Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2026 13:33

Səsi Vətənə qarışan şəhid - Xudayar Yusifzadə

Səssiz gecənin qaranlığında bir ulduz sönəndə, kimsə üçün gecə daha qaranlıq olur. Amma o ulduz həmin gecədə parıldadığı qədər işıq saçır, ürəklərdə sonsuz bir təvəkkül, yaddaşlarda bir qürur yaradır.
Bu ölkənin hər qarış torpağında bir qəhrəmanın, bir igidin izi var. Bəzilərinin adı dillərdə, bəzilərinin adı küçələrdə, məktəblərdə, bulaqlarda, bəzilərinin adları isə baxışlarda, könüllərdə yaşayır.
Xudayar Yusifzadə də sözlərlə səslənən deyil, ürəklərdə yaşayan bir şəhiddir - Vətən üçün atdığı addımlar onun səsini həmişə eşidilən etdi, qanı isə bu torpağa əbədiyyət qatdı… Qəribəsi o idi ki, bir insanın səsi tarixə çevrildi… Azərbaycanın şanlı Zəfər tarixində Xudayar səsi bu gün də anılır…
O səs nə səhnədə qalır, nə də bir mahnıda bitir. O səs torpağa qarışır, millətin yaddaşında yaşayır. Xudayar Yusifzadənin səsi də məhz belə səslərdən idi. Onun səsi Vətən müharibəsinin ən ağır günlərində ümid oldu, ruh oldu, inam oldu. Özü isə bu torpağın azadlığı naminə ömrünü əbədiyyətə bağladı.
Xudayar Müslüm oğlu Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olub. Taleyi erkən yaşda sınağa çəkilib… Anadan olduqdan cəmi 24 gün sonra atasını itirib. Buna baxmayaraq, həyat onu sındırmadı, əksinə, daha da möhkəm etdi. Uşaqlıqdan musiqiyə, xüsusilə milli muğam sənətinə maraq göstərən Xudayar Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində xanəndəlik üzrə təhsil alıb. Onun səsi təkcə musiqidən ibarət deyildi; o səs, o zümzümə bütöv xarakter idi, ruh idi.
2016-2018-ci illərdə Dövlət Təhlükəsizlik Xidmətinin "N" hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Xudayar ordudan ayrılmadı. Daha sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmətə başladı və "kiçik gizir" rütbəsinə layiq görüldü.
2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olması Xudayar Yusifzadəni dərindən sarsıtdı. Bu hadisədən sonra o, könüllü şəkildə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edərək döyüş bölgəsinə yollanmaq istədiyini bildirdi. Bu, bir anlıq qərar deyildi, bu, onun qəlbində böyüyən Vətən sevgisinin, müqəddəs borcun çağırışı idi.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Xudayar Yusifzadə Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Döyüş yoldaşlarının xatirələrinə görə o, hər zaman ön cəbhədə olub, ruh yüksəkliyi aşılayıb, qorxunun yerinə inam gətirib.
22 oktyabr 2020-ci il tarixində Zəngilanın Ağbənd istiqamətində gedən döyüşlər zamanı ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. O zaman Xudayar cəmi 22 yaşında idi.
Şəhid Xudayar Yusifzadə Bərdə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə o, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Xudayar Yusifzadə bu xalqın yaddaşında təkcə igid döyüşçü kimi deyil, həm də səsi ilə Vətəni sevdirən bir oğul kimi qalacaq. Onun oxuduğu "Vətən yaxşıdır" sözləri bu gün də səngərdən gələn bir and kimi səslənir.
Bu torpaq belə oğullarla azad oldu. Bu xalq belə səslərlə yaşamağa davam edir.
Xudayar Yusifzadə digər şəhidlərimiz kimi Vətənimizin bütövlüyü uğrunda savaşdı, torpağa qarışdı, şəhidlik zirvəsinə ucaldı.
Onun adı indi azad edilmiş torpaqların küləyində, dalğalanan bayrağın səsində, torpağa dəyən hər addımda yaşayır. Şəhidlik bir ölüm deyil, bir ucalıqdır. Xudayar bu ucalığa qorxmadan, tərəddüd etmədən qalxdı.
Bu gün Vətən torpağı daha möhkəmdir, çünki onun altında Xudayar kimi oğullar yatır. Bu gün Azərbaycan daha güclüdür, çünki belə adlar millətin yaddaşına yazılıb. Şəhid qanı ilə suvarılan torpaq heç vaxt işğala boyun əyməz, unutqanlığa təslim olmaz.
Xudayarın yarımçıq qalan ömrü bütöv bir millətin taleyinə çevrildi. Onun özü susdu,  səsi yaşayır. Vətən sevgisi daha ucadan danışmağa başladı. Bu sevgi bizə torpağı qorumaq, bayrağı uca tutmaq, şəhid adını əmanət kimi daşımağın məsuliyyətini yükləyir. Çünki şəhidlər ölmürlər. Onlar Vətənin adı ilə yaşayır, Vətənin özü olurlar.

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"