AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Səngərdəki güc təkcə silah-sursatla ölçülmür. O gücün arxasında sabit işləyən bir çox mexanizm var. Bunlardan biri maddi-texniki təminatdır. Düzgün saxlanılan ehtiyat, vaxtında çatdırılan təminat, dəqiq hesablanan logistika. Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarında gördüklərimiz bir daha əyani sübutdur ki, döyüş qabiliyyətinin sabitliyi çox zaman göz önündə olmayan bu nizamın içində formalaşır.
Döyüş təminatının göz önündə olmayan arxa-dayağı
Anbar və saxlanclarda sükut hökm sürür. Burada nə atəş səsi var, nə də təlim meydanlarının gurultusu. Amma bu sükutun içində ordunun döyüş qabiliyyətini formalaşdıran ən mühüm mexanizmlərdən biri işləyir.
Səliqə ilə düzülmüş saxlanc və anbarlar, çeşidlənmiş ləvazimatlar, dəqiq planlaşdırılmış qəbul və buraxılış prosesi bir həqiqəti açıq şəkildə göstərir: döyüş meydanında qazanılan üstünlük çox zaman arxa cəbhədə, göz önündə olmayan bu məkanlarda hazırlanır. Müasir ordular üçün maddi-texniki təminat sadəcə yardımçı sahə deyil, döyüş gücünün ayrılmaz və həlledici tərkib hissələrindəndir.
Maddi-texniki təminat dedikdə silah-sursatla yanaşı, şəxsi heyətin əşya-əmlak, geyim, ərzaq, yanacaq, tibbi vasitələr və məişət ləvazimatları ilə fasiləsiz təmin edilməsi başa düşülür. Bu, ayrı-ayrı elementlər deyil, bütöv bir sistemdir. Və bu sistemin hər hansı bir həlqəsində yaranan boşluq döyüş tapşırıqlarının icrasına birbaşa təsir göstərə bilər. Məhz, buna görə də müasir müharibələrdə logistikanın çevikliyi və təminatın keyfiyyəti strateji əhəmiyyət daşıyır. Azərbaycan Ordusunda bu reallıq nəzərə alınaraq maddi-texniki təminatın bütün istiqamətləri planlı şəkildə inkişaf etdirilir və müasir tələblərə tam şəkildə cavab verir.
Döyüşün mərkəzində dayanan insandır, texnika deyil
Ordunun döyüş qabiliyyəti təkcə silah və hərbi texnikanın gücü ilə ölçülmür. Şəxsi heyətin istənilən iqlim şəraitində rahat xidmət aparması, uzunmüddətli tapşırıqlara fiziki və psixoloji cəhətdən hazır olması, ehtiyac duyduğu vasitələrə vaxtında çıxış əldə etməsi bu qabiliyyətin əsas şərtlərindəndir. Bu baxımdan maddi-texniki təminat sistemi döyüş meydanında görünməsə də, nəticəni müəyyən edən əsas amillərdən biridir. Azərbaycanın ordu quruculuğu siyasətində bu sahəyə xüsusi diqqət yetirilməsi də məhz bu yanaşmadan irəli gəlir.
Son illər ərzində həyata keçirilən islahatlar nəticəsində təminat infrastrukturu genişləndirilib, anbar və saxlanc sistemləri yenilənib, logistika imkanları artırılıb. Əşya və ərzaq təminatında beynəlxalq standartlara uyğun mexanizmlər tətbiq olunmaqla yanaşı, real xidmət şəraiti və döyüş təcrübəsi də nəzərə alınır. Nəticədə sülh dövründə gündəlik xidmətin, döyüş şəraitində isə əməliyyatların fasiləsiz təmin olunması üçün etibarlı baza formalaşdırılıb.
Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarında yaradılmış şəraitlə tanışlıq onu göstərir ki, burada nizam-intizam, keyfiyyətə nəzarət və peşəkarlıq əsas prinsiplər kimi çıxış edir. Məhz bu prinsiplər Azərbaycan Ordusunun döyüş hazırlığının görünməyən, lakin dayanıqlı əsasını təşkil edir.
