AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qarabağ Azərbaycan xalqının yaddaşında həm coğrafi məkan olmaqla bərabər, həm də milli kimliyimizin, tarixi yaddaşımızın və mənəvi irsimizin ayrılmaz parçasıdır. Uzun illər işğal altında olmuş bu doğma torpaqlarımız xalqımızın qəlbində sağalmaz yara kimi qalmışdı. Lakin zaman göstərdi ki, haqq-ədalət gecikə bilər, amma heç vaxt itməz.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda uzun illər davam edən mübarizənin nəticəsi olaraq, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımız üçün həm hərbi qələbə, həm də tarixi ərazilərimizin yenidən dirçəldilməsi üçün yeni imkanlar açdı. Bu Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətini və liderliyini, Azərbaycan Ordusunun peşəkarlığını və xalqımızın möhkəm iradəsini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi həm də haqq-ədalətin bərpası oldu. Azərbaycan Ordusu işğal altında olmuş torpaqlarımızı azad etməklə xalqımızın illərlə pozulan hüquqlarını bərpa etdi. Qazanılan tarixi Zəfərdən sonra Qarabağda yeni bir mərhələ başladı. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirildi. Vaxtilə mənfur ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, körpülər bərpa olunur, hava limanları tikilib istifadəyə verilir, müasir infrastruktur layihələr uğurla həyata keçirilir. Bütün bu proseslər Qarabağda həm maddi, həm də mənəvi dirçəlişin göstəricisidir.
Qarabağda görülən işlər Azərbaycanın bu yolda konkret nəticələrini büruzə verir. Uzun illər yurd həsrəti ilə yaşayan insanlar mərhələli şəkildə öz torpaqlarına qayıdırlar. Bu yaxınlarda keçmiş məcburi köçkünlər Xankəndiyə - öz doğma yurdlarına yola salındı və yeni həyatlarını bərpa etməyə başladılar. Bu proses onların həm mənzillə təmin olunmağının, həm də milli-mənəvi köklərinə qayıdışının təzahürüdür.
Qayıdış prosesinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Böyük Qayıdış" Proqramı xüsusi töhfə verir. Proqram çərçivəsində keçmiş məcburi köçkünlərin mənzil və infrastruktura çıxışı təmin edilir, onların sosial həyatının yenidən qurulması üçün hərtərəfli dəstək göstərilir. Həyata keçirilən bərpa-quruculuq işləri regionda sülh və sabitliyin təmin olunmasında əsas rol oynayır. Azərbaycan Ordusunun göstərdiyi xidmət torpaqlarımızın azad olunması ilə bərabər, eyni zamanda, həmin torpaqlarda sivil həyatın bərpasına da öz töhfəsini verir.
Qarabağda aparılan bərpa-quruculuq işləri də bu prosesin mühüm hissəsidir. Müasir məktəblər, səhiyyə müəssisələri, yollar və kommunikasiya xətləri yenidən inşa olunur. Tarixi və mədəni abidələrin bərpası ilə bölgənin zəngin irsi qorunur, eyni zamanda, iqtisadi inkişaf üçün əlverişli şərait yaradılır. Yerli və beynəlxalq ekspertlərin də vurğuladığı kimi, bu bərpa prosesi bölgədə həm sosial sabitliyi təmin edir, həm də investisiya və turizmin inkişafına təkan verir.
Hazırda Qarabağda yeni reallıqlar mövcuddur. Belə ki, keçmiş məcburi köçkünlər uzun illər həsrətində olduqları doğma yurd-yuvalarına mərhələli şəkildə qayıdır və öz həyatlarını yenidən qururlar. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağda davamlı bərpa-quruculuq işlərinin sürətlənməsi gələcəkdə bölgənin həm sosial, həm iqtisadi, həm də mədəni həyatının yüksəlişindən xəbər verir. Bu proses, eyni zamanda, xalqımızın tarixi torpaqlarına olan bağlılığını və milli həmrəyliyini bir daha təsdiqləyir.
Qarabağda görülən bərpa-quruculuq işləri xalqımızın tarixə, torpağa və milli köklərinə olan bağlılığını bir daha sübut edir. Bütün bunlar ölkəmizin sülh, sabitlik, təhlükəsizlik və rifah halının yüksək olmasının təzahürüdür. Bu bərpa-quruculuq işləri Ali Baş Komandan İlham Əliyevin daim diqqət mərkəzindədir. Sürətlə görülən işlər doğma Qarabağımızın inkişafına və daha da çiçəklənməsinə uğurlu yol açır.
2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatı isə Azərbaycanın dövlət suverenliyinin tam təmin olunmasının parlaq nümunəsi oldu. Qarabağda separatizmə son qoyuldu və regionda uzunmüddətli sülh üçün real zəmin yaradıldı.
Bu gün Qarabağ Azərbaycan dövlətinin gücünün, ordumuzun şücaətinin və xalqımızın milli birliyinin simvoludur. Azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləri "Böyük Qayıdış" Proqramı çərçivəsində Qarabağın mənəvi dirçəlişini təmin edir. Bir sözlə, Qarabağ inkişafın, ümidin və tarixi ədalətin ünvanıdır. Bu ünvanda yalnız sülhsevər, haqq-ədaləti özündə cəmləşdirən insanlar yaşayırlar.
Kifayət ƏLİYEVA
"Azərbaycan Ordusu"