Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2026 13:33

Azərbaycan Ordusunda xidmət edən minlərlə gənc Vətəninə sədaqət, yüksək döyüş ruhu və dönməz iradə nümayiş etdirir

Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik gənclər dövlət üçün önəmlidir. Cəmiyyətin gələcəyi gənclərdir. 2 Fevral - Azərbaycan Gəncləri Günü Azərbaycan gəncliyinin gücünü, enerjisini və gələcəyə olan inamını ifadə edən əlamətdar bir gündür. Bu tarixi gün gənclərə daim diqqət və qayğı ilə yanaşan, onların qayğılarının həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən və bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, həmən ilin fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi. Bu, gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-nin Azərbaycanda gənclər günü elan edilməsi barədə Sərəncam imzaladı. Həmin vaxtdan etibarən fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı.
Ulu Öndər deyirdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".
Azərbaycan Ordusunda xidmət edən minlərlə gənc Vətəninə sədaqət, yüksək döyüş ruhu və dönməz iradə nümayiş etdirir. Gənclər dövlətin təhlükəsizliyinin təminində, ərazi bütövlüyünün qorunmasında xüsusi məsuliyyət daşıyırlar. Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu siyasətinin əsas dayaqlarından biri də məhz gənc kadrların potensialıdır. Vətən müharibəsi və sonrakı antiterror əməliyyatı gənclərimizin peşəkarlığını və şücaətini bir daha sübut etdi. Azərbaycan gənci ordu sıralarında yalnız əsgər deyil, Vətənin keşiyində dayanan etibarlı gücdür. Bu gün Azərbaycan gənci yalnız öz gələcəyini deyil, ölkəsinin sabahını da inamla qurur. 2 Fevral - Azərbaycan Gəncləri Günü məhz bu gücün, bu ruhun və bu məsuliyyətin bayramıdır.
"Azərbaycan Ordusu"

Baş leytenant Filağa Quliyev: 
- 2 Fevral - Azərbaycan Gəncləri Günü Azərbaycan dövlətçiliyinin gələcəyinin məhz gənclərə etibar edildiyini təsdiqləyən əlamətdar tarixdir. Hərbi Hava Qüvvələrində bir neçə il xidmət edən bir zabit kimi əminliklə deyə bilərəm ki, ordumuzun gücü təkcə texnika ilə deyil, yüksək vətənpərvərlik ruhuna malik gənc kadrlarla ölçülür.
Səmamızın təhlükəsizliyini qorumaq böyük məsuliyyətdir və bu məsuliyyəti bu gün minlərlə gənc zabit şərəflə daşıyır. Azərbaycan gəncliyi intizamı, bilik səviyyəsi və milli ruhu ilə ordumuzun inkişafında mühüm rol oynayır. Bütün gənclərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, onlara möhkəm iradə, sağlamlıq və Vətənə xidmət yolunda daim uğurlar arzulayıram.

Baş leytenant Maşallah Məmmədov: 
- Mən Azərbaycan Ordusunun zabiti olaraq qürurla deyə bilərəm ki, ölkəmizin gəncləri bu etimadı öz əməlləri ilə doğruldurlar. Hərbi liseylərdə, ali məktəblərdə, istehsalatda, elmdə, mətbuatda, ən əsası isə döyüş meydanında Azərbaycan gənci daim ön sırada olub.
2014-2017-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2017-2021-ci illərdə isə indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alarkən bizə bir həqiqət aşılanırdı - Vətənə xidmət şərəfdir. Bu şərəfi 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında  hərbi qulluqçularımız ləyaqətlə daşıdılar. Azərbaycan gənci sübut etdi ki, lazım gəldikdə canı bahasına torpağını qorumağa hazırdır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı hər bir sahədə öz bəhrəsini verir. Dövlətimizin başçısının yürütdüyü gənclər siyasəti nəticəsində savadlı, vətənpərvər, güclü bir nəsil formalaşır. Bu nəsil Azərbaycanın gələcəyini daha da möhkəmləndirəcək.
Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edir, onlara sağlamlıq, uğurlar və daim Vətənə bağlı olmağı arzulayıram. Unutmayaq ki, güclü dövlət güclü gəncliklə mümkündür.

