AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Həyatın önəmli peşələrindən biri də sürücülükdür. Avtomobilsiz insan həyatını bu gün təsəvvür etmək mümkün deyil. Hər gün milyonlarla insan avtomobil xidmətindən istifadə edir. Hərbçilərin də avtomobillərdən daha çox istifadə etdiyinin şahidi oluruq. Belə ki, şəxsi heyətin daşınmasında, ərzaq, əşya, döyüş sursatları və digər təminatların çatdırılmasında minik və yük avtomobillərinin xidməti gündəlik həyat fəaliyyətinə çevrilib. Sistem elə qurulub ki, bir gün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulsa, sanki həyat dayanır.
Avtomobilləri idarə edənlər sürücülərdir. Onlar bunun üçün xüsusi kurs keçirlər, maneələrlə təchiz olunmuş xüsusi zolaqlarda sürücülük vərdişlərini necə mənimsədikləri barədə təcrübəli müəllimlər tərəfindən imtahan edilirlər.
Həm nəzəri, həm də praktiki imtahandan keçən şəxslərə sürücülük vəsiqələri verilir. Hərbi xidmətdə bu sahəyə daha çox ehtiyac duyulur. Hərbi xidmətə çağırılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına (sürücü kimi qeydiyyatdan keçənlərə) xüsusi hazırlıq kursu keçirilir. Kurs müddətində sürücülər həm nəzəri, həm də praktiki olaraq bilik və bacarıqlarını artırırlar. Amma müddətdən artıq həqiqi hərbi xidmət edən əsgərlər üçün bu cür kurslar qısa müddətə təşkil olunur. Onlar hərbi xidmətə qəbul edilərkən bilik və bacarıqları nəzərə alınır. Həmin vaxt peşəkar sürücü kimi xidmətə cəlb olunurlar.
Əsgər Elxan Ağayev də bacarıqlı sürücülərdəndir. O, iki ilə yaxındır ki, hərbi xidmətdədir. Elxan avtomobili bacarıqla idarə etməklə yanaşı, ona vaxtlı-vaxtında texniki qulluq da göstərir. Yük avtomobilini daim təmiz saxlayır. Hər dəfə çıxışdan qayıtdıqdan sonra avtomobilin texniki vəziyyətini nəzərdən keçirir. Əgər avtomobilin istənilən bir hissəsində nasazlıq aşkar edərsə, onu dərhal aradan qaldırır. Sürücü Elxan Ağayev deyir ki, o, tez-tez çıxışda olur. Şəxsi heyəti təlimə aparır, təlimdən gətirir. Müxtəlif təyinatlı çıxışlar onun üçün həm maraqlı, həm də məsuliyyətlidir. Sürücü kimi xidmətə başladığı gündən avtomobilin nasazlığına görə heç vaxt yolda qalmayıb. Bunu da avtomobilə vaxtında göstərdiyi texniki qulluqla əlaqələndirir.
"Texnika da qulluq xoşlayır. Vaxtında suyu, yağı dəyişməklə mühərrikin ömrünü uzadırsan. Maşının elektrik sistemi də qulluq tələb edir. Avtomobil çıxışa çıxmazdan əvvəl texniki nəzarət məntəqəsi rəisi tərəfindən yoxlanılır. Hələ yadıma gəlmir ki, çıxış öncəsi avtomobildə hər hansı bir nasazlıq aşkar edilsin və onu aradan qaldırıb yoluma davam edim. Çünki idarə etdiyim avtomobil həmişə işlək vəziyyətdə olub. Aşkar olunan ən xırda nöqsanı belə dərhal aradan qaldırıb parklamada saxlamışam. Bu da məndə bu peşəyə olan sonsuz sevgidən irəli gəlir".
Elxan Ağayev geyiminə görə də silahdaşları arasında nümunədir. O, həmişə hərbi geyimini təmiz və səliqəli saxlamaqla digər yoldaşlarına da örnək olur. Sürücü əsgər geyiminə fikir verdiyi kimi, təhkim olunan avtomobilə də ciddi yanaşır. Bu səbəbdən də o, həm komandirləri, həm də sürücü dostları tərəfindən sevilir.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"