Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2026 18:00

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə gələcəyin zabit kadrları yetişir

"Gərək hər bir gənc orduya səfərbər olmağa hazır olsun və orduda xidmət etməyi özünə şərəf kimi qəbul etsin", - deyə Ulu Öndər Heydər Əliyev qeyd etmişdir. Bu fikir Azərbaycan dövlət quruculuğu siyasətində ordunun rolunun nə qədər mühüm olduğunu aydın şəkildə ifadə edir. Ümummilli Liderin rəhbərliyi ilə ölkədə milli hərbi kadrların hazırlanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və müasir hərbi təhsil sisteminin formalaşdırılması istiqamətində mühüm və ardıcıl addımlar atılmışdır. Hərbi təhsilin inkişaf etdirilməsi yalnız ordunun peşəkarlığının artırılması deyil, həm də dövlət müstəqilliyinin uzunmüddətli təminatı kimi qiymətləndirilmişdir. Bu strateji yanaşmanın nəticəsi olaraq Azərbaycanda gənc nəslin erkən yaşlardan hərbi ruhda yetişdirilməsi məqsədilə xüsusi hərbi təhsil müəssisələri yaradılıb, onların fəaliyyəti dövlət səviyyəsində daim diqqət mərkəzində saxlanılıbdır.
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və ordumuzun maddi-texniki bazası, döyüş qabiliyyəti və şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir: "Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır… Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənmişdir. Döyüş qabiliyyəti yüksək səviyyədədir. Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox yüksəkdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir.  Bütün cəmiyyət vahid amal uğrunda birləşib". Bu siyasət müasir dövrdə də uğurla davam etdirilir və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıbdır.
Milli ordunun əsasını təşkil edən zabit kadrlarının hazırlanması prosesi gənc yaşlardan başlayır. Yeniyetmələrin hərbi biliklərə yiyələnməsi, onlarda hərbi intizam, məsuliyyət, Vətənə sədaqət və liderlik keyfiyyətlərinin formalaşdırılması məqsədilə fəaliyyət göstərən hərbi liseylər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu təhsil müəssisələri yalnız ümumi orta təhsil verən məktəblər deyil, həm də gələcək zabitlərin mənəvi-psixoloji, fiziki və peşəkar cəhətdən formalaşdığı mühüm hazırlıq mərhələsidir. Azərbaycan Ordusunun zabit heyətinin böyük hissəsinin məhz bu məktəblərin məzunlarından formalaşması onların dövlət və ordu üçün nə qədər strateji əhəmiyyət daşıdığını göstərir.
Belə mühüm hərbi təhsil ocaqlarından biri də diviziya komandiri, Azərbaycanın görkəmli hərbi xadiminin adını daşıyan Cəmşid Naxçıvanski adına Hərbi Liseydir. MMU-nun tərkibində fəaliyyət göstərən bu lisey Azərbaycan gənclərinin hərbi ruhda tərbiyə olunması, onların gələcək zabit kimi hazırlanması və milli hərbi kadr potensialının formalaşdırılması istiqamətində onilliklər ərzində mühüm rol oynayıb. Liseyin yaradılması və inkişafı bilavasitə Azərbaycan dövlətinin hərbi quruculuq strategiyasının tərkib hissəsi olmuş, onun fəaliyyəti nəticəsində minlərlə gənc Azərbaycan Ordusunun sıralarında şərəflə xidmət edən zabit kimi yetişib.
Azərbaycan xalqının dövlətçilik tarixində güclü ordu quruculuğu hər zaman mühüm yer tutub. Xüsusilə müasir dövrdə suverenliyin  təmin olunması, ərazi bütövlüyünün qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi peşəkar və yüksək hazırlıqlı hərbi kadrların mövcudluğunu zəruri edib. Bu baxımdan hərbi təhsil sistemi Azərbaycan Ordusunun əsas dayaqlarından biri hesab olunur. Bu lisey Dahi Rəhbər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərində yerləşən 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 
