Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2026 18:34

Azərbaycan Ordusunun “Azərbaycan Ordusu” - 34 il

Dürüst sözün işığı görünmür, duyulur, hiss edilir. Sözdən güc alanlar da var, sözün gücünü alanlar da. Sözün tozunu silənlər də var, sözü tozda boğanlar da. Sözü nərdivan eləyənlər də var, sözə nərdivan olanlar da. Sözün qədrini bilənlər də var, sözə qədər olanlar da. Doğru sözü günüləyən də var, küt sözüylə doğru sözü künd eləyən də. Doğru sözü bölənlər də var, ayə bilənlər də. Həsən bəy Zərdabini xatırlayıram: "...Bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz...". "Azərbaycan Ordusu" qəzetinin işığı 34 ildi işıqlar içində səmimiliklə seçilir. Oxucusuyla 3012 dəfə görüşüb, hər görüşündə sözü minlərlə söz həvəslisinin sözünə söykək olub, sözü dinlənilib.
İlk sayı Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr şöbəsinin nəzdində 1992-ci il fevralın 11-də dərc edilən "Xalq Ordusu" (indiki "Azərbaycan Ordusu") qəzetinin ilk redaktoru kapitan (indi ehtiyatda olan polkovnik) Üzeyir Cəfərov olub. 34 ildir ki, Azərbaycanda ordu quruculuğunun söz cəfakeşidir. İlk saylarından Ermənistanın Azərbaycana qarşı elan etmədən başladığı işğalçılıq müharibəsi haqqında informasiyalar, zarisovkalar, məqalələr, reportajlar dərc edən "Xalq Ordusu" qəzeti ordumuzun şəxsi heyətinin hərbi vətənpərvərlik düşüncələrinin söz ortağı olub. O illərdə sərhəd rayonlarında müdafiə döyüşləri haqqında, döyüşənlər haqqında təqdim edilən məqalələr həm tarixi idi, həm də döyüşə-döyüşə formalaşan, formalaşa-formalaşa döyüşən ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının formalaşmasında mühüm, mətbu vasitə.
İlk hərbi mətbu orqan olan bu qəzetin əməkdaşları elan edilmədən başlayan müharibədə ön xətdən, Qarabağda düşmənlə döyüşən rayonlarımızdan xüsusi buraxılışlar hazırlayırdılar. Ordunun şəxsi heyəti də, döyüşlərə yaxın ərazilərdə yaşayan əhali də bu qəzeti ruhunun söz sirdaşı bilirdi. 1992-ci il fevralın 27-də Füzulinin Dördlər kəndində yaşayanların müharibə haqqında, müharibədə ordumuzun (və əhalinin!) qazanacağı qələbə haqqında dedikləri, deyilənlərin söz kimi qəzetdə ifadə edilməsi, postdan zərurətə görə kəndə gəlmiş orta yaşlı bir kişinin (az sonra bildik ki, müəllimdi) söhbət zamanı qəzetdə dərc edilənləri mənəvi silah adlandırmasını inam bilmişdik. Qəzetin növbəti sayında bu inam digər rayonların kəndlərində yaşayanların da inamı kimi təqdim edilmişdi. Qacar kəndinin müdafiəçilərinin qətiyyəti, döyüş əzmi, qələbə ruhu digər rayonların yerli müdafiə bölmələrinin  qətiyyəti, döyüş əzmi, qələbə ruhu kimi...
Müdafiə nazirinin əmri ilə iyun ayında "Xalq Ordusu" qəzetinin fəaliyyəti səbəbsiz, naməlum müddətə dayandırılanda, əməkdaşların bir qrupu Goranboy rayonuna ezam ediləndə ilk hərbi qəzet fəaliyyətini dayandırmadı, Rəşid Faxralı ilə Knyaz Aslanın təşəbbüsü, icraçılığı (müəllifliyi) ilə qəzetin A-3 formatında 20-dən çox səyyar sayı nəşr olundu. Bu, Azərbaycan mətbuatında bir ilk oldu. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsində Müdafiə Nazirliyi Mətbuat Xidmətinin, Hərbi Nəşriyyatın və "Azərbaycan Ordusu" qəzetinin əməkdaşlarının iştirakı ilə döyüşün içində, döyüşənlərin nəfəsinin əhatəsində üç istiqamətdə A-3 formatında 4 səhifə həcmində üç səyyar qəzet ("Sən qalib gələcəksən!", "Qalibiyyət döyüşü", "Qələbə uğrunda") nəşr edildi. Hər gün. Döyüşlərin hər gününü əhatə etməklə. Bu baxımdan tarixi Zəfərin qazanılmasında "Azərbaycan Ordusu" qəzetinin də xidmətləri var. Qəzetin iki əməkdaşı - Mahmud Möhbalıyev və Ruslan Həsənzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, üç əməkdaşı - Ceyhun Cəfərli, Orxan Hüseynli və Oruc Mustafayev isə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olundular.
