Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2026 19:50

Hərbi intizam sıradan başlayır

Şəxsi heyətin mükəmməl şəkildə sıra hazırlığını mənimsəməsi vacib şərtdir. Çünki hərbi intizam sıradan başlayır. Əsgər hərbi xidmətə yeni başlayanda sıra hazırlığını nizamnaməyə uyğun nəzəri bilikləri öyrənir və öyrəndiklərini təcrübədə tətbiq edir. Üzərində qürurlu addımlarla addımladığı əsgərin torpağa bağlılığı yurduna, elinə, obasına sevgisindən güc alır. Beləlilkə, hər bir  əsgər sırada   mətin addımlarla irəlilədikcə döyüş və mənəvi-psixoloji hazırlıqlarını  yüksək səviyyəyə çatdırır. 
Sıra Nizamnaməsi hərbi qulluqçuların silahsız və silahla sıra hərəkətləri və yerişini, bölmə və hissələrin piyada və nəqliyyat vasitələrində sıralarını, əsgəri salamlaşma qaydalarını, sıra baxışının keçirilməsini, hərbi hissənin Döyüş Bayrağının sırada vəziyyətini, onun çıxarılmasını və qaytarılmasını, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbləri, habelə yerdəyişmə qaydalarını müəyyənləşdirir. 
"N" hərbi hissəsində şəxsi heyətin mətin və  əzmli addım səsləri ətrafı bürüyüb. Onlar növbəti sıra hazırlığına aid dərsin çalışmasını aparırlar. Sıra hazırlığının fənn və üsullarını, nəzəri-praktiki elementlərini hərəkətlərində yerinə yetirirlər. Hərbi qulluqçular keçirilən dərsin şərtlərini  qaydalara uyğun  öyrəniblər. Verilən komandaların çevik şəkildə yerinə yetirilməsi bunu bir daha təsdiqləyir. Nizamlı şəkildə sağa-sola, geriyə dönmə hərəkətləri təcrübədə tətbiq olunur. Hazırlıqlı, vətənsevər Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini Zəfərlə sonlandırdı. 30 ilə yaxın müddətdə erməni hərbi birləşmələrinin işğalında qalmış tarixi torpaqlarımız azad olundu, respublikamızın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. 
Apardığımız müşahidələr bir daha onu təsdiqlədi ki, hərbi qulluqçularımız bütün hazırlıqlarını, o cümlədən də sıra hazırlığını müxtəlif mövzuları əhatə edən dərslərini  çox səmərəli keçirirlər. Əyani vəsaitlərdən, tədris imkanlarından yetərincə bəhrələnirlər.  Dərslərdə sıra hazırlığı ilə bağlı bütün mövzuları incəliklərinə qədər hərtərəfli öyrənirlər. Buradan da aydın olur ki, əsas məqsəd şəxsi heyətdə döyüş vərdişlərini aşılamaq və mənəvi-psixoloji ruh yüksəkliyini artırmaqdır. Sıradan başlanan hərbi intizam əsgərin xidmət dövründə qazandığı ən böyük  uğurudur. 
Öyrənirik ki, hər dəfə sıra hazırlığına başlamazdan əvvəl vaxtilə ordu sıralarında mətin addımlarla irəliləmiş, Azərbaycanımızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqidəlik sükutla yad olunur. Hər dəfə bir  qəhrəman şəhidimizin keçdiyi şanlı döyüş yolu haqqında qısa məlumat verilir. Şəxsi heyətə bu gün qürurla dayandıqları sıranın müqəddəsliyi aşılanır. 
Taqım komandiri leytenant Həsən Əlizadə bildirdi ki, hazırda izlədiyimiz  dərsin  mövzusu "Silahla sıra üsulları və hərəkətlər. Silahla sıra duruşu" adlanır: "Silahla sıra duruşu silahsız sıra duruşu ilə eynidir. Silahla duruşda avtomatın "qayışda" vəziyyətində lüləsinin ağzı yuxarı, qatlanan qundaqlı avtomatın lüləsi aşağı vəziyyətdə saxlanılır, sol əlin barmaqları bitişik vəziyyətdə  və orta barmaq şalvarın tikişi üzərinə qoyulur, əlin ovucu tam ayağa yapışdırılır". 
Taqım komandiri mövzuya uyğun digər elementlər barədə də bilgiləri şəxsi heyətin diqqətinə çatdırdı. Şəxsi heyət də verilən tapşırıqları, qaydalara uyğun elementləri dərindən mənimsəyərək, təcrübədə tətbiqini mükəmməl şəkildə bacardı. 
Müşahidələrimiz deyilənləri, doğrudan da, təsdiqlədi. Sırada dayanan hərbi qulluqçular verilən tapşırıqların öhdəsindən bacarıqla gəldilər. 
Sıra hazırlığında fərqlənənlər  - Bilal Abdullayev, Elvin İsmixanov, Xalid Məlikov və başqaları ilə söhbətimiz zamanı əmin olduq ki, onların hər biri Vətənimizin keşiyində ayıq-sayıq dayanan, mətin  addımlarla irəliləyən qüdrətli Azərbaycan Ordusunun çevik hərbi qulluqçularıdır. 
   
Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"