Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2026 16:52

“Qüdrətli ordumuzun zabiti olmaq ikiqat qürurvericidir”

Tariximizin istənilən səhifəsinə nəzər salsaq, görərik ki, igid oğullarımızın keçdiyi şanlı qəhrəmanlıq yolu hər birimiz üçün nümunə olub. Çünki Anamız qədər sevdiyimiz Vətənimizi qorumaq müqəddəs amalımızdır. Vətənpərvər insanlar Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə və əməldə nümayiş etdirirlər. Elə vətənpərvərliyin əsas meyarı da söz ilə əməlin üst-üstə düşməsidir. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi formalaşdırır. Bu ali dəyərlər əsrlər boyu xalqımızın xarakterini formalaşdırıb, üzləşdiyi çətin və ağır sınaqlardan daim üzüağ çıxarıb. Oğul və qızlarımız tarixin bütün dönəmlərində işğalçılara qarşı mübarizə apararaq Vətənimizi düşməndən qoruyublar. Onlar bu müqəddəs amal naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstəriblər. İkinci Qarabağ müharibəsində Azərbaycanın vətənpərvər gəncləri Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək üçrəngli bayrağımızı tarixi yurd yerlərimizdə dalğalandırdılar. Bu Zəfər həm də ordumuzun, ordumuzun timsalında gənclərimizin Vətənə sonsuz sədaqətinin təntənəsi oldu.
Bu gün Azərbaycan Ordusunun sıralarında öz müqəddəs borcunu layiqincə ödəməyə çalışan vətənpərvər gənclərimiz yetərincədir. Həmin gənclərdən biri ilə "N" hərbi hissəsində tanış olduq. Qusar rayonunda dünyaya göz açan İlkin Nurmətov hələ yeniyetmə vaxtlarından hərbçi olmaq qərarına gəlib. Uşaqlıq arzularını məqsədə, məqsədini isə amalına çevirən İlkin bu yolda inamla irəliləyib. Elə bu məqsədlə də 2019-cu ildə indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olub. Hərbi institutda hərb peşəsinin incəliklərinə yiyələnərək İlkin daha sonra "Zabit ixtisas hazırlığı kursu"nda təhsilini artırıb. 
Kurs müddətində öyrədilənləri dərindən mənimsəyib, kursu ikinciliklə bitirib. İlkin gənc zabit kimi Azərbaycan Ordusunun sıralarında xidmətə başlayıb.
"Hər zaman Vətənimizin keşiyini çəkənlərin sıralarında olmaq ən böyük arzum olub. Ali hərbi təhsil aldıqdan, hərbi biliklərə yiyələndikdən sonra bu istəyimə nail oldum. Qalib ordumuzun sıralarında xidmətə başladığım gün keçirdiyim hissləri adi sözlərlə ifadə etmək mümkün deyil. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində Zəfər qazanan və gündən-günə güclənən qüdrətli ordumuzun zabiti olmaq isə ikiqat qürurvericidir".
Leytenant İlkin Nurmətov bölmədə nümunəvi xidməti ilə seçilən gənc zabitlərdəndir. "Zabit olmaq yalnız ali hərbi təhsillə olmur, gərək insanın daxilində Vətənə sədaqət, daşıdığı hərbi mundirə sevgi hissi də olsun. Tabeliyində olan şəxsi heyətin döyüş qabiliyyətini, fiziki, atəş və mənəvi-psixoloji hazırlıqlarını artırmaq üçün əlindən gələni əsirgəməməlisən. Zabit gərək tabeliyində olan şəxsi heyət üçün həm müəllim, həm də nümunə olsun".
"Bu gün hərbçi kimi üzərimizə düşən ən başlıca vəzifə qəhrəmanlarımızın qanı və canı bahasına azad etdiyimiz Vətənimizin ərazi bütövlüyünü və suverenliyini qorumaqdır. Ali hərbi təhsil müddətində öyrəndiyimiz bilikləri, eləcə də bizə təhkim olunan silah və texnikanın sirlərini tabeliyimizdə olanlara aşılayır, onların daha hazırlıqlı olması üçün əlimizdən gələni əsirgəmirik. Hərbi xidmətimizi uğurla davam etdirir, ərazi bütövlüyümüzün və suverenliyimizin əbədi olması naminə üzərimizə düşən tapşırıqları layiqincə yerinə yetirməyə çalışırıq", - leytenant İ.Nurmətov dedi.
Ordumuzun sıralarında xidmət edən belə vətənpərvər gənclər dövlətimizin bu günü və sabahıdırlar. Məhz bu cür vətənpərvər gənclərimiz Azərbaycan dövlətinin təhlükəsizliyinin, xalqımızın sabit və firavan gələcəyinin ən möhkəm təminatıdır.

Elçin İMANOV "Azərbaycan Ordusu"