24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, təhsil müəssisəsinin adı dəyişdirilərək rəsmi şəkildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılıb. Bu qərar liseyin fəaliyyətinin daha da təkmilləşdirilməsi, onun statusunun möhkəmləndirilməsi və milli hərbi təhsil sistemində rolunun artırılması baxımından mühüm addım olub.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamına və müdafiə nazirinin 9 aprel 1998-ci il tarixli əmrinə əsasən, Naxçıvan Muxtar Respublikasında liseyin filialı yaradılıb. Bu filialın yaradılması region gənclərinin hərbi təhsilə cəlb olunması və milli zabit kadrlarının hazırlanmasının coğrafiyasının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2004-cü il tarixli Sərəncamına əsasən, həmin filialın bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.
Cəmşid Naxçıvanski adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış, 9-cu sinfi bitirmiş gənclər arasından həyata keçirilir. Namizədlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan test imtahanlarında iştirak edərək seçim mərhələsindən keçirlər. Bu proses hərbi təhsil almaq üçün ən layiqli namizədlərin müəyyən edilməsinə imkan verir.
Hərbi liseydə təhsil müddəti iki il təşkil edir. Bu müddət ərzində kursantlara Azərbaycan Respublikasının təsdiq olunmuş tədris planına uyğun olaraq ümumilikdə 13 fənn tədris olunur. Bununla yanaşı, kursantlar sıra hazırlığı, taktiki hazırlıq, atəş hazırlığı, fiziki hazırlıq və digər hərbi fənlər üzrə bilik və bacarıqlara yiyələnirlər. Bu dərslər kursantların gələcəkdə ali hərbi təhsil müəssisələrində uğurla təhsil almalarına və peşəkar zabit kimi formalaşmalarına möhkəm zəmin yaradır.
Burada formalaşdırılmış hərbi mühit kursantların intizamlı, məsuliyyətli və Vətəninə sadiq şəxsiyyət kimi yetişməsinə xidmət edir. Kursantlar gündəlik həyatlarını hərbi rejimə uyğun şəkildə qurur, komandir heyətinin rəhbərliyi altında təhsil alır və fiziki hazırlıq keçirlər. Bu proses onların liderlik keyfiyyətlərinin formalaşmasına, psixoloji davamlılığının artmasına və hərbi xidmətə hazır vəziyyətə gəlməsinə şərait yaradır.
Liseydə vətənpərvərlik tərbiyəsi əsas istiqamətlərdən biridir. Kursantlara Azərbaycanın hərb tarixi, qəhrəmanlıq ənənələri və dövlətçilik dəyərləri barədə geniş məlumat verilir. Şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər və vətənpərvərlik mövzusunda keçirilən görüşlər gənclərin Vətənə bağlılığını daha da gücləndirir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu siyasəti nəticəsində liseyin də maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Müasir tədris korpusları, yataqxanalar, idman kompleksləri və təlim sahələri kursantların istifadəsinə verilmişdir. Müasir texnologiyaların tətbiqi tədris prosesinin keyfiyyətini daha da artırmışdır.
Azərbaycan tarixinin ən şərəfli səhifələrindən olan İkinci Qarabağ müharibəsində liseyin şəxsi heyəti qəhrəmanlıq nümayiş etdirib. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi. Döyüşlərdə liseyin zabit və gizirləri tapşırıqları peşəkarlıqla yerinə yetirdilər. Döyüş zamanı 1 nəfər Vətən uğrunda qəhrəmancasına şəhid olub, 3 nəfər isə yaralanıb.
Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan Ordusunun zabit kadrlarının hazırlanmasında təməl təhsil müəssisələrindən biri kimi fəaliyyət göstərir. Onun yetirmələri Azərbaycan Ordusunun müxtəlif hərbi hissələrində və Silahlı Qüvvələrin digər strukturlarında xidmət edərək dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfələr verirlər.
Liseyin zəngin tarixi, yetişdirdiyi qəhrəman zabitlər və qazandığı nailiyyətlər onun Azərbaycan hərbi təhsil sistemində mühüm yer tutduğunu bir daha təsdiq edir.

Əli ABIYEV

"Azərbaycan Ordusu"