İstər İkinci Qarabağ müharibəsində, istərsə də antiterror əməliyyatında döyüşlərdən hazırlanan operativ informasiyalar, reportajlar müharibə tarixi kimi dəyərləndirilməlidir. Müxbir -döyüşçü ünsiyyəti dürüst sözün, dürüst operativliyin təcəssümü idi və xalq da, döyüşənlər də müharibənin tarixinin bir hissəsini "Azərbaycan Ordusu"ndan oxuyurdu, tarixən belə oxunulacaq da ("Tikdim ki, (mahiyyət baxımından: yazdım ki) izim qala" deyimi də var...)...
Müharibə müddətində "Azərbaycan Ordusu" qəzetinin bütün sayları döyüşlərə, döyüşənlərə həsr olunurdu. Bu baxımdan qəzetin özü də müharibə iştirakçısı idi. Qürurla xatırladırıq ki, "Azərbaycan Ordusu" qəzetində Füzuli işğaldan azad ediləndə "Torpağım bəsdi mənə!", Şuşa işğaldan azad ediləndə "Salam, ruhumuzun şəhəri Şuşam!" poemaları dərc olundu, qələbənin ovqatı yaşanıldığı ilk günlərdə! Yeri gəlmişkən, qəzetdə hərbi vətənpərvərlik ruhunun ifadəsi olan şeirlər də davamlı şəkildə təqdim olunur.  
Qəzetdə ordu quruculuğunun, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, Müdafiə Nazirliyinin ayrı-ayrı idarə və şöbələrinin fəaliyyəti haqqında dürüst sözə əsaslanan informativ (və publisistik) məqalələr, müsahibələr dərc edilir, ediləcək də. Bunlar da mahiyyət baxımından tarixdir; "Azərbaycan Ordusu" qəzeti Müdafiə Nazirliyinin salnaməsini də tarixləşdirir, səhifələrində bütün qoşun növlərinin fəaliyyəti, müxtəlif miqyaslı təlimlər, beynəlxalq təlimlər, ikitərəfli hərbi əməkdaşlıq və s. haqqında həm cari, həm də analitik məqalələr də müntəzəm dərc olunur.
Qəzetdə qəzetçilik baxımından gərəkli rubrikalarla təqdim edilən məqalələr bilavasitə mənəvi-psixoloji hazırlığın yüksəlişinə istiqamətləndirilir. "Nümunəvi xidmət", "Gənc zabitlərimiz", "Əsgərin tribunası", "Ordu quruculuğu", "Hərb tariximiz", "Tarix necə varsa", ... kimi rubrikalar bu qəbildəndir. Qəzetdə nümunəvi xidməti təqdir edilmiş əsgər haqqında məqalə dərc edilmişdi. Bir neçə ildən sonra onun haqqında "Gənc zabitlərimiz" rubrikası ilə məqalə hazırlandı. Əvvəlki məqalə ilə zərrəcə bağlılığı olmadan. Hərbi hissənin komandirinin təqdimatı ilə. Həmin zabit qürurla xatırlamışdı ki, "Azərbaycan Ordusu"nun etimadını da doğrultduğum üçün taleyimdən razıyam. Həmin qürurun eynini mətbu orqan olaraq "Azərbaycan Ordusu" da yaşadı...
Qəzetin əməkdaşları MDB məkanında da, xarici dövlətlərdə də iştirak etdiyi müxtəlif miqyaslı, müxtəlif təyinatlı təlimlərdən maraqlı reportajlar hazırlayırlar. Bu məqalələr təkcə xidməti mətbu hesabat kimi deyil, həm də hərbi hesabat kimi tarixləşdirilir...
"Azərbaycan Ordusu" ənənəvi jurnalistika müstəvisində yeni ənənələr yaradan, onları formalaşdıran qəzetlər sırasındadır: əsgərlər arasında birliklər üzrə inşa müsabiqəsi təşkil etmişdi, hərbi xidmətdən sonra təhsilini davam etdirməyə niyyətli olan əsgərlərin müxtəlif fənlər üzrə qəbul imtahanına hazırlaşmasında yardımçı olmaq məqsədilə test müsabiqəsi də əhəmiyyətli olmuşdu. Hər iki müsabiqənin qaliblərinə diplomlar və Həmkarlar Konfederasiyasının pul mükafatı təqdim edilmişdi. Bu təşəbbüs Mətbuat Şurasında təqdir edilmişdi.
"Azərbaycan Ordusu" qəzeti əsgərlərin dünyaduyumunun genişləndirilməsi, milli-mənəvi hazırlığının yüksəldilməsi məqsədilə hərbi hissələrdə bu və ya digər mövzuda disputlar da təşkil edir. Mahiyyəti vətənpərvərlik olan bu tədbirlər Azərbaycan əsgərinin istər dövlətçilik tariximizi, istərsə də hərb tariximizi öyrənməsində mətbu "dərslik" olur.  
