AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müasir dövrdə dövlətin təhlükəsizliyi və müdafiə qabiliyyəti birbaşa peşəkar orduya malik olmaqla şərtlənir. Peşəkar ordunun formalaşmasında hərbi təhsil sistemi həlledici rol oynayır. Azərbaycanda hərbi təhsil sistemi Silahlı Qüvvələrin yüksək hazırlıqlı və Vətənə sədaqətli hərbçi kadrlarla təmin olunmasına xidmət edən strateji sahə kimi formalaşdırılıb.
Azərbaycan Respublikasında hərbi təhsilin əsası müstəqilliyin ilk illərindən etibarən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesində hərbi təhsilin təşkili və inkişafı xüsusilə diqqət mərkəzində saxlanılıb. Bu dövrdə milli hərbçi kadrların hazırlığı sistemi formalaşdırıldı, hərbi təhsil müəssisələrinin fəaliyyəti vahid konsepsiya əsasında quruldu.
Azərbaycanda hərbi təhsil sisteminin formalaşması mərhələli xarakter daşıyır. İlkin (başlanğıc) mərhələdə hərbi liseylər gənclərdə nizam-intizam, fiziki hazırlıq və hərbi xidmətə maraq formalaşdırır, gələcək zabit, gizir və çavuş heyətinin əsasını təşkil edir. Ardınca ali və orta ixtisas hərbi təhsil pillələrində peşəkar kadrların hazırlanması həyata keçirilir.
Hərbi təhsil sistemi mərhələli şəkildə qurularaq fərdi hazırlıqdan kollektiv fəaliyyətə qədər bütün bacarıqları əhatə edir. Bu, sistemdə nəzəri biliklərlə, praktiki məşğələlərlə və müxtəlif təlimlərlə vəhdət təşkil edir. Fiziki hazırlıq, psixoloji davamlılıq və liderlik keyfiyyətləri hərbi təhsilin ayrılmaz tərkib hissələridir. Müasir döyüşlərin tələbləri hərbi təhsilin daim yenilənməsini zəruriləşdirir.
Hərbi təhsil sisteminin mühüm istiqamətlərindən biri də orta ixtisaslı hərbçi kadrların hazırlanmasıdır. Hərbi kolleclər və tədris mərkəzləri gizir və çavuş heyətinin peşəkar hazırlığını təmin edir. Bu təhsil müəssisələri xidmət zamanı zəruri olan praktiki bacarıqları, döyüş hazırlığını və liderlik keyfiyyətlərini formalaşdırır.
Azərbaycanda hərbi təhsil sistemi davamlı təkmilləşmə əsasında inkişaf etdirilir, mərhələli şəkildə təşkil olunur, ilkin hazırlıqdan ali və orta ixtisas səviyyəsinə qədər bütün pillələri əhatə edir. Bu müəssisələrdə formalaşan kadrlar gələcəkdə bölmələrin əsas dayağına çevrilir. Hərbi təhsil gənclərdə Vətənə sədaqət, dövlətçiliyə bağlılıq və xidmət məsuliyyəti yaradır.
Hərbi liseylər, ali hərbi məktəblər və hərbi kolleclər vahid konsepsiya əsasında fəaliyyət göstərərək kadr hazırlığında ardıcıllığı təmin edir. Hərbi qulluqçular üçün ixtisasartırma və yenidənhazırlanma kursları ilə onların bilik və bacarıqları müasir döyüş tələblərinə uyğunlaşdırılır. Beynəlxalq təcrübənin öyrənilməsi və birgə təlimlərin təşkili bu prosesin mühüm tərkib hissəsidir.
Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanda hərbi təhsil sisteminin effektivliyini bir daha sübut etdi. Döyüş əməliyyatlarında göstərilən peşəkarlıq, düzgün qərarvermə və yüksək döyüş ruhu özünü hərbi təhsilin real nəticəsi kimi göstərdi. Müharibədən sonra əldə olunan təcrübə tədris proqramlarına inteqrasiya edilərək hərbi təhsilin məzmununu daha da zənginləşdirdi.
