Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2026 11:58

Şəxsi heyətin sağlamlığı hər zaman diqqət mərkəzində saxlanılır

Bu gün yüksək ixtisaslı, peşəkar hərbi tibb heyətimiz Vətənimizin keşiyində əzmlə dayanan əsgər və zabitlərimizin sağlamlığının qorunmasında əllərindən gələni əsirgəmirlər. Şəxsi heyətin sağlamlığının, sağlam həyat səviyyəsinin qorunması hərbi səhiyyəmizin qarşısında duran zəruri məsələlərdəndir.
İşğaldan azad olunmuş ərazilərimizdə yeni tikilən və bərpa edilən hərbi hospitalların maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi, tibbi idarəetmədə və müalicə proseslərində texnologiyanın ən son nailiyyətlərindən istifadə olunması nəzərdə tutulur və tətbiq edilir. Fəxrlə deyə bilərik ki, müasir tələblər əsasında qurulan hərbi tibb müəssisələrində şəxsi heyətin sağlamlığı daima diqqət mərkəzində saxlanılır.
İşğaldan azad olunmuş ərazilərimizdən birində yerləşən hərbi hospitalın lazımi şəraiti, müasir avadanlıqlarla təchiz olunan kabinetləri, səliqə-sahmanı diqqəti cəlb etdi. Burada şəxsi heyətin sağlamlığının təmin olunması üçün peşəkar tibb heyətinin xidmət apardığını öyrənirik. 
Gənc zabit tibb xidməti baş leytenantı Səlcuq Kərimovun sözlərinə görə, şəxsi heyətin sağlamlığının qorunması üçün müntəzəm profilaktik tədbirlər həyata keçirilir. "İlk işimiz xüsusilə gənc əsgərlərin sağlamlığının diqqət mərkəzində saxlanılmasıdır. Çünki onların relyefə uyğunlaşması üçün müəyyən zaman lazımdır. Təbii ki, burada  hava şəraiti də mühüm rol oynayır. Son illər keçirilən tibbi tədbirlər nəticəsində xəstəliklər minimuma enib. Qurulan yüksək şəraitin, vaxtında göstərilən tibbi müdaxilənin hesabına şəxsi heyət arasında xəstələnmə, eləcə də aparılan profilaktik tədbirlər nəticəsində şəxsi heyətin mövsümi xəstəliklərə yoluxma halları da kəskin şəkildə azalıb".
Baş leytenant S.Kərimov onu da əlavə etdi ki,  son illər yay aylarında da xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirildiyindən əsgərlər arasında günvurma halları artıq qeydə alınmır. "Bütün bunlar lazımi tədbirlərin həyata keçirilməsi hesabına mümkün olub. 
Şəxsi heyətin vaxtlı-vaxtında yuyunması, dırnaqlarının tutulması, yataq ağlarının dəyişdirilməsi, əsgər yataqxanalarının təmizliyinə nəzarət, günün nizam qaydalarına əməl olunması və s. amillər xəstələnmə hallarının qarşısını alır. Onu da qeyd etməliyəm ki, bütün hərbi hissələrin tibb məntəqəsində ilkin tibbi yardımın göstərilməsi üçün hər cür şərait yaradılıb. Əsgərlər arasında hər hansı xəstəliyin aşkar edilməməsi üçün sanitariya maarifləndirilməsi işi daha aktiv və davamlı surətdə aparılır. Şəxsi heyət arasında mütləq gigiyenik və əks-epidemik tələblər gözlənilir. Bütün bunlar da şəxsi heyətin, əsasən də əsgərlərin sağlamlığının təmin edilməsində əsas şərt kimi qəbul olunur. Keçirilən toplantılar da tibb heyətimizin bilik və bacarıqlarının formalaşmasında xüsusi rol oynayır. Əldə edilən bilik və bacarıqların, illərlə qazanılan təcrübənin hesabına xəstəliklərin qarşısı vaxtında alınır və əsgərlərin sağlamlığının qorunması işinə töhfələr verilir".
Baş leytenant S.Kərimov şəxsi heyətin sağlamlığının keşiyində dayanan, hospitalın davamlı fəaliyyətinin təşkilində tibb bacılarının da  əməyindən danışdı. O, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Ceyhunə Həsənova və çavuş Aynurə Qasımovanın, eləcə də başqa tibb bacılarının işlərinin öhdəsindən bacarıqla gəldiyini, xidmətlərinə peşəkarlıqla, vicdanla yanaşdıqlarını vurğuladı.
Baş çavuş Ceyhunə Həsənova hospitalın anesteziologiya-intensiv terapiya bölməsinin baş tibb bacısıdır. 12 ildir ki, Azərbaycan Ordusunun sıralarında Vətənə xidmət edir. Vəzifə borclarını məsuliyyətlə və layiqincə yerinə yetirdiyinə görə dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılıb. Baş çavuş C.Həsənova dedi ki, biz öz üzərimizdə ikiqat məsuliyyət hiss edirik. "Ona görə ki, bizim əlimizdən şəfa tapan insanlar gecə-gündüz Vətənimizin müdafiəsində dayanan hərbçilərimizdir. Bizim vəzifəmiz də onların sağlamlığını qorumaqdır. Peşəmlə qürur duyuram ki, xalqımızın dinc, rahat, sakit, sülh şəraitində yaşaması üçün canından keçməyə hazır olan xalqımızın fədakar övladlarının sağlamlığını qoruyanların sırasında mən də varam".
Çavuş Aynurə Qasımova isə hərbi hospitalın cərrahiyyə bölməsinin tibb bacısıdır. 6 ildir ki, hərbi xidmətdədir. Çavuş A.Qasımova hər zaman nümunəvi xidməti ilə seçilib. Bilik və bacarığını artıraraq işində daima nailiyyətlər qazanıb. Tibb bacısı şəxsi heyətə diqqət və qayğısını heç zaman əsirgəmədiyini, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdığını bildirdi.
Əgər ordunun şəxsi heyəti sağlamdırsa, demək o ordunun inkişafından danışmaq olar. Bu səbəbdən də şəxsi heyətin sağlamlığı daima diqqət mərkəzində saxlanılan əsas vəzifələrdəndir. Dövlət  rəhbərliyinin diqqət və qayğısı sayəsində müasir tibb müəssisələri və tibb məntəqələri tikilərək hərbi qulluqçuların istifadəsinə verilir. Hərbi tibbi personal yaradılan şəraitdən səmərəli istifadə edir, hərbi qulluqçulara nümunəvi xidmət göstərirlər. Onlar hərbi qulluqçuların qayğısına qalmaqla həm Azərbaycan Ordusuna, həm də dövlətçiliyimizə xidmət edirlər.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"