Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Fevral 2026 19:05

“Vətənimizi qoruyan hərbçilər üçün çalışmaqdan böyük məmnunluq duyuruq”

Hərbi hissəyə ezam olunmaq mənim üçün həm maraqlı, həm də təəccüblü bir təcrübə idi. Nəzarət-buraxılış məntəqəsindən daxil olan anda hər şey diqqətlə nizamlanmış, ciddi, lakin, eyni zamanda, səmimi bir ritm içində idi. Asfalt yol boyunca hərbçilərin addım səsləri eşidilir, uzaqda səliqəli formada düzülmüş tank və  digər texnika gözə dəyirdi. Havanın soyuğu və günəşin zəif işığı hərbi həyatın sərtliyini daha da vurğulayırdı.
Diqqətimizi çəkənlərdən  biri də hərbi hissənin gündəlik fəaliyyətlərinin dəqiq plan üzrə aparılması idi. Hər küncdə bir fəaliyyət, hər işdə bir məsuliyyət vardı. Əsgərlər öz tapşırıqlarını icra edərkən ciddi, amma  bir-birinə dəstək verən münasibətləri ilə fərqlənirdilər. Bu ritm və intizam, həmçinin orduda xidmətin həm fiziki, həm də mənəvi tərəflərinin nə qədər tələbkar olduğunu göstərirdi.
Mənim üçün xüsusilə maraqlı olan yerlərdən biri də camaşırxana idi. Burada hər detalın önəmi böyükdür: hər bir dəsmal, hər bir forma, hər bir ütülənmiş köynək əsgərlərin gündəlik həyatının ayrılmaz hissəsini təşkil edir. Camaşırxananın ritmik fəaliyyəti, çalışanların diqqəti və əzmi mənim üçün ordunun görünməyən, amma vacib bir tərəfini açır. Elə bu məqamı da oxucularımızla bölüşmək istəyirəm.
"N" hərbi hissəsində  camaşırxana ilə tanışlığa şərait yaradıldı. Burada işləyənlərin böyük əksəriyyəti qadınlardır və onlar hərbçilərə göstərdikləri diqqət və qayğı ilə fəxr edirlər. Hamam-camaşırxana kombinatının rəisi çavuş Rahil Babaşovla içəri daxil olanda, hər kəs öz vəzifəsini diqqətlə yerinə yetirirdi. Bəziləri daxil olan camaşır və dəsmalları çeşidləyir, digərləri onları yuyur, qalanlar isə yuyulmuş əşyaları qurudaraq ütüləməyə hazırlayırdılar. İş prosesi fasiləsiz davam edir, qurğu və avadanlıqlardan çıxan ritmik səslər otaqda dalğalanırdı. Beləcə hər kəs öz işinin öhdəsindən peşəkarlıqla gəlir, iş ləngimir, mehribanlıq isə öz sözünü deyirdi.
Çavuş Rahil Babaşov qeyd etdi ki, kollektivdə çalışan qadınlar işlərinin keyfiyyətinə xüsusi diqqət yetirirlər. "Hərbi hissələrdən və birləşmələrdən müntəzəm olaraq camaşırlar qəbul edilir. Məqsədimiz onların vaxtında və yüksək standartlara uyğun şəkildə yuyulması və hazırlanmasıdır. Camaşırxana ən müasir avadanlıqlarla təchiz olunub və biz bu qurğulardan səmərəli istifadə edərək işi həm sürətli, həm də keyfiyyətli şəkildə yerinə yetiririk", - deyə çavuş Rahil Babaşov sözlərinə əlavə etdi.
İş prosesi əsasən dörd mərhələdən ibarətdir: əvvəlcə daxil olan camaşırlar çeşidlənir, sonra yuyulur, qurudulur və nəhayət, səliqəli şəkildə ütülənərək hərbi hissələrə qaytarılır. Bu iş, sözün əsl mənasında, həm ürəyi sevindirir, həm də gözə xoş görünür. Əməkdaşlar işlərini məsuliyyətlə yerinə yetirir və bunu böyük sevgi ilə edirlər. Onlar yaxşı anlayırlar ki, göstərdikləri keyfiyyətli xidmət sayəsində Vətənin müdafiəsində dayanan hərbi qulluqçularımızın rahatlığı təmin olunur. Bütün bu amillər isə işçilərə əlavə motivasiya verir.
Operatorlar Natavan İsmayılova, Nəzakət Qəniyeva, Rəna Abdullayeva, Azilə Cümşüdova və digər əməkdaşlar söhbətimizə qatıldılar.
"Əsgərlərə öz balam kimi yanaşıram və onlara xidmət etmək mənim üçün böyük qürur mənbəyidir", - deyə Natavan İsmayılova bildirdi. "Vətənimizi qoruyan hərbçilər üçün çalışmaqdan böyük məmnunluq duyuruq. Camaşırları, dəsmalları və digər əşyaları yuyub ütülədikcə düşünürük ki, bunlar hərbi qulluqçularımız tərəfindən istifadə olunacaq. Bu, işimizə daha çox diqqət və məsuliyyət qatır. Nəticədə isə hər zaman onların xoş sözlərinə layiq görülürük".
Həqiqətən də, bu zəhmətkeş qadınların əməyi tərifəlayiqdir. Bizim görüşümüz 2  Fevral - Azərbaycan Gəncləri Günü ərəfəsinə təsadüf etdiyindən bütün əsgərlərimizi, gənclərimizi və onların simasında ordumuzda xidmət edən hər kəsi təbrik edir, onlara cansağlığı və işlərində uğurlar arzulayırıq.
"N" hərbi hissəsində camaşırxanada çalışan bu zəhmətkeş qadınların əməyini gözardı etmək mümkün deyil. Onların diqqəti, məsuliyyəti və sevgisi sayəsində hərbçilərimiz gündəlik ehtiyaclarını rahatlıqla qarşılayır, xidmətlərini daha rahat və səmərəli yerinə yetirirlər. Hər bir ütülənmiş köynək, səliqəli dəsmal, sözün əsl mənasında, Vətənin müdafiəsində dayanan oğullarımızın rahatlığına xidmət edir. Bu zəhmət və fədakarlıq isə, əslində, ordumuzun gücünün və həmrəyliyinin görünməyən, amma əvəzsiz hissəsidir.

Şəlalə CAMAL

"Azərbaycan Ordusu"