Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2026 18:34

Şəhidlərimizin xatirəsinə həsr olunan anım tədbirləri keçirildi

Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış şanlı tarixdir. Bu müqəddəs savaşda torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canından keçən igid oğullarımız xalqımızın əbədi qürur mənbəyinə çevriliblər. Belə igidlərdən biri də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Elməddin Niyaməddin oğlu Qəhrəmanovdur.
Şəhid leytenant Elməddin Qəhrəmanovun doğum günü münasibətilə Kəngərli rayonunda anım tədbiri keçirildi. Kəngərli rayon Mədəniyyət evində təşkil olunan tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, aparat əməkdaşları, güc strukturlarının nümayəndələri, rayonun idarə və təşkilatlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak etdilər.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi,  Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhidin ailəsinə dərin hörmət və ehtiramını ifadə edərək bildirdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi.
Qeyd olundu ki, bu tarixi Qələbə şəhidlərimizin canı,  yaralanaraq sağlamlığını itirmiş övladlarımızın fədakarlığı, döyüşçülərimizin igidliyi və xalqımızın sarsılmaz birliyi hesabına qazanıldı.
Natiq çıxış edərkən şəhid Elməddin Qəhrəmanovun həyat və döyüş yolundan bəhs edərək onun döyüş meydanında göstərdiyi igidliyi xüsusi vurğuladı. Bildirildi ki, şəhidimiz yüksək vətənpərvərlik ruhu, qətiyyəti və mübarizliyi ilə silahdaşlarına örnək olub, son nəfəsinə qədər Vətənə sədaqət nümunəsi göstərib.
Tədbirdə çıxış edən şəhid valideynləri, veteranlar, Əlahiddə Ümumqoşun Ordunun zabitləri şəhidlərin igidliyinin gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olduğunu bildirdilər. Qeyd edildi ki, bu cür tədbirlər şəhidlərimizin əziz xatirəsinin yaşadılması, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Elməddin kimi igidlər Vətənimizin müqəddəsliyini qoruyan mənəvi dayaq, xalqımızın qürur ünvanıdır.
Tədbir çərçivəsində şagirdlər şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər. Leytenant Elməddin Qəhrəmanovun həyat və döyüş yolunu əks etdirən videoçarx qonaqlara nümayiş etdirildi.
Sonda şəhidin atası Niyaməddin Qəhrəmanov çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, dövlət qurumlarına və tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Tədbir xatirə fotolarının çəkdirilməsi ilə başa çatdı.
Qeyd edək ki, leytenant Elməddin Qəhrəmanov 2020-ci il oktyabrın 6-da Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə o, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.
28 yanvar 2001-ci il. Culfa rayonunun Xoşkeşin kəndində bir oğul dünyaya göz açır. O zaman heç kim bilmirdi ki, bu körpə bir gün adını Vətən tarixinin qəhrəmanlıq səhifələrinə yazanlardan biri olacaq. Bu gün isə biz Coşqun Orucovun mövlud gününü bir igidin ömür yoluna ehtiramla xatırlayırıq. Ailəsi ilə birlikdə Bakı şəhərinin Suraxanı rayonunda yaşayan Coşqun orta təhsilini 315 nömrəli məktəbdə alır.
Coşqunun anası Fərqanə xanımla söhbət zamanı onun məktəb illərini xatırlayarkən səsində həm sevinc, həm də kövrəklik duyulur. Şəhidin anasını dinləyərkən hiss etdim ki, oğlu haqqında hər söz onun üçün qürurvericidir. O dedi ki, Coşqun müəllimlərinin sevimlisi idi - səmimi, mehriban, nümunəvi. “Dərslərini yaxşı oxuyar, dostları arasında seçilərdi. Balaca yaşlarından idmana maraq göstərərdi. Ən böyük arzusu hərbi məktəbdə oxumaq idi. Bu arzu gerçəkləşməsə də, Vətən sevgisi onu başqa bir şərəfli yola apardı. 
Coşqunun Vətənə, bayrağa bağlılığı uşaq yaşlarından hiss olunurdu. Hərbçi olmaq istəyi də elə bu sevgidən doğmuşdu. 2019-cu ildən müddətli həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən "N" hərbi hissəsində başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmətini Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlısı olaraq davam etdirdi”.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Coşqunun həyat yolunu əbədiyyətə bağladı. O, 16 oktyabrdan etibarən kəşfiyyatçı kimi döyüşlərə qatıldı, Füzuli və Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak etdi. Coşqunun döyüş yoldaşları anası ilə söhbəti zamanı onun cəsurluğundan, qorxmazlığından və mərdliyindən danışdılar.
Şəhidin anası dedi ki, Coşqun çox zəhmətkeş, qeyrətli və məsuliyyətli idi. "Yaxşı döyüşçü olduğunu bildiyimdən nigaran qalmazdım".
Amma müharibə başlayandan sonra ana nigaranlığı üstün gəlib. Oğlunun hər zəngi bir təsəlli, hər səsi bir ümid idi. Son zəngində isə Coşqun cəmi bir cümlə deyib: "Ana, səni öpürəm. Darıxma, hər şey yaxşı olacaq".
Oktyabrın 23-də Hadrut istiqamətində gedən ağır döyüşlərdə düşmən gülləsi igid döyüşçünü şəhidlik zirvəsinə ucaltdı. Ana ilə danışarkən mən də ürəyimdə onun itkisini hiss etdim; sözsüz, amma dərin bir boşluq bütün otağı doldurmuşdu.
Fərqanə xanım bildirdi ki, o xəbəri alanda yaşadıqlarını sözlə ifadə etmək mümkün deyil. Bala itkisi ağır dərddir. Videolara baxmaq çətindir. Amma bu ağrının içində bir qürur var: "Mən balamla həmişə fəxr etmişəm". Döyüş yoldaşlarının Coşqun haqqında söylədiyi hər söz anaya təsəlli olur, onu yaşamağa ruhlandırır. Çünki Coşqun özünə həmişə şərəfli yol arzulamışdı və o yolu şəhidliklə tamamladı.
Şəhid Coşqun Orucov 26 oktyabr 2020-ci ildə uğrunda canından keçdiyi bayrağa bükülüb, Vətən torpağına tapşırılır. O, Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində dəfn edilir.
Cəsur döyüşçü Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Coşqunun doğum günündə ana ilə həmsöhbət olduğum o dəqiqələri unutmaq mümkün deyil. Bu söhbətdə bir ehtiram, qürur və sonsuz sevgini hiss etdim. Və fikirlərimi bu cümlələrlə bitirmək istədim... Şəhidimizi mövlud günündə ehtiramla anır, ailəsinə səbir diləyirik. Vətən üçün doğulanlar heç vaxt ölmürlər. 