Üç dayaqlı sistem: standart, nəzarət, çeviklik
Maddi-texniki təminatın səmərəliliyi təsadüfi amillər üzərində qurulmur. Bu sahədə uğur üç əsas prinsipin düzgün tətbiqindən asılıdır.
Birinci prinsip standartlaşmadır. Orduda təminat məsələləri fərdi yanaşmalarla deyil, normativ sənədlər, müəyyən edilmiş qaydalar və uzunmüddətli planlama əsasında həyata keçirilir. Hər bir geyim növü, avadanlıq, ərzaq məhsulu və məişət ləvazimatı əvvəlcədən müəyyən olunmuş standartlara cavab verməlidir. Bu standartlar həm keyfiyyəti, həm də bütün bölmələr üzrə vahidliyi təmin edir.
İkinci prinsip keyfiyyətə nəzarətdir. Maddi-texniki təminatda olan vasitələrin real xidmət şəraitinə uyğunluğu, davamlılığı və təhlükəsizliyi əsas şərt kimi qəbul edilir. Qəbul prosesindən anbarlarda saxlanmaya, buraxılışdan bölmələrə çatdırılmaya qədər bütün mərhələlərdə nəzarət mexanizmləri mövcuddur. Bu, potensial risklərin qarşısını vaxtında almağa və təminat sisteminin etibarlılığını qorumağa imkan verir.
Üçüncü prinsip isə çeviklikdir. Müasir ordunun qarşılaşdığı çağırışlar yalnız sabit dislokasiya şəraiti ilə məhdudlaşmır. Yüksək dağlıq ərazilər, çətin iqlim şəraiti və uzaq məsafələr təminat sistemindən operativ qərarlar, alternativ həllər tələb edir. Bu baxımdan logistika imkanlarının geniş olması, müxtəlif nəqliyyat vasitələrinin istifadəsi və ehtiyatların düzgün planlaşdırılması maddi-texniki təminatın dayanıqlığını artıran əsas amillərdəndir.
Mərkəzi Əşya Bazası: səliqədən sistemə
Bu üç prinsipin real tətbiqini Mərkəzi Əşya Bazasında daha aydın şəkildə görmək mümkündür. Burada ilk diqqət çəkən məqam saxlanc ərazilərindəki səliqə-sahman və təşkil olunmuş iş mühitidir. Geniş ölçülü saxlanc binalarında hər bir əşya növü funksiyasına və təyinatına uyğun şəkildə çeşidlənib. Geyim, ayaqqabı, fərdi mühafizə vasitələri, yataq və məişət ləvazimatları ayrı-ayrı bölmələrdə saxlanılır və bu bölgü həm nəzarəti, həm də operativ buraxılışı asanlaşdırır.
Saxlancların ölçüsü və planlaşdırılması burada ehtiyat anlayışının nə qədər ciddi qəbul edildiyini göstərir. Əşya-əmlak yalnız cari tələbat üçün deyil, uzunmüddətli təminatı nəzərə alaraq formalaşdırılır. Bütün proseslərdə işçilərin peşəkarlığı açıq şəkildə hiss olunur. Qəbuldan yerləşdirməyə, inventarlaşdırmadan buraxılışa qədər hər mərhələ müəyyən edilmiş qaydalara əsasən icra edilir. Bu isə təminat prosesində insan amilindən doğa biləcək səhvlərin minimuma endirilməsinə imkan yaradır.
Ən vacib müşahidələrdən biri də budur: burada "anbar" sözü klassik anlamda sadəcə saxlanma məkanı deyil. Bu, eyni zamanda, idarəetmə intizamının, nizamlı qərarların, çevik logistikanın və ehtiyat planlamasının mərkəzidir. Yəni, döyüşçünün üzərinə geyindiyi forma, ayağına geyindiyi botinka, çiyninə asdığı ləvazimatın arxasında məhz bu sistem dayanır.
