AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
“Bizə hazırlıqlı hərbçilər lazımdır. Bütün sahələrdə yeni gənc kadrların yetişdirilməsi məsələlərinə böyük diqqət göstərilir. Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə bütün sahələr inkişaf edir. Gənc kadrların hazırlanması prosesi bizim gələcəyimizi şərtləndirən amildir. Hər bir sahədə, o cümlədən hərbi sahədə gənc peşəkar kadrlara ehtiyac vardır”.
Müstəqil, müasir dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev hər zaman ən mürəkkəb və çətin vəziyyətlərdə düzgün yolu tapmağı bacarırdı. Azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider bütün ömrünü xalqımızın maddi rifah halının yaxşılaşdırılmasına, güc və qüvvəsini isə dövlətimizin quruculuğuna sərf etmişdir. Ölkəmizdə hakimiyyətə gəldiyi ilk günlərdən Ümummilli Lider Heydər Əliyevi düşündürən əsas məqsədlərdən biri də ordu quruculuğu məsələsi olmuşdur. Ordu quruculuğunu şərtləndirən əsas amillərdən biri isə onun peşəkar hərbçi kadrları ilə komplektləşdirilməsi idi.
Müstəqilliyimiz bərpa edildikdən sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğu, o cümlədən hərbi təhsil sahəsində də geniş islahatlar aparılmağa başlanıldı. Hərbi təhsil prosesi yeni proqramlar əsasında davam etdirildi, hərbçi kadrların hazırlığı üzrə fəaliyyətlər daha da təkmilləşdirildi. Son nəticədə isə Ümummilli Lider istəyinə, amalına nail oldu, güclü dövlətin, qüdrətli bir ordunun təməlini qoydu.
Məhz buna görə də Ulu Öndər Heydər Əliyev xalqımızın böyük ehtiramını, hörmətini və sevgisini qazanıb. Bu dahi şəxsiyyətin adı tariximizin səhifələrinə böyük hərflərlə yazılıb. Bütün fəaliyyəti dövründə Heydər Əliyev öz taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşmış və onların xidmətinə yüksək dəyər verərək demişdi: "Bütün peşələr şərəflidir, amma Vətəni qorumaq ən şərəfli peşədir".
Ordu quruculuğu istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Ölkəmizin iqtisadi qüdrəti artdıqca Silahlı Qüvvələrin, o cümlədən Azərbaycan Ordusunun da maddi-texniki bazası daha da möhkəmləndirildi. Həyata keçirilən islahatlar çərçivəsində bütün xüsusi təyinatlı təhsil müəssisələri də ən müasir tələblər səviyyəsində yenidən quruldu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Qazanılan bu tarixi Zəfərdən sonra Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi istiqamətində islahatlar aparılmağa başlandı. Bundan əlavə, mütəmadi olaraq keçirilən təlimlər bölmələrin döyüş qabiliyyətinin, eyni zamanda, şəxsi heyətin peşəkarlığının artırılmasına müsbət təsir göstərdi.
Qoşunların imkan və qabiliyyətlərinin yüksəldilməsi, əməliyyat və döyüş hazırlığı, kəşfiyyat xidməti, həmçinin Azərbaycan Ordusunun peşəkar kadrlarla komplektləşdirilməsi sahəsində uğurlu nailiyyətlər əldə olundu. Aparılan islahatlar çərçivəsində dövlətimizin başçısı tərəfindən 2022-ci il martın 5-də Milli Müdafiə Universitetinin yaradılması haqqında Fərman imzalandı. Yeni struktur Azərbaycanda hərbi təhsil və tədris prosesində bir çox yenilikləri əhatə etdi. Yaradılan bu struktur tədrisdə müəyyən yenilikləri əhatə etdi, Azərbaycanda hərbi təhsil sistemini koordinasiya etməyə başladı.
Bu gün də ordumuzun peşəkar kadrlarla komplektləşdirilməsi prioritet məsələlərdəndir. Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut əsas hərbi təhsil müəssisəsi olaraq ordumuza bu sahə üzrə əvəzsiz töhfələr verməkdədir. Bu hərbi təhsil ocağında gələcəyin zabiti olacaq kursantlar bakalavr səviyyəsində təhsil alır, "leytenant" rütbəsi ilə Azərbaycan Ordusunun qoşun və qüvvə növlərində hərbi xidmətə başlayırlar.
Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, uzun müddət fasilədən sonra 2025-2026-cı tədris ilində Heydər Əliyev adına Hərbi İnstituta qadın kursantlar da qəbul edilib. Qalib Azərbaycan Ordusunun sıralarında qadınların zabit adını daşımaq imkanına sahib olmaları dövlətimizin inkişafı və cəmiyyətimizin tərəqqisi baxımından qürurverici haldır. Bunu Azərbaycan Ordusunda gender bərabərliyi prinsiplərinin tətbiqində tarixi mərhələ hesab etmək olar.
Tarix boyu Azərbaycan qadını dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və Vətənin müdafiəsi işində fəal iştirak edib. Dövlət müstəqilliyimiz yenidən bərpa edildikdən sonra Azərbaycan qadınının cəmiyyətdə əvəzsiz rolu bir daha təsdiqləndi. Mərhəməti, humanistliyi, xeyirxahlığı və vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını milli dövlət quruculuğu prosesi ilə yanaşı, ordu quruculuğu prosesində də yaxından iştirak edir. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qadınlarımız da iştirak edib, fədakarlıq nümunələri göstəriblər.
Bu gün Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən, həmçinin mülki işlərdə çalışan qadınlarımız Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
Heydər Əliyev adına Hərbi İnstitutda təhsil və tədris prosesi, o cümlədən qadın kursantların gündəlik fəaliyyəti, həmçinin sosial-məişət şəraiti ilə yaxından tanış olmaq məqsədilə tədris ocağına yollandıq. Əvvəlcə Hərbi institutun zabiti polkovnik-leytenant Vüqar Məmmədovla həmsöhbət olduq. Zabit təhsil müəssisəsi haqqında məlumat verərək qeyd etdi ki, Hərbi institutu bu günədək bitirən yüzlərlə, minlərlə gənc "leytenant" hərbi rütbəsində ordu sıralarında xidmətə başlayıb, sonralar torpaqlarımızın azadlığı və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında böyük hünər və rəşadət nümunələri göstərib.
"Biz bu gün burada təhsil alan kursantlara dünənki qəhrəmanlarımızın sabahkı davamçıları kimi baxırıq. Ona görə də təcrübəli, eyni zamanda, bilikli zabit və professor-müəllim heyəti tərəfindən kursantlara hərbi biliklər aşılanır. Tədris prosesi yeniləşmiş proqramlar, yeni metodiki yanaşmalar və qazanılan təcrübələr nəzərə alınmaqla keçirilir. Uzun və şərəfli yolun yolçusu olan kursantlara Hərbi institutda hərbi biliklərlə yanaşı, tariximiz də öyrədilir. Əminik ki, onlar burada öyrəndiklərini gələcək xidmət yerlərində tətbiq edəcək, Azərbaycan Ordusunun qüdrətlənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər".
“Şəhidlərimizin və hərbçilərimizin keçdiyi şərəfli döyüş yolu hər birimiz üçün örnəkdir”
Zabitlə söhbətləşə-söhbətləşə tədris korpuslarına doğru irəlilədik. Hərbi institutun ərazisində, tədris ocağının Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr olunmuş abidə qarşısında düzülmüş kursantlar diqqətimizi çəkdi. Mayor Amil Babayev kursantlara Hərbi institutun şəhid olmuş hərbi qulluqçuları barədə məlumat verirdi.
"27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantları və zabit-gizir heyəti də iştirak edib. Torpaqlarımızın azad olunması uğrunda gedən döyüş əməliyyatlarında Hərbi institutun hərbi qulluqçularından 10 nəfər şəhid olub, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 400 nəfərdən çoxu isə göstərdikləri şücaətə görə orden və medallarla təltif olunub. Əziz kursantlar, şəhidlərimizin, hərbçilərimizin keçdiyi şərəfli döyüş yolu bu gün hər birimiz üçün örnək olmalıdır. Biz onların qəhrəmanlıq yolunu davam etdirməliyik. Bunun üçün də burada sizlər üçün yaradılan hərtərəfli imkanları yüksək səviyyədə dəyərləndirməli, tədris olunan hərbi bilikləri daha dərindən mənimsəməlisiniz".
