Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2026 17:57

Qalib ordumuzun şanlı tarixi

Ordu xalqın dövlətçiliyinin əsas sütunlarından biri, dövlətin suverenliyinin və ərazi bütövlüyünün təminatçısıdır. Tarixən də belə olub, indi də belədir. Sürətlə dəyişərək yenidən formalaşan çağdaş dünya nizamında dövlətlərin qüdrəti və nüfuzu müxtəlif meyarlarla yanaşı, ordusunun gücü ilə də müəyyən olunur. Azərbaycan Ordusunun tarixi mübarizə, fədakarlıq və sarsılmaz Vətən sevgisi üzərində qurulmuş şanlı bir yolun təcəssümüdür. Bu ordu təkcə silah yolu ilə deyil, milli ruhu, mənəvi dəyərləri və xalq-ordu birliyi ilə tarix yazan qalib ordudur. Qalib ordumuzun keçdiyi yol milli qürurumuzun, əyilməz ruhumuzun və müstəqilliyimizi, suverenliyimizi qorumaq əzminin bariz nümunəsidir. Ordumuz tarix boyu ən ağır sınaqlardan üzüağ çıxaraq sübut etmişdir ki, Azərbaycan torpaqlarının sahibi olan xalq onu qorumağa da, azad etməyə də qadirdir.
Müasir dövrdə qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dövlətimizin yürütdüyü uğurlu siyasi kurs nəticəsində ordumuz müasir standartlar əsasında formalaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar sayəsində bu gün Azərbaycan Ordusu regionun ən güclü hərbi strukturlarından birinə çevrilib.
Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olaraq xalqımızın dövlətçilik tarixində özünəməxsus rol oynadı və yeni milli dəyərlərlə tarixləşdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. 1919-cu ilin sonlarında şəxsi heyəti 25 min nəfər olan Azərbaycan Ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılırdı.
AXC Sovetlər imperiyası tərəfindən ilhaq edildikdən sonra hərbi nazirlik ləğv olundu və ordu quruculuğu prosesi başa çatdırıla bilmədi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa olunduqdan sonra, oktyabrın 9-da milli ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun tarixi ənənələri bu gün yeni müstəvidə qorunub saxlanılır və inkişaf etdirilir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində ordu quruculuğu prosesi ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi və gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Ordumuz yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun qarşısını almaq idi. Sovet hakimiyyəti dövründə də azərbaycanlılara qarşı fərqli hərbi siyasət aparılırdı. Çar dövründən fərqli olaraq bu zaman azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar əsasən tikinti yönümlü hərbi hissələrdə xidmət edirdilər. Bu siyasət azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına imkan verməmək məqsədi daşıyırdı.
Ulu Öndər bu siyasətin mahiyyətini tam dəqiqliyi ilə anlayırdı; Azərbaycanda hakimiyyətə gəldikdən sonra 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratdı. Həmçinin Ümummilli Lider azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin və Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu. Bu gün tam əminliklə, qürurla deyə bilərik ki, C.Naxçıvanski adına Hərbi Lisey milli zabit kadrlarının hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rol oynayıb.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas məsələ Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi və bu, çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı sahəsində də problemlər vardı. Ancaq tədricən müharibədəki mövqe məğlubiyyətlərinin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü taborlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Səfərbərlik və orduya çağırış işi nizamlandı.
Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyuldu. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin ağır və çətin reallıqlar şəraitində ilk həyata keçirdiyi tədbirlərdən biri də ordu quruculuğu ilə bağlı oldu. 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa tarixi müraciətində "İndi bizim ordumuz yaranmalı və qurulmalıdır", - deyən Ulu Öndər hamını bu yolda fədakar mübarizəyə, Azərbaycanın müdafiəsinə qalxmağa çağırdı. Məhz bu müraciət ordunun qüdrətli olmasına diqqət yönəltdi. Ordu vahid komandanlıq ətrafında birləşdirildi və nizami ordu yaradıldı. Həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, elmi əsaslarla davam etdirildi və ordu siyasi təsirlərdən xilas edildi.
Beynəlxalq standartlara uyğunlaşdırılması üçün Azərbaycan Ordusunda bir sıra önəmli addımlar atıldı. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə və müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu; bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na daxil oldu. Görülən işlərin nəticəsi olaraq iki mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədi. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.
Ordu ilə xalq arasındakı əlaqələri yeni səviyyəyə qaldıran Ulu Öndər bu əlaqələri daha da səmimiləşdirdi. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan Ümummilli Lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi hesab edirdi və əmin idi ki, xalqın orduya belə münasibəti, xalqın ordunu qayğı ilə əhatələməsi ordunun inkişafı və möhkəmlənməsinin əsas şərtlərindən biridir.
Ulu Öndər Heydər Əliyev ordu quruculuğu prosesini dövlətin müstəsna səlahiyyətləri səviyyəsinə qaldırdı. Ordunu siyasətdən kənarlaşdıraraq ölkə Konstitusiyasından irəli gələn vəzifələrə xidmət göstərməsini təmin etdi, ordunun formalaşmasını, təşkilatlanmasını və təchizatını qəbul edilmiş qanunlarla normallaşdırdı. Orduda vahid komandanlığın praktiki əsaslarını yaradaraq idarəetmə strukturlarına qarşı məsuliyyəti ciddiləşdirdi və ordu quruculuğunu dövlət quruculuğunun digər sahələri ilə üzvi şəkildə əlaqələndirdi. Ordu dövlət qayğısı ilə əhatə olundu, tələbatları  ödənildi və bu istiqamətdə dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Dövlətin və xalqın mənafelərinə cavab verən hərbi siyasət müəyyənləşdirildi; bununla da ordu quruculuğunun vəzifələri və icra yolları konkretləşdirildi və dövlətin yetərli müdafiə qabiliyyətinin yaradılması üçün əməli addımlar atıldı.