Leytenant İlkin Nurmətov: 
- 2 Fevral - Azərbaycan Gəncləri Günü müasir Azərbaycanın strateji inkişaf xəttində gənclərə verilən xüsusi önəmin parlaq ifadəsidir. Bu tarix dövlətin gələcəyini məhz savadlı, vətənpərvər və peşəkar gənclərin çiyinlərinə həvalə etdiyini nümayiş etdirir. Gənc zabit kimi xidmət etdiyim müddətdə əmin olmuşam ki, Azərbaycan Ordusunda formalaşan gənc kadrlar yüksək intizamı və hazırlığı ilə istənilən vəzifəni layiqincə yerinə yetirməyə qadirdir.
Taqım komandiri olaraq əsas məqsədim şəxsi heyəti həm peşəkar döyüşçü, həm də Vətənə sadiq vətəndaş kimi yetişdirməkdir. Bugünkü Azərbaycan gəncliyi artıq təkcə arzular quran nəsil deyil, dövlətçiliyin dayağına çevrilmiş qüvvədir. Azərbaycan Gəncləri Günü münasibətilə bütün gəncləri təbrik edir, onlara elm yolunda uğurlar, xidmət yolunda güc, qüvvət və ölkəmizin daha da qüdrətlənməsi naminə əzm arzulayıram.

Kursant Mədinə Kərimli:
- Hələ uşaq yaşlarımdan atamı hərbi mundirdə görəndə məndə də ordumuzun sıralarında xidmət etməyə həvəs yarandı. Böyüdükcə bu sahəyə marağım daha da artmağa başladı. 2025-2026-cı tədris ilində Heydər Əliyev adına Hərbi İnstituta uzun müddətdən sonra qadın vətəndaşların da qəbul olunduğunu öyrəndim. Uşaqlıq arzumun arxasınca getməyə, Vətənimizi qoruyanların sıralarına daxil olmağa qərar verdim. Bu gün Heydər Əliyev adına Hərbi İnstitutun kursantı, sabahın zabiti kimi, Azərbaycan Gəncləri Gününü qürur və məsuliyyət hissi ilə qeyd edirəm.
Hərbi institutda təhsil almaq mənim üçün peşə seçimi ilə bərabər həm də şərəfli bir missiyanın başlanğıcıdır. Azərbaycan qadını tarix boyu Vətənə sədaqəti, cəsarəti və mübarizliyi ilə seçilib. Biz qadın kursantlar da onların davamçılarıyıq. Hərbi forma geyinərək təhsil almaq, nizam-intizamlı olmaq, hərbin sirlərinə dərindən yiyələnmək, bilik və bacarıqlarımızı artırmaq gündəlik fəaliyyətimizin ayrılmaz hissəsidir.
Hər birimiz yaxşı dərk edirik ki, müstəqil və güclü dövlətin əsas dayağı savadlı, vətənpərvər və məsuliyyətli gənclərdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənclərə və ordu quruculuğuna göstərdiyi diqqət və qayğını hər addımımızda hiss edirik. Göstərilən etimadı gələcəkdə Vətən qarşısında üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməklə doğrultmağa çalışacağıq.
Gənclər günü münasibətilə bütün gəncləri birliyə çağırıram. Biz Azərbaycanın gələcəyik. Bu gün Azərbaycan gənci ölkəmizin ərazi bütövlüyünü və suverenliyini qorumaq kimi müqəddəs vəzifəni uğurla yerinə yetirir. Olduğumuz sahədən asılı olmayaraq hər birimiz dövlətimizin maraqlarını hər şeydən üstün tutmalıyıq. 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzulayıram.

Kursant Möhsün Quluzadə: 

- Hərbi Tibb Fakültəsinin kursantı kimi 2 Fevral - Azərbaycan  Gəncləri Gününü böyük məsuliyyət günü kimi dərk edirəm. Bu gün Azərbaycan gəncliyinin dövlətə və Vətənə bağlılığının bariz nümunəsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.
Seçdiyim peşə yolunun nə qədər şərəfli və çətin olduğunu hər gün daha dərindən anlayıram. Hərbi tibb sahəsini seçmək mənim üçün sadəcə ixtisas deyil, Vətənə xidmət andıdır. Hərbi həkim olmaq döyüş meydanında soyuqqanlılıq, humanizm və fədakarlıq tələb edir. Biz kursantlar bu ali missiyaya gənclik enerjisi və yüksək ruhla hazırlaşırıq. Ordu sıralarında sağlam əsgər güclü ordu deməkdir. Müasir Azərbaycan Ordusunda xidmət etmək gənc nəsil üçün böyük qürur mənbəyidir. Vətən müharibəsində hərbi tibb personalının göstərdiyi əzmkarlıq bizə əsl örnəkdir. Yaralı əsgərin həyatını xilas etmək bəzən silahla döyüşmək qədər önəmli olur. Dövlətin gənclərə, xüsusilə hərbi təhsilə göstərdiyi diqqət bizə daha böyük stimul verir. Aldığımız bilik və bacarıqları ən çətin anlarda da tətbiq etməyə hazır olmalıyıq. Biz həm tibbi biliklərlə, həm də hərbi nizam-intizam ruhunda formalaşırıq.
Hərbi tibb sahəsində yetişən gənclər ordunun döyüş qabiliyyətinin ayrılmaz hissəsidir. Biz Vətənin keşiyində duran əsgərin arxasındakı görünməz sipərik. Azərbaycan Gəncləri Günü bizə göstərilən etimadın rəmzidir. Bu etimadı doğrultmaq isə bizim əsas borcumuzdur. Mən inanıram ki, Azərbaycan gəncliyi, xüsusilə hərbi tibb kursantları Vətənə xidmət yolunda hər zaman ləyaqətlə irəliləyəcək.

Kursant Xəlil Ağcabəyov: 
- Azərbaycan Respublikasında 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bizə göstərilən etimadı doğrultmaq, Vətənə sədaqətlə xidmət etmək əsas məqsədimizdir. Gənclər siyasətinin sistemli şəkildə aparılması minlərlə gəncin potensialının üzə çıxarılması üçün geniş imkanlar yaradır. Biz, Azərbaycan gəncliyi artıq yalnız arzularla yaşamırıq. Qarşımıza konkret məqsədlər qoyur, həmin məqsədlərə çatmaq üçün planlı şəkildə çalışır və məsuliyyətimizi dərindən dərk edirik. Xüsusilə hərbi sahəni seçən gənclər üçün bu yol peşə seçimi  ilə bərabər taleyimizi Vətənə xidmətlə bağlamaq qərarıdır. Azərbaycan Ordusunun gücü  texnika və silahlarla ölçülmür. Əsas dayağı onun şəxsi heyətidir, biz kursantlar isə gələcəyin zabitləri olacağıq. Bu baxımdan, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Lisey bizim üçün böyük önəm daşıyır. Burada öyrəndiklərimiz gələcəkdə Vətənə sədaqətlə xidmət etməyimizə zəmin yaradır.

Əsgər İlmin Nərimanov: 
- Gənclər Günü Azərbaycan gəncliyinin dövlətin taleyində nə qədər mühüm yer tutduğunu göstərən rəmzi gündür. Bu gün yalnız bayram deyil, eyni zamanda, gənclərə göstərilən etimadın məsuliyyətini xatırladan tarixdir. Mən ön xətdə xidmət aparan bir Azərbaycan əsgəri kimi hər gün bu etimadı doğrultmağa çalışıram.
Müasir Azərbaycan gənci həm savadlıdır, həm də Vətənin müdafiəsi üçün hər an hazırdır. Minlərlə gəncin silaha sarılaraq torpağın keşiyində dayanması xalqımızın vətənpərvərlik ruhunun göstəricisidir. Gənclərimizin biliklərini ölkənin inkişafına yönəltməsi ilə yanaşı, milli dəyərlərə sədaqətini də daim qoruyacağına inanıram. Bu münasibətlə bütün gənclərə uğurlu həyat yolu, güclü iradə və təhlükəsiz gələcək arzulayıram.