Polkovnik-leytenant Şəhriyar Cəbrayılov: təminatın “saat mexanizmi”
Mərkəzi Əşya Bazasının fəaliyyəti ilə daha yaxından tanış olarkən aydın olur ki, burada əsas məqsəd təkcə əşya-əmlakın saxlanılması deyil, təminat prosesinin bütün mərhələlərində fasiləsizliyin və dəqiqliyin qorunmasıdır. Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin zabiti polkovnik-leytenant Şəhriyar Cəbrayılov bu sistemin mahiyyətini izah edərkən qeyd etdi ki, baza öz fəaliyyətini müvafiq normativ sənədlər, əmr və göstərişlər əsasında təşkil edir. Onun sözlərinə görə, əsas vəzifə Azərbaycan Ordusunun şəxsi heyətinin əşya və əmlakla vaxtında təmin olunması, toxunulmaz ehtiyatların saxlanılması, müəssisələrdən qəbul edilən əmlakın anbarlarda düzgün yerləşdirilməsi və nəzarətin təmin edilməsidir.
O vurğuladı ki, əşya təminatı şəxsi heyətin xidmətinin ayrılmaz hissəsidir və bu təminat istənilən iqlim və relyef şəraitində döyüş tapşırıqlarının yerinə yetirilməsinə xidmət edir. Geyim və avadanlığın funksionallığı, aşınmaya davamlılığı və mövsümi uyğunluğu bu baxımdan əsas meyarlar sırasında yer alır. Müasir hərbi geyim formaları təkcə xarici görünüş baxımından deyil, praktiki istifadədə də beynəlxalq standartlara cavab verir və şəxsi heyətin hərəkət imkanlarını məhdudlaşdırmadan qorunmasını təmin edir.
Təminat prosesinin mühüm tərəflərindən biri də logistika məsələsidir. Polkovnik-leytenant Şəhriyar Cəbrayılov bildirdi ki, Mərkəzi Əşya Bazasından təminat birbaşa təyin olunmuş yerlərə müxtəlif nəqliyyat vasitələri ilə həyata keçirilir. Zərurət yarandıqda quru və dəmir yolu ilə yanaşı, hava nəqliyyatından da istifadə olunur.
Bu yanaşma Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərdə dislokasiya olunmuş hərbi hissələrin fasiləsiz təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Uzaq məsafələr, mürəkkəb logistika şərtləri bu sistemin çevikliyini və planlı şəkildə qurulduğunu bir daha nümayiş etdirir.
Mərkəzi Ərzaq Anbarı: səliqə, saxlanma və rasion
Sözsüz ki, döyüşçünü qoruyan forma nə qədər vacibdirsə, onu hərəkətdə saxlayan enerji də bir o qədər həlledicidir. Bu anlamda ərzaq təminatı əşya təminatının məntiqi davamı kimi çıxış edir. Elə buna görə də yolumuz Mərkəzi Ərzaq Anbarına düşür.
Mərkəzi Ərzaq Anbarında ilk diqqət çəkən məqam anbarların səliqəsi, qida məhsullarının saxlanma şəraitinin ciddi şəkildə tənzimlənməsi, ümumi iş mühitinin nizamlı görünüşü oldu. Burada hər bir məhsul növü üçün müvafiq temperatur və sanitar rejim təmin edilib. Saxlanc sahələrinin nizamlı təşkili, məhsulların kateqoriyalar üzrə yerləşdirilməsi və anbar daxili hərəkətin dəqiq planlaşdırılması ərzaq təhlükəsizliyinə verilən önəmi açıq şəkildə nümayiş etdirir.
