AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın ordu sistemində mühüm yer tutan Hərbi Hava Qüvvələri (HHQ) ölkənin hava məkanının etibarlı qorunmasını təmin edən əsas hərbi strukturlardan biridir. Müasir dövrdə HHQ yalnız müdafiə funksiyası ilə kifayətlənmir, həm də strateji əməliyyatların planlaşdırılması və icrasında, hava üstünlüyünün təmin olunmasında və digər qoşun növlərinin fəaliyyətinin dəstəklənməsində xüsusi rol oynayır. Aviasiya bölmələri, hava hücumundan müdafiə vasitələri, radiolokasiya sistemləri və yüksək hazırlıqlı şəxsi heyət bu qüvvələrin əsas dayaqlarını təşkil edir.
Azərbaycan Hərbi Hava Qüvvələri ayrıca hərbi qurum kimi 14 fevral 1992-ci ildə təsis olunub və həmin tarix ölkəmizdə rəsmi olaraq “Hərbi Hava Qüvvələri Günü” kimi qeyd edilir. Bu addım müstəqil dövlətimizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan mühüm strateji addımlardan biri idi.
Azərbaycan aviasiya ənənələrinin tarixi isə daha qədimdir. Ölkəmizin ilk hərbi pilotu hesab edilən Fərrux ağa Qayıbov Birinci Dünya müharibəsində hava əməliyyatlarında iştirak edərək igidlik nümunəsi göstərmişdir. Bu fakt Azərbaycan xalqının aviasiya sahəsində peşəkar kadrlar yetişdirmək potensialının hələ ötən əsrin əvvəllərində formalaşdığını göstərir.
Yenidən bərpa edilmiş müstəqilliyimizin ilk illərində HHQ ciddi çətinliklərlə üzləşmişdi. Maddi-texniki baza məhdud idi, kadr çatışmazlığı hiss olunurdu. Lakin qısa müddətdə görülən tədbirlər nəticəsində Sovet dövründən qalan infrastruktur bərpa edildi, yeni pilotlar hazırlandı və hava qüvvələrinin döyüş hazırlığı mərhələli şəkildə artırıldı.
Birinci Qarabağ müharibəsi HHQ üçün mühüm sınaq oldu. Hərbi pilotlar müxtəlif istiqamətlərdə döyüş tapşırıqlarını yerinə yetirərək quru qoşunlarına hava dəstəyi göstərdilər və düşmənin mövqelərinə zərbələr endirdilər. Bu dövr Azərbaycan hərbi aviasiyasının formalaşma mərhələsi kimi tarixə düşdü.
1994-cü ildə atəşkəs əldə olunduqdan sonra Azərbaycan Ordusunda genişmiqyaslı islahatlara başlanıldı və hava qüvvələrinin modernləşdirilməsi prioritet istiqamətlərdən birinə çevrildi. Yeni texnologiyaların tətbiqi, silah-texnikanın yenilənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi HHQ-nin imkanlarını əhəmiyyətli dərəcədə artırdı.
2016-cı ilin Aprel döyüşləri bu modernləşmənin nəticələrini açıq şəkildə nümayiş etdirdi. Müasir texnologiyalar, xüsusilə pilotsuz uçuş aparatları əməliyyat şəraitində effektivliyini göstərdi və hava komponentinin döyüşlərdə nə qədər vacib olduğunu bir daha təsdiqlədi.
2020-ci ildə baş vermiş Vətən müharibəsi isə HHQ-nin inkişafında yeni mərhələ oldu. Hava məkanına nəzarətin gücləndirilməsi, düşmənin hava hücumundan müdafiə vasitələrinin zərərsizləşdirilməsi və yüksək dəqiqlikli zərbələrin endirilməsi əməliyyatların ümumi uğuruna mühüm töhfə verdi. Pilotsuz uçuş aparatlarının geniş tətbiqi müasir müharibə taktikasında texnoloji üstünlüyün həlledici rolunu göstərdi.
Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri regionun texnoloji baxımdan inkişaf etmiş hava güclərindən biri hesab olunur. Pilotlar ölkə daxilində hazırlıq keçməklə yanaşı, müxtəlif xarici dövlətlərdə ixtisasartırma kurslarında iştirak edir, beynəlxalq təlimlərdə təcrübələrini artırırlar. Birgə təlimlər döyüş koordinasiyasını gücləndirir və real əməliyyat şəraitinə maksimum yaxın hazırlıq imkanı yaradır.
Son illərdə silahlanmaya qəbul edilən yeni texnika və aviasiya vasitələri HHQ-nin imkanlarını daha da genişləndirib. Bu yenilənmə yalnız mövcud təhlükələrə cavab vermək deyil, həm də gələcək çağırışlara hazır olmaq məqsədi daşıyır.
Hərbi Hava Qüvvələrinin əsas gücü isə şübhəsiz ki, onun şəxsi heyətidir. Peşəkar pilotlar, mühəndislər və texniki mütəxəssislər daim döyüş hazırlığını qoruyur, verilən tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirirlər. Azərbaycan səmasının etibarlı müdafiəsi onların fədakar xidmətinin nəticəsidir.
14 Fevral - Hərbi Hava Qüvvələri Günü münasibətilə bu şərəfli missiyanı yerinə yetirən bütün hərbi qulluqçuları təbrik edir, Azərbaycanın toxunulmazlığının təmin olunmasına və dövlətimizin müdafiə gücünün daha da möhkəmlənməsinə naminə şərəfli xidmətlərində uğurlar arzulayırıq.
Əli ABIYEV
"Azərbaycan Ordusu"