Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2026 18:34

“Avtomobilləri saz vəziyyətdə saxlamalıyıq”

Ordunun döyüş gücü yalnız silahın atəş məsafəsi və ya texnikanın gücü ilə ölçülmür. Bu gücün arxasında görünməyən, lakin həlledici bir amil dayanır - şəxsi heyətin ona etibar edilən silah və texnikaya göstərdiyi məsuliyyətli münasibət. Çünki döyüş meydanında hər saniyə, hər detal, hər mexanizm həyati əhəmiyyət daşıyır.
Azərbaycan Ordusunda bu məsuliyyət anlayışı sistemli və planlı şəkildə formalaşdırılıb. Təsdiq edilmiş illik fəaliyyətlər planına uyğun olaraq həyata keçirilən kompleks tədbirlər çərçivəsində şəxsi heyət öz ixtisasına uyğun olaraq döyüş texnikalarına, hərbi avtomobillərə və silahlara mütəmadi texniki qulluq göstərir. Bu proses təkcə texniki əməliyyatlar silsiləsi deyil, həm də peşəkarlığın, intizamın və Vətənə xidmət ruhunun təzahürüdür.
Texnikanın saz vəziyyətdə saxlanılması ordunun gündəlik döyüş hazırlığının əsas sütunlarından biridir. Hər bir boltun, hər bir mexanizmin vaxtında yoxlanılması, nasazlıqların aradan qaldırılması ordunun qarşısında duran tapşırıqların fasiləsiz və dəqiq icrasına zəmin yaradır. Bu baxımdan texniki qulluq prosesində iştirak edən hər bir hərbi qulluqçu öz işinin strateji əhəmiyyətini dərindən dərk edir.
Son illərdə ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan Ordusunun daha da gücləndirilməsi, müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində görülən işlər ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Bu inkişaf yalnız yeni texnika və silahların əldə olunması ilə deyil, mövcud imkanların düzgün qorunması və effektiv istifadəsi ilə də ölçülür.
Biz də bu sistemli və məsuliyyətli fəaliyyətin canlı şahidi olduq. "N" hərbi hissəsinin avtomobil parkında şəxsi heyətin texnikalara göstərdiyi qayğını, işə yanaşmadakı dəqiqliyi və peşəkarlığı izlədik. Burada hər bir hərbi avtomobil, hər bir döyüş vasitəsi sadəcə texnika deyil, Vətənin müdafiəsinə hazır vəziyyətdə saxlanılan etibarlı vasitə kimi qorunur. Məhz bu yanaşma Azərbaycan Ordusunun döyüş qabiliyyətinin davamlılığını və gücünü təmin edən əsas amillərdən biridir.
Avtomobil parkında gördüyümüz iş yalnız texniki proseslərin icrası deyildi - bu, döyüş təcrübəsi, məsuliyyət və peşəkarlığın vəhdəti idi. Burada hər bir mexanizmə göstərilən qayğı, əslində, döyüş meydanında qazanılmış təcrübənin sülh dövründə davam edən məsuliyyətli davamı kimi diqqət çəkirdi.
Bu proses zamanı uzun illər xidmət yolu keçmiş, döyüşlərdə iştirak etmiş hərbi qulluqçularla söhbətləşdik, onların avtomobillərə göstərdiyi texniki qulluğu yaxından izlədik.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, sürücü Rəhim Ələmşah oğlu Orucov 1994-cü il avqustun 15-də anadan olub. Artıq 12 ildir ki, hərbi xidmətini layiqincə yerinə yetirir. 2016-cı ilin Aprel döyüşlərinin, 44 günlük Vətən müharibəsinin və antiterror əməliyyatının iştirakçısı olan Rəhim Orucov əslən Şabran rayonundandır, hazırda Sumqayıt şəhərində yaşayır. O, Vətən müharibəsindəki xidmətlərinə görə, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Texniki qulluğun gedişində abtomobilin mühərrik hissəsini diqqətlə yoxlayan Rəhim Orucov bildirdi: "Döyüş vaxtı texnikanın səni yarı yolda qoymaması üçün sülh dövründə ona gözün kimi baxmalısan. Mən bu texnikaya sadəcə avtomobil kimi yox, döyüş yoldaşı kimi yanaşıram. Vaxtında edilən texniki qulluq sabah veriləcək tapşırığın problemsiz icrası deməkdir".
Avtomobil parkında söhbətləşdiyimiz digər hərbi qulluqçu sürücü Elsevər Elxan oğlu Qədirov oldu. 1985-ci il mayın 19-da anadan olan Elsevər Qədirov da 12 illik xidmət stajına malikdir. O, 44 günlük Vətən müharibəsinin və antiterror əməliyyatının iştirakçısıdır. "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Antiterror əməliyyatı zamanı yaralanmasına baxmayaraq, bu gün də xidmətini böyük məsuliyyətlə davam etdirir.
Elsevər Qədirov texniki baxış zamanı fikirlərini bizimlə də bölüşdü: "Döyüşlər zamanı texnikanın idarə edilməsində səhlənkarlığa yol vermək olmaz. Çünki bir nasazlıq təkcə sürücünün deyil, bütöv bölmənin təhlükəsizliyini risk altına qoya bilər. Biz avtomobilləri elə saz vəziyyətdə saxlamalıyıq ki, istənilən anda döyüş tapşırığını yerinə yetirməyə hazır olsun".
Bu hərbi qulluqçuların işinə baxarkən aydın hiss olunur ki, avtomobil parkı sadəcə texnikanın saxlandığı məkan deyil. Bura intizamın, döyüş xatirələrinin və gələcək məsuliyyətin bir araya gəldiyi strateji sahədir. 
Bu gün Azərbaycan Ordusunun gücü yalnız müasir silah və texnika ilə ölçülmür. Onun əsas gücü həmin texnikaya sahib çıxan, döyüşdə sınanmış, sülh dövründə isə eyni məsuliyyətlə xidmət edən peşəkar şəxsi heyətdir. Avtomobil parkında gördüyümüz mənzərə bunu bir daha təsdiqlədi: buradakı hər bir hərbi qulluqçu texnikaya qulluq etməklə, əslində, ordunun döyüş qabiliyyətinə, tapşırıqların fasiləsiz icrasına və dövlətimizin təhlükəsizliyinə xidmət edir.
Rəhim Orucov və Elsevər Qədirov kimi döyüş yolu keçmiş hərbçilərin bu gün də eyni məsuliyyətlə xidmət etməsi Azərbaycan Ordusunda varisliyin, peşəkarlığın və yüksək döyüş ruhunun göstəricisidir. Məhz bu səssiz, lakin əhəmiyyətli xidmət sahələri sayəsində ordumuz hər an verilən tapşırığa hazır, güclü və etibarlı olaraq qalır.

Eltun MƏMMƏDOV "Azərbaycan Ordusu"