AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tarix hər zaman müxtəlif hadisələrlə yaddaşımıza əbədi həkk olunur. Elə günlər var ki, zamanın arxasında sadəcə bir tarix kimi görünür, elə günlər də var ki, bütöv bir xalqın taleyini dəyişir və əsrlərlə danışılan dastana çevrilir. 2020-ci ilin 27 sentyabr tarixi də Azərbaycan xalqının yaddaşına məhz belə həkk olundu. Bu, həm dövlətin uzun illər apardığı qətiyyətli siyasətin, həm xalqımızın milli həmrəyliyinin, həm də vətənpərvər oğullarımızın yazdıqları bir qəhrəmanlıq dastanı idi.
Uzun illər ərzində işğal altında qalmış torpaqlarımızın yurd həsrəti hər bir azərbaycanlının qəlbində bir nisgilə çevrilmişdi. Doğma yuvalarından didərgin düşmüş məcburi köçkün ailələrinin acınacaqlı vəziyyəti xalqın yaddaşında sağalmaz yara kimi qalmışdı. Lakin bu vəziyyətlə barışmayan Azərbaycan dövləti torpaqlarımızın azad olunması yolunda məqsədyönlü və ardıcıl siyasət apardı. İqtisadi və hərbi gücünü artıran ölkəmiz haqq-ədalətin bərpa olunması uğrunda mübarizəsini gücləndirdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Belə ki, sərkərdə qətiyyəti, peşəkar zabit kadrlarının hazırlanması, yüksək döyüş hazırlığı, müasir silah sistemləri və vətənpərvərlik ruhu ilə formalaşmış şəxsi heyət bütün bunlar tarixi Zəfərin əsasını təşkil edirdi. Azərbaycan Ordusu artıq regionun ən güclü ordularından birinə çevrildi.
2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük Vətən müharibəsi kimi yazılan mübarizə xalqın iradəsinin açıq təzahürü oldu. Müharibənin ilk günündən cəbhədən gələn xəbərlərdən aydın oldu ki, Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda gedən bu savaşdan alnıaçıq, üzüağ çıxaraq qalibiyyətə nail olacaq. Belə də oldu... Döyüş meydanında düşmənin canlı qüvvəsini və zirehli texnikalarını məhv edən rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək qələbə qazandı və uzun illərin el-oba həsrətinə son qoyuldu.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusu misilsiz hərbi strateji bacarıq nümayiş etdirdi. Müasir texnologiyaların tətbiqi, koordinasiyalı əməliyyat planları düşmənin bütün planlarını darmadağın etdi. Bu qələbənin qazanılmasına səbəb təkcə müasir texnika deyildi, bu, Müzəffər Ali Baş Komandanın illərlə apardığı qətiyyətli siyasətin və onun rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi misilsiz şücaətləri oldu. İgid oğullarımızın qəlbindəki Vətən sevgisi, Hərbi Anda sədaqət onların şəhidlik zirvəsinə ucalmasına hazır olması demək idi. Torpaqlarımız bütövlüyü uğrunda döyüşən hər bir Vətən oğlu ölümün gözünə dik baxdı, "Təki Vətən yaşasın" deyərək canını bu yolda fəda etdi.
Vətən müharibəsi bir daha sübut etdi ki, xalqımız öz haqqını bərpa etmək iqtidarındadır. 2020-ci il 8 noyabr tarixində Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu. Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhəri yenidən öz sahibinə qayıtdı. Bu, dövlət siyasətinin, hərbi gücün və xalqımızın milli birliyinin təntənəsi idi. 44 günün Zəfər dastanı şəhidlərin canı, müharibədə sağlamlıqlarını itirən oğullarımızın qanı ilə tarixə yazıldı. Şəhidlik zirvəsinə ucalaraq bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu bir daha sübut etdilər.
Torpaqlarımız azad edildikdən sonra Azərbaycanın Üçrəngli Bayrağı öz əzəməti ilə azad olunmuş bütün yurd yerlərimizdə dalğalandı.
Vətən müharibəsində qazanılan tarixi Zəfər göstərdi ki, müasir silahlarla təchiz olunan Azərbaycan Ordusunun həm də şəxsi heyyəti yüksək mənəvi dəyərlərə sahib olan bir ordudur. Bu baxımdan hərbi qulluqçularımız döyüş meydanında humanizm prinsiplərini də qoruyub saxladı, beynəlxalq hüququn tələbinə uyğun hərəkət etdilər.
44 günün Zəfər dastanı bir dövlətin, bir xalqın, bir ordunun vəhdətini göstərdi. Ön cəbhədə döyüşən ordumuzla arxa cəbhədə çalışan vətəndaşlarımız eyni məqsəd uğrunda birləşib mübarizə apardılar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şəhər və kəndlərdə yeni infrastruktur layihələr həyata keçirilir. Müasir standartlara uyğun yaşayış evləri, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və ictimai-iaşə obyektləri tikilərək sakinlərin ixtiyarına verilir. Qarabağ iqtisadi zonası yenidən dirçəlir, həyat öz axarına düşür. Artıq keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurd yuvalarına köçürülürlər. Doğma torpaqlarının müqəddəsliyini, şirinliyini yenidən duyan sakinlər onlara yaradılan bu şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.
44 gün təqvim hesabında qısa görünə bilər, lakin bu uzun illərin yükünü daşıyan, bir xalqın taleyini dəyişən, gələcəyini işıqlı yola çevirən bir müqəddəs rəqəmə çevrildi. 44 rəqəmi tarixin şanlı səhifəsinə böyük qürur hissi ilə yazıldı. Qəlbimizdə əbədi məskən salan Zəfər dastanı hər birimizin xatirəsində əbədi məskən saldı. Bu, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət, onun dəmir iradəsi, xalqımızın milli birliyi və Azərbaycan Ordusunun şücaətinin mükafatıdır. Bunu qoruyub saxlamaq üçün hər bir azərbaycanlı Vətənini, torpağını sevməli və onun bütövlüyü yolunda vətəndaşlıq borcunu yerinə yetirməlidir.
Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"