AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Vətən müharibəsi şəhidi Ağasadıq Xəlil oğlu Aslanovun doğum günü ilə əlaqədar olaraq mərasim keçirilib.
Anım mərasimi çərçivəsində şəhidimizin xidmət və döyüş yoldaşları onun məzarını ziyarət edib, üzərinə gül düzüb, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər gizir Ağasadıq Aslanovun xidmət yolundan, döyüşlərdə göstərdiyi igidlikdən danışaraq şəhidimizlə bağlı xatirələrini bölüşüblər, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Qeyd edək ki, gizir Ağasadıq Aslanov 1991-ci il martın 1-də Neftçala rayonunun Kür Qarabucaq kəndində dünyaya gəlib. Hərbi qulluqçumuz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 7-də Şuşa şəhəri ətrafında gedən ağır döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. Tibb müəssisəsinə təxliyə olunan Ağasadıq Aslanov noyabrın 8-də şəhidlik zirvəsinə yüksəlib və Neftçala rayonunun Kür Qarabucaq kəndində son mənzilə yola salınıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Ağasadıq Xəlil oğlu Aslanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
"Azərbaycan Ordusu"