AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, fevralın 15-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Əməkdaşlarımız Vətənə sədaqət andı içən gənc əsgərlərlə görüşüb, onların düşüncələrini qələmə alıblar. Həmin düşüncələri təqdim edirik.
"Azərbaycan Ordusu"
Əsgər Səid Hüseynov:
- And içdiyim an hiss etdim ki, artıq əvvəlki həyat mərhələsi geridə qalıb. Bu gündən mən sadəcə bir gənc deyil, Azərbaycan əsgəriyəm. Bayrağımızın qarşısında dayanarkən məsuliyyətin ağırlığını və eyni zamanda, qürurunu dərindən hiss etdim. Valideynlərimin mərasimdə iştirak etməsi mənə əlavə güc verdi. Onların baxışlarında həm sevinc, həm də fəxr hissini görmək mənim üçün çox təsirli idi.
Hərbi xidmət insanı dəyişdirir. Burada biz yalnız silahdan istifadə etməyi deyil, intizamı, kollektiv ruhunu və bir-birimizə dayaq olmağı öyrənəcəyik. Mənə bəllidir ki, güclü əsgər olmaq üçün ilk növbədə güclü iradəyə sahib olmaq lazımdır. Mən də qarşıma məqsəd qoymuşam ki, xidmət müddətində həm fiziki hazırlığımı artırım, həm də hərbi biliklərimi inkişaf etdirim. İnanıram ki, burada qazandığım təcrübə gələcək həyatımda da mənə yol göstərəcək.
Əsgər Kamran Əliyev:
- Bu gün həyatımın ən məsuliyyətli və yadda qalan günlərindən biri oldu. And içərkən anlayırdım ki, bu sözlər sadəcə mərasim üçün deyil, bu, həm də Vətən qarşısında verilən müqəddəs sözdür. Hər bir əsgər bu anda artıq xalqın etibar etdiyi bir insan olduğunu dərk edir.
Hazırda müəyyən qədər həyəcanlıyam, amma ümid edirəm ki, qısa müddətdə kollektivə uyğunlaşacam. Hərbi xidmətdə dostluq və yoldaşlıq münasibətləri çox güclü olur. Birlikdə keçirilən təlimlər, gündəlik hazırlıq məşğələləri bizi həm fiziki, həm də mənəvi cəhətdən möhkəmləndirəcək.
Valideynlərimin bu gün məni əsgər formasında görməsi mənim üçün böyük fəxr idi. Onların mənə olan inamını doğrultmaq istəyirəm. Əminəm ki, hər bir Azərbaycan gənci kimi, mən də Vətənə layiqincə xidmət etməyə borcluyam və bu borcu şərəflə yerinə yetirmək üçün bütün gücümü sərf edəcəyəm.
Matros Elnur Əliyev:
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən ordu sıralarına çağırılmışam. Hərbi Dəniz Qüvvələrində xidmət edəcəyimi heç vaxt düşünməmişdim. Bu qoşun növündə xidmət etmək, sözün əsl mənasında, mənə qürur verir. İkinci aydır ki, hərbi xidmətdəyəm. Burada komandirlər matroslara diqqət və qayğı ilə yanaşırlar. Gəldiyimiz gündən sıra, fiziki, atəş və başqa hazırlıqlarla məşğul oluruq. Hərbi bilikləri bizə komandirlər dərindən aşılamağa çalışırlar. Demək olar ki, hərbi intizamla bağlı da müfəssəl biliklərə yiyələnirik.
Hərbi And içdik. Bunun üçün də ciddi hazırlığımız oldu. Vətənə, xalqa və dövlətə şərəflə xidmət etməkdən daha qürur verəcək ikinci bir peşəni görmürəm. Peşəkar, bacarıqlı, bilikli hərbçilərin sayəsində erməni işğalı altında qalmış torpaqlarımız azad olundu. İkinci Qarabağ müharibəsi gedən ərəfədə mən orta məktəbdə oxuyurdum. Yaşım imkan vermirdi ki, döyüşlərə qatılım. Hər dəfə dövlətimizin başçısı müharibənin gedişi ilə bağlı tez-tez xalqa açıqlama verirdi. Qəhrəman oğullarımız tərəfindən işğaldan azad edilmiş kəndlərin, qəsəbələrin və şəhərlərin adlarını açıqlayanda ürəyim dağa dönürdü.
Qarşıma məqsəd qoymuşam ki, hərbi xidmət dövründə yüksək bilik və bacarıqlara malik olum. Bir matros kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim. Dəniz sərhədlərini ayıq-sayıq qorumaq üçün əlimdən gələni edəcəyəm.