Əsgər Rəvan Əjdərov: 
- Ata-babalarımızın bizə əmanəti olan Vətənimizin, doğma torpağımızın keşiyində dayanmaq, onu yadelli işğalçılardan əzmlə qorumaq hər birimizin vətəndaşlıq borcudur. Biz Vətənə xidmət borcumuzu vicdanla, ləyaqətlə yerinə yetiririk. Şəhidlərimiz torpaq uğrunda canlarını qurban verdilər. Onların qanı bahasına ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olundu. Şəhid adı müqəddəsdir. Hər birinin qısa və şərəfli ömür, döyüş yolunu öyrənməyə çalışırıq. Biz gənclərə örnək olan o müqəddəs ömürlər Vətənimizin işıqlı gələcəyi naminə qurban verilib.
Ana yurdum Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvanın Babək rayonunun Kalboruc Dizə kəndində doğulub böyümüşəm. Orta təhsilimi öz kəndimizdə almışam. 15 oktyabr 2024-cü ildə hərbi xidmətə çağırılmışam. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsinin əsgəriyəm. Mehriban, səmimi əsgər dostluğu, yoldaşlığı şəraitində hərbi xidmətimizi aparırıq. İlkin hərbi vərdişlərə qısa müddət ərzində yiyələndik. Verilən tapşırıqlara ciddi və məsuliyyətlə yanaşırıq. Hərbi biliklərimizi peşəkar, təcrübəli komandirlərimizdən böyük həvəslə öyrənirik. Təlimlərdə döyüş bacarıqlarımızı, dərslərdə isə nəzəri biliklərimizi artırırıq. Çox yaxşı bilirik ki, Vətənin müdafiəsində dayanan əsgər möhkəm iradəli, mətin, əzmli, döyüşə daim hazırlıqlı olmalıdır. Biz gənclərin əsas məqsədi hərbi xidmətimizi başa vurduqdan sonra Azərbaycanımızın xoşbəxt gələcəyi naminə yeni həyata atılıb  faydalı əməklə məşğul olmaq, işimizdə daim uğurlar qazanaraq əsl vətəndaş kimi Vətənə xidmət etməkdir. Gənclər Azərbaycanın gələcəyidir. 2 Fevral - Azərbaycan Gəncləri Günü hər il ölkəmizdə geniş qeyd olunur. İctimai-siyasi hazırlıq dərslərimizdə bu mövzu ilə bağlı mətnlər hazırlanır, şəxsi heyətə çatdırılır. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənclərlə bağlı söylədikləri fikirlər həmin mətnlərdə geniş yer alır. Mən Vətənimizin keşiyində dayanan bütün əsgər yoldaşlarımın adından ölkəmizin gənclərini ürəkdən təbrik edir, onlara gələcək işlərində yeni-yeni uğurlar arzulayıram.