* * *

Naxçıvan şəhərində antiterror əməliyyatı şəhidi baş leytenant İbrahim Qasımovun doğum günündə onun məzarı ziyarət olundu, üzərinə tər çiçəklər düzüldü.
Daha sonra Naxçıvan Texniki Kollecində keçirilən tədbirdə gənc yazar Əzizə Həsənovanın qələmə aldığı "Üçrəngli bayrağımın dördüncü rəngi Şəhidim" adlı kitabının təqdimatı oldu.
Tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Texniki Kollecin direktoru Asəf Ruşanov Azərbaycanın vətənpərvər övladlarının ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi qətiyyəti, fədakarlığı və şücaəti yüksək qiymətləndirərək İbrahim Qasımov kimi igidlərin həyatı və döyüş yolunun gələcək nəsillər üçün bir məktəb rolu oynadığını qeyd etdi. Natiq, həmçinin torpaqlarımızın azadlığı uğrunda gedən İkinci Qarabağ müharibəsində, "Qisas", antiterror əməliyyatı və digər əməliyyatlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi zəfərlərə qısaca nəzər salaraq, bu qələbələrdə xalq-ordu birliyinin əvəzsiz rolunu vurğuladı.
Şəhidin doğum günü münasibətilə onun ailəsinə ən səmimi hisslərini çatdıran Asəf Ruşanov onlara dərin hörmət və ehtiramını ifadə etdi. Eyni zamanda, kitabın müəllifi Əzizə Həsənovaya təşəkkürünü bildirərək belə əsərlərin təhsil ocaqlarında təqdimatının əhəmiyyətindən danışdı.
Tədbirdə şəhid ailələrindən Əbülfət Əliyev, Gürşad Sadiqova, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə Veteranları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar, eləcə də digər yazarlar, şairlər, şəhidin sinif yoldaşları, müəllimləri və Əlahiddə Ümumqoşun Ordunun zabiti çıxış etdilər. Bildirildi ki, şəhid baş leytenant İbrahim Qasımov Vətən qarşısında xidməti borcunu sona qədər layiqincə yerinə yetirib və onun adı Azərbaycan Ordusunun şərəfli tarixində fədakarlıq və sədaqət rəmzi kimi yaşayır. Çıxış edənlər qeyd etdilər ki, şəhidlərimizin keçdiyi həyat və xidmət yolu gənc nəslin milli ruhda formalaşmasında mühüm mənəvi dayaqdır.
Daha sonra kitabın müəllifi Əzizə Həsənova çıxış edərək kitabın ərsəyə gəlməsində ona dəstək olanlara, məlumatların hazırlanmasında yaxından iştirak edənlərə təşəkkürünü bildirdi, şəhidin həyat yoldaşına və anasına hədiyyələr təqdim etdi.
Sonra şəhidin atası Malikəjdər Qasımov və qardaşı Allahverdi Qasımov çıxış edərək bu əlamətdar gündə ailənin yanında olduqlarına görə bütün tədbir iştirakçılarına və kitabın müəllifinə minnətdarlıqlarını bildirdilər.
Tədbir kollec tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya və xatirə fotosunun çəkdirilməsi ilə başa çatdı.
Qeyd edək ki, Qasımov İbrahim Malikəjdər oğlu 1992-ci il yanvarın 29-da Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Əliabad şəhər orta məktəbində alıb, daha sonra Azərbaycan Kooperasiya Universitetinə qəbul olub.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan İbrahim Qasımov 44 günlük Vətən müharibəsində iştirak edib və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. O, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında uğrunda qoyulmuş tapşırıqları layiqincə yerinə yetirdiyinə görə İbrahim Qasımov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhid ailəli idi və Malik adlı bir oğul övladı Vətənə əmanət qalıb.