Bu gün Ali Baş Komandan İlham Əliyev də Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Silahlı Qüvvələrimizin gücləndirilməsi və bütün qoşun növlərinin döyüş hazırlığının yüksəldilməsi Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin ilk günündən xüsusi diqqət yetirdiyi məsələdir. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də ilk dəfə prezident kimi and içən vaxt etdiyi çıxışda bununla bağlı demişdir: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir". Bu kəlamlar reallıqda da öz təsdiqini tapdı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu siyasət qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlaması üçün əsaslı təminatdır.
Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi hərbi islahatlar ordu quruculuğunu yeni keyfiyyət mərhələsinə yüksəldərək Silahlı Qüvvələrimizin modern hərbi gücə çevrilməsini təmin etdi. Dünyanın qabaqcıl hərbi sənaye komplekslərinin istehsalı olan silah və texnikalar ordumuzun arsenalına daxil edildi. Müasir artilleriya qurğuları, reaktiv yaylım atəş və hava hücumundan müdafiə sistemləri, taktiki-raket və zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları qoşunlarımızın silahlanmasında yer aldı.
2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əks-hücum əməliyyatı zamanı müasir silah və texnikaların səmərəli tətbiqi nəticəsində düşmənə sarsıdıcı zərbələr vuruldu. Əməliyyat zamanı düşmənin təmas xəttinin dərinliyindəki artilleriya, reaktiv və minaatan batareyalarına atəş zərbələri endirməklə ona böyük itkilər verildi.
Uğurlarımızın sırasında Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası ərazisində keçirdiyi Günnüt əməliyyatı da xüsusi yer tutmaqdadır. Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqeyini daha da gücləndirdi və işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğumuzu sübuta yetirdi.
Prezident İlham Əliyev hər zaman açıq şəkildə bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan dövləti güc yolu ilə torpaqlarını işğaldan azad edəcək. 2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribatın qarşısının layiqincə alınması isə göstərdi ki, Azərbaycan Ordusu tarixi missiyasını yerinə yetirməyə hazır və qadirdir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fikirləri məhz bu baxımdan diqqəti çəkir: "Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir".
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın sərkərdəliyi altında rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.
Azərbaycan xalqı öz gücünü və birliyini sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün ərzində 30 illik həsrətə son qoydu. Biz öz tarixi torpaqlarımıza alnıaçıq, üzüağ və zəfər bayrağı ilə qayıtdıq.
2020-ci il dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Bir çox hadisələrin, unudulmayan anların şahidi olan Azadlıq meydanında keçirilən parad düşmənə də, onun havadarlarına da xatırlatdı ki, Azərbaycan güclü dövlətdir və onun qüdrətli ordusu vardır.
2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək". Zəfər paradında dövlətimizin başçısının söylədiyi fikirlər öz təsdiqini tapdı.
44 günlük Vətən müharibəsi ilə bağlı aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini xüsusilə qeyd ediblər.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədirdilər. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü ilin 19-20 sentyabr tarixlərində bölgədə antiterror əməliyyatı keçirildi. Erməni separatçıları cəmi 23 saat 43 dəqiqə ərzində ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağ iqtisadi rayonunda məskunlaşan erməni sakinlərin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olundu və antiterror əməliyyatı dayandırıldı. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin kəlamları hər bir azərbaycanlıya könül xoşluğu yaşadır: "Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq; onlar bizim qabağımızda diz çöküblər və bundan sonra bu damğa ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi".
İkinci Qarabağ müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı.
Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Uğurla həyata keçirilən bu strategiya Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərinin daha yüksək səviyyəyə qaldırılmasını təmin edərək ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək.
Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. 1918-ci ildə xalqın azadlıq arzusu ilə atılan ilk addım bu gün Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu zamana çatdırdı. Bir əsrdən artıq zaman kəsiyində Azərbaycan Ordusu süqutlar, itkilər, yarımçıq qalan ümidlər və sınaqlarla dolu ağır bir yol keçdi. Bu yol 1920-ci ilin qaranlığından, Qarabağ dərdindən keçərək 44 günlük Vətən müharibəsinin işıqlı Zəfərinə çatdı. Bu gün həmin yolun sonunda başıuca, alnıaçıq qalib bir ordu dayanır. Azərbaycan Ordusunun 1918-ci ildə başlanan tarixi missiyası bu gün yerinə yetirilib, lakin onun Vətənə xidmət yolu davam edir. Bu yolda artıq məğlubiyyət xatirələri ilə deyil, Zəfər salnaməsi ilə yazılır və bu salnamə nəsildən-nəslə ötürüləcək milli qürur dastanı kimi yaşayacaq.

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu"