AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hər il olduğu kimi, bu il də Azərbaycan Ordusunda yunan-Roma, sərbəst güləş və cüdo üzrə birincilik keçirildi. Heydər Əliyev adına Hərbi İnstitutun idman bazasında keçirilən yarışda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Komandalar idman rəislərinin rəhbərliyi altında səhra geyimində düzülmüşdülər. Yarışın keçirilməsinə rəhbərlik edən polkovnik Cavid Ağayev əvvəlcə yarış iştirakçılarını salamladı. Onlara qarşıdakı gərgin mübarizədə uğurlar arzuladı. Bildirdi ki, yarış ərzində hər bir idmançı nizam-intizam qaydalarına riayət etməlidir. Həm yarış zamanı, həm də yarışdan kənar idmançı intizam pozuntusuna yol verərsə, mübarizədən kənarlaşdırılacaq. Əlavə etdi ki, yarışı Mərkəzi Ordu İdman Klubunun respublika dərəcəli hakimləri Süleyman Balakişiyev, Etibar Rzayev, Coşqun Əzizov və Rauf Vəliyev idarə edəcəklər.
Polkovnik C.Ağayev yunan-Roma, sərbəst güləş və cüdo üzrə birincilikdə iştirak edən komandaların tərkibini yoxladı. İdmançılara yarışın məqsədini və təhlükəsizlik qaydalarını çatdırdı. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən idmançılar gərgin mübarizə şəraitində birincilik uğrunda mübarizə aparacaqdılar. Mübarizəyə qatılan idmançının potensialına, gücünə və texniki imkanlarına bələd olmayanlar üçün maraq doğuran bir mənzərə idi. Polkovnik C.Ağayev ilk mübarizəyə qoşulacaq yunan-Roma üzrə güləşçiləri düzərək, onlara yarışın qaydalarını bir daha xatırlatdı.
Yunan-Roma güləşi
Yarış başlamazdan öncə hakimlərin də iştirakı ilə yunan-Roma güləşi üzrə mübarizə aparacaq idmançıların çəki dərəcələri müəyyən edildi. Birincilikdə 11 komanda mübarizə aparırdı. Yunan-Roma güləşi üzrə 10 çəki dərəcəsində (55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq və 130 kq) 110 nəfər idmançı təmsil olunurdu. Onların çəki dərəcələri və qarşılaşacaqları rəqiblər müəyyən edildi. Yarışın baş hakimi Süleyman Balakişiyev əvvəlcə hər çəki üzrə komandaların tərkibini müəyyənləşdirdi. Daha sonra hakimlərin iştirakı ilə mübarizə aparacaq idmançıların adlarını açıqladı. Çox keçmədi ki, yarışın baş tutacağı zala hakimlər, idmançılar və onları təmsil edən komanda üzvləri daxil oldular. Yarışın təşkilatçı zabitləri və hakimlər öz yerlərini tutduqdan sonra 55 kq çəkidə mübarizə aparacaq idmançılar döşəyə dəvət olundular. Quru Qoşunlarının (QQ) təmsilçisi Zamiq Kərimov Hərbi Dəniz Qüvvələrin (HDQ) idmançısı Zaur Bağırovla qarşılaşdı. Mübarizə gərgin davam etsə də, son anda QQ-nin təmsilçisi Zamiq Kərimov Zaur Bağırova məğlub oldu. Yunan-Roma güləşinin ilk günü böyük canlanma ilə keçdi.
İdmançılar arasında zabitlər, gizirlər, çavuşlar və əsgərlər vardı. Onlar güləş döşəyində bərabərhüquqlu sayılırlar. Müddətli əsgərlər də çəki dərəcələrinə görə zabit və gizirlərlə qarşılaşırdılar.
