AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant İbrahim Mustafa oğlu Əliyevin doğum günü ilə əlaqədar olaraq şəhidimizin məzarı ziyarət olundu.
Kəngərli rayonunun Qabıllı kəndində keçirilən anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular və kənd sakinləri iştirak etdilər.
Mərasim Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Kəngərli rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək şəhid zabit İbrahim Əliyevin ömür yolundan, onun Vətən müharibəsində göstərdiyi şücaətindən danışdı. Bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adı uca tutulacaq, onların xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğı xüsusi vurğulandı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan tarixi Qələbənin Azərbaycanın dövlətçiliyi üçün müstəsna əhəmiyyəti qeyd edildi.
Digər çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmadığını, onların fədakarlıqlarının gələcək nəsillər üçün örnək olduğunu vurğuladılar.
Məktəblilərin səsləndirdiyi vətənpərvərlik ruhlu şeirlər isə mərasimə duyğusal çalar qatdı.
Qeyd edək ki, İbrahim Əliyev 17 fevral 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qabıllı kəndində dünyaya gəlib. 2014-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 2018-ci ildə isə indiki Heydər Əliyev adına Hərbi İnstitutu bitirib. Həmin ildən "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb. Xidmətinə sevgi və məsuliyyətlə yanaşan İbrahim qardaş ölkə olan Türkiyədə də təhsil alaraq peşəkarlığını daha da artırıb. Xidmət müddətində dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılıb.
Üç bacının bir qardaşı, ailənin son beşiyi olan İbrahim Vətən müharibəsinin ilk günlərindən döyüş əməliyyatlarına qoşulub. Silah yoldaşları ilə birlikdə Gülüstan dərəsi-İncəçay istiqamətində düşmən postunun ələ keçirilməsində iştirak edib. Sentyabrın 29-da igid hərbçimiz düşmən atəşi nəticəsində şəhadətə yüksəlib.
Şəhidimiz dekabrın 7-də doğma Qabıllı torpağında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, İbrahim Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
* * *
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Naxçıvan şəhər Tumbul kənd sakini İbrahim Etibar oğlu İbrahimovun doğum gününə həsr olunan anım mərasimi keçirildi.
Naxçıvan şəhər sakinləri ilə yanaşı, muxtar respublikanın bütün rayonlarından olan şəhidlərin ailələri, müharibə veteranları, hərbi qulluqçuların da iştirak etdiyi tədbirdə Naxçıvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Naxçıvan şəhər idarəsinin rəhbərliyi, Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhər təşkilatının rəhbərliyi və kollektivi, digər güc strukturlarının əməkdaşları şəhidin ailəsinə başsağlığı verərək şəhidimizin məzarı üstünə tər çiçəklər düzdülər.
Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni ifa olundu.
Mərasimdə çıxış edənlər bildirdilər ki, 44 günlük Vətən müharibəsində bütün dünya güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi oldu. Azərbaycan xalqı, Azərbaycan dövləti göstərdi ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
Qeyd olundu ki, hər bir Azərbaycan vətəndaşı qəhrəmanlarımızı tanımalı, onların keçdiyi həyat və döyüş yolunu öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmağın, onları gəncliyə nümunə göstərməyin hamımızın borcu olduğu vurğulandı.
İbrahim İbrahimov 18 fevral 1992-ci ildə Naxçıvan şəhərində doğulub. İlk təhsilinə 1998-ci ildə Naxçıvan şəhəri 15 saylı tam orta məktəbdə başlayan İbrahim 2009-cu ildə orta məktəbi bitirib, hərbi xidmətə yollanıb.
2011-ci ildə hərbi xidmətini başa vuran İbrahim Etibar oğlu İbrahimov 2020-ci ildə yenidən ordu sıralarına qayıdıb. Əlahiddə Ümumqoşun Ordunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi İkinci Qarabağ müharibəsində iştirak edib. İbrahim İbrahimov Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin düşmən işğalından azad olunmasında şücaət göstərib. 30 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub, Naxçıvan şəhər qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə İbrahim Etibar oğlu İbrahimov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidlərimiz qısa ömürlərinə böyük bir Vətən sevgisi sığdırdılar. Onların adı yalnız bir ailənin yox, artıq bütöv bir xalqın yaddaşına əbədi həkk olunub.
Bəxtiyar ƏLİYEV
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi