Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2026 17:41

Dəqiqlik, intizam və peşəkarlıq

Şanlı Zəfərlə yaddaşlara həkk olunan İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, peşəkar idarəetmə sisteminin və güclü maddi-texniki təminatının real nəticəsini bütün dünyaya nümayiş etdirdi. Müharibə günlərində aydın şəkildə göründü ki, ordumuz ən müasir silah və texnikalarla təchiz olunmaqla yanaşı, istənilən döyüş tapşırığını dəqiq və qətiyyətlə yerinə yetirə bilən hazırlıqlı komandir heyətinə, Vətən uğrunda canından keçməyə hazır igid əsgərlərə malikdir.
Cəmi 44 gün ərzində düşmən üzərində qazanılan tarixi Qələbə təsadüfi deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasətinin, dövlət səviyyəsində Silahlı Qüvvələrə göstərilən davamlı diqqət və qayğının məntiqi nəticəsi idi. 
Dünya hərb tarixində xüsusi yer tutan bu Zəfər müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin uğurla davam etdirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl hərbi islahatların parlaq təcəssümünə çevrildi.
Bu gün də Azərbaycan Ordusunun gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi və müasir texnologiyaların tətbiqi istiqamətində görülən işlər ordumuzun gələcəkdə də regionun ən güclü hərbi qüvvələrindən biri kimi inkişafını təmin edir.
"N" hərbi hissəsinin təlim meydançasında keçirilən atəş hazırlığı dərsini izlədikdən sonra bir daha aydın olur ki, ordumuzda şəxsi heyətin döyüş hazırlığının artırılması gündəlik xidmət fəaliyyətinin əsas istiqamətlərindən biridir. Heç şübhəsiz, müasir döyüş şəraitində qələbəni təmin edən amillərdən biri silahın texniki imkanları qədər, onu idarə edən hərbi qulluqçunun peşəkarlığı, çevik qərarvermə bacarığı və psixoloji hazırlığıdır. Məhz buna görə də atəş hazırlığı dərsləri yalnız nəzəri biliklərin deyil, real döyüş vərdişlərinin formalaşdırıldığı mühüm mərhələ hesab olunur.
Təlim səhərin erkən saatlarından başladı. Təhlükəsizlik qaydalarının xatırladılması, silahların texniki baxışı və şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması ilə başlayan məşğələ mərhələli şəkildə təşkil edilmişdi. Hər bir hərbi qulluqçu atəş mövqeyinin seçilməsi, hədəfin düzgün qiymətləndirilməsi, məsafənin müəyyən edilməsi və dəqiq nişanalma kimi vacib elementləri praktiki şəkildə yerinə yetirirdi. Komandirlərin nəzarəti altında keçirilən məşğələ real döyüş şəraitinə maksimal uyğunlaşdırılmışdı.
Atəş hazırlığı məşğələsinə rəhbərlik edən taqım komandiri leytenant Seymur Hikmət oğlu Hüseynli şəxsi heyətin hazırlığına xüsusi diqqət yetirirdi. 29 iyun 1994-cü ildə Göygöl rayonunun Lahıc kəndində anadan olan zabit artıq 12 ildir ki, hərbi xidmətdədir. O, həm 44 günlük Vətən müharibəsinin, həm də 2023-cü ildə keçirilən antiterror əməliyyatının iştirakçısı kimi döyüş təcrübəsini gündəlik təlimlərdə şəxsi heyətlə bölüşür. Atası - ehtiyatda olan polkovnik-leytenant Hikmət Nurəddin oğlu Hüseynovun hərbçi olması onun bu peşəyə bağlılığını daha da gücləndirib.
Leytenant Seymur Hüseynli məşğələ zamanı hər bir əsgərin atış texnikasını diqqətlə izləyir, səhvləri dərhal izah edir və praktik tövsiyələr verirdi.
Leytenant Seymur Hüseynli dedi: "Atəş hazırlığı döyüşçünün düşünmə sürətini, özünə inamını və məsuliyyət hissini formalaşdırır. Döyüşdə saniyələr taleyüklü olur. Biz çalışırıq ki, şəxsi heyət həmin anlarda tərəddüd etməsin".
