Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2026 13:33

Əzmkar məşqlər, inamlı qələbələr: “Ordu” çempionluğa doğru

Azərbaycan Respublikasında idmanın inkişafı yalnız sadə bir sahə olmadığını nümayiş etdirir - bu, həm dövlət siyasətinin prioritet istiqaməti, həm də ölkənin milli güc, beynəlxalq nüfuz və sosial inkişaf vasitəsidir. Bu proses uzun müddət ərzində sistemli tədbirlər, strateji planlama və infrastrukturun yaradılması ilə reallaşır. Dövlət başçımızın idmana verdiyi diqqət nəticəsində idman infrastrukturu beynəlxalq standartlara uyğun modern səviyyəyə gətirilib.
Ölkəmizdə idmanın inkişafı dövlət xətti ilə bir çox proqram və layihələr çərçivəsində həyata keçirilir. Bu siyasət gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi və idmançıların beynəlxalq səviyyədə uğur qazanması üçün bütün imkanları təmin edir. 
Azərbaycanda idmanın inkişafı yalnız paytaxt Bakı ilə məhdudlaşmır. Ölkənin bir çox regionunda Olimpiya idman kompleksləri istifadəyə verilib və bu, kütləvi idmana əlçatanlığı artırır. Bu cür infrastrukturun yaradılması idmanın hər kəs üçün əlçatan olması ilə yanaşı, bölgələrdə idman məktəblərinin, yarışların və məşq proqramlarının genişlənməsinə şərait yaradır.
Azərbaycan idmançıları beynəlxalq səviyyədə də böyük uğurlar qazanırlar. Həmçinin ölkəmiz müxtəlif beynəlxalq turnirlərə ev sahibliyi edir: "Bakı-2015 Birinci Avropa Oyunları", "İslam Həmrəyliyi Oyunları", "Formula 1 Azərbaycan Qran-Prisi" və digər böyük tədbirlər Azərbaycanı qlobal idman xəritəsində önə çıxarıb.
Azərbaycan idmanının inkişafında, həmçinin tarixi əsaslar mövcuddur. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1990-cı illərdə idman siyasətinin prioritetləşdirilməsi idmanın inkişaf yolunun başlanğıc nöqtəsi olub. Bu strategiya müasir dövrdə davam etdirilərək daha geniş miqyasda uğurlar əldə edilib.
Azərbaycan Ordusunun da qüdrəti təkcə silahlı güclə ölçülmür. Bu qüdrətin arxasında yüksək fiziki hazırlıq, möhkəm iradə, sağlam həyat tərzi və nizam-intizam dayanır. Məhz bu strateji istiqamətdə Mərkəzi Ordu İdman Klubu (MOİK) ölkəmizdə idmanın əsas dayaqlarından biri kimi çıxış edir. Klub hərbi qulluqçuların dözümlülüyünün artırılması, psixoloji möhkəmliyinin formalaşdırılması və gənclərin ordu ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Bu gün Mərkəzi Ordu İdman Klubu müxtəlif idman növləri üzrə peşəkar kadrların yetişdirildiyi mərkəz kimi tanınır. Burada güləşin bütün əsas növləri, cüdo, boks, ağır atletika və güc idmanları ilə yanaşı, komanda idman növləri də sistemli şəkildə inkişaf etdirilir. MOİK-in futbol, voleybol və basketbol kollektivləri ölkə çempionatlarında çıxış edərək klubun idman xəritəsindəki mövqeyini daha da möhkəmləndirir.
Azərbaycanın idman arenasında son ayların ən stabil və əzmkar komandalarından biri də məhz MOİK-in kişilərdən ibarət "Ordu" voleybol komandasıdır. Hər məşqdə hiss olunan nizam-intizam, meydanda nümayiş olunan birlik və qələbəyə olan inam komandanı ölkə çempionatının əsas favoritlərindən birinə çevirib.
Biz də "Ordu" voleybolçularının məşq prosesini yaxından izlədik, komandanın baş məşqçisi Cavid Süleymanov, meneceri Zaur Musayev və oyunçuları ilə söhbətləşdik, komandanın ümumi hazırlıq ruhunu öz gözlərimizlə gördük.
