AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan dövlətinin son illərdə apardığı uğurlu xarici siyasət milli maraqların qorunması ilə yanaşı, regional və dünyəvi sabitliyin və təhlükəsizliyin də təmin edilməsinə öz töhfəsini verir. Müstəqilliyimiz yenidən bərpa edildikdən sonra dünya ölkələri və xalqları ilə sülh və firavanlıq üzərində qurulan münasibətlər böyük önəm kəsb edir ki, sarsılmaz birlik, yüksək etimad və qarşılıqlı sədaqət prinsiplərinə sadiq qalaraq, beynəlxalq əlaqələr daha da möhkəmləndirilir.
Təqdirəlayiq haldır ki, qısa zamanda dünyanın aparıcı və böyük dövlətləri arasında əməkdaşlığını gücləndirən Azərbaycan regionun əsas güc sahibi və diktə edən tərəfi olaraq tanınır. Dövlət rəhbərliyi tərəfindən aparılan uğurlu diplomatik əlaqələr beynəlxalq münasibətin mühüm parçası olaraq dünya arenalarında Azərbaycanı nüfuzlu söz sahibi edir. Əbəs yerə deyil ki, Azərbaycan dünya miqyaslı qlobal layihələrə cəlb olunmaqla yanaşı, beynəlxalq təşkilatlar tərəfindən keçirilən müxtəlif mötəbər tədbirlərə də ev sahibliyi edir. Təməli xoş mərama, qarşılıqlı etimada və sülhməramlı dəstəyə əsaslanan siyasətimizin cari dövrdə prioritet istiqamətlərindən biri də hərb sahəsində dünyanın nüfuzlu ölkələri, beynəlxalq təşkilatları ilə əməkdaşlıq və tərəfdaşlıqdır. Bir sözlə, bu gün Azərbaycan xarici münasibətlərini milli maraqlarımıza uyğun, qarşılıqlı etimad üzərində qurulmuş, dərin düşünülmüş, düzgün tənzimlənmiş, sülhə və təhlükəsizliyə istiqamətlənmiş strategiyaya uyğun qurur.
Dövlət rəhbərliyinin yürütdüyü xarici siyasət kursunun mühüm coğrafiyalarından biri də İslam ölkələri, həmçinin ərəb dövlətləridir. İslam dünyasında Azərbaycanın müstəqilliyini ilk tanıyan və dövlətimizin yüksək inkişaf tempiylə əməkdaşlıq etdiyi ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Belə ki, BƏƏ ilk İslam dövlətlərindən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini rəsmi olaraq tanımışdır. Bu gün kökü uzun illəri əhatə edən bu əməkdaşlıq artıq möhkəm dostluq münasibətinə çevrilib. Tarixə qısa nəzər salaq. Azərbaycan və BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ilin sentyabrından bəri uğurla davam etdirilir. Əlaqələr həm qarşılıqlı platformada, həm də beynəlxalq arenalarda keçirilən görüşlər çərçivəsində daha da inkişaf etməkdədir.
İki ölkə arasında əlaqələrin qurulmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rolu danılmazdır. Belə ki, məhz onun hakimiyyətə qayıdışından sonra xarici siyasət strategiyasında Azərbaycan-BƏƏ əlaqələri dünyəvi diplomatiya mühitindəki öz inkişaf tempiylə fərqlənib. Ölkəmizin müxtəlif tədbirlərdə yüksək səviyyədə iştirakı çərçivəsində siyasi dialoqlar əsnasında BƏƏ ilə də görüşlər keçirilib. Məlumat üçün qeyd edək ki, Azərbaycanın BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi də məhz BƏƏ-də olmuşdu.
