyi mühitin işığı ilə seçib . Onun uşaqlıq dövrü, orta məktəb illəri müharibə şəraitinə düşüb. Ramizin qəlbində hərbçi olmaq, Vətənimizin müdafiəsində dayanmaq, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində iştirak etmək arzusu olub. O, Vətənə xidməti ömrünün mənası hesab edib. Hələ orta məktəbin ibtidai sinfində oxuyarkən hərbçi olacağını valideynlərinə, doğmalarına, müəllimlərinə və dostlarına söyləyib. Hər kəs də ona seçdiyi peşənin müqəddəs və şərəfli olduğunu deyib, uğurlar arzulayıb. Birinci Qarabağ müharibəsi illəri onun orta məktəbdə oxuduğu dövrə düşsə də, artıq gənc yaşlarında Vətən torpaqlarımızın ərazi bütövlüyü naminə əyninə əsgər paltarı geyinib döyüşlərə atılmağa hazır idi...
Ramiz Əliağa oğlu Abdullayev 1 noyabr 1979-cu ildə Cəlilabad rayonunun Buravar kəndində əməksevər bir ailədə doğulub. Bu kəndin camaatı torpaqsevərliyi, vətənpərvərliyi, mərd, qorxmaz oğulları ilə seçilib.
Cəlilabad rayonunun neçə-neçə igid oğlu Vətənin başı üzərini qara buludlar alanda könüllü olaraq özünümüdafiə dəstələrinin sıralarına yazılır, düşmənə sinəsini sipər edir. Bütün bunlar kiçik yaşlarından Ramizin yaddaşında dərin izlər qoyur. Hələ kiçik yaşlarında yaşadığı müharibə şəraiti ona hərbi formanı, əsgər geyimini sevdirir...
Orta məktəbi əla qiymətlərlə başa vuran Ramiz Azərbaycan Beynəlxalq Universitetini fərqlənmə diplomu ilə bitirir. 9 iyul 2001-ci ildə ordumuzun çətin dağ relyefində yerləşən "N" hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlayır. O, şəhid general-mayor, “Azərbaycanın Milli Qəhrəmanı” Polad Həşimovun əsgəri olmaqdan hər zaman qürurlandığını deyir. Öyrənirik ki, Ramiz Abdullayev Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi) “Ehtiyat zabit hazırlığı kursu”nu keçir.
14 iyul 2002-ci ildə kursun birinci buraxılışının zabitlərindən biridir. O, “leytenant” hərbi rütbəsində ön xətt bölmələrimizdə, ordumuzun sıralarında Vətənə şərəflə xidmət edib və Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olub.
Mayor Ramiz Abdullayev hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasına, peşəkarlığının, nəzəri biliklərinin daha da artırılmasına hər zaman səy göstərdiyini vurğuladı: "Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatların davamı olaraq, 44 günlük Vətən müharibəsindən sonra da hərbi hissəmizin döyüş potensialı gündən-günə gücləndirilir. Ordumuz dünyanın ən müasir orduları sırasında yer alıb. Şəxsi heyət peşəkarlığını daima artırır. Təbii bir prosesdir ki, təlimlərə, məşğələlərə müasir yanaşmalar var, tələblər ciddidir. Bütün bunların mükəmməl şəkildə tətbiqi müasir ordu quruculuğunun inkişafına əsaslı şəkildə güclü təkan verir".
Mayor R.Abdullayev ordumuzun vətənpərvər və daima peşəkarlığını artırmağa can atan zabitlərindəndir. O, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında iştirakçısı olduğu 2016-cı ilin Aprel döyüşlərinin tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən, uğurlu, antiterror əməliyyatından, qəhrəman Vətən oğullarının igidliyindən, şəhidlərimizin xalqımızın haqq mübarizəsində canlarından keçməsindən geniş danışır, məlumatları diqqətə çatdırır.
Vətənpərvər zabit 2016-cı ilin Aprel döyüşləri zamanı "N" hərbi hissəsinin motoatıcı taborunda Ağdərə-Tərtər istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. 27 sentyabr 2020-ci il tarixində Ağdamın Hacıməmmədli kəndi istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olub. Oktyabrın 10-da düşmən artilleriyasının zərbəsinə tuş gələrək ağır kəllə-beyin travması alıb. 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatında iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə mayor Abdullayev Ramiz Əliağa oğlu "Ağdamın azad olunmasına görə" medalına layiq görülüb.
Mayor R.Abdullayev şəhidlərimizin xatirəsinin daima uca tutulacağını, onların adlarının xalqımızın qəlbində əbədi yaşayacağını vurğuladı. "O oğullar torpaqlarımızın azadlığı, xalqımızın haqq işi uğrunda şəhid oldular. Məkanları cənnət olsun. Vaxtilə komandirim olmuş şəhid general-mayor, “Azərbaycanın Milli Qəhrəmanı” Polad Həşimovu, şəhid olmuş vətənpərvər, peşəkar zabit yoldaşlarımı unutmaram, o oğullar özlərindən sonra əsl qəhrəmanlıq məktəbi yaratdılar. Şəhidlərimiz milli-mənəvi dəyərlərimizi uca tutdular, torpaq, Vətən heysiyyatımıza əbədiyaşarlılıq qazandırdılar".
Ramiz kimi vətənpərvər zabitlərimiz şəhidlərimizin ömürlərini ömürlərində yaşadaraq, bunu da Vətənə xidmətin mənası hesab edirlər.
Lalə HÜSEYNOVA
"Azərbaycan Ordusu"