Ölkəmizin müdafiə potensialının gücləndirilməsi və hərbi qüdrətinin artırılmasına xidmət edən ordu quruculuğu yeni mərhələyə qədəm qoyub. Müharibənin, döyüş təcrübəsinin, eyni zamanda, müasir hərb sisteminin geniş islahatlarla reallaşdırılması ordunun güc amilinə çevrildi.
2023-cü il dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən Bakıda, Gəncədə və Naxçıvanda xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinin yaradılması da ordu quruculuğu, peşəkar hərbçi kadrların hazırlanması istiqamətində sistemli tədbirlərin tərkib hissəsi oldu.
Naxçıvan Hərbi Kolleci Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, müxtəlif ixtisaslar üzrə təhsili və əlavə təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı orta ixtisas təhsil müəssisəsidir. Kollecin fəaliyyəti Azərbaycan Ordusu üçün orta ixtisas təhsilli subbakalavr peşə-ixtisas dərəcəli, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, cəsur, mətin, intizamlı və müasir dünyagörüşlü mütəxəssislər hazırlamaqdan, əlavə təhsil üzrə kadr hazırlığını həyata keçirməkdən ibarətdir. Kollecdə tədris prosesi müasir hərbi standartlara uyğun qurulub, nəzəri biliklər praktiki məşğələlərlə vəhdət təşkil edir. Kursantlara hərbi nizamnamələr, taktiki hazırlıq, atıcılıq, topoqrafiya, rabitə, mühəndis hazırlığı, fiziki və psixoloji hazırlıq üzrə fənlər tədris olunur.
Tədris zamanı real döyüş şəraitinə yaxınlaşdırılmış metodlardan istifadə edilir. Sahə təlimləri və taktiki məşğələlər kursantların döyüş bacarıqlarının formalaşdırılmasına xidmət edir. Kollecdə çalışan zabit-müəllim heyəti döyüş təcrübəsinə malik, peşəkar kadrlar olmaqla, kursantlara yalnız bilik deyil, eyni zamanda, xidmət nümunəsi göstərirlər. Tədris prosesində Vətən müharibəsindən əldə olunan təcrübələr müasir döyüş taktikaları ilə inteqrasiya olunur.
Kollecdə kursantların gündəlik fəaliyyəti ciddi hərbi nizam-intizam əsasında təşkil olunur. Dərs günü fiziki hazırlıqla başlayır, ardınca dərs və təlim məşğələləri keçirilir. Bu rejim gənclərdə məsuliyyət, dəqiqlik və özünənəzarət vərdişlərinin formalaşmasına mühüm töhfə verir. Kursantlar müxtəlif hərbi-idman yarışlarında, taktiki tapşırıqlarda və maarifləndirici tədbirlərdə fəal iştirak edirlər. Onların asudə vaxtı da məqsədyönlü - səmərəli şəkildə təşkil olunur.
Kursantların fiziki hazırlığı da qarşıya qoyulan prioritet məqsədlərdən biridir. Vətən müharibəsi döyüşdə fiziki hazırlığın nə qədər əhəmiyyətli olduğunu bir daha sübut etdi. Naxçıvan Hərbi Kollecində kursantların fiziki hazırlığı ilə yanaşı, əlbəyaxa döyüş və digər idman növləri üzrə dərnəklər də fəaliyyət göstərir.
Kollecdə mənəvi-psixoloji hazırlığa xüsusi önəm verilir. Kursantlara dövlətçilik, Hərbi Andın məsuliyyəti və komandir-əsgər münasibətlərinin əsas prinsipləri də aşılanır. Bu, onların gələcəkdə daha hazırlıqlı və inamlı xidmətinə zəmin yaradır.
