Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2026 19:44

Adları Vətən səmasında əbədi ucalan qəhrəmanlar

Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları olan şəhidlərimiz Vətən səmasında yazılan şücaət dastanının ən uca səhifələridir. Onlar torpağımızı yalnız yerdə deyil, göydə də qorumağın məsuliyyətini çiyinlərində daşıyaraq son nəfəslərinədək andlarına sadiq qaldılar. Səmanın dərinliyində Vətənin keşiyini çəkən igidlər yalnız hərbi vəzifəni deyil, xalqın etibarını da şərəflə daşıdılar. Onların qalxdığı hər uçuş, icra etdiyi hər manevr millətimizin, torpağımızın təhlükəsizliyi naminə idi. Polad qanadların arxasında döyünən ürəklərin Vətən sevgisi səmanın sonsuzluğunda əbədiyyətə qovuşdu. Bu igidlər həyatlarıını göylərdə şərəflə tamamlayaraq adlarını ordumuzun şanlı tarixinə qızıl hərflərlə yazdılar. 


"Azərbaycan Ordusu"



Polkovnik Zaur Nudirəliyev

1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1985-1992-ci illərdə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbdə təhsil alıb. 1992-ci ildə yüksək nəticələrlə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 1995-2000-ci illərdə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbində "Təyyarəçi" ixtisası üzrə təhsilini davam etdirib.
2000-2020-ci illərdə "N" hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət edib.
2011-ci il noyabrın 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində alman dilinin öyrənilməsi məqsədilə General-Admirallar üçün Hərbi Liseydə təhsil alıb. 
Xidməti müddətində müdafiə naziri tərəfindən müxtəlif medallara layiq görülüb.
İkinci Qarabağ müharibəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən verilən  "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı ilə nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra edib, həmçinin "Su-25" hücum təyyarəsindən lazer güdümlü bombaların birinci atışını reallaşdırıb.
Oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın şanlı hərb tarixində "Atəş ramı" edən birinci pilotdur.
2020-ci il noyabrın 2-də II Fəxri xiyabanda (indiki Hərbi Memorial Məzarlıq) dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən, Zaur Nudirəliyev ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Polkovnik-leytenant Fəxrəddin Əsgərov 

1974-cü il iyunun 29-da Qazax rayonunda dünyaya göz açıb. O, orta təhsilini Qazax rayonunun 2 saylı orta məktəbində alıb. Orta məktəbdə oxuyarkən könüllü olaraq Birinci Qarabağ döyüşlərində Qazax rayonunun təmasda olan kəndləri istiqamətində iştirak edib.
1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstituta) daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik Məktəbinə (Hava Harp Okulu) göndərilib. Burada oxuduğu müddətdə də həm savadı, çalışqanlığı, həm də nəzakətli davranışı ilə bütün komandanlığın, kursant yoldaşlarının hörmətini və sevgisini qazanıb. 
1996-cı ildə Ali Hərbi Təyyarəçilik Məktəbini fərqlənmə ilə bitirib.
1996-2008-ci illərdə "N" hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət edib. Xidmət müddətində keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərib, Azərbaycan Bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olub. 
 "Hərbi xidmətlərə görə", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı və "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif olunub.
Təyyarəçilik məktəbində kompüter mühəndisliyi bölümündə təhsil alıb. Xidmət etdiyi dövrdə Li-39, Su-17, Su-25, MİQ-29 tipli döyüş təyyarələrinin sirlərini qısa zamanda öyrənərək ölkəmizin gənc hərbi təyyarəçilərinin yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak edib.
Polkovnik-leytenant Fəxrəddin Əsgərov 29 yanvar 2008-ci il tarixdə döyüş hazırlığı planına əsasən MİQ-29 təyyarəsi ilə təlim uçuşu zamanı baş verən texniki nasazlıq səbəbi ilə Xızı rayonu Şurabad kəndinin yaxınlığında qəzaya uğrayıb. Təyyarə Xəzər dənizinə düşüb. Şəhidimizin nəşi uzun sürən axtarışlara baxmayaraq tapılmayıb.
16 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Fəxrəddin Əsgərova şəhidlik statusu verilib.