* * *


Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant Elçin Yalçın oğlu Əsgərovun doğum günü ruhu müqəddəs məzarı önündə dərin ehtiram və hörmətlə yad edildi.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək, şəhid leytenant Elçin Əsgərovun mənalı və şərəfli həyat yolundan, Vətənə və dövlətə sədaqətlə xidmətindən bəhs etdi. Qeyd olundu ki, Elçin Əsgərov hələ gənc yaşlarından yüksək vətənpərvərlik ruhu ilə seçilib, Hərbi Anda sadiq qalaraq, üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib. Onun döyüş meydanında göstərdiyi igidlik və şücaət silahdaşları üçün əsl nümunə olub. Vurğulandı ki, şəhidin timsalında Azərbaycan gəncliyinin Vətənə bağlılığı, torpaq sevgisi və sarsılmaz döyüş ruhu bir daha öz təsdiqini tapır.
Çıxışda bildirildi ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, onların şücaəti gələcək nəsillər üçün örnək olacaq. Şəhid valideynlərinin göstərdiyi böyük fədakarlıq xüsusi qeyd olundu, onların cəmiyyət üçün ən əziz və dəyərli insanlar olduqları vurğulandı. Dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırıldı.
Həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən bəhs edilərək bildirildi ki, bu zəfər Azərbaycan Ordusunun qüdrətini, xalq-ordu birliyini və şəhidlərimizin qanı bahasına əldə olunan böyük Qələbənin əhəmiyyətini bütün dünyaya nümayiş etdirib.
Anım mərasiminin sonunda şəhidin məzarı önünə tər qərənfillər düzüldü. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatdı.
Qeyd edək ki, şəhid leytenant Elçin Əsgərovun anadan olmasının 29-cü ildönümüdür. O, 1997-ci il fevralın 3-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya göz açıb. Elçin qısa, lakin mənalı ömrünə böyük bir Vətən sevgisi sığdırıb. O, adi bir ömür yaşamadı - xalqının taleyində iz qoyan, torpaq uğrunda savaşda yazılan bir ömür yaşadı.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan gün cəsur zabit əmrə uyğun olaraq ön cəbhəyə yollanıb. Cəbrayıl və Füzuli istiqamətlərində gedən ağır və qanlı döyüşlərdə Azərbaycan əsgərinin iradəsini, Azərbaycan zabitinin cəsarətini döyüş meydanında nümayiş etdirib. Elçin Əsgərov 2020-ci il oktyabrın 25-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə Vətən yolunda canından keçərək şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Elçin Əsgərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Onun ən böyük mükafatı isə xalqının qəlbində yaşaması, azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağımızdır.

Bəxtiyar ƏLİYEV “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi