AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İnsan istənilən peşəni seçməzdən əvvəl onu sevir, yiyələndiyi peşəni sevən insan isə həmişə uğur qazanır. Onun çalışdığı kollektivdə hörmət, nüfuz sahibi olacağı da şübhəsizdir. O zaman insan əldə etdiyi uğurdan qürur duyacaq. Kiçik çavuş Ramil Mürsəlov da məhz belə hərbçilərdəndir.
Ramil 13 ildir xidmət edir. O, uşaqlıqdan aşpazlığa meyil göstərib. Əsgərlikdən qayıdandan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu aşpaz olmaq məqsədilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində yaradılmış kursa qəbul olmaq qərarına gəlib. Qəbul olmaq üçün lazım olan sənədləri toplayıb. Əvvəlcə müsabiqədən keçib, daha sonra imtahanı uğurla verib. Aşpazlıq kursunda təhsil aldığı müddətdə peşəsinin sirlərinə dərindən yiyələnib. Həmişə yaxşı oxumağa can atıb. Praktiki olaraq da dadlı xörəklər bişirməyi öyrənib.
Kapitan Qadir Abbasov bildirdi ki, Ramil bacarıqlı aşpaz olmaqla yanaşı, yüksək intizamlı hərbi qulluqçudur.
Ortaboy, çevik hərəkətləri ilə seçilən Ramil Mürsəlov Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. İki yaşı tamam olmamış Kəlbəcər rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edilib. Ramilin valideynləri ev-eşiyini, doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıblar. Onlar həmin vaxtı Göygöl rayonunun Çaykənd kəndinə pənah gətiriblər. Ramil də burada böyüyüb boya-başa çatıb. Onun da həmişə doğma Kəlbəcərə, Yanşaq kəndinə qayıtmaq arzusu olub. Daha yaxşı bildiyi, çalışdığı sahə üzrə Vətənə, dövlətə xeyir vermək istəyib. Torpaqları azad etmək üçün özünü də ön cəbhədə, ön sırada görmək istəyib. Kiçik çavuş Ramil Mürsəlovu da sonradan ordu sıralarına qaytaran məhz onun doğma el-obaya olan sevgisi olub.
- Kəlbəcər ermənilər tərəfindən işğal olunanda lap kiçik yaşda olmuşam. Amma böyüyəndə valideynlərimdən, məktəbdə müəllimlərimdən eşidirdim ki, ermənilər torpaqlarımızı işğal edib, bir milyondan artıq soydaşımız doğma yurdundan didərgin düşüb. Ermənilərin torpaqlarımızı işğal etməyi mənə çox pis təsir edirdi. Böyüyəndə mütləq hərbçi olmağı düşünürdüm. İstəyirdim ki, ermənilərin işğal etdikləri əraziləri azad edən döyüşçülər arasında mən də olum. Bu istək, bu amal idi məni hərbi xidmətə sövq edən. 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişəm. İkinci Qarabağ müharibəsi başlayanda xidmət etdiyim hərbi hissə dərhal döyüşlərə cəlb olundu. Atıcı kimi döyüşlərə qatılmaq istəsəm də, komandanlıq aşpaz kimi xidmətimi davam etdirməyi vacib bildi. Kəndlər, qəsəbələr, şəhərlər düşmən tapdağından azad edildikcə sevincimin həddi-hüdudu yox idi. Cəbrayıl, Qubadlı, Laçın rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə xidmət etdiyim hərbi hissə döyüşüb. Döyüşçülərin dadlı və isti yeməklərlə vaxtlı-vaxtında təmin olunmasında aşpaz kimi xidmətim böyük olub, - kiçik çavuş R.Mürsəlov dedi.
Kiçik çavuş Ramil Cəmaləddin oğlu Mürsəlov hazırda yeni tikilib istifadəyə verilən yeməkxanada aşpaz vəzifəsində xidmətini davam etdirir. Komandirlər də, əsgərlər də onun bişirdiyi dadlı, duzlu xörəklərdən ağızdolusu danışırlar. Ramil bunun sirrini peşəsinə sevgidə, işinə məsuliyyətdə, verilən ərzaqların tam həcmdə və müxtəlif ədviyyatların əlavə edilməsində görür.
Aşpaz Ramil Mürsəlov hər gün şəxsi heyətə bişirilən yeməklərin keyfiyyətinə, mətbəxdəki səliqə-sahmana və burada çalışan digər aşpazların da fəaliyyətinə nəzarət edir.
Artıq yeməklər bişib, hazırdır. Şəxsi heyətin nahar vaxtına az qalıb. O, köməkçi aşpazlara vaxt itirmədən yeməklərin paylanması üçün hazırlıqlarını yekunlaşdırmağı tapşırır. Aşpaz Ramil Mürsəlovun bişirdiyi çeşidli, dadlı xörəklərdən əsgərlər razıdırlar.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"