Polkovnik-leytenant Famil Məmmədli

15 oktyabr 1974-cü ildə Ağsu rayonunun Abbasxanlı kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirərək Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstituta) qəbul olub və həmin il müsabiqə yolu ilə seçilərək İstanbul Hava Harp Okuluna təhsil almağa göndərilib. 1996-cı ildə məktəbi bitirəndən sonra Azərbaycan Hərbi Hava Qüvvələrində xidmətə başlayıb.
3 mart 2010-cu ildə Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi ilə hərbi döyüş təlimi zamanı təyyarədə nasazlıq baş verib. Təyyarənin Tovuz rayonunun Aşağı Ayıblı kəndinin üzərinə düşmə təhlükəsinin olduğunu görən pilot, onu bir qədər kənara yönəltməyi bacarıb. Yüzlərlə insanın taleyini düşünərək öz həyatı bahasına bir kəndi və onun camaatını faciədən xilas edib və şəhid olub.
2010-cu il martın 4-də II Fəxri xiyabanda (indiki Hərbi Memorial Məzarlıq) dəfn edilib.

Polkovnik-leytenant Rəşad Atakişiyev

1985-ci il yanvarın 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. İlk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb.  2002-2006-cı illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin "Uçuş mühəndisi" ixtisasına yiyələnərək oranı yüksək nəticələrlə başa vurub. 
2006-2019-cu illərdə "N" hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət edib. Aprel döyüşlərinin fəal iştirakçısı olub.
Təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələrək 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan "Şahinlər" filmində iştirak edib, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən bacarıqla gəlib. Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda səmada bacarıqlarını nümayiş etdirib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.
2019-cu il iyulun 24-ü Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi Xəzər dənizi üzərində qəzaya uğrayıb. Avqustun 21-də Rəşad Atakişiyevin nəşi II Fəxri xiyabanda (indiki Hərbi Memorial Məzarlıq) dəfn olunub.
2021-ci il mayın 7-də polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

Polkovnik-leytenant Ramiz Qasımov

1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub. 1981-1992-ci illərdə Beyləqan şəhərində 4 nömrəli tam orta məktəbində, 1992-1997-ci illərdə Uçuş Hazırlığı Təlim Mərkəzində təyyarəçi ixtisası üzrə təhsil alıb. 1997-2020-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət edib. Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan bütün tip helikopterlərlə uçuşlar edib.
2016-cı ilin Aprel və 2020-ci il iyulun 12-də Tovuz rayonu ərazisində baş verən döyüşlərdə iştirak edib. 
27 sentyabr 2020-ci il tarixdə Talış-Madagiz istiqamətində döyüş tapşırığını icra edərək düşmən hədəflərini məhv etdikdən sonra aviabazaya geri qayıdan zaman içində özündən başqa 2 nəfər heyət üzvünün olduğu Mİ-17-1V tipli vertolyotla Tərtər rayonu istiqamətində düşmən tərəfinin hədəfi olub. Dərhal heyət üzvlərinə bortu tərk etmək əmri verən Ramiz Qasımov özü sürətlə hündürlüyü itirən helikopteri Tərtər rayonu ərazisində yaşayış məntəqələrinin üzərinə düşməməsi üçün böyük şücaət göstərib. Nəticədə helikopter boş sahəyə düşüb. 25 gün müddətində komada qaldıqdan sonra 2020-ci il oktyabrın 22-də hərbi hospitalda vəfat edib. Bir gün sonra II Fəxri xiyabanda (indiki Hərbi Memorial Məzarlıq) dəfn olunub. 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması uğrunda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunələrinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən, Ramiz Qasımova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mayor Təbriz Musazadə 

12 avqust 1981-ci ildə Gürcüstanın Dmanisi (Başkeçid) rayonunda anadan olub. 1999-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə Uçuş Texniki Hazırlığın Təlim Mərkəzini, 2011-ci ildə Türkiyə Respublikasında Uçuş Təhlükəsizliyi kursunu bitirib.
24 iyun 2004-cü ildən etibarən Hərbi Hava Qüvvələrində xidmət edib.
Xidmət müddəti ərzində Azərbaycan Respublikası Prezidenti adından və müdafiə nazirinin əmri ilə 4 döyüş medalı ilə təltif edilib. Mayor rütbəsinədək yüksələn hərbçimiz 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2 aprel 2016-cı il tarixdə Füzuli rayonu Horadiz qəsəbəsi istiqamətində döyüş tapşırığı yerinə yetirərkən idarə etdiyi Mi-24 tipli helikopterinin düşmən tərəfindən vurulması nəticəsində həlak olub. Şəhidimizin nəşi yalnız aprelin 10-da neytral ərazidən götürülüb. Aprelin 11-də II Fəxri xiyabanda (indiki Hərbi Memorial Məzarlıq) dəfn olunub. Dəfn mərasimində müdafiə naziri, eləcə də digər dövlət qurumları və güc strukturlarının rəsmiləri iştirak ediblər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı ilin aprelində qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Mayor Urfan Vəlizadə