Yunan-Roma güləşi üzrə birinciliyə qatılan komandalar hazırlıqlı idilər. Yarış mərhələ-mərhələ irəlilədikcə yarımfinal və finala yaxınlaşırdı. Fərdi qaliblərin topladığı xallar komandaların hesabına yazılırdı. Hər bir idmançı mübarizədən qələbə ilə ayrılmaqla təmsil olunduğu komandanı irəli aparmış olurdu. QQ-nin idmançıları Nadir Məhiyev Musail Musayevə, Murad Balabəyov Emin Poladova, Qəhrəman Həsənəliyev Zaur Mehdiyevə, Rəvan Həsənov Kənan Talıblıya və Qəfər Nəsirov Sahil Hüseynova finalda öz çəki dərəcələri üzrə qalib gələrək təmsil etdikləri komandanı birinci yerə çıxartdılar. Gərginliyi ilə seçilən yunan-Roma güləşi komandasının QQ üzrə rəhbəri kapitan Malik Gülmalıyev idmançıların əldə etdiyi nəticələrdən olduqca razı görünürdü. O, yarış boyu idmançıların yanında olur, onları mübarizəyə ruhlandırırdı. Yunan-Roma güləşindən qələbəylə ayrılan komandanın kapitanını dinləmək xoş idi. Kapitan Malik Gülmalıyev dedi:
- Bu yarışa hazırlaşmaq üçün vaxt tələb olunurdu. Quru Qoşunları komandanlığının göstərişinə əsasən, biz qısa zamanda ən güclü və peşəkar idmançıları bir araya toplaya bildik. Onların arasından daha yaxşılarını seçdik və komandanı formalaşdırdıq. Bunun nəticəsidir ki, bu gün biz Azərbaycan Ordusunda keçirilən yunan-Roma güləşi üzrə yarışdan qalib komanda kimi ayrılırıq.
Sərbəst güləş
Yarış cədvəlinə əsasən yunan-Roma güləşindən sonra sərbəst güləş üzrə yarış keçirildi. Bu idman növü digər idman növlərindən daha ağır hesab olunur və idmançıdan daha çox güc tələb edir. Yarışın əsas hakimi Coşqun Əzimov Mərkəzi Ordu İdman Klubunun məşqçisidir. O, döşək üzərində mübarizə aparan hər bir idmançının gücünü və texniki imkanlarını, işlətdiyi fəndi daha yaxşı görərək güləşçiyə xal verirdi. Qaranlıq, mübahisəli məqamlar yarandıqda baş və yan hakimlərin qərarını nəzərə alaraq, idmançının layiq olduğu xalı bərpa edirdi.
Sərbəst güləşçilər arasında respublika üzrə keçirilən yarışlarda yer tutan idmançılar da vardı. Peşəkar güləşçi Elvin Dünyamalıoğlu 74 kq çəkidə final yarışında təcrübəli idmançı Ağası Allahverdiyevə qalib gələrək birinci yerə layiq görüldü. Hər iki hərbi qulluqçu kifayət qədər sərbəst güləşdə öz sözünü deyən idmançıdır.
Hakim finalda 70 kq çəkidə Mehran Rüstəmovu Amil Ələsgərovla mübarizə üçün döşəyə dəvət etdi. Mehran bu il daşqaldırma üzrə ordu birinciliyində də iştirak edərək öz çəki dərəcəsi üzrə fərdi qalib olub. Onda olan və idmançıya məxsus, demək olar ki, bir çox keyfiyyətlər - çeviklik, fiziki güc, təmkinli olmaq kimi mühüm amillər yarışlarda uğur gətirib. Bütün mərhələləri yüksək səviyyədə keçən Mehran finalda son saniyələrdə rəqibə az xal fərqi ilə məğlub olaraq yarışın ikincisi oldu.
Bütün çəki dərəcələri üzrə birincilik gərgin mübarizə şəraitində davam etdirildi. Burada da komandalar üzrə üstünlük QQ komandasında idi. HHQ, XTQ və HDQ-nin komanda üzvləri də təmsil olunduqları komandanı qalib çıxarmağa çalışırdılar. HHQ-nin güləşçiləri Amil Ələsgərov birinci, Ağası Allahverdiyev, Samir Zeynalov və Qədin Əhmədov isə ikinci yerə çıxaraq komandanı sərbəst güləş üzrə ikinci etdilər.