Kursant Nəzrin Manafova qeyd etdi ki, öz qanları ilə tarix yazanların davamçısı olmaları ilə qürur duyurlar. "Bu gün biz burada təhsil alaraq gələcəyin zabiti kimi formalaşırıq. Bizə hərbi biliklərlə yanaşı, döyüşlərdə iştirak etmiş, qəhrəmanlıq göstərmiş hərbi qulluqçularımızın həyat və döyüş yolu aşılanır. Hər birimiz onların keçdiyi bu şərəfli yolu özümüzə mayak bilirik".
“Məlumatların ötürülməsi dayanıqlı və fasiləsiz rabitənin mövcudluğundan asılıdır”
Sonra kursantların təhsil prosesi ilə daha yaxından tanış olmaq məqsədilə tədris korpuslarına yollandıq. Kursantlar sinif otağında rabitə avadanlıqlarının taktiki-texniki xüsusiyyətlərini öyrənirdilər. Həmsöhbət olduğumuz kursantlar Mehdi Tağızadə, İlkin Həsənov, Elmir Quliyev və digərləri qeyd etdilər ki, təcrübəli müəllimlərin köməyi ilə rabitə qurğu və avadanlıqlarının sirlərini dərindən mənimsəyirlər.
"Əməliyyatlar zamanı məlumatların operativ şəkildə ötürülməsi dayanıqlı və fasiləsiz rabitənin mövcudluğundan asılıdır. Əgər rabitə sistemində nasazlıq yaranarsa, bu, uğurun qazanılmasına mane ola bilər. Buna görə də müəllimlərimiz tərəfindən keçirilən dərsləri dərindən mənimsəməyə çalışırıq ki, baş verə biləcək hər hansı bir çətinlik zamanı onu dərhal aradan qaldıra bilək".
“Silahdan düzgün istifadə etmək və onun təyinatını bilmək vacib şərtlərdəndir”
Rabitə hazırlığı ilə yanaşı, atəş hazırlığı dərsləri də kursantlar üçün vacib məşğələlərdən sayılır. Atəş hazırlığı sinfində kursantlar kompüterli atış trenajorunda tapançadan və avtomatdan nişanalma bacarıqlarını, sürətli atəş açma vərdişlərini təkmilləşdirir, hərəkətsiz hədəflərə atış məşqləri həyata keçirirdilər. Kursantlar Nasir Əlizadə, Ülviyyə Quliyeva, Günel Hüseynli, Fəxriyyə Səfərova və digərləri bildirdilər ki, atəş hazırlığı dərslərinə böyük həvəs göstərirlər.
"Nəzəri və praktiki məşğələlər təhsilimizin əsas hissələrindən biridir. Silahdan düzgün istifadə etmək və onun təyinatını bilmək vacib şərtlərdəndir. Bu dərslər sayəsində biz silahların təyinatını, döyüş və texniki xassələrini, sökülüb-yığılmasını, tətbiqini, istismar qaydalarını, dəqiq nişan almağı öyrənirik. Tək amalımız bizə tədris olunan hərbi bilik və vərdişlərə dərindən yiyələnmək, göstərilən etimadı doğrultmaqdır".
Kursantların trenajor otağındakı fəaliyyətlərini izlədikcə onların nə qədər həvəsli olduqlarını gördük və əmin olduq ki, keçirilən dərslər kursantların nizam-intizamlı, silahlardan məharətlə istifadə etməyi bacaran, yüksək döyüş hazırlıqlı hərbi qulluqçu kimi formalaşmasında mühüm rol oynayır.
