AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ölkəmizin dünya miqyasında layiqli və etibarlı tərəfdaş olaraq tanınması ilə paralel, Qalib Azərbaycan Ordusu günü-gündən öz qüdrətini artıraraq təkcə regionda deyil, qlobal arenalarda da öz adından bəhs etdirməyi bacarır. Təməli ölkəmizin iqtisadi gücünə söykənən ordu quruculuğu sahəsində atılan zəruri addımlar nəticəsində dövrün tələblərinə uyğun silah və texnikalar arsenalımıza daxil edilməklə yanaşı, sərəncamda olan döyüş vasitələrinin modernləşdirilməsi istiqamətində mühüm işlərə imza atılır.
Dünyanın aparıcı ordularına malik ölkələr ilə qurulan səmərəli hərbi əməkdaşlıqlar da hərbi siyasətimizin mühüm bir hissəsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq göstərişlərinə əsasən, ordumuzun müasir standartlara inteqrasiyası istiqamətində böyük işlər görülür. Son illərdə keçirdiyimiz uğurlu əməliyyatlardan sonra ordumuzun şəxsi heyətinin öz təcrübi və nəzəri biliklərini daha da təkmilləşdirməsinə yönəlik aparılan fəaliyyətlər planı modern tələblər nəzərə alınmaqla təşkil olunur. Seçilmiş prioritet istiqamətlərin nəticəsində hərbi qüdrətimiz artır, qüdrətimiz artdıqca da sabahımıza, firavanlığımıza olan inamımız da artır. "Güclü ordu güclü ölkə" məfhumu son illərdə bir daha öz təsdiqini tapıb. Görülən işlər, təşkil olunan təlimlər, hazırlanan planlar qüdrətli ordumuzun güclənməsinə misilsiz təkan verir və bu uğur hər bir azərbaycanlını sevindirir və qürurlandırır. Ölkəmiz gücləndikcə də regionda əsas söz sahibi, beynəlxalq aləmdə isə sülh dəstəkçisi olaraq tanınır.
Azərbaycan Ordusunda döyüş hazırlığı planlarında aparıcı yer tutan məşğələlərdən biri də taktiki hazırlıqdır. Taktiki hazırlıq təkcə güc göstəricisinə deyil, qərarvermə qabiliyyətinə, qarşılıqlı uzlaşmaya təkan verən və ən əsası bölmənin kollektiv, qrup və fərdi şəkildə öz praktiki bacarıq və nəzəri biliklərinin artmasına səbəb olan məşğələlərdən biridir. Taktiki hazırlıq məşğələlərində planı düzgün qurmaqla yanaşı, dəyişmiş əməliyyat şəraitinə uyğunlaşma da yoxlanılır. Dünyanın aparıcı ordularının hərbi konsepsiyalarında çeviklik, operativlik və qərarvermə qabiliyyəti əsas bacarıqlardan biri olaraq taktiki hazırlıq məşq və təlimlərində dərindən tədris edilir. Adıçəkilən hazırlıq prosesi Azərbaycan Ordusunda da əsas döyüş hazırlığı fəaliyyətlərindən biri hesab edildiyindən şəxsi heyətin döyüşaparma və özünümüdafiə keyfiyyətlərinin artırılması məqsədi ilə təşkil edilir.
"N" hərbi hissəsində bölmələrdən birinin günün nizam qaydalarına uyğun olaraq təşkil olunan çöl məşğələsində idik. Bölmənin hərbi qulluqçuları komandirlərin rəhbərliyi altında qarşıya qoyulan tapşırıqları operativ şəkildə icra edirdilər. Şəxsi heyətin tapşırıqları qətiyyətlə, müvəffəqiyyətlə və dəqiqliklə icra etməsi bölmədəki döyüş hazırlığının yüksəkliyindən xəbər verirdi. Əvvəlcə məşğələ rəhbəri baş leytenant Bala Ağa Həsənovla həmsöhbət olduq. 2018-2022-ci illərdə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almış gənc zabit artıq üç ildən çoxdur ki, ordu sıralarında xidmət edir. "Şəxsi heyətin döyüş hazırlığı planına əsasən keçirilən məşğələlər nəzəri və praktiki fəaliyyətlər olmaqla, sinif və çöl şəraitində təşkil olunur. Taktiki hazırlıq döyüş hazırlığının mühüm tərkib hissəsi olaraq, nəzəri cəhətdə öyrənilənin praktiki tətbiqindəki nəticəsini özündə birləşdirir. Real döyüş mühitinə uyğunlaşdırılmış çöl məşğələsində plana görə bölmənin şəxsi heyəti ərazinin mühafizəsi, axtarış fəaliyyəti, müşahidə, pusqu qurma və hücum tapşırıqlarını məşq edir. Keçirilən dərs və məşğələlərdə müasir dövrün döyüşaparma və özünümüdafiə üsulları da tətbiq edilir. Mütəmadi keçirilən təlim və məşqlər şəxsi heyətin Vətən müdafiəçisi və döyüşçüsü kimi formalaşdırır. Bizim də üzərimizə düşən əsas vəzifə ordu sıralarını təcrübəli və bacarıqlı əsgərlərlə daha da möhkəmləndirməkdir".