Cüdo
Cüdonun vətəni Yaponiyadır. Cüdo yapon döyüş növüdür. Ötən əsrin ortalarında Olimpiya oyunlarına idman növü kimi daxil edilib. Dünya və Olimpiya oyunlarına daxil edildikdən sonra cüdo idman növü kimi daha da məşhurlaşdı. Ölkəmizdə də bu idmana maraq göstərən gənclər az deyil. Hərbçilər arasında peşəkar cüdoçular çoxdur. Onlar Azərbaycan Ordusunda keçirilən birincilikdə bu dəfə yunan-Roma və sərbəst güləşdən fərqli olaraq, 7 çəki üzrə mübarizə apardılar. XTQ-nin komanda rəhbəri mayor Mobil Hacıyev dedi ki, təmsil etdiyi komandanın tərkibində peşəkar cüdoçular var. Onlara çox güvənir. Hər çəki üzrə fərdi birinci olmaqla, komandaya xal gətirəcəklər. Çünki onlar yarış öncəsi ciddi hazırlaşıblar.
Cüdo birinciliyinin ilk günü idmançıların fəallığı ilə yadda qaldı. Tatamiyə çıxan hər bir cüdoçu rəqibini məğlub etməyə çalışırdı. Yarışa qatılan idmançılar illər əvvəl yaşadıqları rayon və şəhərlərdə bu idman üzrə müəllim yanına gedib, yetərincə təcrübə qazanıblar. Onlar həm rayonlararası, həm də respublika və dünya çempionatlarında iştirak etmiş idmançılardır. Belə olduğu halda birincilik uğrunda gərgin mübarizənin davam edəcəyi gözlənilən idi. Azərbaycan Ordusunda cüdo birinciliyində finala çıxmaq özü böyük bir uğur olmaqla yanaşı, idmançını növbəti yarışa ruhlandırır.
Cüdo yarışında QQ ilə mübarizədə XTQ-nin idmançıları daha ciddi fəallıq nümayiş etdirdilər. Komandanın təmsilçisi mayor Mobil Hacıyev hər bir idmançıya mübarizədən qələbə ilə ayrılması üçün dəstək verirdi. Buna baxmayaraq güclü, üstün texniki imkanlara malik cüdoçular fürsəti qaçırmırdılar. Bəzən tatamiyə çıxan idmançılar hakimin fitindən sonra rəqibin ani diqqətsizliyini fürsət bilib, onu cəld "ippon"a salırdı. Bu isə cüdoda təmiz qələbə sayılır. Təcrübəli hakim, peşəkar cüdoçu Rauf Vəliyev yarışı ustalıqla idarə edirdi.
Yarışda yarımfinal və final mərhələsinə çıxan komandalar arasında QQ, XTQ, HDQ və HHQ daha fəallıqla seçilirdilər. Artilleriyaçılar da mübarizədə əzmkarlıq nümayiş etdirsə də, istədikləri nəticəni əldə edə bilmədilər.
Yarışın sonuncu günü Əlif İskəndərzadə, Eyvaz Baxşıyev, Əlikram Muradzadə, Vaqif Tarverdiyev, Rəşid Məmmədzadə, Tural Əsədov və başqa idmançılar mübarizədə sona qədər fəallıq nümayiş etdirdilər. Birincilik başa çatdıqdan sonra hakimlərin qərarı elan edildi. Artıq qaliblər müəyyən olundular.
Heydər Əliyev adına Hərbi İnstitutun idman şəhərciyində, açıq səma altında komandalar tam tərkibdə düzüldülər. Hərbi orkestrin sədaları altında qalib gələn idmançılara polkovnik C.Ağayev medallar və fəxri fərmanlar, birinci yerə çıxan komanda rəhbərlərinə kuboklar, ikinci və üçüncü yerə layiq görülən komanda kapitanlarına isə diplomlar təqdim etdi. Sonda idmançılar xatirə şəkli çəkdirdilər.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"