1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. O, 1995-ci ildə orta məktəbi bitirdikdən sonra Türkiyədə Hava Hərbi Məktəbinə daxil olub.  2000-ci ildə təhsilini başa vurub. 2001-ci ildə Vətənə qayıdıb. 2005-ci ilə qədər “N” hərbi hissəsində ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib.
2005-2016-cı illərdə Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət edib.
2016-cı ilin aprelində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 2 aprel 2016-cı il tarixdə Füzuli rayonu Horadiz qəsəbəsi istiqamətində döyüş tapşırığı yerinə yetirərkən idarə etdiyi Mi-24 tipli helikopterinin düşmən tərəfindən vurulması nəticəsində həlak olub. Şəhidimizin nəşi yalnız aprelin 10-da neytral ərazidən götürülüb. Aprelin 11-də II Fəxri xiyabanda (indiki Hərbi Memorial Məzarlıq) dəfn olunub. Dəfn mərasimdə müdafiə naziri, eləcə də digər dövlət qurumları və güc strukturlarının rəsmiləri iştirak ediblər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Urfan Vəlizadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Kapitan Əfqan Aslanov

1973-cü il iyulun 27-də Suraxanıda anadan olub. 1990-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 1994-cü ildə Uçuş Hazırlığı Təlim Mərkəzinə daxil olub, “Təyyarəçi” ixtisası üzrə təhsil alıb.
 1997-2008-ci illərdə Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət edib.
29 yanvar 2008-ci ildə MİQ-29 təyyarəsi ilə təlim-uçuşu zamanı Xızı rayonu Şurabad kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarə Xəzər dənizinə düşüb və kapitan Əfqan Aslanov şəhid olub. Uzun sürən axtarışlar nəticəsində onun nəşi yalnız 25 fevral 2008-ci il tarixdə tapılaraq II Fəxri xiyabanda (indiki Hərbi Memorial Məzarlıq) dəfn olunub.

Kapitan Yaşar Əhmədov

1970-ci il noyabrın 11-də Qazax rayonunun Aslanbəyli kəndində  anadan olub. 1977-1987-ci illərdə Aslanbəyli kənd tam orta məktəbində təhsil alıb. 1988-1990-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 1992-ci ilin avqustunda qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikası Kremençuq Uçuş Məktəbinə daxil olub. Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında olan müqavilə əsasında təhsil alıb. Milli Aviasiya Akademiyası yarandıqdan sonra 1994-cü ilin mayında təhsilini Milli Aviasiya Akademiyasında davam etdirib.
Ali təhsil aldığı illərdə Ukraynada və Azərbaycanda praktiki uçuşlar yerinə yetirib. Mi-2 və Mi-8 tipli helikopter pilotu kimi sertifikat alıb. 1996-cı ilin dekabrında Milli Aviasiya Akademiyasını müvəffəqiyyətlə bitirib və akademiyanın ilk məzunlarındandır. 1998-ci ildə Hərbi Hava Qüvvələrində pilot çatışmazlığı olduğuna görə könüllü olaraq hərbi təyyarəçi kimi xidmətə başlayıb.
1998-2013-cü illərdə Hərbi Hava Qüvvələrinin  "N" hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət edib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin 1-ci dərəcəli təlimatçı-pilotu olub.
11 fevral 2013-cü il tarixdə Qala-Kürdəmir istiqamətində uçuş həyata keçirən zaman Binə Ticarət Mərkəzinin üzərindən yaranmış nasazlıq səbəbi ilə idarə etdiyi helikopteri Xəzər dənizi istiqamətinə yönləndirərək baş verə biləcək çoxsaylı insan təlafatının qarşısını alıb. Qaradağ rayonu ərazisində "Şıx" çimərliyi üzərində helikopter qəzası nəticəsində həlak olub. 
2013-cü il fevralın 13-də Qazax rayonunun Aslanbəyli kənd qəbiristanlığında dəfn edilib.