Ümumilikdə 4 hektar ərazidə yerləşən 7 binadan və yardımçı qurğulardan ibarət olan Hərbi kollecin təhsil korpusu zəngin maddi-texniki bazaya malikdir. Arxitektura baxımından mükəmməl 2 tədris korpusunda yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Dərslər hərbi nizamnaməyə uyğun olaraq həm nəzəri, həm də praktiki şəkildə tədris olunur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə edilir. Burada elektron zalları, zəngin kitab fondu olan üçmərtəbəli kitabxana binası, kursantların sağlamlığı və fiziki hazırlığının daim diqqət mərkəzində saxlanılması məqsədilə idman zalı, futbol meydançası, müxtəlif idman qurğuları, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün klub-konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir.
Müvafiq dövlət sərəncamı ilə kollec statusu alan Naxçıvan Hərbi Kolleci bu gün Azərbaycan Ordusunun peşəkar kadr bazasının formalaşmasında mühüm rol oynayır. Kursantların təhsil müddətində hüquq və vəzifələri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə", "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları və sərəncamları, Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
Müəssisəyə - orta ixtisas təhsili pilləsinə tam orta təhsili olan şəxslər və zabit hərbi rütbəsi olmayan hərbi qulluqçular qəbul edilirlər. Namizədlər Müdafiə Nazirliyi tərəfindən sağlamlıq vəziyyətinin müayinəsinin nəticələrinə əsasən seçilir. Kursant adını qazananlar Azərbaycan dilində, iki illik əyani təhsil müddətində ödənişsiz yataqxana, gündə 3 dəfə yeməklə təmin olunurlar. Həmçinin onlar üçün müəyyən məbləğdə birdəfəlik və təhsil müddətində aylıq ödəmələr müəyyənləşdirilib.
Hal-hazırda Naxçıvan Hərbi Kollecində 700-ə yaxın kursant hərbi təhsilin müxtəlif istiqamətləri üzrə 7 subbakalavr ixtisasının 19 hərbi uçot ixtisası üzrə təhsil alır. Kursantların tədrisi və intizamı ilə 100-ə yaxın zabit-müəllim heyəti məşğul olur.
Kollecdə orta ixtisas təhsilini başa vuran kursantlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom, habelə hərbi uçot ixtisasları üzrə 3-cü məharət dərəcəsi və sertifikat, eləcə də müdafiə nazirinin əmri ilə "gizir" hərbi rütbəsi verilir.
Regionda cərəyan edən hadisələr, xarici təhdidlər ölkəmizin hərbi qüdrətinin artırılmasını, bütün tapşırıqları dəqiqliklə yerinə yetirə bilən müasir orduya, çevik xüsusi təyinatlı bölmələrə malik olmasını şərtləndirir. Bu baxımdan ən yeni texnoloji biliklərə, innovativ təlim bacarıqlarına yiyələnən kadrlara da ciddi ehtiyac var. Əminik ki, Naxçıvan Hərbi Kolleci gələcəkdə ordumuzun kadr təminatında, Vətənimizin müdafiəsində mühüm rol oynayacaq, xüsusi təyinatlı təhsil müəssisəsinin məzunları öz peşələrinin qəhrəmanlarına çevriləcəklər.
Yeni yaradılan Naxçıvan Hərbi Kolleci Zəfər yolunun davamı, güclü Azərbaycan Ordusunun gələcəyinə istiqamətləndirilmiş strateji addımdır. Burada formalaşan hərbi qulluqçular yalnız peşəkar biliklərə deyil, eyni zamanda, qalib ordunun daşıdığı şərəf və məsuliyyətə də yiyələnirlər. Onlar Vətənə xidmətin müqəddəs borc olduğunu dərk edərək bu amalın daşıyıcısı olurlar.
Bu təhsil ocağında formalaşan hər bir kursant qalib xalqın, qalib dövlətin, qalib ordunun hərbi qulluqçusu kimi formalaşır. Naxçıvan Hərbi Kolleci Azərbaycan Ordusunun kadr potensialını gücləndirməklə yanaşı, milli iradənin, dövlətçiliyin və Zəfər ruhunun gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Güclü hərbi təhsil - güclü ordu, güclü ordu isə qüdrətli Azərbaycanın təminatıdır.
Günay TAĞIYEVA
"Azərbaycan Ordusu"