Əsgər Rüfət Elyazov taktiki hazırlıq məşğələsində öz təcrübəsi ilə fərqlənən hərbi qulluqçu olaraq diqqətimi cəlb etdi. "Hərbi xidmətə gələndən təcrübəli komandirlərimizin rəhbərliyi altında öz hərbçi keyfiyyətlərimizin artırılması üçün çalışırıq. Məhz onların sayəsində hərb sənətinin incəliklərini öyrənərək, hərbi qulluqçu və Vətən müdafiəçisi kimi yetişirik. Hərbi bilik və döyüş vərdişlərini döyüş hazırlığı məşğələlərində daha da möhkəmləndiririk", - əsgər R.Elyazov bildirdi.
"Tapşırıqların dəqiqliklə və qüsursuz yerinə yetirilməsi hər birimizin əhvalına müsbət təsir edir", - deyən əsgər İmanqulu İsayev söhbətə davam etdi. "Bu gün biz Vətən müdafiəçisi əsgərləriyik. Üzərimizə düşən əsas vəzifələr, yüksək hərbi intizama malik, verilən tapşırığı dəqiq və vaxtında yerinə yetirə bilən əsgər olmaqdır. Xidmətimin ilkin dövründə silahla tanışlığım həyatımda ən yaddaqalan anlardan biridir. İlk vaxtlarda həyəcanlı olsam da, sonradan silahın incəliklərini öyrəndim. Onun taktiki-texniki xüsusiyyətlərini, düzgün istifadə və qulluq qaydalarını dərindən mənimsədikdən sonra onu xidmətimin bir parçası bildim. Bu gün silahımı da, silahdaşlarımı da özümə dost bilir, kollektivimi isə özümə ailə hesab edirəm. Bu günün Vətən müdafiəçisi olaraq fəxr edirəm ki, qalib ordunun mundirini qürurla üzərimdə daşıyıram".
Əsgər Akşin Əlizadə bildirdi ki, komandirlərin qeyd etdiyi kimi, silahdan düzgün istifadə etmək, cəld və çevik olmaq üçün keçirilən məşqlərdə nəzəri və praktiki cəhətdən əlimizdən gələnin ən yaxşısını etməliyik. "Bunun üçün keçirilən dərs və məşğələlərdə tədris olunanları lazımi səviyyədə mənimsəmək lazımdır. Sıralarımıza yeni daxil olan əsgər yoldaşlarımıza köməkliyimizi göstərir, onların da peşəkar əsgər kimi yetişməsində komandirlərimizə kömək edirik.
Hədəfləri məhv etmək, müşahidə aparmaq və digər fəaliyyətlər üzrə tapşırıqlar müxtəlif vəziyyətlərdə icra edilir. Ayaqüstü, dizüstü, ön və arxa üstə uzanaraq icra olunan tapşırıqlar var ki, bu da fiziki hazırlığın yüksək olmasını bizdən tələb edir. Komandirlərimiz fiziki göstəricilərimizin yüksək olması üçün də günün nizam qaydalarına uyğun olaraq idman məşğələləri keçirir. Bu da bizim əsgər olaraq formalaşmamızda böyük rol oynayan aspektlərdəndir".
Növbəti müsahibim Cəlilabadın Şiləvəngə kəndindən olan əsgər Sahibzaman Kərimov oldu. "Bu gün qalib və müasirləşən Azərbaycan Ordusunun sıralarında xidmət edən əsgər olaraq fəxarət duyuram. Bunun özü də böyük məsuliyyətdir. Bizə etimadı yüksək olan xalqımızın inam və etibarını layiqincə doğrultmalıyıq. Ona görə də daim öz üzərimizdə çalışmalı, öyrədilənləri dərindən mənimsəməli, hərbi intizamımızı qorumalıyıq. Qarşıya qoyulan tapşırıqları layqincə yerinə yetirməli, Vətəni layqincə müdafiə etməliyik. Bundan ümdə vəzifə yoxdur. Vətəni qorumaq ailəni qorumaqdır. Əsgər yoldaşlarımla birlikdə Vətən müdafiəçisi olaraq ona uzadılacaq qolları kökündən kəsməyə həm qadirik, həm də qabilik. Çünki biz qalib ordunun, məğlubedilməz xalqın və Müzəffər Ali Baş Komandanın əsgərləriyik", - əsgər dedi.
Bölmənin taktiki hazırlıq məşğələsində gördüklərimiz, qeyd etdiklərimiz Azərbaycan əsgərinin gündən-günə daha da gücləndiyinin göstəricisidir. Əsgərin məğlubedilməz olmasını şərtləndirən amillərdən biri onun yüksək praktiki təcrübəyə və nəzəri biliklərə malik olmasıdır. Çünki hər bir işdə uğurun başlıca açarı məhz təcrübədir. Hərbi qulluqçuların taktiki, fiziki və ümumilikdə hərbi vərdişlərinin təkmilləşdirilməsi bölmənin döyüş qabiliyyətinin və özünümüdafiə bacarığının artırılmasına xidmət edir. Əbəs yerə deyilmir ki, təlim və məşqlərdə təkmilləşən hərbi qulluqçu döyüş meydanında məğlubedilməzdir. Azərbaycan əsgəri öz məğlubedilməzliyini təlim meydanı ilə yanaşı, haqq savaşı meydanında da sübut etdi.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"