Əsgər Rail Maxsudov:
- 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq "Gənclər forumu" keçirildi. Forumda gənclərin siyasətinə önəm verildi. O zaman gənclər təhsildə, idmanda, səhiyyədə, dövlət strukturlarında idarəçilikdə çoxlu problemlərlə üzləşirdilər. Gənclərin qarşılaşdıqları çətinliklərə forumda aydınlıq gətirildi. Ulu Öndər Heydər Əliyev İdman və Gənclər Nazirliyi və dövlət struktur rəhbərləri qarşısında qəti tələb qoydu ki, Azərbaycanın gələcəyi olan gənclərə diqqət və qayğı göstərilsin, onların üzləşdikləri süni əngəllər aradan qaldırılsın və savadlı, bacarıqlı gənclərin dövlət idarələrində yüksək vəzifələrə təyin olunması üçün təşəbbüs qaldırsınlar.
1997-ci ilin yanvarında Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə hər il Azərbaycanda 2 Fevral - Azərbaycan Gəncləri Günü elan olundu. 
Bu, Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısının təcəssümü idi. Bundan sonra azərbaycanlı gənclər həm idmanda, həm də elmdə, həm səhiyyədə və digər sahələrdə böyük uğurlar qazanmağa başladılar.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətini uğurla davam etdirir. Hər il yüzlərlə gənc təhsil almaq üçün dünyanın müxtəlif ölkələrinə üz tutur. Onların əksəriyyəti təhsil aldıqdan sonra Vətənə qayıdır  bilik və bacarıqlarını tətbiq etməklə beynəlxalq təcrübələrini Azərbaycanda həyata keçirirlər. Bunun nəticəsidir ki, elm və təhsildə, həmçinin səhiyyədə çalışan gənclər yeniliklər gətirməklə ölkəmizdə bu sahədə qısa müddətdə böyük uğurlar qazanıblar. Qloballaşan dünyada digər xalqların nümayəndələri kimi azərbaycanlılar da dünya elminə öz töhfələrini verməkdədirlər.
Qarşıdan Azərbaycan Gəncləri Günü gəlir. Mən də  gənclərimizi təbrik edirəm. Çalışdıqları hər bir sahədə bilikli və bacarıqlı olmaqla Vətənimizin, xalqımızın şərəfini uca tutmağı arzu edirəm.

Matros Həsən Məhərrəmli:
- Vətənimizin dəniz sərhədlərini qoruyan Hərbi Dəniz Qüvvələrinin gənc nümayəndəsi olaraq, ordu sıralarında xidmət edən şəxsi heyətin hər bir gənc üzvünü 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycanın gələcəyini formalaşdıran, Vətənimizin gücünü və sabahını müəyyən edən gənclərin bayramıdır. Biz hərbi qulluqçular üçün gənclik təkcə dövr deyil - bu, məsuliyyət, intizam, Vətənə sədaqət anıdır.
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin canlı şahidi və iştirakçısı olan qalib ordunun mundirini daşımaq qürurvericidir.
Əziz gənclər və həmyaşıdlarım! Harada olmağımızdan asılı olmayaraq, Vətəni sevib, ona layiq olmalıyıq. Biz Azərbaycan əsgəri olaraq quruda, dənizdə və havada keşik çəkərkən, xalqımızın inamından Ali Baş Komandanımızın qətiyyətindən güc alırıq. Güclü gənclik - güclü Azərbaycan deməkdir.

Əsgər Ramin Yusifli:
- Vətənin keşiyində dayanan bir əsgər olaraq, bütün gənclərimizi Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün səngərdə bizim arxamızda dayanan əsas güc gənclərin biliyi, vətənpərvərliyi, zəhməti və sabaha olan inamıdır. Güclü və müstəqil dövlətin təməlində düşünən, çalışan, qorxmadan irəli gedən gənclər dayanırlar.
Silah tutan əllə qələm tutan əlin məqsədi birdir - Vətəni qorumaq, onu daha güclü və daha işıqlı gələcəyə aparmaq. Biz əsgərlər sərhədləri qoruyuruq, gənclər isə ölkənin sabahını qururlar.
Arzum budur ki, hər bir Azərbaycan gənci öz potensialını tam reallaşdırsın, arzularına çatsın və doğma Vətənimizin adını daim ucaltsın. Bilin ki, biz bu torpağı sizə əmanət etmək üçün ayıq-sayıq xidmət edirik.
Gənclər Gününüz mübarək olsun. Yaşasın Azərbaycan gəncliyi!

