AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tarixən belə olub, belə də olacaq... Dövlətlər yaranandan, araya sərhədlər düşəndən sonra dövlətlər həm əhalisini oturaq yaşayış baxımından məskunlaşdırmaq, həm də müdafiəsini gücləndirmək üçün ərazisində qala-şəhərlər, şəhər-qalalar, müşahidə və müdafiə qalaları yaradırdı. Hər tikili xalqın mədəniyyətinə - tikinti və memarlıq səriştəsinə əsaslanırdı, hər tikili xalqın təfəkkürünün nişanəsi kimi tarixləşirdi. Azərbaycan ərazisində müxtəlif dövrlərdə belə tikililər olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamında da belə möcüzəvi tikililər xatırladılır: İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası, Şəki Xan Sarayı. Dövlət başçımız bunları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlər - qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən tarixi abidələr kimi təqdim edib. Onu da qeyd edib ki, Azərbaycanda şəhərsalma və memarlıq sənəti həmişə yüksək səviyyəsi ilə səciyyəvi olub: qədim şəhərlərimiz həm şəhər kimi, həm də abidə-kompleks kimi turistlərin marağı, sevgisi, sevginin yaratdığı heyrət və düşüncələrlə əhatələnməkdədir.
Sərəncamda deyilən bir fikir hər bir azərbaycanlının qürurunun ifadəsidir:
"...dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, "Atəşgah" kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir".
Azərbaycanda şəhərsalmanın (mahiyyəti baxımından memarlığın) tarixi ilk vaxtlar kəndsalma-şəhərləşmə formatında eramızdan əvvəl II minilliklə səsləşir. Naxçıvanda Qarabağlar buna nümunədir. Burada mövcud olmuş Qalacıq yaşayış yeri e.ə. II minilliyin nişanəsidir. XIII əsrdə Qarabağlarda 50000 nəfər yaşayıb. Bu kənd (quruluşu baxımından şəhər) olmasaydı, Əmir Teymur ordusunun bir hissəsi ilə beş ay qışı burada qalmazdı...
Yüzillər keçib. Azərbaycanın ərazisində müxtəlif dövrlərdə müxtəlif dövlətlər (xanlıqlar) olub, hər dövlətin (xanlığın) memarlıq baxımından özünəməxsus şəhərsalma mədəniyyəti formalaşıb. Onlardan tarixdə qalanı da var, dağılanı və dağıdılanı da.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Həmin vaxtlarda Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi aparırdı, Azərbaycan Ordusu döyüşə-döyüşə formalaşırdı. Müharibə səbəbindən şəhərsalma geniş miqyasda olmasa da, davam etdirildi. Azərbaycan Respublikasında şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələrdən yaradıcı şəkildə istifadə olunmasına XX əsrdə xüsusi diqqət yetirildiyi, bu dövrdə bir sıra şəhərlərin yenidən qurulduğu, bölgələrdə şəhərlərin planlaşdırılmasına xüsusi önəm verildiyi, Mikayıl Hüseynov və Sadiq Dadaşovun fəaliyyəti ilə milli ənənələr zəminində yeni memarlıq üslubunun formalaşdığı da sərəncamda qeyd olunur.
Sərəncamda bildirilir ki: "Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılmışdır. Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ Şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni görkəm almışdır".
Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri başladı. Tarix həm də mahiyyətli analogiyalar yaradır. 2016-cı ilin aprelində qələbə qazanan ordumuz bu uğuru 2020-ci ildə tarixi Zəfərlə, 2023-cü il sentyabrın 20-də isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə tamamladı.
2017-ci ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi yenidən quruldu. 2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə başlayan bərpa və quruculuq işləri də Cocuq Mərcanlıda həyata keçirilmiş quruculuq işlərinin məntiqi və dünyəvi davamı olacaq. İndidən qürurlanırıq! Tarixi Zəfər qazandığımız, ərazi bütövlüyümüzün tam bərpa olunduğu günlərdə qürurlandığımız kimi qürurlanırıq...
İşğaldan azad edilmiş ərazilərdə yeni şəhər və kəndlərin salınmasının Vətən müharibəsi zamanı və ondan sonra azad olunmuş ərazilərdə tikinti-bərpa proseslərini, yeni yaşayış məntəqələrinin salınmasını, dağıdılmış infrastrukturların bərpasını və yeni şəhərlərin yaradılmasını əhatə edəcəyi bildirilən bu tarixi Sərəncamda qeyd olunur ki: "Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizin düşmən tərəfindən sistemli şəkildə dağıdılması və azad olunduqdan sonra həmin ərazilərdə yeni şəhər və qəsəbələrin salınması, müasir memarlıq və şəhərsalma prinsiplərinin tətbiqi 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsini zəruri edən əsas amillərdən biridir. Bu qərar yalnız şəhərsalma və memarlıq sahəsindəki inkişafı stimullaşdırmaqla kifayətlənmir, eyni zamanda xalqımızın milli həmrəyliyini və dövlətçilik ideallarını gücləndirir, azad olunmuş torpaqlarda müasir və funksional yaşayış mühitinin yaradılmasına, tarixi irsin qorunmasına və regionların sosial-iqtisadi inkişafına yönəlmiş strateji prioritetləri əks etdirir. Beləliklə, "Şəhərsalma və Memarlıq İli" təşəbbüsü həm müasir inkişafın, həm də milli-mədəni dəyərlərin qorunmasının birgə təmin olunması baxımından ölkəmiz üçün mühüm tarixi əhəmiyyət daşıyır. Dövlətimiz və xalqımız üçün bu qərarın uzunmüddətli uğurlar gətirəcəyinə inanırıq".
Sərəncamda işğaldan azad olunmuş ərazilərdə "yaşıl şəhər", "yaşıl qəsəbə" və "yaşıl kənd" konsepsiyalarının daha intensiv şəkildə tətbiqinin də əsas prioritetlərdən biri olduğu qeyd olunub. Bu, tarixi Zəfərdən sonra başlayan quruculuq işlərinin də Zəfərlə tamamlanacağının zəmanətidir...
Şəhərsalma təkcə tikinti, inşaat və texniki proses deyil, şəhərsalma həm də cəmiyyət üçün müəyyən vəzifələrin, mənəvi və sosial məsuliyyətin müəyyənləşdirilməsi deməkdir. Bu sərəncam Azərbaycanın şəhərlərinin estetik görünüşünü - gözəlliyini də artıracaq, müharibənin və işğalın fəsadlarının aradan qaldırılmasında müqayisəyəgəlməz bir fəaliyyət, dövlət proqramı olacaq.
Rəşid HÜSEYNOV
Əməkdar jurnalist