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlər artıq strateji tərəfdaşlığa əsaslanır. Siyasi, hərbi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə görülən işlərə nəzər salsaq, əminliklə deyə bilərik ki, əməkdaşlığımız artan xətlə davam edir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qurulan əməkdaşlıqda hərb sahəsi istiqaməti bu gün özünün dinamik inkişaf mərhələsindədir. Son illər ərzində sürətlə inkişaf edən hərbi əməkdaşlıq dünyəvi təhlükəsizlik mühitinin mürəkkəbləşdiyi dövrdə iki ölkənin beynəlxalq sülhə və təhlükəsizliyə bir addımı olaraq qiymətləndirilir. Qarşılıqlı etimad, maraq üzərində qurulan, səmərəli təcrübə mübadiləsinə əsaslanan vacib və vahid strateji model hər iki ordunun güclənməsinə, dövrün tələbinə uyğun modernləşməsinə də öz töhfəsini verməkdədir. Azərbaycan və BƏƏ arasında qurulan uğurlu hərbi əməkdaşlıq təkcə ikitərəfli münasibətlər üçün deyil, regional və qlobal təhlükəsizliyə də öz töhfəsini verir. Belə ki, Cənubi Qafqazın aparıcı ordusuna malik Azərbaycan və Yaxın Şərqin aparıcı aktorlarından olan BƏƏ yerləşdiyi coğrafiyalarda təhlükəsizliyə və sülhə töhfə vermək üçün böyük səylə çalışır. Bu günə qədər hər iki ölkənin ordu rəhbərliyinin qarşılıqlı səfərləri onu deməyə əsas verir ki, əlaqələr hər keçən gün daha da möhkəmlənir və qarşılıqlı səmərəlilik üzərində inkişaf etdirilir. Həmçinin onu qeyd etmək yerinə düşər ki, Azərbaycan-BƏƏ arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq seçilmiş prioritet istiqamətlərdəndir. Hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan Ordusunun 8 hərbi qulluqçusu Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində yerləşən BƏƏ Universitetində ərəb dili kursunda iştirak edib, kursu müvəffəqiyyətlə başa vuraraq ordu sıralarımıza qayıdıb. Son illərdə iki ölkə arasında hərbi sahədə qurulan əlaqələr özünün dinamik inkişaf fazasına keçib. Ötən ilin oktyabrında Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-mayor Rəşid Məhəmməd Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
HHQ-nin Mərkəzi Komanda Məntəqəsində təşkil edilən rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və BƏƏ HHQ komandanları arasında görüş keçirilib. Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı həyata keçirilən tədbirlərə dair geniş fikir mübadiləsi aparıb, yeni perspektivlər, həmçinin maraq doğuran digər məsələləri müzakirə ediblər.
Cari ilin yanvar ayında Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclası keçirilib. İclasda hər iki ölkənin müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Yekunda "Azərbaycan Respublikası və BƏƏ-nin Müdafiə nazirlikləri arasında keçirilmiş Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclasının Protokolu" imzalanıb.
Görülən işlər hər iki ordunun peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, müasir döyüş üsul və vasitələrinin, habelə taktikalarının mənimsənilməsinə mühüm töhfə verir. Adıçəkilən sahədə son dövrlərdə əhəmiyyətli inkişaf mövcuddur və bu hərb sahəsinin bir neçə istiqaməti üzrə artan xətlə davam etməkdədir. Tərəflər arasında perspektivdə müxtəlif ixtisaslı hərbi qulluqçuların hazırlanması, müxtəlif təlim proqramlarının işlənməsi hərb sahəsində planlaşdırılan fəaliyyətlərin bir hissəsidir. Təkcə yarımildən az müddət ərzində iki ölkənin orduları arasında keçirilən "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi, "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimi hərb sahəsində aparılan qarşılıqlı təcrübə mübadiləsi məqsədli fəaliyyətlərdəndir.
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimi öz mötəbərliyi və gözəlliyi ilə yadda qaldı. Fevralın 2-3 tarixlərində keçirilən və iki ölkənin hərbi qulluqçularının iştirak etdiyi təlimin məqsədləri iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatı üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etmək idi. Bundan savayı ordular arasında operativliyin, qarşılıqlı uzlaşmanın təmin olunması və modern dövrün üsul və vasitələrinin öyrənilməsinə yönəlik keçirilirdi. Məlumat üçün qeyd edək ki, taktiki təlimin üç planlama iclası təşkil olunub. İlkin və yekun planlama iclası BƏƏ-də, əsas planlama iclası Azərbaycanda keçirilib. "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təliminin əhəmiyyətinin və vacibliyinin təsdiqi idi ki, fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən təlimi izləmək üçün gəlmişdilər. Təlimin ssenarisinə əsasən, görülən fəaliyyətlər, icra olunan tapşırıqlar yüksək səviyyəli qonaqlara təqdim olunub. Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə müxtəlif tapşırıqlar icra edilib.
Təlim çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun və BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzruinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan-BƏƏ arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə təlimlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərbi əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd olunub. Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Daha sonra Müdafiə Nazirliyinin rəhbər heyəti də "Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
"Sülh Qalxanı-2026" birgə əməliyyat-taktiki təlimi Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin dünyaya sülh mesajı idi. Azərbaycanın dost, müttəfiq, tərəfdaş ölkələrlə birgə keçirdiyi hərbi təlimlər həm regionda, həm də qlobal coğrafiyamızda sülhü təhdid edən qüvvələr üçün ciddi mesajdır. Son illərdə döyüş meydanında əsrin müharibəsini ədalət və humanizm prinsipləri gözlənilməklə qazanmış Azərbaycan bu gün istər regionda, istərsə də dünyada sülhə töhfə və dəstək verən ölkə olaraq nüfuzunu artırır. Dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlığında maraqlı olması da bunun əyani sübutudur. Azərbaycan-BƏƏ arasında təməli hələ ötən əsrin sonlarından qoyulan əlaqələr bu gün daha da möhkəmləndirilir. Çünki Azərbaycan-BƏƏ münasibətlərinin təməli iki dövlətin “Sülh Qalxanı” prinsipinə xidmət edir.
Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"