Hazırda komanda ölkə çempionatında 25 xalla birinci pillədə qərarlaşıb. Ardıcıl 9 oyundur məğlubiyyət üzü görmür. Son turda çempionatda ikinci pillədə qərarlaşan "Neftçi" üzərində səfərdə 1:3 hesabı ilə qalibiyyət əldə olunub. Hər gün keçirilən intensiv məşqlər, taktiki-texniki hazırlıq və fiziki dözümlülük üzərində aparılan sistemli iş bu uğurun əsas səbəbləridir. Tribunada azarkeş dəstəyi isə voleybolçular üçün əlavə motivasiya mənbəyinə çevrilib.
Komandanın ən məhsuldar oyunçusu braziliyalı legioner Matheus Araujo hazırda ən çox xal qazanan voleybolçu kimi fərqlənir və hücum xəttinin aparıcı qüvvəsi sayılır. "Ordu" voleybol komandasının əsas hədəfi isə dəyişməzdir - çempionluq.
Komandanın uğur yolunu şərh edən baş məşqçi Cavid Süleymanov görülən işlərdən razılığını gizlətmir:
- Biz mövsümün əvvəlindən məqsədi dəqiq müəyyənləşdirmişik - çempion olmaq. Bunun üçün gündəlik məşqlər, nizam-intizam və komanda ruhu əsas şərtlərdir. Oyunçular tapşırıqları maksimum səviyyədə yerinə yetirirlər. 9 oyunluq qələbə seriyası təsadüfi deyil, bu zəhmətin bəhrəsidir. Hər oyunda daha güclü olmağa çalışırıq.
Baş məşqçi, həmçinin azarkeş dəstəyinin böyük rol oynadığını vurğuladı:
- Tribunadan gələn enerji oyunçulara əlavə güc verir. Biz bunu meydanda hiss edirik.
Komandanın idarəçilik və təşkilati xəttinə rəhbərlik edən menecer Zaur Musayev əldə olunan nəticələrin arxasında ciddi planlamanın dayandığını vurğulayır:
- Biz bu mövsümə təsadüfi başlamadıq. Hər oyunçu üçün fərdi hazırlıq proqramları quruldu, rəqib komandaların oyunları əvvəlcədən analiz edildi, məşq qrafiki elə tərtib olundu ki, komanda fiziki baxımdan pik vəziyyətdə olsun. Uğur təkcə meydanda deyil, düzgün təşkilatda, psixoloji hazırlıqda və intizamlı sistemdə qazanılır.
Komandanın kapitanı İlqar İmamquliyev uğurun əsas sirrini birlik və bərabərlikdə görür:
- Biz meydanda sadəcə oyunçu deyilik, bir ailəyik. Hər kəs bir-birinə arxalanır, çətin anlarda dəstək olur. Ardıcıl qələbələr bizim özümüzə inamımızı daha da artırıb. Məqsədimiz çempionluq kubokunu qazanmaqdır.
Kapitan gənc oyunçuların inkişafından da məmnunluqla danışdı.
Komandanın ən gənc üzvü Camal Cəlilov üçün burada çıxış etmək xüsusi məsuliyyətdir:
- Bu səviyyədə oynamaq mənim üçün böyük şansdır. Təcrübəli oyunçulardan çox şey öyrənirəm. Baş məşqçi bizə daim dəstək olur. Məqsədim komandaya daha çox fayda vermək və çempionluq yolunda öz payımı qoymaqdır.
Qeyd edək ki, "Ordu" voleybol komandası təkcə oyun nəticələri ilə deyil, peşəkar yanaşması ilə də seçilir. Hər gün keçirilən planlı məşqlər, rəqiblərin analiz edilməsi, fiziki hazırlıq və psixoloji motivasiya komandanı mövsümün ən stabil kollektivlərindən birinə çevirib.
Artıq görülən işlərin nəticəsidir ki, bütün oyunçular meydanda öz rollarını dəqiq bilir və yerinə yetirirlər.
Çempionatda 25 xalla birinci pillədə qərarlaşan və 9 oyunluq qələbə seriyası ilə irəliləyən voleybol komandası çempionluğa doğru inamla addımlayır. Məşq prosesindəki intizam, meydandakı birlik və texniki üstünlük bu hədəfin real olduğunu göstərir.
Bu gün "Ordu" sadəcə bir komanda deyil, qələbəyə köklənən, məqsədini dəqiq bilən və Azərbaycan voleybolunda söz deməyə hazır olan güclü bir kollektivdir.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"