Azərbaycan Ordusunda ərzaq təminatı normativlər əsasında, hərbi qulluqçuların təyinatı və xidmət xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilir. Orduda qidalanma sistemi vahid yanaşma üzərində qurulmayıb. Əksinə, müxtəlif qoşun növlərinin fiziki yükü, xidmət şəraiti və tapşırıqlarının intensivliyi nəzərə alınaraq fərqli enerji səviyyələrinə malik rasionlar tətbiq olunur. Bu baxımdan ərzaq normativləri orta, yüksək və xüsusi enerji təminatı prinsipləri əsasında formalaşdırılıb. Bu "enerji pillələri" praktikada belə görünür: gündəlik xidmət aparan əsas heyət üçün rasionlar orta enerji balansına uyğun qurulur; daha çox fiziki yük və xüsusi xidmət şəraiti olan bölmələrdə rasion yüksək enerji səviyyəsinə qalxır və bu səbəbdən heyət üçün isə xüsusi enerji tələbatını ödəyən rasion nəzərdə tutulur.
Milli mətbəx, mənəvi-psixoloji təsir və xüsusi şəraitlər
Bu mərhələdə artıq aydın olur ki, Azərbaycan Ordusunda ərzaq təminatı enerji balansının, sağlamlığın və döyüş dayanıqlığının qorunmasına yönəlmiş kompleks sistemdir. Bu sistemin daha bir mühüm tərəfi isə qidalanmanın təkcə fiziki deyil, mənəvi-psixoloji təsiridir. Bu baxımdan Azərbaycan Ordusunda milli mətbəxin hərbi qulluqçuların gündəlik qida rasionuna daxil edilməsi təsadüfi qərar deyil. Menyular tərtib edilərkən şəxsi heyətin fikirləri nəzərə alınır və milli yeməklərə üstünlük verilir. Müxtəlif növ dolmalar, küftə-bozbaş, parça-bozbaş, düşbərə, səbzi plov, dovğa və digər milli xörəklər artıq rasionun ayrılmaz hissəsinə çevrilib.
Bu yanaşma təkcə dad məsələsi ilə məhdudlaşmır. Milli yeməklər əsgər üçün tanışlıq, ev ab-havası və psixoloji rahatlıq yaradır. Aparılan müşahidələr də göstərir ki, qidalanma zamanı şəxsi heyət məhz bu yeməklərə üstünlük verir. Məhz buna görə də sovet dövründən qalan bəzi ərzaq növləri əsas normadan çıxarılaraq yerini milli mətbəximizə məxsus yeməklərə verib. Bu dəyişiklik qidalanma mədəniyyətinin müasir tələblərə uyğunlaşdırılması ilə yanaşı, şəxsi heyətin mənəvi durumuna göstərilən diqqətin bariz nümunəsidir.
Son illər ərzində ərzaq təminatı sistemində həyata keçirilən yeniliklər də diqqətəlayiqdir. Şəxsi heyətin qidalanmasının yaxşılaşdırılması məqsədilə yeməklərin hazırlanması prosesində peşəkar mülki aşpaz heyətinin cəlb olunmasıdır. Bu addım yeməklərin keyfiyyətinin və çeşidinin artırılmasına, eyni zamanda, hərbi qulluqçuların təsərrüfat işlərindən azad olunaraq əsas diqqətlərini döyüş hazırlığına yönəltməsinə imkan yaradıb. Bu yanaşma müasir ordu modelinin tələblərinə tam cavab verir və insan resurslarından səmərəli istifadəni təmin edir.
Mayor Məftun Əsgərov: keyfiyyətə nəzarət əsas şərtdir
Ərzaq təminatında keyfiyyətə nəzarətin əsas mərkəzi laboratoriyadır. Burada hökm sürən təmizlik, müasir cihazlar və iş prosesinin dəqiq tənzimlənməsi bu sahəyə peşəkar yanaşmanın göstəricisidir. Laboratoriyada aparılan yoxlamalar ərzaq məhsullarının təhlükəsizliyini və istifadəyə yararlılığını təmin etməklə yanaşı, bütün təminat sisteminin etibarlılığını qoruyur. Bu mərhələdə hər bir məhsulun şəxsi heyətin süfrəsinə düşməzdən əvvəl ciddi süzgəcdən keçirildiyi aydın şəkildə hiss olunur.
