Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2026 17:42

Unudulmayan Xocalı harayı

Tarix bəzən bir gecənin içinə bütöv bir xalqın kədərini sığdırır. 1992-ci ilin 26 fevral gecəsi Xocalı üçün belə bir gecə oldu - qaranlıqdan da qara, şaxtadan da soyuq, insanlıqdan isə uzaq. O gecə səmada ulduzlar yox idi, yalnız alovların işığı vardı. Torpağın üstündə isə addım səsləri yox, güllə səsləri eşidilirdi. Uşaqlar ana qucağında dondu, analar övladının nəfəsini son dəfə yanağında hiss etdi, atalar ailəsini qorumaq üçün ölümün üstünə yeridi.
Xocalı faciəsindən 34 il ötür, amma Xocalının harayı zamanın içində itib-batmır. Çünki Xocalı soyqırımı insanlığın vicdanına yazılmış qanlı bir ittiham aktıdır. Bu, yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin imtahanı idi və təəssüf ki, həmin imtahandan keçə bilməyən bir dünyanın susqunluğu da o gecənin şahidinə çevrildi.
XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Xocalı şəhərini yerlə-yeksan etdilər. Məkrli düşmənin qəddarlıqla həyata keçirdiyi bu amansız, qanlı cinayət həyata keçiriləndə xocalılılar son anadək vuruşaraq düşmən qarşısında əyilmədilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".
Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Qarabağda yeganə hava limanı burada idi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda, hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir. Bu ərazinin tarixində Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrləri mədəniyyətinə aid kurqanlar özünəməxsus yer tutur. Xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatları ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkara çıxarılıb, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılıb. Tarixçilər müəyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eramızdan əvvəl V-III minilliklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Xocalı mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirdiyindən ermənilərin burada həyata keçirdikləri soyqırımının bir məqsədi də azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək idi.
Xocalının əhalisi 1991-ci ildə 7 min nəfər idi, burada Ermənistandan, Xankəndidən və Qarabağın digər yerlərindən ermənilər tərəfindən didərgin salınmış azərbaycanlılar, həmçinin Özbəkistandan çıxarılmış məhsəti türkləri də məskunlaşmışdılar.
Xocalının işğalı düşmənin əvvəlcədən hazırlanmış planı əsasında aparıldı. Xocalı 1991-ci ilin oktyabrından blokada vəziyyətində idi. 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd də ermənilərin nəzarəti altına keçmişdi. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafındakı Axullu, fevralında Malıbəyli və Quşçular kəndlərini işğal etdilər. Həmin kəndlərin işğalından bir neçə gün sonra Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-cı motoatıcı alayın, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin iştirakı ilə işğal olundu. Xocalını əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmışdı. Avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kəndlərdə çox sayda raket qurğuları və zirehli texnikalar var idi. Fevralın ortalarından Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. İşğal 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yerinə yetirildi. Ermənistan silahlı qüvvələrinin bölmələri ilə yanaşı, çoxlu erməni hərbçilərinin xidmət etdiyi keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı da Xocalı şəhərinə hücum etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirilməsində iştirak etmişdir.
Düşmən Xocalıya hücum zamanı qəsəbə toplardan, zirehli texnikalardan fasiləsiz atəşə tutuldu, xarabalığa çevrildi. Həmin dövrdə Ermənistanın prezidenti L.Ter-Petrosyan erməni ordusuna müraciətlə deyirdi: "Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir". Sonralar əsir götürülmüş erməni əsgərlərinin dedikləri bu vəhşi tapşırığın həyata keçirildiyini təsdiq edir. Ermənistanın eks prezidentlərindən biri  Serj Sarkisyan isə ermənilərin həqiqi simasını açaraq xarici jurnalistlə müsahibəsində bildirirdi: "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streotipi dağıtdıq. Məhz bu baş verdi".
Jurnalistin minlərlə adamın öldürülməsindən təəssüf keçirdib-keçirmədiyi sualına Sarkisyan belə cavab vermişdi: "Mən heç bir təəssüf keçirmirəm, çünki hətta minlərlə əhali ölərsə, bu cür sərt gedişlər zəruridir". Bir vaxtlar Ermənistanda ən yüksək siyasi və hərbi vəzifə tutan bir şəxsin bu cür sözləri azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərin əvvəlcədən düşünülmüş plan əsasında həyata keçirildiyini təsdiq edir.
Dünya birliyinin gözü qarşısında baş verən bu dəhşətli qətliam xüsusi qəddarlıqla həyata keçirilmişdi. Düşmən Xocalı şəhərini yerlə-yeksan etdi. Faciə günü şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.
Xocalı soyqırımında 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb, 27 ailənin yalnız 1 üzvü qalıb, 230 ailə öz başçısını itirib, 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır). Həmin gecə 1275 nəfər dinc sakin girov götürüldü, 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün oldu, onlardan 150-nin taleyi indi də məlum deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. 
Düşmənin bu hücumunun məqsədi heç də Xocalı üzərinə hərbi əməliyyat keçirmək deyildi, dinc əhaliyə divan tutmaq idi. Düşmən Xocalıda ciddi hərbi qüvvə olmamasından xəbərdar idi. Şəhərin azsaylı müdafiəçiləri XTM dəstəsinin bir bölüyü, yerli özünümüdafiə taboru və minaatan batareyasından ibarət idi. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin rəhbərlik etdiyi bu qüvvələr sonadək müqavimət göstərdilər, lakin düşmənin dəfələrlə üstün qüvvəsi və texnikasının qarşısını ala bilmədilər. Şəhərin müdafiəçilərinin, demək olar ki, hamısı son damla qanına kimi döyüşdü, şəhid oldu.
Xocalının sağ qalmış sakinləri hadisələri xatırlamaqdan da dəhşətə gəlirlər. Sənubər Ələkbərova deyir: "Meyitlərdən böyük bir dağ əmələ gəlmişdi, anamı güllələdilər, qızlarım Sevinc və Hicranı yaraladılar, güllə mənə də dəydi, gənc qadınlar və uşaqlar qarın üstündə ölürdülər".
On bir yaşlı Ramil Həsənov xatırlayır: "Dostlarım Elçin və Elgizin meşədə necə öldüklərini yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça bilmirdilər, lal-dinməz qarın üstündə uzanmışdılar və yavaş-yavaş gözlərini yumurdular".
Səriyyə Talıbova isə daha dəhşətli hadisələrin şahidi olmuşdu: "Bizi erməni qəbiristanlığına gətirdilər... Burada erməni döyüşçünün qəbri üstündə 4 məshəti türkünün və 3 azərbaycanlının başını kəsdilər... Sonra valideynlərin gözləri qarşısında uşaqlarına işgəncə verdilər və öldürdülər... Az sonra milli ordunun formasında 2 azərbaycanlını gətirdilər, ucu iti dəmirlə onların gözlərini çıxartdılar". 
İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
Xocalı faciəsinə hüquqi-siyasi qiymət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. Ulu Öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamı  ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə Respublika ərazisində sükut dəqiqəsi elan olundu.
Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər.
Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının da xüsusi xidmətləri vardır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Azərbaycan həqiqətlərinin əsil mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. Xocalı soyqırımı haqqında dünyanın müxtəlif ölkələrində keçirilən aksiyalara dəstək məqsədilə xüsusi hazırlanmış ekspozisiyalar, ingilis dilində bukletlər göndərilir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Belarus, Çexiya, Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Yaponiyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir.
Xocalı vəhşilikləri haqqında xarici jurnalistlərin yazıları: 
"Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu". "Krua l'Eveneman" jurnalı (Paris), 25 fevral 1992-ci il.
"Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər". "Sandi Tayms" qəzeti (London), 1 mart 1992-ci il.
"Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar". "Faynenşl Tayms" qəzeti (London), 9 mart 1992-ci il.
Xocalı faciəsindən sonra o dəhşətli hadisələri lentə alan Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
"Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır". "Tayms" qəzeti (London), 4 mart 1992-ci il.
"Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür". "İzvestiya" (Moskva), 4 mart 1992-ci il.
"Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır". "Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci il.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, "dəmir yumruq" qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını döyüş meydanında aldı, şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Prezident İlham Əliyevin dediyi kimi: "Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın".
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu kəlamları Xocalının dəyərini göstərməkdədir: "Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik".
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarından və qeyri-qanuni erməni silahlı dəstələrindən təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
2025-ci il fevralın 25-də Prezident İlham Əliyev "Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" Sərəncam imzalayıb. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi 2024-cü il 26 fevral tarixində baş tutub. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. 
İşğaldan azad olunmuş Xocalıda da bərpa-quruculuq işləri davam edir. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə 881 ailə, 3602 nəfər köçürülüb.
Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq, unutdurmayacaq. O gecənin ağrısı yaddaşımızda, şəhidlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"