Matros Elşən Abbasov:
- Biləsuvar rayonundan hərbi xidmətə çağırılmışam. Hər bir gənc kimi, mənim də arzum Vətənə layiqli xidmət etməkdir. Artıq müharibə bitib, Vətənimizin ərazi bütövlüyü, suverenliyi bərpa olunub. Heç vaxt müharibə olmasın. Bu heç də bizim istəyimizlə olmur. Əgər düşmən yenidən torpaqlarımızı işğal etməyə cəhd edib, müharibəyə başlasa, biz mütləq ona layiqli cavab verməliyik. Bunun üçün döyüş vərdişlərinə yiyələnmək lazımdır. Xidmət etdiyim qısa müddətdə məlum olub ki, burada bizə hərbi bilikləri aşılayan komandirlər arasında İkinci Qarabağ müharibəsində iştirak edənlər də var. Onlara həmişə hörmətim olub.
Hərbi Dəniz Qüvvələrində xidmət etməkdən qürur duyuram. Burada dəniz var, döyüş gəmiləri var. Taktiki döyüş üsulları da tam fərqlidir. Hər gün səhər açılanda ilk gördüyüm dənizdir. Günəş də səhərlər dənizdən qalxır. Hər dəfə üfüqdən doğan günəşi seyr edirəm. Vətənimin dənizi, dağları, düzləri, ovalıqları var. Bu cür əsrarəngiz təbiəti olan doğma yurdumu göz bəbəyi kimi qorumağa hər zaman hazıram. Həm də bu Vətən, bu torpaqlar əcdadlarımızdan bizə miras qalıb. Bu Vətəni, bu torpaqları olduğu kimi gələcək nəsillərə ötürmək bizim başlıca məqsədimizdir. Bunun üçün Vətənimə vicdanla, namusla, şərəflə xidmət edəcəyimə and içmişəm. Hərbi xidmətimi şərəflə başa vurub doğmalarımın yanına alnıaçıq, üzüağ qayıdacağam.
Əsgər Ümid Əlizadə:
- Əsrlərdir yağıların göz dikdiyi əsrarəngiz təbiət gözəlliklərinə malik Vətənimiz, barlı-bərəkətli tarixi torpaqlarımız qəhrəman ata-babalarımızdan bizə qalan əmanətlərdir. Bu əmanətləri göz bəbəyi kimi qorumaq mənəvi borcumuzdur. 30 ilə yaxın müddətdə tarixi torpaqlarımızın 20 faizi erməni işğalçıları tərəfindən zəbt edildi, qədim yurd yerlərimiz viran qaldı, bir milyona yaxın həmyerlimiz qaçqın, köçkün həyatı yaşamağa məcbur oldu. Tarixi yüzillikləri keçən abidələrimiz dağıdıldı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın rəhbərliyi ilə başlayan Vətən müharibəsində qəhrəman Azərbaycan əsgəri 44 gündə düşməni, illərlə işğal altında saxladığı torpaqlarımızdan qovdu. Tarixi Zəfərə nail oldu. Şəhidlərimizin qisası alındı. Bu gün qarşısında baş əyib Hərbi And içdiyimiz üçrəngli Azərbaycan Bayrağının işğaldan azad olunmuş ərazilərimizdə dalğalandığını görüb qürur hissi keçirirəm. Qədim abidələrimiz yenidən bərpa olunur, quruculuq işləri aparılır. İşğaldan azad edilmiş kənd, qəsəbə, şəhər və rayonlarımız dirçəlir, o yerlərə həyat qayıdır, torpağımız canlanır. İnsanlar öz yurdlarına geri dönürlər. Azərbaycan əsgəri hər zaman olduğu kimi, bu gün də Vətənimizin keşiyində ayıq-sayıqdır. Xalqımız bir daha müharibə görməsin. Azərbaycan əsgəri sülh, əmin-amanlıq şəraitində Vətənə xidmət etsin.
Əsgər CavidSalmanov:
- Qalib Azərbaycan Ordusunun əsgəri adını daşımaqdan qürurluyam. Mən Hərbi Andı qəbul edərək ordu sıralarına qəbul olundum. Bu sırada Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı naminə canından keçən xalqımızın mərd, qeyrətli, qəhrəman şəhid oğulları dayanıblar. Vaxtilə şəhid oğulların dayandığı sıra bu gün müqəddəsdir. O sıralardan Mübariz, Cəbrayıl, Xudayar, neçə-neçə şəhidimiz müqəddəs üçrəngli Azərbaycan Bayrağına and içərək Vətən nəğmələrinin sədaları altında döyüşə yollanıb. Xalqımızın bütün şəhid övladlarına Allahdan rəhmət diləyirəm. Ölümün gözünə dik baxan o igid oğulların sayəsində bu gün Vətən torpaqlarımız azaddır. Onların hər birinin qısa, lakin şərəfli ömür və döyüş yolu bizə, gələcəkdə ordu sıralarına yeni daxil olan bütün əsgərlərə nümunədir. Mən Hərbi Andı qəbul edərək Vətənimiz Azərbaycanın müdafiəsində daim ayıq-sayıq dayanacağıma, verilən tapşırıqlara məsuliyyətlə yanaşacağıma söz verdim. Artıq əsgəri xidmət dövrünün ilk çətinlikləri arxada qalıb. Hərbi vərdişlərə yiyələnmişik. Hər gün yeni nə isə öyrənirik. Hazırlıqlarımızı gündən-günə artırırıq. Burada çoxlu dostlar qazanmışam. Əsgər dostluğu əbədi və sarsılmaz olur. Məqsədimiz Vətənimiz Azərbaycanın keşiyində əzmlə dayanıb, ona vicdanla, ləyaqətlə xidmət edib, alnıaçıq, başıuca doğmalarımızın yanına geri dönməkdir.