Mərkəzi Ərzaq Anbarının zabiti mayor Məftun Əsgərov bildirdi ki, ərzaq məhsullarının qəbulundan əvvəl və sonra aparılan laborator müayinələr təminat sisteminin ən həssas mərhələlərindən biridir. Onun sözlərinə görə, laboratoriya nəzarəti formal prosedur deyil, şəxsi heyətin sağlamlığının və döyüş hazırlığının birbaşa təminatıdır. Buraya daxil olan hər bir ərzaq məhsulu müvafiq normativ tələblərə uyğun şəkildə yoxlanılır. Bu yoxlamalar fiziki-kimyəvi, bakterioloji, toksikoloji və radioloji analizləri əhatə edir. Məqsəd yalnız məhsulun keyfiyyətini qiymətləndirmək deyil, onun hərbi qulluqçular üçün tam təhlükəsiz və istifadəyə yararlı olmasını təmin etməkdir.
Mayor Məftun Əsgərov qeyd etdi ki, laboratoriya fəaliyyəti Azərbaycan Ordusunda ərzaq təminatının etibarlı olmasının əsas sütunlarından biridir. Laboratoriyada aparılan yoxlamaların nəticələri həm elektron, həm də yazılı qaydada sənədləşdirilir, hər bir partiya üzrə rəy yalnız bütün göstəricilər norma daxilində olduqda verilir. Çünki döyüş hazırlığı yalnız silah və texnika ilə ölçülmür, şəxsi heyətin sağlamlığı və düzgün qidalanması bu hazırlığın ayrılmaz hissəsidir. Sağlam qida sağlam şəxsi heyət deməkdir. Sağlam şəxsi heyət isə döyüş tapşırıqlarının uğurla icrasının əsas şərtlərindən biridir. Biz laboratoriyada bunu çox yaxşı anlayır və fəaliyyətimizi məhz bu məsuliyyətlə qururuq.
Bu yanaşma göstərir ki, Mərkəzi Ərzaq Anbarının laboratoriyası sadəcə texniki nəzarət məntəqəsi deyil. Burada görülən işlər Azərbaycan Ordusunda qida təhlükəsizliyinin, şəxsi heyətin sağlamlığının və nəticə etibarilə döyüş qabiliyyətinin qorunmasına xidmət edən strateji əhəmiyyətli fəaliyyətdir.
Görünməyən mexanizm, görünən sabitlik
Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarında gördüklərimiz bir daha təsdiq edir ki, Azərbaycan Ordusunda maddi-texniki təminat sistemi təsadüfi deyil. Bu sistem nizam-intizam, peşəkarlıq və real ehtiyacların düzgün qiymətləndirilməsi üzərində qurulub. Əşya təminatı şəxsi heyətin fiziki rahatlığını və qorunmasını təmin edirsə, ərzaq təminatı bu rahatlığı enerji və dözümlülüklə tamamlayır. Bu iki istiqamət bir-birini qarşılıqlı şəkildə gücləndirərək döyüş qabiliyyətinin dayanıqlı əsasını formalaşdırır.
Nəticə etibarilə, maddi-texniki təminat döyüş meydanında görünməyən, lakin nəticəni müəyyən edən əsas qüvvələrdən biridir. Azərbaycan Ordusunda bu sahəyə göstərilən diqqət, həyata keçirilən islahatlar və formalaşdırılan müasir təminat infrastrukturu ordunun uzunmüddətli hazırlığının və çevikliyinin təminatıdır. Səngərdə dayanan əsgərin arxasında duran bu səssiz mexanizm Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır.
İbrahim MƏMMƏDBƏYOV
"Azərbaycan Ordusu"