Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Fevral 2026 16:52

Torpaq Mübariz İbrahimovun qanı ilə danışır...

Yağı önündə qürurla dayanıb, Vətənimizin hər qarış torpaqlarını qoruyarkən şəhidlik zirvəsinə ucalan igid qardaşlarımız barəsində hər dəfə əlimə qələmi alıb yazanda o müharibənin, odun, alovun altından çıxmış kimi sanıram özümü... Bir də hisslərim məni ələ verir sanki... Göz yaşlarımı saxlaya bilmirəm. Lakin bu göz yaşlarının  ardında məyusluqdan daha çox sanki bir həsəd dayanır... İnsan övladı nə qədər Vətənə aşiqdir... Sırf Vətən sağ olsun deyə, öz şirin canlarından keçdilər... İndi onların ruhları şaddır, əminəm, çünki torpaqlarımız düşmən tapdağında deyil. Üçrəngli bayrağımız Vətənimizin hər qarış torpağının səmasında dalğalanır. Bəli... Biz Zəfər yazdıq, tarix yazdıq. Məhz Prezidentimizin uzaqgörən siyasətinin, şəhidlərimizin sayəsində, Vətən uğrunda döyüşən xalqımızın igid oğullarının, birliyimizin, bütövlüyümüzün sayəsində... 
Bu Zəfərin yazılmasında nə qədər şəhid analarımızın göz yaşı var. Onlar bu gün min bir əziyyətlə böyüdüb boya-başa çatdırdıqları övladlarının Vətən uğrunda son damla qanınadək vuruşub şəhid olduqlarını bildikdə qürurla dayanmağı özlərinə borc bildilər. Axı Vətəni, xalqı qorumaq hər kəsə nəsib olmur... Biz xalq olaraq əzəldən öyrəşmişik buna. Heç bir vaxt kənar millətlə oturub evlərinə amansızca girib yurdunu talan etməmişik, heç kimi yerindən-yurdundan viran qoymamışıq. Biz sadəcə illərlə öz haqqımızı, hüquqlarımızı qorumaq üçün Vətənimizin bütövlüyü uğrunda vuruşmuşuq. Vətəni qorumaq, onu sevmək bizim ən müqəddəs amalımızdır. Bu gün hər birimiz bu yolu davam etməkdəyik, istər informasiya müharibəsi olsun, istərsə də silah-sursatla, hər zaman Vətənimizi bütöv saxlamaq bizim prioritetimizdir. Ancaq biz müharibə istəmirik, biz hər zaman sülhün tərəfdarı olmuşuq. Müharibə xalqın silinməz yaddaşında dərin yaralar qoyur, qanlı tarix yazır... Müharibədə qurbanlar verilir, günahsız canlara qıyılır... Körpələr atasız böyüyürlər, gənc ailələr başsız qalırlar, analar oğuldan yetim qalırlar... Bu sözü nənəmdən eşidərdim həmişə. Əmim şəhidlik məqamına ucalanda mən hələ dünyaya gəlməmişdim. Ancaq uşaq yaşlarımda cavan nənəmi daha çox qocalmış, üzgün görəndə zamanla anlayırdım ki, oğul dərdi nənəmi necə sarsıdıb... İnsanın baladan necə yetim qaldığını da elə onun sayəsində öyrəndim... Sən sağ olasan, Vətən! Şəhid ailələrinin mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir, heç bir təsəlli ilə ovunmayanlar "Vətən sağ olsun", - deyirlər. Hər kəs şəhid məzarının önündə baş əyir, "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!" deyir. Bir də ən qəribəsi odur ki, illərlə böyüdüyün adın son nəfəsdə şəhid adına çevrilir, ölməzliyə çağırır. "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı kimi... Bax, şəhidlik belə bir zirvədir, ünvanı sonsuzluqdur, əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər bir vətəndaşın daxilində yüksək vətənpərvərlik, cəsarət, müsbət əxlaq, əqidə var. Məhz elə bu səbəbdən də onlar şüurlu şəkildə ölümü, daha doğrusu, ölümsüzlüyü gözə ala bilirlər. Bir dəfə Şəhidlər xiyabanında bir uşaqdan soruşmuşdum ki, şəhidlik nədir? Düşünmədən dedi ki, şəhidlik Vətənə olan sonsuz məhəbbətin təcəssümüdür, Vətən uğrunda canını fəda etməkdir. Bu sevgi körpəlikdən, ana laylasından, ailədən, məktəbdən başlayır. 