Hərbi xidmətlə ilk tanışlıq sırada olur
Hərbi qulluqçunun silahdan məharətlə istifadə etməyi bacarması ilə yanaşı, onun nizam-intizamı da başlıca şərtdir. Deyildiyi kimi, nizam-intizam sıradan başlanır. Hərbi xidmətlə ilk tanışlıq da məhz sırada olur. Ordu sıralarına daxil olan hər kəsə sıranın müqəddəsliyi izah olunur. Nizam-intizamın, verilən əmr və tapşırıqlara sözsüz əməl etməyin, eləcə də digər intizam xarakterli davranışların əsası məhz sıra hazırlığı məşğələlərində qoyulur.
Azərbaycan Ordusunun bölmələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində bu məşğələlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun olaraq keçirilir. Hərbi institutun sıra meydanında kursantlar taqım komandirinin rəhbərliyi altında sıra hazırlığı ilə məşğul olurdular. Onlar sıra hərəkətlərini və yerişini, əsgəri salamlaşma qaydalarını, sıra hazırlığına dair tələbləri, yuxarı rəislərə yaxınlaşma və digər elementləri yerinə yetirirdilər. Verilən komandaları cəld və nizamlı şəkildə icra etmələri bizdə xoş ovqat yaradırdı.
Kursantlardan Asya Abbasova, Xəyal Hüseynov, Samirə Bayramova, Asif Abdinov, Nərgiz Səfərli, Murad Əlizadə və digərləri qeyd etdilər ki, sıra hazırlığı gündəlik fəaliyyətlərinin tərkib hissələrindən biridir. "Keçirilən bütün məşğələlərdə yeni bilikləri həvəslə öyrənirik. Digər məşğələlərdə olduğu kimi, sıra hazırlığı məşğələlərində də bütün gücümüzü səfərbər edərək sıra hərəkətlərini düzgün yerinə yetirməyə çalışır, nizamlı addımlamağı və digər elementləri məşq edirik. Çünki bizim bütün fəaliyyətlərimiz sıra ilə həyata keçirilir - səhər baxışından axşam yoxlamasınadək".
“Analarımızın bişirdiyi yeməklərin dadını burada da hiss edirik”
Kursantların digər hazırlıqları ilə yanaşı, onların məişət şəraitini də mütləq vurğulamalıyıq. Çünki döyüş və mənəvi-psixoloji hazırlıq kursantların məişət şəraiti ilə sıx bağlıdır. Hərbi institutun yeməkxanası müasir tələblərə uyğun avadanlıqlarla təmin edilib. Tədris ocağının şəxsi heyətinin bütün fəaliyyəti və təminatı kimi, sağlam və yüksək kalorili yeməklərlə qidalanması da ciddi nəzarətdə saxlanılır.
Bişirilən yeməklərin keyfiyyətindən, mətbəxin və zalın təmizliyindən tutmuş hər bir işçinin gördüyü iş daim diqqətdə saxlanılır. Elə yeməkxanada olduğumuz zaman gördüklərimiz dediklərimizin əyani sübutu oldu. Yeməkxanada kursantların fikirlərini də öyrəndik. Hər biri bişirilən xörəklərin dadından və keyfiyyətindən ağızdolusu danışdı.
Onlardan Aysu Ruşanova, Nərmin Əsgərova, İsa Mehdiyev, Amin Əlizadə və digərləri dedilər ki, burada bişirilən xörəklərin dadına söz ola bilməz: "Hərbi instituta qəbul olunmamışdan əvvəl buranın yeməklərinin necə olacağı bizi çox düşündürürdü. Görəsən, nə cür xörəklər veriləcək, anamızın bişirdiyi xörəklərin dadını, tamını verəcəkmi? Artıq bu gün tam əminliklə deyə bilərik ki, analarımızın bişirdiyi yeməklərin tamını burada da hiss edirik".
“Aslanın erkəyi, dişisi olmaz”
Hərbi institutun kursantlarının gündəlik fəaliyyətindən danışarkən onların fiziki hazırlıq saatlarını da mütləq qeyd etməliyik. Günün nizam qaydalarına uyğun olaraq keçirilən fiziki hazırlıq məşğələləri kursantların sağlamlıqlarının möhkəmləndirilməsinə mühüm təsir göstərir. Nə qədər fiziki hazırlıqla məşğul olarsansa, bir o qədər möhkəm, güclü və sağlam olarsan, verilmiş tapşırıqları daha çevik və cəld yerinə yetirərsən.
