AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunda döyüş qabiliyyətinin möhkəmləndirilməsi yalnız silahlanma ilə məhdudlaşmır, bu gücün əsasını yüksək fiziki hazırlığa malik, iradəli və peşəkar hərbi qulluqçular təşkil edirlər. Dövlətin ordu quruculuğu sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm istiqamətlərindən biri də məhz sağlam kadr potensialının formalaşdırılmasıdır. Fiziki hazırlıq orduda sadəcə məşq prosesi deyil, hərbi qulluqçuların döyüş meydanında çevik qərar verməsinə, çətin şəraitdə davam gətirməsinə və tapşırıqları qüsursuz yerinə yetirməsinə xidmət edən əsas amildir. Bu səbəbdən hərbi hissələrdə idman məşğələləri sistemli şəkildə təşkil olunur və komandirlər tərəfindən daim diqqət mərkəzində saxlanılır.
"N" hərbi hissəsində bu diqqət və məsuliyyətin real nəticələrini gözlərimizlə müşahidə etdik. Burada xidmət edən hərbi qulluqçuların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə məşğələlər günün nizam-intizam qaydalarına uyğun olaraq planlı şəkildə həyata keçirilir.
Şəxsi heyət səhər tezdən başlanılan ümumi idman hərəkətləri ilə günə enerjili start verir, axşam saatlarında isə fiziki hazırlıq məşğələləri ilə döyüş qabiliyyətini daha da möhkəmləndirir.
Komandirlərin birbaşa rəhbərliyi altında keçirilən bu məşqlər hərbi qulluqçuların çeviklik, sürət, güc və dözümlülüyünün formalaşdırılmasına xidmət etməklə yanaşı, onların psixoloji dayanıqlığını da artırır.
Müdafiə Nazirliyi rəhbərliyinin ardıcıl diqqət və qayğısı nəticəsində hərbi hissənin ərazisində müasir standartlara cavab verən idman şəhərciyi yaradılıb. Burada turniklər, qaçış zolaqları, maneələr zolağı və müxtəlif idman hərəkətləri üçün nəzərdə tutulmuş meydançalar əsgərlərin istifadəsinə verilib. Bu şərait şəxsi heyətin həm peşəkar hazırlığını yüksəldir, həm də sağlam həyat tərzinin orduda geniş şəkildə təşviqinə mühüm töhfə verir.
"N" hərbi hissəsində keçirilən fiziki hazırlıq məşğələləri təkcə ümumi proses deyil, eyni zamanda, döyüş yolu keçmiş, real əməliyyatlarda iştirak etmiş hərbi qulluqçuların iştirakı ilə daha da məzmunlu və nümunəvi xarakter daşıyır. Bu məşğələlərdə Vətən müharibəsinin və antiterror əməliyyatının iştirakçıları olan peşəkar hərbçilər xüsusi fəallıq nümayiş etdirir, gənc əsgərlər üçün canlı örnəyə çevrilirlər.
Fiziki hazırlıq dərslərində iştirak edənlər arasında gizir Namiq Əlizadə də var. Biləsuvar rayonunun Günəşli kəndində anadan olan Namiq artıq 5 ildir ki, Vətənə şərəflə xidmət edir. 2023-cü ilin antiterror əməliyyatında göstərdiyi igidliyə görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif olunub. O, fiziki hazırlıq məşğələləri barədə fikirlərini belə bölüşdü: "Döyüş zamanı insanın güvəndiyi ilk şey öz fiziki hazırlığıdır. Nə qədər güclü və dözümlü olsan, bir o qədər tapşırığı layiqincə yerinə yetirə bilirsən. Buradakı məşğələlər bizi real döyüş şəraitinə hər gün hazır vəziyyətdə saxlayır".
Gizir Cavad Quliyev isə Cəlilabad rayonunun Günəşli kəndindəndir. Cavad artıq 6 ildir ki, hərbi xidmətdədir. O, həm 44 günlük Vətən müharibəsinin, həm də 2023-cü ilin antiterror əməliyyatının iştirakçısıdır. "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Şücaətə görə" medalları ilə təltif edilib. Cavad bildirdi ki, onlar üçün fiziki hazırlıq sadəcə idman deyil, döyüşdə qalib gəlmək deməkdir. Fiziki hazırlıq bizə mübarizə aparmağı öyrədir".
Uzun illərdir ordu sıralarında xidmət edən çavuş Xəyyam Qədirzadə də keçirilən fiziki hazırlıq məşğələlərinin fəal iştirakçılarındandır. Sumqayıt şəhərində yaşayan Xəyyam artıq 11 ildir ki, hərbi xidmətini davam etdirir. 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında iştirak edən hərbi qulluqçumuz "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Onun sözlərinə görə döyüş meydanında yorğunluq anlayışı olmur. “Fiziki hazırlıq bizə son ana qədər mübarizə aparmağı öyrədir. Hər məşq bizim iradəmizi daha da möhkəmləndirir".
Fiziki hazırlıq dərslərində fəal iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rüfət Səlimov 4 ildir hərbi xidmətdədir. 2023-cü ilin antiterror əməliyyatının iştirakçısı olan hərbçi "Cəsur döyüşçü" və "Şücaətə görə" medalları ilə təltif olunub. O, keçirilən fiziki hazırlıq məşğələlərinin əhəmiyyətini belə dəyərləndirdi: "Burada keçirilən dərslər bizi həm fiziki, həm də mənəvi cəhətdən gücləndirir. Komanda ruhu formalaşır, hər kəs bir-birinə arxa-dayaq olur".
Uzun xidmət yolu keçmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Mirdamət Xankişiyev isə Şamaxı rayonunda anadan olub. 11 ildir ki, ordu sıralarında olan hərbçimiz 44 günlük Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda aparılan döyüşlərdə iştirak edib, "Şücaətə görə" medalı ilə təltif olunub. Mirdamət vurğuladı ki, hərbi qulluqçu həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən güclü olmalıdır. “Bizim fiziki hazırlığımız ordunun döyüş qabiliyyətinin əsas dayaqlarındandır”.
Bu cür təcrübəli, döyüş yolu keçmiş hərbi qulluqçuların fiziki hazırlıq dərslərində iştirakı gənc əsgərlər üçün nümunədir. Onların şəxsi nümunəsi, söylədikləri fikirlər və göstərdikləri iradə Azərbaycan Ordusunda mövcud olan peşəkarlığın, vətənpərvərliyin və döyüş ruhunun bariz göstəricisidir.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"