Məşğələnin fəal iştirakçılarından biri çavuş Şəfayət Səxavət oğlu Şəfili idi. Lerik rayonunun Züvüc kəndində doğulan hərbi qulluqçu 7 ildir xidmət edir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatının iştirakçısı olan çavuş "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Çavuş Şəfayət Şəfili bildirdi ki, müharibədə anlayırsan ki, təlimdə öyrəndiyin hər detal həyati əhəmiyyət daşıyır. "Burada qazandığımız vərdişlər döyüşdə həm özünü, həm də döyüş yoldaşını qorumağa kömək edir. Ona görə hər məşğələyə real döyüş kimi yanaşırıq".
Antiterror əməliyyatında iştirak etmiş gizir İbrahim Sahib oğlu Həmidli isə atəş hazırlığının hərbçinin özünəinamını artırdığını vurğuladı. 2001-ci il təvəllüdlü Ağsu rayonundan olan gizir artıq 4 ildir xidmət edir.
Gizir İbrahim Həmidli dedi: "Silahı mükəmməl öyrənmək hərbçinin əsas borcudur. Təlimlərdə nə qədər çox məşq ediriksə, döyüşdə bir o qədər rahat hərəkət edirik".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayıl Böyükkişi oğlu Hüseynov 2020-ci il Vətən müharibəsində əsgər kimi iştirak edib. Kürdəmir rayonundan olan hərbi qulluqçu 4 ildir xidmət edir. Atası ehtiyatda olan baş gizirdir.
İsmayıl Hüseynov dedi: "Müharibədə başa düşdüm ki, ən güclü silah onu düzgün istifadə edən əsgərdir. Keçirilən məşqlər və təlimlər bizə həm texniki, həm də psixoloji hazırlıq verir".
44 günlük müharibə və antiterror əməliyyatının iştirakçısı "Suqovuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuş gizir Elşad Elçin oğlu Ağayev atəş hazırlığını döyüş intizamının əsas sütunu hesab edir.
"Dəqiqlik təsadüf deyil - bu, minlərlə təkrarın nəticəsidir. Dərslərdə qazandığımız hər uğur döyüşdə qələbəyə çevrilir".
Antiterror əməliyyatı iştirakçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elməddin Nazif oğlu Hüseynov isə bildirdi ki, kollektiv ruh və qarşılıqlı dəstək məşğələlərin ən vacib tərəflərindəndir: "Burada hər kəs bir-birinə dayaq olur. Təlimlər təkcə atış bacarığı deyil, komanda ruhunu da möhkəmləndirir".
Məşğələnin gedişi göstərirdi ki, atəş hazırlığı məşqləri yalnız normativlərin yerinə yetirilməsi ilə məhdudlaşmır. Burada hərbi qulluqçular real döyüş situasiyalarına uyğun qərarvermə, sürətli reaksiya və psixoloji davamlılıq bacarıqlarını inkişaf etdirirlər. Komandir heyətinin tələbkarlığı ilə şəxsi heyətin məsuliyyət hissi birləşərək yüksək nəticələrin əldə olunmasına şərait yaradır.
Təlim meydançasını tərk edərkən bir həqiqət daha aydın hiss olunur: qələbələr yalnız döyüş günlərində qazanılmır. Onların təməli məhz belə səssiz, lakin gərgin məşqlərin keçirildiyi təlim sahələrində qoyulur. Hər atılan güllə, hər düzəldilən səhv, hər verilən əmr qələbəyə gedən bir yoldur.
Bu gün "N" hərbi hissəsinin şəxsi heyəti təlim meydanlarında öz peşəkarlığını artıraraq sabahın təhlükəsizliyini formalaşdırır. Çünki güclü ordu yalnız silahla deyil, hazırlıqlı, Vətəninə bağlı və məsuliyyətini dərindən dərk edən hərbçilərlə güclü olur. Məhz belə hərbi qulluqçuların sayəsində Azərbaycan əsgəri hər zaman qalib ordunun əsgəri olaraq qalır.
Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"