AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
"El igidləri ilə tanınar" və bu qəbildən olan digər atalar sözləri cəsur, vətənpərvər, torpaqlarımızın azadlığı uğrundan canından keçən igid oğullarımızla xalqımızın hər zaman qürur duyduğunun göstəricisidir. Bu atalar sözləri cəsarətin, fədakarlığın və Vətəni qorumağın müqəddəsliyinin nişanəsidir. Əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi xatırlanıb. Əsr-əsr, qərinə-qərinə döyüş meydanlarında igid oğullarının şücaəti ilə seçilən xalqımız, XX əsrin sonlarında yeni qəhrəmanlıq nümunələri ilə tarixə iz qoydu. Doğma yurdlarının nisgilini, ağrısını uşaqlıqdan hiss edən, torpaq həsrətini qəlblərində yaşadan və canlarını torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi uğrunda qurban verən igidlərimiz tariximizin şanlı Zəfər səhifələrini yazdılar.
Şəhid polkovnik-leytenant Əkrəm Yunus oğlu Şadmanov da belə igid oğullarımızdan biridir. Onun həyatı peşəkar hərbçi karyerası ilə yanaşı, Vətənə sədaqətin, sonsuz Vətən sevgisinin və fədakarlığın nümunəsidir. Dünyaya göz açdığı Kəlbəcərin işğalını uşaqlıq çağında yaşayan Əkrəm Şadmanov həyatını hərb peşəsinə bağlayan, peşəkar və savadlı zabitlərimizdən olub. O, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlə və fədakarlıqla adını tariximizə yazdırıb.
Şadmanov Əkrəm Yunus oğlu 1 mart 1984-cü ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. 1990-cı ildə doğma kəndində orta təhsilə başlayıb. 1993-cü ildə Kəlbəcərin işğalından sonra təhsilini əvvəl Göygöl (keçmiş Xanlar) rayonunun 6 nömrəli məktəbində, daha sonra Abşeron rayonunun Xırdalan qəsəbəsində yerləşən Kəlbəcər rayon 20 nömrəli orta məktəbində davam etdirib. 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub və 2001-ci ildə oranı uğurla başa vurub. Həmin il indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və 2005-ci ildə "motoatıcı" ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub.
İkinci Qarabağ müharibəsi başlayana kimi müxtəlif hərbi hissələrdə müvafiq vəzifələrdə xidmət edib, təkmilləşdirmə və ixtisasartırma kurslarına qatılıb. Bir sözlə, peşəkar zabit kimi formalaşmaq üçün daim öz üzərində çalışıb və rəhbərliyin etimadını həmişə doğruldub.
44 günlük Vətən müharibəsində Qubadlı və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib, bir sıra strateji yüksəkliklərin azad olunmasında və Şuşa ətrafındakı mövqelərin müdafiəsində yüksək idarəçilik bacarığı və şəxsi igidlik nümunələri göstərib. Müharibədən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "İgidliyə görə", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Polkovnik-leytenant Əkrəm Şadmanov müharibədən sonra ordumuzun həyata keçirdiyi digər uğurlu döyüş əməliyyatlarının da iştirakçısı olub. Qarabağ Zəfərinin davamı olaraq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, ərazilərimizdə erməni separatizminin kökünün kəsilməsi məqsədilə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı baş tutdu. Əkrəm Şadmanov bu əməliyyat zamanı da tabeliyində olan şəxsi heyətlə birlikdə verilən döyüş tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə gəlib. 24 sentyabr 2023-cü ildə Ağdam rayonunun Gülablı kəndi yaxınlığında döyüş mövqelərinə baxış keçirən zaman hərəkət etdiyi avtomobil düşmənin basdırdığı minaya düşüb və polkovnik-leytenant Əkrəm Şadmanov şəhidlik zirvəsinə ucalıb. O, Bakı şəhərində Hərbi Memorial Məzarlıqda dəfn olunub. Şəhidimizin Solmaz adlı qızı və Araz adlı oğlu Vətənə əmanət qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2023-cü il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki, onun qardaşı, Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə, xüsusilə Şuşa istiqamətində göstərdiyi igidliyə görə yüksək dövlət təltiflərinə layiq görülüb.
Polkovnik-leytenant Əkrəm Şadmanovun xidməti və döyüş yolu sübut etdi ki, Vətən sevgisi sözlə deyil, əməl və fədakarlıqla ölçülür. O, doğulduğu torpağın işğalını görən bir uşaqdan həmin torpaqların azadlığı uğrunda döyüşən və canını fəda edən bir zabitə çevrildi. Onun adı artıq təkcə ailəsinin deyil, bütöv bir xalqın qürur mənbəyidir. Şəhidlik zirvəsi onun ömrünü yarımçıq qoysa da, Vətən qarşısında xidmətləri tariximizdə əbədi yaşayacaq. Belə oğullarımız heç vaxt unudulmurlar. Xalqımız Vətən uğrunda canını qurban verən igid övladlarının əziz xatirəsini həmişə yad edir, onları əbədi xatirə kimi qəlbində yaşadır.
Şəlalə CAMAL
"Azərbaycan Ordusu"