Kiçik bir haşiyə çıxmaq istəyirəm: Üç yaşlı qızım da vətənpərvər böyüyür. Hər dəfə şanlı bayrağımızı öpüb qucaqlayır. Yenicə bağçaya başlayıb. Bağçalarında hər dəfə tədbir keçirilir və bu tədbirlərdə şəhidlərimiz anılırlar. Qızım Dövlət Himnimizi oxuyur, şəhidlərimizə "Allah rəhmət eləsin" deyir. Amin, qızım... Həm qürurlanıram, həm də heyrətə gəlirəm ki, övladlarımız milli ruhda xalqa, torpağa, Vətənə sevgi ilə böyüyürlər.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhidi olmayan xalqın mənliyi olmaz. Torpağına şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.
İgid qardaşlarımız bu qəhrəmanlığı, mübarizliyi 2016-cı ilin, Aprel döyüşləri, 2018-ci ilin Günnüt zəfəri, 2020-ci ilin Tovuz döyüşləri və 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirdilər. Düşmən təxribatının qarşısını alarkən canından keçən nə qədər mərd oğullar fəda verdik. Həmin gün onlar düşməni bir addım da irəli buraxmamaq üçün son damla qanlarına kimi vuruşdular. Qorxu hissi keçirmədən, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə ucalan oğullarımız  bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.
Günəş tək daim uca olan, işığı ilə günlərimizi aydınladan şəhidlərimizdən biri də Mübariz İbrahimovdur. Mübariz İbrahimov da insanlıq səmasında parlayan ulduzlar kimi daima sönməz, qartallar kimi enməz oldu... Onun da igidliyi, qəhrəmanlığı tarixin şanlı səhifələrində daha əzəmətli görünür. O da zamana sığmayan insanlardandır. O da tarixi yazan oğullarımızdandır... Qəribəsi də odur ki,  bu zamana sığmayan insanlar, bəlkə də heç qohumluq dərəcəmiz olmayan insanlar bizim kiçik, ovuc boyda qəlbimizə sığıblar. Qəlbimizdə onlara olan sevgi ölməzdir, sonsuzdur - dəryalar kimi, ümmanlar kimi... Fərq etmir bu dünyadan kimlər gəlib gedəcək, Mübariz İbrahimov kimi oğullarımız yenə də xalqımızın qəlbində əbədi yaşayacaq, daimi xatırlanacaqlar; xalqımızın hüznlü, kədərli anları kimi yox, şanlı, şərəfli anları, qəhrəmalıq səhifəsi kimi...
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurub. Elə həmin il ordu sıralarına çağırılan Mübariz hərbi xidmətini Daxili Qoşunların "N" hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən hərbi xidmətə başlayıb. Bir müddət sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam edib.
2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edən Mübariz İbrahimov elə bu amansız döyüşdə şəhid oldu. Hərbçimizin cəsədini Ermənistan tərəfi uzun müddət qaytarmaqdan boyun qaçırırdı. Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin Həştərxan görüşündən sonra təcavüzkar tərəf - Ermənistan gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun cəsədlərini Azərbaycana təhvil verib.
M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi rəşadətə görə "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.
Biləsuvar rayonunda orta məktəbə və küçəyə, "Palmali" Şirkətlər Qrupuna məxsus tankerlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilib.
Mübariz İbrahimovun şərəfli ömür və döyüş yolu gənclərimiz üçün parlaq nümunə olacaq. Çünki o, Vətəni təkcə sözlə deyil, əməli ilə sevdi. Torpağın hər qarışını müqəddəs bilən bu igid, canını Vətənin sabahı naminə fəda etdi. Bu gün üzərində azad gəzdiyimiz torpaq, rahat aldığımız nəfəs, sükut içində dalğalanan şanlı üçrəngli bayraq onun və onun kimi şəhidlərin qanı bahasına qorunur. Şəhidlik zirvəsinə ucalan bu ömür bir ailənin yox, bütöv bir Vətənin taleyinə yazıldı. Vətən var olduqca bu ad hörmətlə anılacaq, bu fədakarlıq gələcək nəsillərə örnək olacaq. Çünki Vətən - onu yaşadanların canı, onu qoruyanların ruhudur, uğrunda can verilən müqəddəs dəyərdir. Bu torpağın azadlığı, bu səmanın sakitliyi, bu bayrağın ucalığı şəhidlərin fədakarlığı ilə qorunur. Vətən onların qanı ilə yoğrulmuş, ruhu ilə yaşadılmışdır. Bu gün Vətən varsa, sabaha ümid varsa, bu, onu öz canından üstün tutanların sayəsindədir. Vətən yaşadıqca, bu fədakarlıq da yaşayacaq.

Şəlalə CAMAL "Azərbaycan Ordusu"