Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2026 17:57

Ulu Öndər ideyalarını davam etdirən Ali Baş Komandanın qələbə strategiyası

Tarix boyu güclü dövlət anlayışı güclü ordu amili ilə ölçülüb. Azərbaycanın müasir tarixində bu həqiqət ardıcıl siyasi iradə, sistemli ordu quruculuğu və qətiyyətli liderlik nümunəsi kimi təsdiqini tapıb. Milli ordunun formalaşması və qalib orduya çevrilməsi iki böyük Liderin - Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Ordusunun gücü, formalaşması, vahid strateji xəttin davamlı inkişaf yoludur.
1990-cı illərin əvvəllərində xalqımız ciddi sınaqlarla üz-üzə qaldı. Ordunun pərakəndəliyi, vahid komandanlığın olmaması və nizamsızlıq ölkənin təhlükəsizliyini real təhdid altına salmışdı. Məhz belə bir tarixi mərhələdə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı milli ordunun formalaşmasında dönüş nöqtəsi oldu.
Ulu Öndər Heydər Əliyev ordu quruculuğunu hərbi məsələ olmaqla bərabər, həm də dövlətçilik konsepsiyasının əsas dayağı kimi qiymətləndirirdi. Dahi şəxsiyyət Heydər Əliyevin zəruri islahatları nəticəsində Silahlı Qüvvələr vahid komandanlıq altında formalaşdırıldı, nizami ordu möhkəmləndirildi. Ordu-xalq birliyi dövlət siyasətinin mühüm istiqamətinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin dövründə hərbi təhsilin inkişafı, peşəkar  milli zabit kadrlarının yetişdirilməsi, hərbi intizam və xidmətə məsuliyyətin möhkəmləndirilməsi ordunun keyfiyyətcə yeni mərhələyə keçməsini təmin etdi. O, hərbçinin gücünü təkcə silahda görmürdü, onun mənəvi-psixoloji cəhətdən də güclü olmasını vacib sayırdı. Əbədiyaşar Lider Heydər Əliyev deyirdi: "Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır". 
Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu strateji irsi qorumaqla kifayətlənmədi, onu dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirdi. Prezident İlham Əliyevin ordu quruculuğu  sahəsində apardığı zəruri islahatlar nəticəsində Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə yüksəldi. Belə ki, müasir silahlanma, yüksək texnologiyalar, çevik döyüş taktikası və real döyüş hazırlığı Prezident İlham Əliyevin ordu quruculuğu strategiyasının əsas elementləri oldu. Bu strategiya Azərbaycan  Ordusunun maddi-texniki bazasını gücləndirdi, hərbi sənaye komplekslərini formalaşdırdı, yeni istehsal imkanlarını genişləndirdi. 
Prezident İlham Əliyev Ali Baş Komandan  kimi  ordunu idarə etməklə bərabər, onu   həm döyüşə hazır vəziyyətə gətirdi, həm də böyük bir gücə çevirdi. Dövlət başçısının hərbi hissələrə səfəri, şəxsi heyətlə birbaşa təması, prinsipial mövqeyi orduya mənəvi ruh və inam aşıladı.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində qazanılan qələbə bu qətiyyətli siyasətin nəticəsində mümkün oldu. Azərbaycan Ordusu 44 gün ərzində yüksək peşəkarlıq nümayiş etdirərək mənfur düşmən üzərində tarixi Zəfər qazandı. Bu Zəfər heç də təsadüfi deyildi. Prezident İlham Əliyevin illərlə apardığı məqsədyönlü siyasət, dəqiq strateji məqsəd və qətiyyətli liderliyinin məntiqi yekunu oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi bu idi ki, o, siyasi iradəni hərbi qərarlara çevirdi. Döyüş meydanında əldə edilən uğurlar diplomatik müstəvidə də möhkəmləndirildi və Azərbaycan regionun əsas hərbi-siyasi gücünə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu strategiyası və Prezident İlham Əliyevin bu strategiyanı müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirməsi nəticəsində Azərbaycan Ordusu bu gün ölkəmizin ərazi bütövlüyünün və təhlükəsizliyinin real təminatçısıdır. Azərbaycan Ordusu təsadüfi formalaşmayıb. Bu peşəkarlığa sahib olmaqda böyük ideya, güclü məktəb, davamlı siyasi iradə - ən əsası isə iki Liderin qətiyyəti var.
Bu gün Azərbaycan Ordusu həm regionda, həm də beynəlxalq aləmdə də peşəkarlığı və döyüş qabiliyyəti ilə tanınır. Bu uğurun təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasəti dayanır.

Kifayət ƏLİYEVA

"Azərbaycan Ordusu"