Əsgər İbrahim Məmmədli:
- Bu gün mənim üçün sadəcə hərbi mərasim deyil, bir ömrün məsuliyyətini üzərimə götürdüyüm müqəddəs and günüdür. Gəncədə doğulub boya-başa çatmış bir gənc kimi uşaqlıqdan qəhrəmanlıq ruhu ilə böyümüşəm. Şəhərimizin "qəhrəmanlar yurdu" adlandırılması təsadüfi deyil. Hər küçəsində, hər daşında tarix, mübarizə və mərdlik izi var. Bu gün üçrəngli bayrağımızın önündə and içərkən məhz o ruhu ürəyimdə hiss etdim.
İkinci Qarabağ müharibəsi zamanı xalqımızın göstərdiyi birlik, ordumuzun qazandığı möhtəşəm Zəfər mənim kimi minlərlə gəncin həyat yolunu müəyyənləşdirdi. 44 gün ərzində cəbhədən gələn qələbə xəbərləri ilə qürurlandıq, şəhid xəbərləri ilə kövrəldik, amma bir an belə inamımızı itirmədik. Mən o günlərdə qərara aldım ki, qalib ordunun əsgəri olmaq mənim üçün ən böyük şərəfdir.
Gəncənin düşmən tərəfindən raket atəşinə tutulduğu gecələri də heç vaxt unuda bilmərəm. Gəncəyə edilən raket hücumları şəhərimizin yaddaşına ağrı ilə yazıldı. Günahsız insanların həlak olması, dağılan evlər, amma buna baxmayaraq əyilməyən iradə... O gün Gəncənin timsalında bir daha sübut etdik ki, sarsılsaq da, heç zaman sınmayacağıq. Bu gün and içərkən həmin şəhidlərin ruhu qarşısında da məsuliyyət hiss etdim.
Mərasimdə and sözlərini səsləndirərkən səsimdə həm həyəcan, həm də sonsuz qürur vardı. Mən artıq qalib ordunun əsgəriyəm. Bu forma mənim üçün təkcə geyim deyil, Zəfərin rəmzidir. Qarşıda bizi çətin, lakin şərəfli xidmət yolu gözləyir. Mən inanıram ki, Gəncənin adına, xalqımızın etimadına layiq bir əsgər olacağam. Bu gün içdiyim and ömrüm boyu mənə yol göstərəcək.
Əsgər Ayxan Əyyubov:
- Bu gün həyatımın ən unudulmaz və ən qürurlu gününü yaşadım. Gəncədə anadan olmuşam və hər zaman bu şəhərin qəhrəmanlıq ənənəsi ilə fəxr etmişəm. Bizim üçün Vətən sevgisi yaşam amalıdır. Andiçmə mərasimində sırada dayanarkən uşaqlıq illərim, ailəmin mənə aşıladığı vətənpərvərlik hissi və şəhərimizin keçdiyi ağır günlər gözlərimin önündən keçdi.
İkinci Qarabağ müharibəsi günlərində hər birimiz bir yumruq kimi birləşdik. Ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti və əsgərlərimizin igidliyi nəticəsində tarix yazıldı. Mən o qələbənin canlı şahidi olan nəsildənəm. Bu gün qalib ordunun sıralarında olmaq mənim üçün ölçüyəgəlməz qürurdur.
Gəncəyə edilən raket hücumları isə yaddaşıma silinməz iz saldı. Raket hücumları zamanı şəhərimizin üzləşdiyi faciə biz gənclərin iradəsini daha da möhkəmləndirdi. O dağıntılar arasında belə Gəncə ayaqda idi, insanlar bir-birinə dayaq olurdu. Mən o zaman anladım ki, bu xalqı heç bir güc sarsıda bilməz.
Hərbi Andın sözlərini səsləndirərkən qəlbimdə həm kövrəklik, həm də böyük bir sevinc vardı. Mən artıq Azərbaycan əsgəriyəm - qalib ordunun bir parçasıyam. Bu ad böyük məsuliyyətdir və mən bu məsuliyyəti şərəflə daşıyacağıma söz verirəm. Şəhidlərimizin əmanətini qorumaq, Vətənimizin təhlükəsizliyi naminə xidmət etmək mənim ən ali məqsədimdir.
Bu gün içdiyim and mənim həyatımın dönüş nöqtəsidir. Mən qalib Azərbaycanın əsgəri kimi hər zaman başımı uca tutacağam. Çünki bu torpağın övladı olmaq da, onun keşiyində dayanmaq da ən böyük şərəfdir.