Əsgər Rəşad Mahmudov: 
- Azərbaycan gəncliyi bu gün təkcə elm və təhsildə deyil, həm də ordu sıralarında öz gücünü göstərir. Biz gənclər bilirik ki, Vətənə xidmət hər kəsin borcudur. Hər bir gənc öz üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməklə dövlətimizin daha da möhkəmlənməsinə töhfə verir.
Bu gün Azərbaycan gəncliyinin bayramıdır. Gənclər Günü hər bir gənc üçün məsuliyyət, ümid və inam deməkdir. Çünki bu Vətənin sabahını məhz gənclər qurur və qoruyurlar.
Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edir, onlara sağlamlıq, uğur və parlaq gələcək arzulayıram. Qoy hər bir gəncin yolu işıqlı, qürurlu və Vətənə xidmətlə dolu olsun.

Əsgər Mətin Quliyev:
- Mən, Azərbaycan Ordusunun əsgəri olaraq fəxrlə deyirəm ki, Vətənə xidmət etmək hər bir Azərbaycan gənci üçün ən böyük şərəfdir. Azərbaycan Gəncləri Günü mənə bu şərəfli xidmətin məsuliyyətini bir daha xatırladır. Azərbaycan gənci biliyi, Vətən sevgisi və hazırlığı ilə fərqlənir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan Ordusunda xidmət etmək hər bir gənc üçün qürur mənbəyidir. Əsgər həyatı mənə intizamı, dözümlülüyü və məsuliyyəti öyrədir. Burada biz silahla davranmağı, Vətənə sədaqətlə xidmət etməyi öyrənirik. Hər gün üzərimdə böyük etimad olduğunu hiss edirəm. Bu etimadı doğrultmaq mənim üçün borcdur. Hər bir tapşırığı vicdanla yerinə yetirməyə çalışıram. Xidmətdə öyrəndiyim intizam və məsuliyyət ömür boyu mənimlə olacaq. Hər bir Azərbaycan gənci bilməlidir ki, əsgər adı böyük şərəfdir.

Əsgər Elxan Ağayev:
Biz xoşbəxt gənclər ki, müstəqil, suveren və güclü dövlətimiz, qalib ordumuz var. Biz gənclərin hərtərəfli inkişafı üçün ölkəmizdə hər cür şərait yaradılıb. Dövlət rəhbərliyi tərəfindən gənclərə yüksək diqqət və qayğı göstərilir. Hər birimiz azərbaycanlı olmaqla qürur duyuruq. Hərbi qulluqçu olaraq bu qüruru ikiqat hiss edirəm. Çünki Vətən müdafiəçisi olmaq çətin və şərəfli peşədir. Biz müqəddəs vəzifə yerinə yetiririk. Mənimlə eyni sıralarda xidmət edən bütün silahdaşlarımın, onların timsalında bütün gənclərimizin bayramını təbrik edirəm. Azərbaycan gəncləri milli-mənəvi dəyərlərə, dövlətə və dövlətçiliyə sadiq, vətənpərvər ruhda formalaşırlar. Biz bunu 44 günlük Vətən müharibəsində və sonrakı uğurlu döyüş əməliyyatlarında bütün dünyaya sübut etdik. Torpaqlarımızın azadlığı uğrunda hər bir gənc son damla qanına kimi rəşadətlə döyüşdü. Əzəli torpaqlarımızı işğaldan azad edərək xalqımıza Böyük Qələbə sevinci yaşatdıq. Bu gün də ərazi bütövlüyümüzün keşiyində inamla dayanmışıq. Vətənimizin işıqlı sabahları üçün, gələcək nəsillərə daha qüdrətli, daha inkişaf etmiş dövlət, daha güclü ordu əmanət etmək üçün bütün  məsuliyyətimizlə hər sahədə durmadan çalışırıq. Məktəbdə oxduğum bir şeiri xatırlayıram.


Vətən mənim bu günüm,

Sabahkı toy-düyünüm.

Haqqım var ki, öyünüm

Azərbaycan deyəndə.


Bu misralar hər bir Azərbaycan gəncinin qürurunun, amalının nişanəsidi. Biz dövlətçilik ideyalarına daim sadiq qalacaq, dövlət başçısımızın ətrafında sıx birləşərək üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyik. Fəxr edirəm ki, mən azərbaycanlıyam!