AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətənə xidmət anlayışı bəzən insanın həyat yolunu dəyişən bir seçimə çevrilir. Bu seçim rahatlıqdan daha çox məsuliyyət, şəxsi arzularından daha çox xalqın təhlükəsizliyini düşünmək deməkdir. Azərbaycan Ordusunun sıralarında xidmət edən hərbi qulluqçuların həyat hekayəsi vətənpərvərlik, iradə və sədaqətin canlı nümunəsidir. Baş leytenant İdris Yaşar oğlu Qarazadə seçdiyi yolun məsuliyyətini dərk edən hərbçilərdəndir.
1992-ci il oktyabrın 22-də Biləsuvar rayonunda dünyaya göz açan İdris Qarazadənin həyat yolu ilk baxışdan hərbi sahədən uzaq görünürdü. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaat mühəndisliyi” ixtisası üzrə ali təhsil alaraq mülki sahədə fəaliyyət göstərmək imkanı qazansa da, Vətənə xidmət arzusu onun gələcək seçimində həlledici rol oynadı.
2015-ci ildə "Ehtiyat zabit hazırlığı kursu"nu uğurla başa vurması onun həyatında yeni mərhələnin başlanğıcı oldu. Bu mərhələ artıq məsuliyyətli qərarların, liderlik bacarıqlarının və zabit qətiyyətinin formalaşdığı bir yol idi. Mühəndis təfəkkürü ilə hərbi intizamın vəhdəti isə onun xidmətində özünü açıq şəkildə göstərdi - planlı düşünmək, vəziyyəti analiz etmək və düzgün qərar vermək bacarığı komandir kimi fəaliyyətində mühüm üstünlüyə çevrildi.
Hərbi xidmət illəri ərzində baş leytenant İdris Qarazadə şəxsi heyətlə işləmək bacarığı, tələbkarlıqla qayğını birləşdirə bilməsi və nümunəvi davranışı ilə seçilib. Onun tabeliyində olan şəxsi heyət arasında intizamın və qarşılıqlı hörmətin qorunması təsadüfi deyil. Çünki o, əmr verməyi yalnız vəzifə borcu kimi deyil, eyni zamanda, şəxsi nümunə ilə liderlik etməyin vacibliyi kimi qəbul edir.
Hər bir zabit üçün əsas meyar döyüş şəraitində özünü doğrultmaqdır. Antiterror əməliyyatında iştirak etməsi isə onun peşəkarlığının və döyüş hazırlığının real sınaqdan keçdiyini göstərir. Bu əməliyyat zamanı nümayiş etdirdiyi məsuliyyət və döyüş tapşırıqlarının dəqiq icrası zabitin xidmət yolunda mühüm mərhələ kimi yadda qalıb.
Müasir müharibələr yalnız fiziki güc deyil, həm də düşüncə çevikliyi, operativ qərarvermə və psixoloji dayanıqlıq tələb edir. Baş leytenant Qarazadə üçün antiterror əməliyyatı məhz bu keyfiyyətlərin daha da möhkəmləndiyi bir məktəb oldu. Döyüş şəraitində qazanılan təcrübə onun komandir kimi baxışlarını dəyişdirərək şəxsi heyətə yanaşmasında daha böyük məsuliyyət hissi formalaşdırdı.
Zabit hesab edir ki, döyüş meydanında qazanılan uğurun əsas sirri əvvəlcədən görülən hazırlıq, şəxsi heyətin peşəkarlığı və komandirlə əsgər arasında yaranan etimaddır. Bu etimad isə yalnız gündəlik xidmət, təlim və birgə zəhmət nəticəsində yaranır.
Baş leytenant İdris Qarazadə xidmət etdiyi kollektivdə gənc hərbi qulluqçular üçün həm komandir, həm də qayğıkeş insan kimi qəbul olunur. Onun fikrincə zabit həm əmrləri icra etdirən rəhbər kimi, həm də şəxsi heyətin mənəvi dayaq nöqtəsi olmalıdır.
O, hərbi xidmətə yeni başlayan əsgərlərə, ilk növbədə, məsuliyyət hissinin və Vətən sevgisinin vacibliyini aşılayır. Çünki güclü ordunun əsasını texnika ilə yanaşı, mənəvi cəhətdən möhkəm olan hərbçilər də təşkil edir.
Bu gün Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların fəaliyyəti ölkənin təhlükəsizliyinin təmin olunmasının əsas dayaqlarından biridir. Onların xidmət yolu isə göstərir ki, vətənpərvərlik əməl və fədakarlıqla ölçülür. Hərbi qulluqçularımızın keçdiyi yol gənc nəslə bir həqiqəti xatırladır - Vətənə xidmət insanın həyatında ən böyük məsuliyyət, eyni zamanda, ən böyük qürur mənbəyidir.
Hərbçi taleyi təvazökar qəhrəmanlıq tarixidir. Bu tarix bəzən təlim meydanlarında, bəzən isə döyüş əməliyyatlarda yazılır. Baş leytenant İdris Qarazadənin xidmət yolu da məhz belə yazılan salnamələrdəndir - məsuliyyət və sədaqətlə davam edən bir yol. Çünki Vətənin təhlükəsizliyi sərhədlərdə dayanan silahdan deyil, o silahı tutan ürəyin inamından başlayır. Bu inam yaşadıqca, Azərbaycan əsgəri daim güclü, Azərbaycan Ordusu isə hər zaman qalib olacaqdır.
Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"