Hərbi institutda keçirilən fiziki hazırlıq məşğələlərində məhz bu amillər əsas götürülür. Tədris ocağında kursantların fiziki inkişafı üçün müxtəlif idman dərnəkləri də fəaliyyət göstərir. Burada kursantlar idmanın cüdo, karate, güləş, kikboksinq və digər növləri ilə məşğul olurlar.
İlk həmsöhbətimiz kursant Emilya Piriyeva oldu. Əslən Zaqatala rayonundan olan kursantımız 2025-ci ildə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda idmanın Azərbaycan Qocyu-ryu Okinava karate-do və kobudo-kempo növü üzrə birinci yerə layiq görülüb.
"Hələ uşaq yaşlarımdan idmana marağım olub. Hərbi instituta qəbul olduqdan sonra burada idmanla məşğul olmağımız üçün yaradılan yüksək şəraiti gördüm. İstər Hərbi institutun rəhbərliyi, istərsə də müəllimlərimiz bizə yüksək diqqət göstərir, qayğılarımızla yaxından maraqlanırlar. Belə şərait mənəvi-psixoloji hazırlığımıza müsbət təsir göstərir. Yüksək əhvali-ruhiyyədə xidmət edir, gələcəyin bacarıqlı zabitləri kimi formalaşmağa çalışırıq", - kursant dedi.
Növbəti həmsöhbətimiz güləş üzrə respublika turnirinin qalibi kursant Vüsal Cəfərli oldu. O, da idmana olan həvəsindən, kursantlar arasında mövcud olan sağlam mühitdən, Hərbi institutda yaradılan şəraitdən məmnunluqla danışdı. Kursantlar Şəfa Abbasova, Nəzrin Vəlicanova, Aytən Ağayeva, Mirnuru Ələkbərli, Fərid Nəbiyev və digərləri bacarıqlı zabit olmaq üçün hərbi biliklərlə yanaşı, fiziki gücün, çevikliyin və iradənin vacib olduğunuda vurğuladılar. Onların fikrincə, bu keyfiyyətlərə mütəmadi idmanla məşğul olmaqla yiyələnmək mümkündür.
"İdman sağlamlıqdır. İdmanla məşğul olduqdan sonra insan gümrahlaşır, əhvali-ruhiyyəsi yüksəlir. İdman həm də insanı zərərli vərdişlərdən uzaq tutur. Gələcəyin zabitləri olan biz kursantlar üçün isə idman daha vacibdir. Buna görə də bu təhsil ocağında bizim üçün yaradılan imkanlardan istifadə edərək fiziki göstəricilərimizi artırmalı, sağlam və güclü olmalıyıq. Gördüyünüz kimi, burada komandanlıq tərəfindən idmanla məşğul olmağımız üçün hər cür şərait yaradılıb. Bu da bizi idmana daha çox həvəsləndirir".
Heydər Əliyev adına Hərbi İnstitutda olduğumuz müddət ərzində gördüklərimiz, şəxsi heyət üçün yaradılan müasir şərait əminliklə deməyə əsas verir ki, burada təhsil alan kursantlar hərbin incəliklərinə dərindən yiyələnərək gələcəyin savadlı, bacarıqlı və vətənpərvər hərbçiləri kimi formalaşacaq, Mübarizlərin, Çingizlərin, Muradların, Poladların və digər qəhrəmanlarımızın layiqli davamçıları olacaqlar.
Yaradıcısı və qurucusu xalqımızın Ümummilli Lideri Heydər Əliyev olan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dünyanın ən güclü orduları sırasında öncül mövqeyini qoruyub saxlayacaqdır. İnanırıq ki, qüdrətli və qalib ordumuzun daha da inkişafı naminə hərbi qulluqçularımız, o cümlədən kursantlarımız bilik və bacarıqlarını durmadan artıracaqlar.
Elçin İMANOV
"Azərbaycan Ordusu"
fotolar
Mövlan NƏSİRZADƏNİNDİR