"Azərbaycan Ordusu" qəzeti Azərbaycan jurnalistikasının klassik və çağdaş ənənələrini yaradıcı formatda uğurla davam etdirir. İstər Aprel döyüşləri ərəfəsində, istər İkinci Qarabağ müharibəsi ərəfəsində, istərsə də antiterror əməliyyatı ərəfəsində Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığının daha yüksək səviyyədə formalaşmasının söz cəfakeşi olan bu mətbu orqan da tarixin axarındadır. Azərbaycan Ordusunun tarixinin söz yaddaşı kimi 2016-cı ilin Aprel döyüşləri başlayanda qəzetin əməkdaşları döyüşlər gedən ərazilərə ezam edildilər. "Azərbaycan Ordusu"nda dərc edilən reportajlar həm müharibənin geniş informativ xronikasının yaradılmasında, həm də döyüşən ordunun döyüş əzminin, qələbə ruhunun yüksəldilməsində əhəmiyyətli oldu. Bu, "Azərbaycan Ordusu" üçün döyüş təcrübəsi oldu, bu təcrübə əsasında İkinci Qarabağ müharibəsində fəaliyyət daha miqyaslı, daha əhatəli, daha məzmunlu və daha elmi-hərbi səviyyəsi ilə tarixləşdi.
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü bildirən dövlət başçımız deyib ki, "Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm". Bu qürurun işığı "Azərbaycan Ordusu"na da düşür...
Azərbaycanın dövlətçilik tarixi də çox zəngindir, hərb tarixi də. İstər xanlıqlar dövründə, istər xanlıqların dağılma ərəfəsində, istərsə də cümhuriyyət dövründə Azərbaycanda hərbi ənənələrin başlıca mahiyyəti azərbaycançılıq olub, Azərbaycan dövlətçiliyinin müdafiəsi, onun yadellilərdən qorunması olub. Bu tarixi gerçəkliyə söz işığı tutan tədqiqatlar olub, o tədqiqatları da 34 ildir ki, "Azərbaycan Ordusu" ictimailəşdirir. "Hərb tariximizdən" rubrikası ilə dərc olunan məqalələr bu istiqamətdə həm mətbu, həm də mənəvi borcödəmədir.
"Azərbaycan Ordusu"nun fəaliyyəti mətbu Azərbaycanda ordu quruculuğu prosesində iştirak etməklə dövlətçiliyin əsgəri olmaqdır.
"Azərbaycan Ordusu" qəzetini ürəyinin gözü ilə oxuyanlar bir daha əmin olurlar ki, sözün işığı görünmür, duyulur, hiss edilir. Bu mətbu orqan 34 ildi müstəqil Azərbaycanda sözün işığını yaşadanların, Füzulimizin "Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz" kəlamını jurnalistikamızın mənəvi andı bilən qəzetlərin sırasındadır...
"Azərbaycan Ordusu" qəzetində dərc edilən məqalələr, reportajlar azərbaycançılığın söz (mətbu söz) ifadəsi olur. İkinci Qarabağ müharibəsinə kimi "Əsgər ürəyindən başlayır Vətən", "Səngər müvəqqəti dayanacaqdı Böyük Qələbənin yolları üstə!", "Səngərləri sərhədlərə köçürəcəyik!", ... kimi məqalələrin mahiyyəti Azərbaycan əsgərinin Hərbi Andının davamı idi. İkinci Qarabağ müharibəsinin döyüşlərinin tarixləşdirilməsində mətbu orqan olmaq baxımından bu qəzet sözü ilə dövlətə, dövlətçiliyə sədaqətin simvolu oldu. Tarixi Zəfərdən, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra "Azərbaycan Ordusu" Azərbaycan Ordusuna inamını, ehtiramını, sevgisini "Sağ ol, Azərbaycan əsgəri!" kimi  mətbu ricətlə  bildirdi...
"Azərbaycan Ordusu" mətbu sözün işığında Vətənə xidmət edənlərə əsgəri sədaqətlə xidmət edir. Mahmud Məhəmmədoğlunun "Əsgərə məktub"u Azərbaycan Ordusunun əsgərinə, deməli, Azərbaycan Ordusuna ehtiramın söz təsdiqi kimi tarixləşmişdi, zamanında qardaşı əsgər olan əsgərlər ezamiyyətə gedən əməkdaşlarımıza o məqaləni də xatırladır. 
 Xankəndidə Azərbaycan Ordusu gənclərinin forumunda yüksək rütbəli zabitlərdən biri səmimiyyətlə demişdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti "Azərbaycan Ordusu"nu öz sırasında bilir...
"Azərbaycan Ordusu" "Əkinçi" ilə başlayan mətbuatımızın müstəqillik dövründə ilk hərbi mətbu orqanıdı. Birinci Qarabağ müharibəsi başlayanda, ordumuz döyüşə-döyüşə formalaşdığı, formalaşa-formalaşa döyüşdüyü bir vaxtda yarandı - 1992-ci ilin 11 fevralında. Azərbaycançılıq ruhunun işığında Azərbaycan dövlətinin sipəri olan Azərbaycan Ordusunun söz əsgəri - "Azərbaycan Ordusu" da deyir ki, "Bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!"... 
 
Rəşid HÜSEYNOV əməkdar jurnalist