Baş leytenant Əbu Bəkir İsmayılov

1990-cı il fevralın 10-da Kürdəmir rayonunuda anadan olub. 2005-2008-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsilini davam etdirib. 
2012-2016-cı illərdə Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində xidmət edib.
Baş leytenant Əbu Bəkir İsmayılov 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə iştirak edib. 2 aprel 2016-cı il tarixdə Füzuli rayonu Horadiz qəsəbəsi istiqamətində döyüş tapşırığı yerinə yetirərkən idarə etdiyi Mi-24 tipli helikopterinin düşmən tərəfindən vurulması nəticəsində həlak olub. Şəhidimizin nəşi yalnız aprelin 10-da neytral ərazidən götürülüb. Aprelin 11-də II Fəxri xiyabanda (indiki Hərbi Memorial Məzarlıq) dəfn olunub. Dəfn mərasimdə müdafiə naziri, eləcə də digər dövlət qurumları və güc strukturlarının rəsmiləri iştirak ediblər.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Baş leytenant Rüstəm Rüstəmov

1979-cu ildə anadan olub. Cəlilabad şəhərində 8 saylı orta məktəbi bitirdikdən sonra Uçuş Hazırlığı Təlim Mərkəzini bitirib. 
11 fevral 2013-cü il tarixdə Qala-Kürdəmir istiqamətində uçuş həyata keçirən zaman Binə Ticarət Mərkəzinin üzərindən yaranmış nasazlıq səbəbi ilə idarə etdiyi helikopteri Xəzər dənizi istiqamətinə yönləndirərək baş verə biləcək çoxsaylı insan təlafatının qarşısını alıb. Qaradağ rayonu ərazisində "Şıx" çimərliyi üzərində helikopter qəzası nəticəsində həlak olub.
2013-cü il fevralın 12-də Cəlilabad rayon qəbiristanlığında dəfn olunub.

Leytenant Bəhruz Zeynalov

9 may 1989-cu ildə Ağdam şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri Nizami rayonu 272 saylı orta məktəbin birinci sinfinə gedib. 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub. 2009-cu ildə təyyarəçilik məktəbində təhsil alan zaman paraşüt tullanışlarında iştirak edib, müvəffəqiyyətlər qazanıb. 2010-cu ildə L-39 Təlim-döyüş təyyarəsində uçuşlar yerinə yetirərək, “Təyyarəçilərin uçuş hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirib. 2011-ci il iyunun 26-da Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Hava gəmilərinin uçuş istismarı" ixtisası üzrə bitirib, “leytenant” hərbi rütbəsi alaraq Hərbi Hava Qüvvələrinin helikopter bazasında pilot kimi xidmətə başlayıb. Xidmət dövründə qarşıya qoyulmuş bütün uçuş tapşırıqlarını peşəkarlıqla yerinə yetirərək, qısa bir zamanda yüksək uçuş qabiliyyətinə yiyələnib. 11 fevral 2013-cü il tarixdə Qala-Kürdəmir istiqamətində uçuş həyata keçirən zaman Binə Ticarət Mərkəzinin üzərindən yaranmış nasazlıq səbəbi ilə idarə etdiyi helikopteri Xəzər dənizi istiqamətinə yönləndirərək baş verə biləcək çoxsaylı insan təlafatının qarşısını alıb. Qaradağ rayonu ərazisində "Şıx" çimərliyi üzərində helikopter qəzası nəticəsində həlak olub.
2013-cü il fevralın 12-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbə qəbiristanlığında dəfn edilib.

Gizir Ağasadıq Aslanov

1991-ci il martın 1-də Neftçala rayonunun Kürqarabucaq kəndində anadan olub. Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbini bitirib.
2009-cu il oktyabrın 1-də indiki Neftçala rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsindən hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun giziri Ağasadıq Aslanov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Şuşa döyüşləri zamanı igidlik nümunələri göstərərək şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 8-də  Neftçala rayonu Kürqarabucaq kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Ağasadıq Aslanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Əsgər Ağacan Cəbrayılov

2002-ci il mayın 20-də Şamaxıda anadan olub. 
Şamaxı rayon Regional Kollecində oxuyub, sonra təhsilini yarıda qoyaraq müddətli həqiqi hərbi xidmətə yollanıb. 
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib.
Ağacan Cəbrayılov noyabrın 10-da şəhid olub. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Ağacan Cəbrayılov ölümündən sonra "Hərbi xidmətlərə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
2020-ci il noyabrın 23-də Şamaxı rayon Şəhidlər xiyabanında dəfn edilib.


Şəhidlərimizin qanadları artıq səmanı yarıb keçmir, amma adları Vətən göylərində əbədi ucalıq kimi qalır. Polad iradələri və sarsılmaz Vətən sevgiləri hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Şəhadətləri ilə zirvəyə yüksələn bu igidlər ordumuzun şərəf salnaməsində silinməz izlər qoydular. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi  yaşayır və yaşayacaq. Ucalıqdan ucalığa uzanan səmamızın keşikçilərinin hər biri xalqımızın yüksək etimadını qazanıb. Səmanı da Vətənimiz kimi sevən şəhidlərimizin bu günki ünvanı əbədiyyətdir.